İnklüziv Təhsil Mərkəzi

Autizm haqqında maarifləndirmə ayı çərçivəsində silsilə tədbirlər davam edir

2 Aprel – Ümumdünya Autizm Günü münasibətilə bütün dünyada olduğu kimi, ölkəmizdə də aprel ayı Autizm Spektr Pozuntusu (ASP) haqqında ictimai məlumatlılığın artırılmasına həsr olunur. Bu məqsədlə İnklüziv Təhsil Mərkəzi hər il olduğu kimi bu il də maarifləndirici tədbirlər silsiləsinə start verib.

Aprel ayının əvvəlindən etibarən keçirilən tədbirlər çərçivəsində təşkil olunan “Yerdəki ulduzlar” adlı tədbir də xüsusi diqqət çəkib. Tədbirdə Korreksiyaedici təlim ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər. Onlara Autizm sindromunun yaranma səbəbləri, əlamətləri və növləri haqqında ətraflı məlumat verilib.

Eyni zamanda, tədbir çərçivəsində Autizm spektr pozuntusu olan uşaqların valideynləri ilə iş, erkən diaqnozun qoyulmasının əhəmiyyəti, Autizmə müdaxilə üsulları və bu şəxslərin cəmiyyətə inteqrasiyası, həmçinin karyera imkanları mövzularında da geniş təqdimatlar təqdim olunub.

Tədbiri giriş nitqi ilə açıq elan edən İnklüziv Təhsil Mərkəzinin müdiri, dosent Nigar Zeynalova və mərkəzin mütəxəssisi Nərmin Mərdanova Autizm haqqında maarifləndirmənin vacibliyini vurğulayıblar. Onlar inklüziv təhsil sahəsində görülmüş işlər və gələcək perspektivlər haqqında da ətraflı məlumat veriblər.

Tədbir iştirakçılar arasında aparılan interaktiv müzakirələrlə başa çatıb.