XƏBƏRLƏR

ADU-da “Limmud FSU International” təşkilatının direktoru ilə görüş keçirilib

16 may, 2025

 

15 may 2025-ci il tarixində Azərbaycan Dillər Universitetinin (ADU) İsrail və Yaxın Şərq Araşdırmaları Mərkəzində “Limmud FSU International” beynəlxalq proqramının Əməliyyatlar üzrə direktoru Gabi Farberov ilə maarifləndirici görüş keçirilib.

Mərkəzin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan görüş, əsasən İsrailşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. Görüşün əsas məqsədi tələbələri Limmud proqramı ilə tanış etmək, onların ivrit dili ilə birbaşa təmas imkanını yaratmaq, eyni zamanda beynəlxalq münasibətlər və mədəniyyətlərarası dialoq sahəsində biliklərini genişləndirmək olub.

Bildirilib ki, Gabi Farberov təhsil sahəsində 20 ildən artıq təcrübəyə malikdir. Hazırda “Limmud FSU International” proqramında Əməliyyatlar üzrə direktor vəzifəsində çalışır. O, fəaliyyət müddətində xüsusilə Oranim Təhsil Kollecində beynəlxalq tələbələrlə iş, qeyri-formal təhsil və mədəniyyətlərarası dialoqun təşviqi sahəsində mühüm layihələrə rəhbərlik edib. Onun əsas ixtisaslaşma sahələrinə yəhudi dünyasında qeyri-formal təhsil, immiqrant gənclərin sosial inteqrasiyası və beynəlxalq təhsil mübadilə proqramları daxildir.

Görüş zamanı təqdimat ivrit dilində aparılıb ki, bu da tələbələr üçün dili təcrübi mühitdə eşitmək və praktiki ünsiyyət bacarıqlarını inkişaf etdirmək baxımından olduqca faydalı olub. Gabi Farberov təqdimatda “Limmud proqramının yaranma tarixi, məqsədləri və prinsipləri”, “İsraildə və digər ölkələrdə təşkil olunan Limmud tədbirlərinin formatı və iştirakçı auditoriyası”, “Proqramın FSU (keçmiş Sovet İttifaqı) ölkələrindən olan yəhudi gənclərin milli-mədəni identitetinin formalaşmasında rolu” mövzulara toxunub.

Təqdimatın sonunda keçirilən interaktiv oyunlar və qrup çalışmalarında tələbələrin mövzuya fəal şəkildə qoşulması təmin olunub. İştirakçılar bu fəaliyyəti maraqla qarşılayıb, dərs mühitindən kənarda dil və məzmun öyrənmək imkanı əldə ediblər. Gabi xanımın səmimi üslubu, interaktiv yanaşması və geniş bilikləri tədbirin dinamik və yadda qalan atmosferdə keçməsinə şərait yaradıb.

Görüşdən sonra aparılan qısa müzakirələrdə tələbələr bu kimi tədbirlərin tədris prosesinə müsbət təsir etdiyini və onların mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, bu cür görüşlər tələbələrin nəzəri biliklərini praktiki mühitdə tətbiq etmələri, İsrailin real təhsil və mədəniyyət sistemi ilə yaxından tanış olmaları üçün unikal imkan yaradır. Gabi Farberov kimi peşəkar mütəxəssislərin iştirakı isə tələbələrin dil bacarıqları və dünya görüşünün inkişafına əhəmiyyətli töhfə verir. Gələcəkdə bu formatda tədbirlərin davam etdirilməsi və digər beynəlxalq ekspertlərin də mərkəzə dəvət olunması məqsədəuyğun hesab olunur.