ELMİ-TƏDQİQAT

Azərbaycan Dillər Universitetində sanskrit dilinin tədrisinə başlanıldı

AKADEMİK KAMAL ABDULLA: "SANSKRİT DİLİNİN TƏDRİSİ AZƏRBAYCAN FİLOLOJİ VƏ HUMANİTAR ELMİ ÜÇÜN ÇOX VACİBDİR"

Müasir dünyada qədim dillərin öyrənilməsi, öyrədilməsi və tədrisi olduqca aktualdır. Azərbaycanda da dövlət səviyyəsində qədim dillərin öyrənilməsinə dəstək verilir.  Sanskrit ən qədim mürəkkəb sintetik qrammatikaya malik Hindistanın qədim ədəbi dilidir. "Sanskrit" sözünün özü "işlənmiş, təkmilləşmiş" deməkdir. Sanskrit qrammatikası son dərəcə mürəkkəb və arxaikdir. Sanskrit dili dünyanın ən flektiv dillərindən biri hesab olunur. Bu dil bir çox müasir hind dillərinin köküdür və bu günə qədər Hindistanın 22 rəsmi dilində biri olaraq qalır. Təxminən 50 min nəfər üçün ana dili, 195 min insan üçün ikinci dildir. Bu dildən mərasimlərdə geniş istifadə olunur; sanskritdə minlərlə hind ilahiləri və mantraları oxunur. Bundan əlavə, ən qədim Buddist kitabların bir çoxu sanskrit dilində yazılıb. Mütəxəssislər hesab edirlər ki, sanskrit dilini öyrənmək zehni aktivliyi və yaddaşı yaxşılaşdırır. Bu dili mənimsəyən tələbələr riyaziyyatı və digər dəqiq elmləri daha yaxşı anlamağa və onlardan daha yüksək qiymətlər almağa başlayırlar. Dünyanın on yeddi ölkəsində texnoloji biliklər üçün sanskrit universitetləri var. Xüsusilə, İngiltərədə hind sri çakrasına əsaslanan bir müdafiə sistemi öyrənilir. Dünyadakı bütün dillərdən ən böyük lüğətə malik olan sanskrit dili, ən az sözlə bir cümlə tələffüz etməyə imkan verir.  Klassik sanskrit dilində təxminən 36 fonem var. Allofonları nəzərə alsaq, onda sanskrit dilində səslərin ümumi sayı 48 -ə yüksəlir.

Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dillər Universitetində (ADU) sanskrit dilinin öyrənilməsinə başlanılıb. 

ADU-nun rektoru akademik Kamal Abdulla deyir ki, Azərbaycanda və Azərbaycan Dillər Universitetində ilk dəfə olaraq ən əhəmiyyətli klassik dillərdən biri sayılan sanskrit dilinin tədrisinə başlanılıb. Sanskrit dilinin tədrisi Azərbaycan filoloji və humanitar elmi üçün olduqca vacibdir: "Sanskrit dünyada milyonlarla ildir mövcud olan yeganə dildir. Sanskrit dilinin öyrənilməsi təkcə Azərbaycan Dillər Universiteti üçün önəmli deyil, bu dilin tədrisi digər universitetlər üçün də əhəmiyyət daşıyır. Həmçinin dünya mədəniyyəti ilə tanışlıq, müasir elmi araşdırma metodlarının öyrənilməsi yönündə sanskrit dilinin tədqiqi ön plana keçir. Sanskrit dilini öyrənən tədqiqatçı həm öz ixtisasını daha dərindən mənimsəyəcək, həm də araşdırdığı elmi problemi daha tez başa düşmək üçün əlavə üstünlük qazanmış olacaq. 10 il öncə Azərbaycan Milli Elmlər Akademiyasında qədim dillərlə bağlı çox vacib işlərə ilk addımlar atıldı və bu gün artıq əminliklə söyləmək olar ki, Azərbaycan Dillər Universiteti atılan addımların bariz nümunəsi kimi uğurla bu işi öz üzərinə götürüb. Bu istiqamətdə bizə həm tələbələr, həm müəllimlər, həm də bu dillə maraqlanan digər universitetlərin əməkdaşları yaxından kömək etmək imkanına sahibdirlər".

Kamal Abdullanın sözlərinə görə, Azərbaycanda filologiya elmi müxtəlif ali təhsil, elm müəssisələrində uğurla öyrənilir. Lakin klassik dillərin öyrənilməsində bir boşluq həmişə özünü göstərir: "Latın dilinin yüngülvari öyrənilməsi bu boşluğun üzərindən nisbətən keçir, ancaq bu boşluğu tam olaraq doldurmur. Klassik dillər deyəndə adətən indi işlənməyən dillər, məsələn, sanskrit, latın, pəhləvi, qədim yunan və bir sıra başqa dillər nəzərdə tutulur. Bunları öyrənmədən müasir dillərin öyrənilməsi tam və dolğun şəkildə aparıla bilməz. Amma alimlik yoluna düşüncə o dillərin öyrənilməməsi müəyyən sahələrdə özünü göstərir. Təəssüf ki, Azərbaycanda bu dilləri ciddi şəkildə bilən mütəxəssislər yoxdur. Biz düşündük ki, xaricdən bu dilləri bilən mütəxəssisləri Azərbaycana cəlb edək və yaxud o dilləri öyrənmək üçün həmin ölkələrə adamlar göndərək. İnanıram ki, biz klassik dillərin, ilk növbədə, sanskritin və latıncanın Azərbaycan humanitar elminə böyük bir dəstək olmalarına nail olacağıq".

Akademik vurğulayıb ki, klassik, qədim dillərin (latın, sanskrit, qədim yunan) öyrənilməsinin çox böyük elmi əhəmiyyəti var. Bu dillərin öyrənilməsi digər dillərin öyrənilməsində açar rolunu oynayır: "Klassik dilləri öyrənmədən müasir dillərin öyrənilməsini müvəffəqiyyətli hesab etmək olmaz. Klassik dilləri öyrənmək həm də qədim mədəniyyətləri öyrənməyə də imkan verir. Klassik dillərin öyrənilməsi sanskrit dili ilə yekunlaşmayacaq. Bu kimi klassik dillər öyrənilməsə, konkret praktik dillərin öyrənilməsi tam şəkildə uğurlu sayıla bilməz. Bu dilləri öyrənməklə biz konkret praktik dillərin mahiyyətini anlayırıq. Sanskrit dilinin öyrənilməsi qədim Hindistanın, qədim vedaların mədəniyyətinin öyrənilməsi deməkdir. Yəni, burda yalnız dil öyrənilmir, o dilin gətirdiyi mədəniyyət də öyrənilir".

Kamal Abdullanın sözlərinə əsasən, sanskrit dilinin öyrənilməsi üçün Azərbaycanda hazırda baza yoxdur: "Bu dili xarici mütəxəssislərin iştirakı ilə tədris edərək öyrənmək niyyətindəyik. Ola bilər ki, 4-5 ilə  Azərbaycanda da bu dil üzrə mütəxəssislər  yetişsin.  Hazırda sanskrit dilini Azərbaycan Dillər Universitetində tədris edən macarıstanlı mütəxəssis Anna Pikodur. Biz gələcəkdə başqa mütəxəssisləri də universitetimizə dəvət etmək niyyətindəyik.  Hesab edirəm ki, tədris prosesində sanskrit dili haqqında baza da yavaş-yavaş formalaşacaq.  Dilin öyrənilməsi elmi tədqiqatların daha dolğun, əhatəli olmasına imkan verəcək, Avropanın, Asiyanın aparıcı dillərini öyrənməyə kömək edəcək. Bu dilin öyrənilməsi Azərbaycanın qədim mədəniyyətinin öyrənilməsinə də töhfə verəcək. İnanıram ki, sanskritin öyrədilməsi müasir hind dilinin öyrənilməsinə də kömək edəcək. Sanskrit qrammatikası son dərəcə mürəkkəbdir. Ancaq sankrit dilini öyrənmək çox asandır.  Sanskrit dilinin mürəkkəb bir dil olduğu söylənməsinə baxmayaraq, onun fonetik sistemi rus bir insan üçün başa düşüləndir. Sanskrit dilində danışırsınızsa, dünyanın istənilən dilini asanlıqla öyrənə bilərsiniz.  Sanskrit sözlərinin bəziləri  məna və tələffüz baxımından rus sözləri ilə tamamilə üst -üstə düşür".

Akademik qeyd edib ki, bir çətin məsələ də qədim dillər üzrə mütəxəssislərin tapılmasıdır: "Tutaq ki, sanskritin mütəxəssisini tapmaq asan deyil, çətindir. İndi gərək mütəxəssisi ya Hindistanda, ya da Avropada axtarasan".

ADU-nun tədris işləri üzrə prorektoru Sevinc Zeynalova qeyd edib ki, hazırda sankrit dili ilk semestrdir ki,  universitetimizdə tədris olunur. Bu, bizim ilk addımlarımızdır. Hazırda filologiya, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində bu dilin tədrisini həyata keçiririk. Bu dil 60 saat və 6 keredit olmaqla tədris edilir. Paralel olaraq dərs kimi sonda qiymətləndirilmə də həyata keçiriləcək. Filologiya fakültəsində iki qrupa bu dil tədris edilir".

Sanskrit dilini Azərbaycan Dillər Universitetində tədris edən macarıstanlı mütəxəssis Anna Piko deyir ki, sanskrit dili dünyanın ən qədim dillərindən biridir. Bu dilə hazırda böyük maraq vardır. Dünyanın bir sıra ölkələrində - İngiltərədə, Almaniyada, Macarıstanda bu dilin tədrisi ilə bağlı mühüm addımlar atılmaqdadır: "Sanskrit dili İngiltərə Sem Ceyms orta məktəbində 8 il tədris olunur. Eyni zamanda, universitet səviyyəsində də öyrədilir. Qərb ölkələrində bu klassik dil olduqca yayılıb".

Sanskrit dilinin tədris olunmasına tələbələrin xüsusi marağından danışan Anna Piko kollektivə yaradılan şəraitə görə Azərbaycan Dillər Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib. Sanskrit dilinin gələcək fəaliyyət istiqamətlərindən danışan pedaqoq Azərbaycan filoloji elminin inkişafında məhz sanskrit dilinin əhəmiyyətini xüsusi qeyd edib.

Sevinc QARAYEVA