Filologiya elmləri doktoru, professor Qorxmaz H. Quliyev XX əsr ədəbiyyatında mif (30 noyabr, 2022. Saat:11.00. ADU, Amerika Mərkəzi)

prof. Qorxmaz H. Quliyev
Azərbaycan Dillər Universiteti, Xarici ölkələr ədəbiyyatı kafedrası
XX əsr ədəbiyyatında mif
İntibah dövründən başlayaraq ədəbi-bədii fikirdə mifologizmin dərkində və onun tətbiqində meyl həmişə mövcud olmuşdur. Lakin XX əsrdə bu meyl tamamilə yeni keyfiyyət kəsb etmişdir. İlk dəfə Yeyts tərəfindən təklif olunmuş və bədii yaradıcılığa tətbiq edilmiş “mifoloji metod” tədricən XX əsr sənətkarlarının dünyanın və insanın dərk eləməsinin aparıcı estetik vasitələrindən birinə cevirilmişdir. Bu hər şeydən əvvəl mifik düşüncənin təşəkkül tapdığı ibtidai icma dövründə və XX əsrdə fərdin durumu arasında mənəvi-ruhi paralellərin mövcudluğu ilə bağlıdır.
Məruzəçi
Prof.Q.Quliyev 1983-cü ildə Azərbaycan Dillər Universitetində ədəbiyyat nəzəriyyəsi sahəsində elmlər namizədliyi dissertasiyasını və 1993-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan ədəbiyyatı sahəsində doktorluq dissertasiyasını müdafiə etmiş, 2013-cü ildə professor elmi adını almışdır. Azərbaycan Dillər Universitetinin Elm işləri üzrə prorektoru (1990-1991), Tədris işləri üzrə prorektoru (1991-1993) və Rektoru (1993-2001) vəzifəsində çalışmışdır. Tədqiqat sahəsi ədəbiyyat nəzəriyyəsini, dünya ədəbiyyatını, müasir ədəbi prosesi və Amerika ədəbiyyatını əhatə edir. “XVIII – XIX əsrlərdə Amerika ədəbiyyatı: Tarixi oçerklər”, “Multukulturalizmin əsasları,” “XX əsrin görkəmli ədəbiyyatşünas alimləri”, “XX əsr ədəbiyyatşünaslıq konsepsiyaları”, “XX əsr Amerikan ədəbiyyatşünaslığında aparıcı cərəyanlar” adlı dərslik və dərs vəsaitlərinin; “Становление индивидуального стиля”, “Dəlidən doğru xəbər”, “Azərbaycan ədəbiyyatının poetikası” monoqrafiyalarının və bir sıra elmi məqalələrin müəllifidir.