ELMİ-TƏDQİQAT

Filologiya elmləri doktoru, akademik Kamal M. Abdullayev ”Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq (26 aprel, 2023. Saat:11.00. ADU, Amerika Mərkəzi)

Akad. Kamal M.Abdullayev

Azərbaycan Dillər Universiteti, Rektor

 

“Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq

“Kitabi-Dədə Qorqud” adlı qəhrəmanlıq dastanı ensiklopedik mahiyyətə malikdir. Onun aşkar və gizli qatlarında xalqımızın adət-ənənəsi, mədəniyyəti, dili və bunların inkişafı özünü göstərməkdədir. Qədim insanın dünyagörüşü, ətrafa münasibəti, özünə və öz cəmiyyətinə baxışıda bu dastanın dil və məzmun quruluşunda əks olunubdur. Dastan yaradıcılarının düşüncə tərzi, bu düşüncə tərzinin qədim insan qarşısında açdığı sinergetik imkanlar bu gün məntiq və informasiya nəzəriyyəçiləri üçün perspektiv tədqiqat obyektidir. Keçən əsrin 60-cı illərinin ortasından irəli sürülən qeyri-səlis məntiq özünün yaradıcısı L.Zadənin arzusuna əsasən sosial elmlərə tərəf yönəlir və ilk olaraq “Kitabi-Dədə Qorqud” mətninə üz tutur. Seminarda qədim dastanın dərinində gizlənən düşüncə tərzi qeyri-səlis məntiq nəzəriyyəsində söykənilən ümumi məntiq, qeyri-səlis çoxluqlar sütunu, epistemik sütun və münasibətlər sütununun hər birinə aid olan spesifik məntiqi sxemlərin formalaşmasına nəzər salınır.

 

Məruzəçi

Azərbaycan Dillər Universitetinin rektoru. Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Birinci dərəcəli dövlət müşaviri. Xalq yazıçısı, ictimai xadim.

“Sintaktik paralelizm” (“Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası, “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” adlı doktorluq dissertasiyası müdafiə edib. Elmi maraq dairəsi dilçilik, ədəbiyyat, türkologiya, mədəniyyətşünaslıqdır. Türk xalqlarının qədim epik ədəbiyyatları sahəsində araşdırmalar müəllifidir. 300-ə yaxın məqalə, 20-dən çox dərs vəsaiti və monoqrafiya müəllifidir.

Bakı Slavyan Universitetinin rektoru (2000-2014), Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsəslələr üzrə Dövlət müşaviri (2014-2017), Azərbaycan Mədəniyyət Fondunun (Azərbaycan Yaradıcılıq Fondu) sədri, Türk Dil Qurumunun həqiqi fəxri üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü (akademiki), Moskva Şəhər Pedaqoji Universitetinin və Ural Federal Universitetinin fəxri doktoru, Poltava İqtisadiyyat və Ticarət Universitetinin fəxri professoru, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, akademiki, Gürcüstanın Təhsil Elmləri Akademiyasının həqiqi üzvü, Rus PEN-klubunun (Moskva) üzvü, Rumıniyanın Piteşti Universitetinin Fəxri doktorudur. Sofiya Universitetinin ali mükafatının (Honorary Blue Ribbon Insignia) laureatıdır.

ABŞ (Kolumbiya Universiteti, Harriman institutu), Fransa (İnalko və Strasburq Universitetləri), Almaniya (Mayns Universiteti), Rusiya (Moskva Dövlət Linqvistik Universitet, Pedaqoji Universitet, Dilçilik İnstitutu), Türkiyə (Uludağ Universiteti), Polşa (Varşava Universiteti), Gürcüstan (Tiflis Dövlət Universiteti), İtaliya (Salesian Vatikan Universiteti) universitetlərində mühazirələrlə çıxış etmiş, bir çox beynəlxalq simpozium, konfrans və kollokviumların (Gürcüstan, Rusiya, Fransa, Almaniya, İngiltərə, İsveç, Yunanıstan, İtaliya və b. ölkələrdə) təşkilatçısı və iştirakçısı olub.

 

VİDEO