Koreya yazıçısının əsəri ADU tələbələrinin tərcüməsində

Tanınmış Koreya yazıçısı Qonq Ci Yonqun "Nənəm ölmür ki, ölmür" əsərini ADU-nun tələbələrinin tərcüməsində təqdim edirik.
Yazıçı haqda qısa məlumat
Koreyanın müasir qadın yazarlarından olan Qonq Ci Yonq공지영 1963-cü ildə Seulda anadan olub və Yonsei Universitetinin İngilis dili və ədəbiyyatı fakültəsini bitirib. 1988-ci ildə həbsxanada olarkən yazdığı “Ağaran dan yeri” 동트는 새벽adlı qısa hekayəsini “Yaradıcılıq və Tənqid” 창작과 비평 jurnalında dərc etdirərək ədəbi fəaliyyətə başlayıb. 1989-cu ildə ilk romanı olan “Artıq gözəl sərgərdanlıq yoxdur”더 이상 아름다운 방황은 없다 ilə yazıçı kimi fəaliyyətini davam etdirmiş və 1993-cü ildə “Tək qal, kərgədan buynuzu kimi” 무소의 뿔처럼 혼자서 가라 romanı ilə qadınlara qarşı ayrı-seçkilik və təzyiqləri mövzu edərək Koreyada yeni bir qadın ədəbiyyatının və feminist ədəbi yaradıcılığının qapısını açmışdır. 1994-cü ildə “Skumbriya” 고등어və “İnsana qarşı nəzakət”인간에 대해 예의adlı əsərləri ard-arda bestsellerə çevrilərək onu oxucular arasında ən çox sevilən və tanınan Koreya yazıçılarından birinə çevirmişdir. Yazarın əsas əsərləri aşağıdakılardır:
Romanlar: “Bonqsun bacı” 봉순이 언니 (Azərbaycan dilinə Əliyeva Bahar tərcümə etmişdir, Qanun nəşriyyatı, 2024), “İtaətkar qadın”착한 여자, “Xoşbəxt çağlarımız” 우리들의 행복한 시간, “Evim, gözəl evim” 즐거운 나의 집, “Qaynaq qazan” 도가니, “Göyə ucalan nərdivan”높고 푸른 사다리, “Hari “해리, “Uzaq dəniz” 먼 바다.
Hekayə topluları: “İnsana qarşı nəzakət” 인간에 대한 예의, “Varoluş göz yaşı tökür” 존재는 눈물을 흘린, “Ulduz” tarlası 별들의 들판.
Esse və publisistika : “Yarasız ruh” 상처 없는 영혼, “Yağış damlası kimi tənha idim” 빗방울처럼 나는 혼자였다, “Gong Ji-young-un səyahət qeydləri” I, II hissə 공지영의 수도원 기행, “Sən necə bir həyat yaşasan da, mən səni dəstəkləyəcəyəm” 네가 어떤 삶을 살든 나는 너를 응원할 것이다, “Çox yüngül bir lələk”아주 가벼운 깃털 하나, “Qonq Ci-yonq-un Cirisan məktəbi” 공지영의 지리상 행복학교, “Qızıma verdiyim resept “딸에게 주는 레시피, “Şairin süfrəsi”시인의 밥상, “Buna baxmayaraq” 그럼에도 불구하고.
Qonq Ci Yonq, 2001-ci ildə XXI Əsr Ədəbiyyat Mükafatını, 2002-ci ildə Koreya Roman Ədəbiyyatı Mükafatını, 2004-cü ildə Oh Yeong-su Ədəbiyyat Mükafatını, 2007-ci ildə Koreya Katolik Ədəbiyyatı Mükafatını və 2006-cı ildə Amnesty International tərəfindən verilən Xüsusi Media Mükafatını qazanmışdır.
II HİSSƏ
Bu cür qəribə yas mərasimi heç olmamışdı. Nənəm kiçik oğlunun ölümündən heç təsirlənmədi də. Nəinki təsirlənmədi, hətta düyü dolu kasanı yeyib bitirir, sonra qalxıb saçını darayıb qonaqlarla söhbət edir, masa başında oturub ət yeyərək ucadan qəhqəhə çəkirdi. Yasa gələnlərin çaşqınlıq və təəssüf dolu üz ifadələrinə dözə bilməyən anam onları kənara çəkərək vəziyyəti izah etməyə çalışırdı.
− Bilirsiz, Anam, deyəsən, kədərdən nə dediyini bilmir… Axı o çox əzizlədiyi, göz bəbəyi kimi qoruduğu sonbeşiyi idi. Demək olar ki, əlli yaşında dünyaya gətirmişdi. Son zamanlar cavanlar arasında belə qəfil ölümlər çoxalıb. Həqiqətən də, bizim üçün dözülməzdir. Son vaxtlar iş yerində həddindən artıq stress keçirirdi, üstəlik, anamın xəstəliyi də onu yormuşdu. Gənc yaşında… Bu ölkə ancaq cavanları hədər edir… Elə vəfalı övlad idi ki!
Anamın sözü tükənir, sözü tükəndikdə isə göz yaşlarına sığınıb bu susqunluğu gizlətməyə çalışırdı. İnsanlar isə başlarını tərpədərək, "Düz deyirsiniz… elədir…"− deyib baxışlarını yayındırırdılar. Doğrudur, ölkənin gəncləri hədər etdiyi fikrində müəyyən qədər həqiqət ola bilərdi, amma yas mərasimindəki nənəmin hərəkətlərini heç kim anlaya bilmirdi. Ona görə də "Qoca qadın ağlını itirib" deyənlərə haqq qazandırmaq olardı. Lakin nənəm, yas yerinə gələn qohum və tanışları yanına çağıraraq sanki öz ağlının yerində olduğunu sübut etməyə çalışırmış kimi danışırdı: "Aa, bu Taeandakı Sohe şirkətinin sahibi deyilmi? Oğlun universitetdə necə oxuyur?" və ya "Bura bax, Kim, sən burda nə gəzirsən? Bəs binaya kim baxır? 19-cu mərtəbədəki Yusonqun ofisinin tualetindən su sızır, onu həll etdin?" və bu kimi başqa suallar…
Çaşqınlıq içində qalan ailəmiz kiçin dayımın cənazəsini krematoriyaya aparmağa yola düşdükdən sonra evdə yalnız nənəm, mən və eşitmə qüsurlu bacım qaldıq. Həmin vaxt qışın soyuq günlərindən biri idi. Mən dayımın tabutunu aparan cənazə maşınının gözdən itdiyi küçədə dayanmış, sonra isə bağçaya keçib bir siqaret yandırmışdım. Nənəm ayağa qalxdığı üçün artıq rahat siqaret çəkmək də çətin olacaqdı. Əlimi tələsik geyindiyim gödəkçənin cibinə salıb dayımın tabutunun gözdən itdiyi küçəyə baxaraq dayanmışdım. Bizim məhəlləmiz son illərdə yavaş-yavaş dəyişirdi – Qanqnamın yeni varlıları bir-bir buraya köçür, kənd ab-havası qoxan bu köhnə məhəllədə özlərinə yöndəmsiz, iki mərtəbəli villalar tikirdilər. Elə bil ki doğulduqları andan bəri həmişə zəngin və zadəgan olmağa məhkum idilər… Əvvəllər yəqin ki, onların da güc-bəla ilə bir ovuc düyü tapıb yeyə bildikləri vaxtlar olmuşdu. Mən uşaq ikən belə məktəb yolundan evimizin olduğu döngəyə daxil olanda divar boyunca bitən sarmaşan qızılgüllərin təbəssümü, daşqovaq ağacı və ya pavloniya ağacının geniş yarpaqları altındakı sərin kölgələr "pulumuz da var, yaxşı da yaşayırıq" deyə yalandan pıçıldasalar da, hal-hazırda evimizin divarını aşan məhləmizin görüntüsü artıq yalan demirdi. Artıq sarmaşan qızılgüllər kökündən qoparılmış, daşqovaq ağacı kəsilmiş və orada dəmirdən olan lövhələr ucalmışdı. "Anacapri" adlı italyan restoranından tutmuş, "Nibelunqların mahnısı" kafesi, "Tacmahal" karaoke klubu, "Qingdao" Çin restoranına kimi dünyanın hər bir guşəsinin tarixi – turistik məkanı, şərq və qərbin mədəniyyəti burada birləşmişdi. Mən onların niyə birdən-birə belə adlar seçdiklərini və bu adların nə mənaya gəldiyini arada bir sorğulasam da, onların sadəcə diqqət çəkmək üçün belə canfəşanlıq etdiklərini düşünmüş və baş ağrısı verən bu kimi şeyləri düşünməyə ehtiyac olmadığı qənaətinə gəlmişdim. O lövhələr Anacaprinin həsrətini çəksələr də, Tacmahalı yenidən canlandırmaq istəsələr də , onların demək istədikləri tək bir şey vardı: "İçəri gəlin və pul xərcləyin! Özü də çoxlu!". Sözün qısası, evimizin bu məhəllədə olması heç də təsadüfi deyildi. 20 ili başa vurmuş bahalı olduğunu deyə biləcəyimiz evin bağında keçən qış yağan qar hələ də qalmışdı. Səma buludlu, külək isə ürpərdici idi. Bağın köhnə ağaclarının arasında sanki ruh gəzirdi.
Həmin gün süfrəni hazırlayıb, nənəmi çağırmağa gedəndə nənəm güzgü qarşısında dodaq boyası sürtürdü. Dodaq boyasının tünd qırmızısı elə bil cavan dayımın qanı idi. Mən bir anlıq nənəmin dayımı tutub yediyini düşündüm, amma bu tamamilə mənasız və içindən çıxa bilməyəcəyim bir düşüncə idi. O, həqiqətən də, gənc bir kişini yemiş yaşlı tülkü kimi görünüdü. Kimsə məndən elə bir tülkünü görüb-görmədiyimi soruşsa, deyəcək sözüm yoxdur, amma hər halda, o hissi yaşamışdım. Qarderob güzgüsündə əks olunan mənə sarı sanki bir işğalçıyammış kimi çevrilib baxdı, o an onun baxışları ilə mən elə yerimdəcə donub qaldım. Belə bir söz var ki, ilanın hücumundan qabaq siçan və qurbağa çaşqınlıq keçirir, mən də həmin gün nənəmin qarşısında tam o vəziyyətdə idim. Əgər bu, "Əfsanələr Ölkəsi"dən bir səhnə olsaydı və nənəm rolunu oynayan tülkü o anda mənə hücum etsəydi, mən tərpənmədən dayanıb sadəcə onun məni yeməyini izləyəcəkdim. Sükunəti pozan elə nənəm olmuşdu.
"Vicdansız, nəyə baxırsan?"
Vicdansız görkəmli nənəm mənə "vicdansız" dedi, sonra birdən qalxıb masaya tərəf getdi. O, qırmızı ipək paltar geyinmişdi. Əslində, onun cılız bədəni qida borusu xərçəngindən əziyyət çəkdiyi üçün daha da zəifləyib büzüşmüşdü, amma yanaqlarındakı qəribə canlılıq mənimkindən geri qalmayacaq qədər təravətli görünürdü. Bu açıq-aşkar bir uyğunsuzluq, bir növ qorxu idi. Beləliklə ölümün caynağından qurtulub yanaqları təravətlə dolu olan nənəm, mən və olduqca saf ürəkli, eşitmə qüsurlu bacım− üçümüzün də böyük bir süfrə ətrafında üz-üzə oturduğumuzu təsəvvür etməyə çalışın... Bayırda zülmətə bürünmüş səma bağçanın üstünə çökmüş, ağacın quru budaqları isə külək əsdikcə ölülərin barmaqları kimi pəncərəni taqqıldadırdı. Bacım ona hər zaman xüsusi sevgi göstərən kiçik dayıma görə gözləri dolmuş şəkildə yeməyini çətinliklə çeynəyirdi. Nənəm mənə o gün qalan kalbiccimi isidib gətirməyi, con da əlavə etməyi tapşırdı və sanki itirdiyi iştahını düzəltməyə qərar vermiş kimi iki kasa düyünü bir nəfəsə bitirdi. Bacım kədərə, mən isə nifrətə bürünüb daha bir tikə belə yeyə bilmədim. Həmişə olduğu kimi mən yenə də səbrsizlik etdim.
−Nənə, yemək elə dadlıdır?
Sözlərim yəqin ki, kobud səslənmişdi. Nənəm qabırğanı gəmirirdi. Qabırğanın üzərindəki piy isə nənəmin arıq yanaqlarına bulaşmışdı. O, yağlı barmaqlarını soraraq mənə baxdı və dedi:
−Şorba gətir görüm!
Otağıma geri qayıtsam da, kitabın üzünü aça bilmədim. Bacım isə, həmişə olduğu kimi, sakitcə yatağında uzanaraq kitabı götürdü. O, ağır qızdırmaya görə dörd yaşında eşitmə qabiliyyətini itirmişdi. Mənim o vaxt təxminən səkkiz yaşım var idi. Bacımın qızdırmaya görə eşitməsini itirdiyi gün məktəbə gedəndə bütün yol boyu ağladığımı bu gün kimi xatırlayıram. Məktəbdə isə müəllimimlə birlikdə "kiçik hindlilər" mahnısını oxuyaraq rəqs edir, ürəyimdə isə dua edirdim:
"Yalvarıram, bacımı tezliklə sağalt, onun yerinə nənəmi al". Niyə belə dua etmişdim? Hə, indi xatırladım. Bunu necə unuda bilərəm axı? O vaxt da nənəm çox xəstə idi. Nənəm bir gün yataqdan qalxdığı vaxt həyətdə oynayan bacım qəfil yerə yıxılmışdı. O andan etibarən bacım daha eşitmədi və eşitmə qabiliyyətini tamamilə itirdi. Həm də həmin qızdırma onun qaraciyərinə ciddi zərər vermişdi. Bacım o gündən sonra günlərini məktəbdə yox, otağında keçirməyə başladı.
O gündən sonra nənəm qəfil sağalmış, atamın sürdüyü avtomobilə minərək anamın müşayiəti ilə yenidən torpaq sahələrinə baxmağa getmişdi. Ailəmiz isə daha da varlanmışdı. Heç kim nənəmin sayəsində varlandığımızı inkar etmirdi. Əminəm ki, nənəmin içinə var-dövlət gətirən ruh girmişdi. Qəribədir. Bu qadının aldığı yerlərin bir il içində dəyəri iki dəfə artırdı... Həmin gündən sonra bacım çarpayısında uzanaraq ya kitab oxuyur, ya da yorğanı başına çəkərək inilti ilə ağlayırdı. Bu məhəlləyə köçdüyümüz ilk vaxtlarda bacım mən məktəbdən qayıdana kimi ikinci mərtəbənin eyvanında dayanıb məni gözləyirdi. Həmin vaxt bizimlə qalan qulluqçumuz deyirdi ki, bacım mən məktəbə gedən kimi ikinci mərtəbənin eyvanına çıxır və mən geri qayıdanadək orada hərəkətsiz dayanır. Bacımı belə görüncə ürəyimdən "Narahat olma, bacın səni həmişə qoruyacaq"− deyə keçirdiyimi xatırlayanda özümə də çox uşaqca gəlir. Axı nədən? Bacımı nədənsə qorumaq fikri hardan çıxmışdı?
Çarpayısına yarı uzanıq vəziyyətdə söykənib kitabı ilə məşğul olan bacım böyük dayımın altıncı sinifə gedən sonbeşiyindən balaca idi. Ancaq onun çöhrəsi otuz ildir Mindunq dağında dolaşırmış kimi bitkin görünürdü. Onun yol çəkməkdə olan dərin baxışları sanki hərdən üfüqlərə qədər gedib çıxırdı. Saysız-hesabsız sirləri uzun müddət tək başına qorumaqla lənətlənən nazik dodaqları heç açılmazdı. Mən maraqlı hekayələri əl-qol hərəkətləri, jestlərlə qarışdıraraq danışanda azca gülümsəyərdi. Və mən hekayəmi sonlandıranda ağ inci dişlərini göstərərək gülür, sonra dərhal gözləri qüssə ilə dolur, bəzən isə nəsə demək istəyirmiş kimi görünürdü. Nə olub? Ondan bunu soruşanda boynu bükülür, nəzərləri isə yerə dikilirdi. Düşünürdüm ki, nə vaxtsa zamanı gəldikdə ürəyindəkiləri nəhayət mənə deyə biləcək.
Bacımla birgə istifadə etdiyimiz ikinci mərtəbədəki otağımızın pəncərəsini külək taqqıldadırdı. Hər belə olanda külək ötən payız bağın bir tərəfində yığılmış quru yarpaqları pəncərəmizə sovururdu. Və bu zaman evimizin köhnə alüminium qapısı cırıldayırdı. Birdən uşaqlıq xatirələrimdən olan bir səhnə gözümün önündə canlandı. Yəqin ki, o vaxt anam, atam və nənəm müvəqqəti olaraq başqa yerə köçmüşdülər. Deyəsən, yenidənqurma bölgələrində çıxarış sənədi almaq üçün idi, yorğan-döşəklə qab-qacaq götürüb orada təxminən bir ay qalmalı olmuşdular. Onda, deyəsən, mən on yaşında idim, bacım isə altı yaşında ya olar, ya da olmazdı. O gecə nənəm anidən evə qayıtdı. Sonra isə qulluqçuya su gətirməyi tapşırdı, düyü suyunu vannaya töküb çimdi. Və onun kəskin qoxusu bütün evə yayıldı. Nənəm bir müddət sonra hamam xalatında otağımızın qapısını açdı. Hər gün valideynlərimiz evdə yoxkən komiks oxuyurduq. O vaxt nənəm bacımla birgə istifadə etdiyimiz çarpayının başında oturdu. Bu mənzərəni aydın şəkildə xatırlamağımın səbəbi onun üzdə bizə nənəlik etməyə çalışdığı ilk və son an olması idi. O bizə vermək üçün Amerika istehsalı olan iki konfet çıxartdı. Belə baxanda bu səhnə adama xoş görünür. İşə görə evdə olmayan valideynlərindən ötrü darıxdığı üçün yata bilməyən nəvələrinə nənənin uzatdığı iki konfet. Lakin biz dinməz şəkildə konfetləri aldıq. Yəqin ki, alsaq, əvəzində nə verməli olacağımızı düşünürdük. Üzümüzdə qorxu ifadəsi vardı. Bacım konfeti yemədi. Bir düşünün: axı gecənin qaranlığında valideynləri evdə olmayan altı yaşlı bir uşağın konfeti yeməməsinin səbəbi nə ola bilərdi? Mən isə qeyri-ixtiyari şokolad dadı gələn konfetləri sormağa başladım.
TƏRCÜMƏ EDƏNLƏR:
Aytac Muradova
Cəmalə Məmmədova
Məryəm Kərimova
Muhammed Musa
Nərgiz Talıblı
Nigar Adgözəlova
Nigar Vəliyeva
Nuray Xudiyeva
Xədicə Kərimli
Zamin Vahablı