İnklüziv Təhsil Mərkəzi

ADU və ÇDPU defektoloji və inklüziv təhsil sahəsində əməkdaşlıq sahələrini müəyyən ediblər

Azərbaycan Dillər Universiteti ilə Çeçenistan Dövlət Pedaqoji Universiteti arasında qarşılıqlı əməkdaşlıq sazişi çərçivəsində inklüziv təhsil sahəsində birgə layihələrin işlənib hazırlanması və həyata keçirilməsi məqsədilə universitetlərin müvafiq strukturlarının birgə fəaliyyəti müəyyənləşdirlmişdir. 
            Çeçenistan Dövlət Pedaqoji Universitetinin Xüsusi Psixologiya kafedrası ilə Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrası arasında inklüziv təhsilin elmi-metodik təminatı sahəsində qarşılıqlı əlaqənin istiqamətləri, uğurlu təcrübənin öyrənilməsi və ümumiləşdirilməsinə yönəlmiş əməkdaşlığın əsas cəhətləri  və inklüziv təhsil məkanının formalaşdırılması istiqamətləri təyin olunmuşdur.
            ADU-nun rektoru akademik Kamal Abdullayevin 30 iyun 2021-ci il tarixli 46 №-li əmri ilə Dövlət proqramının icrası çərçivəsində inklüzivliyin dəstəklənməsi məqsədilə 2021-ci ildə Pedaqogika kafedrasının nəzdində  İnklüziv Təhsil Mərkəzi yaradılmışdır. Mərkəz Azərbaycanda inklüziv təhsilin inkişafı istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Burada valideynlər üçün maarifləndirici tədbirlər, müəllimlər və tələbələr üçün təlimlər təşkil edilir, sağlamlıq imkanları məhdud və xüsusi təhsilə ehtiyacı olan öyrənənlərə yüksək keyfiyyətli əlçatan təhsilin təşkili üçün metodik tövsiyələr  və dərsliklər hazırlanır. Mərkəz inklüziv proqramlar həyata keçirən qurumlarla sıx əlaqə saxlayır, xüsusi təhsil mütəxəssisləri, eləcə də xüsusi təhsilə ehtiyacı olan öyrənənlərlə əməkdaşlıq etməklə regional təhsil sisteminə  pedaqoji  dəstək göstərir.
            2023-cü ilin sentyabr ayının sonunda Çeçenistan Dövlət Pedaqoji Universitetinin nümayəndə heyətinin səfəri zamanı işçi qrup İnklüziv Təhsil Mərkəzinin çoxşaxəli fəaliyyəti ilə tanış olmuş, psixoloji, pedaqoji, defektoloji sahələr üzrə mütəxəssislərin hazırlıq və peşəkarlıq səviyyəsinin yüksəldilməsi naminə birgə fəaliyyət istiqamətləri üzrə tədbirlər planı müəyyənləşdirmişdir.
            Mütəxəssislərin praktik hazırlığının ümumi və uğurlu cəhətlərini müəyyənləşdirmək baxımından Pedaqogika kafedrasının müdiri Nigar Zeynalovanın təşəbbüsü ilə Çeçenistan Dövlət Pedaqoji Universitetinin nümayəndə heyəti Bakı şəhəri Nizami rayonu ərazisindəki Autizm Mərkəzininin yeni binasını rət etmiş, Mərkəzdə autizmli uşaqların intensiv terapiyası və boş vaxtlarının səmərəli təşkili üçün yaradılan şəraitlə tanış olmuşdur. Aytən Eynalovanın rəhbərliyi ilə  fəaliyyət göstərən bu Mərkəz  autizm spektr pozuntusu olan şəxslərə əsas ünsiyyət, həyat bacarıqlarını öyrədir, onları müstəqil həyata hazırlamaq üçün ailələrlə işləyir və autizm sahəsində maarifləndirici layihələr həyata keçirir.
            Autizm Mərkəzi komandasının üzvləri və öyrənənlər qonaqlar üçün ekskursiya təşkil edərək, onları təlim proqramları və öyrənmə şəraiti ilə tanış etdilər. Öyrənənlərin  hazırladıqları çay süfrəsi və kiçik konsert isə qonaqlar üçün əsl xoş sürpriz oldu.