BİZDƏN YAZIRLAR

ADU-da Rektoryanı Şuranın onlayn iclası keçirilib

Sentyabrın 14-də Azərbaycan Dillər Universitetində (ADU) Rektoryanı Şuranın onlayn iclası keçirilib. İclasda universitetin rektoru, xalq yazıçısı, akademik Kamal Abdulla universitetin kollektivinə yeni tədris ilində uğurlar arzulayıb, tələbələrə və onların valideynlərinə bu münasibətlə təbriklərini ünvanlayıb.

Kamal Abdulla Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayevin “Xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkilinə dair Təlimat”ın təsdiq edilməsi barədə 11 sentyabr 2020-ci il tarixli əmrində qeyd olunan müddəaları iclas iştirakçılarının diqqətinə çatdırıb. Rektor bildirib ki, Təlimata uyğun işlərin qurulması nəticəsində tədris prosesindəki məsələlərin uğurlu həlli istiqamətində məqsədə çatmaq mümkündür.

Rektor universitetdə tədris prosesinin tələbə sayından, auditoriya fondu və tutumundan asılı olaraq təşkili, təhsilalanlar üçün akademik saatın müddəti kimi məsələlərə də toxunub. O, eyni zamanda tədrisin distant formasının təşkili haqqında danışaraq bu tədris formasında istifadə olunan proqram təminatının yüksək səviyyədə diqqətdə saxlanılması ilə bağlı tapşırıqlarını verib: “Onlayn rejim məsuliyyətin bir qədər də dərinləşməsinə yönəlib”. Tədris işinin növləri ilə bağlı fikirlərini bölüşən rektor Kamal Abdulla təhsilalanların davamiyyəti, dərslərdə iştirakı, qiymətləndirmə üsulları kimi məsələlərin davamlı müzakirə olunacağını nəzərə çatdırıb.

Kamal Abdulla pandemiya dövründə daha çox istifadə olunan onlayn əlaqə formasının yeni həyat tərzi diktə etdiyini söyləyərək bu istiqamətdə universitetdə fəaliyyət göstərən mərkəzlərin müvafiq tədbirlər, müsabiqələr hazırlanması ilə bağlı göstərişlərini verib.

Universitetin magistratura pilləsinə qəbul ilə bağlı danışan rektor keçən illə müqayisədə cari ildə 10 faiz artım olduğunu diqqətə çatdırıb: “Bu il 85 faiz magistratura planını doldurmuşuq. Universitetin inkişafı, cəmiyyətdəki rolu, cəmiyyətin universitetə münasibəti, insanların universitetə inamı bunun üzərində qurulub. Bu, son dərəcə böyük göstəricidir. Bunun əsasında universitetimizin fəaliyyətinin düzgün qurulub-qurulmadığını müəyyən edə bilərik”.

Universitetin beynəlxalq əlaqələrindən danışan rektor bu istiqamətdəki işlərin real müstəvidə qurulmasının vacibliyindən söz açıb.

Rektor pandemiya dövründə universitetdəki tibb məntəqələrinin xüsusi iş rejimində fəaliyyət göstərərək sağlamlığında problem yaşayan şəxslərin xidmətində olacağını qeyd edib.

Elm və innovasiya məsələləri üzrə prorektor professor Novruz Məmmədov ADU-nun xarici dillərin akademik tədrisinin əsas beşiyi olduğunu bildirib. O, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 avqust 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində elmi müəssisə və təşkilatlarda doktorant və dissertantların hazırlığı üzrə qəbul planları ilə bağlı” Qərara uyğun olaraq Təhsil Nazirliyindən “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları”na əsasən bu istiqamətdə görüləcək müvafiq işlər haqqında məlumat verib.

Prorektor ənənəvi keçirilən “Xarici dillərin aktual problemləri” konfransının hazırlıq prosesi haqqında danışaraq işçi qrupu yaradıldığını diqqətə çatdırıb.

Tədris işləri üzrə prorektoru professor Sevinc Zeynalova tədrisin distant formasının təşkili ilə bağlı görülən işlərdən danışaraq bu məqsədlə akademik və texniki olmaqla təlimlər keçirildiyini deyib.

Prorektor Təhsil nazirinin əmrinə əsasən tədris prosesinin təşkilində görülən işlər haqqında məlumatı diqqətə çatdırıb.

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Tamam Cəfərova tədrisin distant formasının təşkilində artıq müəyyən təcrübənin olduğunu bildirib və ADU-nun bu üsulu yüksək səviyyədə təşkil edən universitetlərdən biri olduğunu qeyd edib. Tədrisin distant formada təşkili ilə yanaşı, ənənəvi qaydada təşkil olunmasının Prezident İlham Əliyevin pandemiya dövrünə uyğun olaraq apardığı uğurlu siyasətin müsbət dinamikasından xəbər verdiyini vurğulayıb.

Beynəlxalq əlaqələr üzrə prorektor professor Jalə Qəribova pandemiya dövründə beynəlxalq əlaqələr istiqamətində universitetin görəcəyi işlər haqqında məlumat verib. O, həmçinin xarici tələbələrlə iş istiqamətində olan məsələlərin təşkili haqqında danışıb.

Rektoryanı Şuranın iclası müzakirələrlə yekunlaşıb.