Təhsil

ADU-nun bir qrup müəllim heyəti Minskdə olub

Azərbaycan Dillər Universitetinin (ADU) bir qrup müəllim heyəti 29 aprel-25 may 2018-ci il tarixlərində Minsk Dövlət Dilçilik Universitetinin İxtisasartırma və Kadrların Yenidən Hazırlanması İnstitutunda olublar.

ADU əməkdaşları Minsk Dövlət Dilçilik Universitetinin İxtisasartırma və Kadrların Yenidən Hazırlanması İnstitutunun metodisti Reşetnyak Qalina İqorevna tərəfindən qarşılanıb, İnstitun direktor müavini Demçenko Nataliya Andreyevna institutun fəaliyyəti, müəssisənin proqramları, görüləcək işlər haqqında məlumat verib. ADU-nun müəllim heyəti ixtisaslarına uyğun olaraq təhkim olunduğu kafedralar, kafedraların fəaliyyəti və kurslar haqqında ətraflı məlumat alıblar. Görüşdən sonra MDDU-nun İngilis dilinin tarixi və qrammatikası kafedrasının müdiri Dmitrieva İrina Vladislavovna institutun dörd korpusu, 20 kitabxanası və mərkəzləri ilə tanış edib.

Sonra nitq praktikası, ingilis dilinin qrammatikası, praktik fonetika, üslubiyyat, leksikologiya, ingilis dilinin ədəbiyyatı, tərcüməyə giriş və s. dərslərdə iştirak edilib.

Amerikalı Fulbrayt məzunu Robert Eckhartın “Elmi məqalə yazmaq haqqında” təşkil etdiyi təlimində iştirak edən ADU əməkdaşları Belarus Milli Kikabxanası ilə tanış olub. Amerikalı Fulbrayt məzunu Sidney Kareşin “Feminizm” və “Kütləvi İnformasiya Vasitələrinin Dili” dərslərində, İngilis dilinin tarixi və qrammatikası kafedrasında təşkil olunan dəyirmi masada, kafedra müdiri İrina Dmitriyevanın göstərdiyi “Dilin tədrisində funksional rolu” adlı təqdimatda iştirak edilib. MDDU-nun İngilis dilinin tarixi və qrammatikası kafedrasının iclaslarında ADU-nun İngilis dilinin qrammatikası kafedrasının müəllimi Röya Əliyeva təcrübə mübadiləsi xarakterli “Azərbaycanda dil tədrisi” mövzusunda çıxış edib.

ADU əməkdaşları Belarus Böyük Opera və Balet Teatrında səhnələşdirilmiş «Лебединое Озеро», «Cпящая красота», «Маленький принц» baletini, «Свадьба Фигаро» operasını izləyiblər. Böyük Vətən Müharibəsinin tarixinə həsr olunmuş muzey və Strana Mini muzeyini, Belarusiyanın tarixi və mədəniyyətini özündə əks etdirən Mir və Nesvij qalalarını ziyarət ediblər. Sulada keçirilən Belarus xalqının adət-ənənələri, tarixi, milli musiqi və rəqsləri, yeməkləri, tamaşaları, cəngavər döyüşləri, at yarışları və s. nümayiş olunan Milli Cəngavər Festivalında da iştirak edilib.

Minsk Dövlət Dilçilik Universitetinin Nitq nəzəriyyəsi və praktikası kafedrasının müəllimi Dmitriy Çertokun apardığı seminarda iştirak edən əməkdaşlarımız “flash player” test proqramı olan “Wonderquizcreator” və “İspring Suite” proqramlarının işləmə mexanizmi, testlərin tərtib edilməsi qaydaları ilə tanış olublar.

ADU əməkdaşları Qələbə Günü ilə əlaqədar “Qələbə” meydanında təşkil olunmuş tədbirdə, Minsk Milli Kitabxanasında Azərbaycanın Belarusdakı səfirliyinin ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr etdiyi konfransda, Minsk Dövlət Dilçilik Universitetində “Amerika və Avropa ədəbiyyatı və mədəniyyətində epoxaların səsləşməsi” mövzusunda keçirilən XXVII Beynəlxalq konfransda iştirak ediblər. Sonra “Azərbaycan Günü” adlı tədbir təşkil edilib. Tədbirdə MDDU-nun İxtisasartırma və Kadrların Yenidən Hazırlanması institutunun direktor müavini Demçenko Nataliya Andreyevna, kafedra müdirləri, tələbələr və universitetin digər əməkdaşları da iştirak ediblər. ADU-nun Təhsil fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının müəllimi Azadə Mikayılova ölkəmiz haqqında qonaqları məlumatlandırıb, daha sonra vidoeçarx təqdim olunub. Minsk Dövlət Dilçilik Universitetində təhsil alan həmyerlilərimiz tərəfindən Azərbaycan mahnıları və milli rəqsləri ifa olunub.

Pedoqogika və Jurnalistika fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müəllimi Gülnar Nağıyeva  qonaqları Azərbaycan Dillər Universiteti haqqında məlumatlandırıb, sonra videoçarx təqdim olunub. Tədbirdə Səməd Vurğunun “Azərbaycan” şeri səsləndirilib. “Azərbaycan Günü”nə həsr olunmuş tədbirin ikinci hissəsində qonaqlara milli yeməklərimizdən “Dolma” və “Plov” təqdim olunub.

ADU-nun Təhsil fakültəsi nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının müəllimi Azadə Mikayılova “Contextual equivalents of synonyms” adlı məqaləsini universitetin “Вестник” elmi məqalələr toplusunda çap olunmaq üçün təqdim edib. MDDU-nun İngilis dilinin nəzəriyyəsi və nitq praktikası kafedrasının müdiri Korduban Yulia Nikolaevna müsbət rəy verməklə məqalə çapa layiq bilinib.

Səfərin sonunda ADU əməkdaşları sertifikatla təltif edilib, MDDU-nun İxtisasartırma və Kadrların Yenidən Hazırlanması İnstitutunun direktoru Larisa Arkadevna Triqubova tərəfindən xüsusi təşəkkürnamələrə layiq görülüblər.