ADU-da silsilə təlimlər intensiv şəkildə davam etdirilir

Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının təşkilatçılığı ilə pedaqoji heyət üçün 13 sentyabrdan etibarən start götürən silsilə təlimlər intensiv şəkildə davam etdirilir.
Bildirilib ki, 10 gün artıq davam edən təlimlər həm onlayn, həm də oflayn formatda təşkil olunur. Təlimlər üçüm müəllimlərin dərs cədvəlləri nəzərə alınaraq ortaq münasib vaxt müəyyənləşdirilir.
Pedaqogika kafedrasının müdiri dos.N. Zeynalovanın birbaşa rəhbərliyi ilə reallaşdırılan silsilə təlimlər dərs prosesinin bir neçə aspektini əhatələyir. Proqrama əsasən təşkil olunduğu üçün həm nəzəri, həm də praktik fəaliyyətlər həyata keçirilir, hər bir mərhələdə isə spesifik iş aparan spikerlər moderatorluq edir. Ənənəvi olaraq Pedaqogika kafedrasının müdiri dos.N.Zeynalova təlimin ilk seminarının spikeri qismində iştirak edir.
Həmçinin, bildirilib ki, təlimçi seminarda dərsin meyarlar əsasında qiymətləndirilməsini müəllimlərin diqqətinə çatdırmış və hər bir meyarın spesifik xüsusiyyətləri ilə bağlı geniş məlumat vermişdir. Dərsin planlaşdırılması, mərhələlər üzrə təşkili, dərsin quruluşunun müəyyənləşdirilməsi xüsusiyyətləri, resursların seçimi barədə izahatlar təqdim edilib.
Təlimdə ikinci seminar Pedaqogika kafedrasının müəllimi, təhsil eksperti Samirə Həsənova tərəfindən reallaşdırılıb. Ekspert dərsdə inteqrasiyanın rolu, növləri, təlim nəticələri, təlim taksonomiyası barədə şərhlər də verib.
Praktik hissə isə Pedaqogika kafedrasının müəllimi Gülnar Abdullayeva tərəfindən həyata keçirilib. Gülnar Abdullayeva dərs icmal nümunələri üzrə fəalliyyətlər qurub, müəllimlərin suallarını cavablandırıb.



