İnklüziv Təhsil Mərkəzi

“Xüsusi uşaqlar, xüsusi yanaşmalar” adlı təlim keçirilmişdir

Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində “Xüsusi uşaqlar, xüsusi yanaşmalar” adlı təlim keçirilmişdir.
 
Təlim Pedaqogika kafedrasının müdiri, İnklüziv Təhsil Mərkəzinin rəhbəri dos.Nigar Zeynalova və Nitq İnkişaf Mərkəzinin rəhbəri loqoped Esmira Kazımova arasındakı razılaşmaya əsasən reallaşdırılmışdır. 
 
Dos.Nigar Zeynalova "Xüsusi təhsil milli və beynəlxalq müstəvidə", Günay Seyidova "İnklüziv təhsil sahəsində maarifləndirmə işlərinin əhəmiyyəti", Aygün Qasımova "Xüsusi təhsildə tədris olunan fənlər və onların metodikası", Esmira Kazımova "Nitq qüsurları və loqopedik yoxlanış", Natiq Kamilov "Uşaqlarda fiziki inkişaf göstəriciləri", Siddiqə Qasımova "Görmə məhdudiyyətli uşaqlarla korreksiya işi" mövzularında çıxış etmişlər.
 
Təlim korreksiyaedici təlim sahəsində fəaliyyət göstərən mütəxəssis və tələbələr üçün nəzərdə tutulmuşdur.
 
Tədbirin sonunda iştirakçılara sertifikat, təlim spikerlərinə isə təşəkkürnamə təqdim olunmuşdur.
 
Qeyd edək ki, İnklüziv Təhsil Mərkəzində sahə üzrə inkişafın təmin edilməsi məqsədilə silsilə maarifləndirici tədbirlərin həyata keçirilməsi ənənəsi formalaşmışdır. Prosesin davam etdirilməsi nəzərdə tutulmuşdur.