Azərbaycan Dillər Universiteti (ADU) beynəlxalq əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın Portsmouth Universiteti ilə magistratura səviyyəsində 1+1 ikili diplom proqramını hazırlayaraq təsdiqləyib .
Bu ikili proqram ADU magistrantlarına təhsillərinin ilk ilini ADU-da, ikinci ilini isə Portsmouth Universitetində davam etdirmək və hər iki universitetin diplomunu əldə etmək imkanı yaradır.
ADU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən bu təhsil modeli tələbələr üçün bir sıra üstünlüklər təqdim edir: Portsmouth Universitetinin müasir elmi-tədqiqat laboratoriyaları və resurslarından istifadə etmək imkanı tələbələrin elmi potensialını artırır, onların ingilis dili biliklərini təkmilləşdirməsinə və akademik səviyyədə istifadə etməsinə şərait yaradır. Tələbələrin iki fərqli akademik mühitdə təhsil almaları onların bilik və bacarıqlarını müxtəlif yanaşmalarla zənginləşdirir. İki universitetin diplomuna sahib olan məzunlar beynəlxalq əmək bazarında daha çox rəqabətqabiliyyətli olur və onların karyera imkanları genişlənir.
Portsmouth Universiteti ilə tərəfdaşlıq Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, qlobal akademik platformalarda tanınması, beynəlxalq səviyyədə rəqabət qabiliyyətini və tədris keyfiyyətini artırması baxımından mühüm əhəmiyyət kəsb edir. Tələbələrə daha geniş akademik və peşəkar perspektivlər vəd edən bu əməkdaşlıq həm də ADU-nun təhsil sisteminin beynəlmiləlləşməsi istiqamətində atılan uğurlu addımlardan biridir.