İnklüziv Təhsil Mərkəzi

ADU-nun kollektivi ilə Biləsuvar Təhsil Kompleksində görüş keçirilib

Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullanın rəhbərliyi ilə ADU kollektivi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Təhsil Kompleksinə iki təhsil müəssisəsi arasında imzalanan qarşılıqlı əməkdaşlıq memorandumu çərçivəsində işgüzar səfər etmişlər.

Qonaqlar şagirdlər tərəfindən hazırlanmış maraqlı rəqs nümunələri ilə qarşılanmış, kompleksin tərkibindəki STEAM mərkəzi tanış olmuşlar. Şagirdlərin təqdim etdiyi "110 kitab" layihəsi də qonaqların diqqətini çəkmişdir.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun iştirakı ilə kompleksin pedaqoji heyətiylə görüş keçirilmişdir. Görüşdə kompleksin icraçı direktoru Aqşin Bağırov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla çıxış etmişdir. 

Tədbirdə Pedaqogika kafedrasının müdiri, İnklüziv Təhsil Mərkəzinin rəhbəri dos.N.Zeynalova da çıxış etmiş, məktəbəqədər, ibtidai təhsil səviyyələri üzrə mütəxəssis hazırlığı həyata keçirilən ixtisasların ingilis bölmələrinin fəaliyyət göstərməsi, həmin qruplarda orijinal dərsliklərdən istifadə olunması, hətta beynəlxalq rəqabətliliyinin təmin edilməsi, universitetdə  yaradılmış İnklüziv Təhsil Mərkəzi və Korreksiyaedici təlim ixtisası barədə geniş məlumat vermişdir. Həmin yeniliklər maraqla qarşılanmışdır. Belə ki, Bağça-Məktəb-Lisey Təhsil Kompleksinin rəhbərliyi pedaqoji heyətin məktəbəqədər təhsil, erkən inkişaf, ibtidai təhsil, inklüziv təlim, autizmli, disleksiyaları uşaqlarla təlimin təşkili, həmçinin müasir təlim texnologiyaları ilə əlaqədar təkmilləşməsində dəstəyə ehtiyac olduğunu qeyd etmiş, sıx əməkdaşlığın qurulması məqsədilə təkliflər irəli sürmüşdür.