İnklüziv Təhsil Mərkəzi

Xarici mütəxəssislər yeni əməkdaşlıq məqsədilə ADU-da

Sankt-Peterburq Tibbi-Sosial İnstitutunun rektoru, Rusiya Peşəkar Erqoterapevtlər Assosiasiyasının Prezidenti Sergey Maltsev, Sankt-Peterburq Tibbi-Sosial İnstitutunun Sosial reabilitasiya və Erqoterapiya kafedrasının mütəxəssisi Natalya Leşenko, Sankt-Peterburq Tibbi-Sosial İnstitutunun Sosial reabilitasiya və Erqoterapiya kafedrasının baş müəllimi Yekaterina Mişina yeni əməkdaşlıq məqsədilə Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində qonaq olmuşlar.
 
Görüşdə Pedaqogika kafedrasının müdiri, İnklüziv Təhsil Mərkəzinin rəhbəri dos.Nigar Zeynalova ölkəmizdə sahə üzrə həyata keçirilən genişmiqyaslı, silsilə islahatlar, ölkə başçısının SİM şəxslərə xüsusi diqqəti, birinci xanımın sağlamlıq məhdudiyyətli şəxslərə olan qayğısı barədə ətraflı məlumat vermiş, Azərbaycan Dillər Universitetində SİM şəxslər üçün yaradılan əlverişli şəraitdən, inklüziv təhsilin prioritetlərdən birinə çevrilməsindən bəhs etmiş, Pedaqogika kafedrasının müəllimi Samirə İbrahimova reabilitasiya xidmətlərinin keyfiyyəti, əmək bazarındakı çatışmazlıqlarla əlaqədar qısa xronika vermişdir. 
 
Görüşdə iki dövlət arasında təcrübə mübadiləsi imkanları müzakirə olunmuş, təkmilləşdirmə proqramlarının həyata keçirilməsi ilə bağlı ilkin razılaşma əldə edilmişdir.
 
Qeyd edək ki, Erqoterapiya ölkəmizdə ilk dəfə olaraq Azərbaycan Dillər Universitetinin Korreksiyaedici təlim ixtisasında tədrisə gətirilmişdir.
 
Həkim fizioterapevtlər, müalicəvi bədən tərbiyəsi mütəxəssisləri, həmçinin psixoloqlar, pedaqoqlar tərəfindən Erqoterapiyanın həyata keçirilməsini, sensor inteqrasiya fəaliyyətlərinin reabilitasiyadakı əhəmiyyətini nəzərə alaraq sahə üzrə məktəbin yaradılması, ixtisaslı erqoterapevtlər formalaşdırılması əsas məqsəd kimi müəyyənləşdirilmişdir.