QARABAĞ HƏQİQƏTLƏRİ

Bir qrup ziyalı, dini və milli icma nümayəndəsi Ermənistanın son təxribatları ilə bağlı BMT-nin Baş katibinə müraciət edib

Ermənistanın sentyabrın 27-dən etibarən növbəti dəfə hərbi təcavüzə əl ataraq təmas xətti boyunca Azərbaycan Ordusunun mövqelərini, Dağlıq Qarabağ ərazisindən çox uzaqda yerləşən məntəqələri iriçaplı silahlardan, artilleriya qurğularından atəşə tutması, mülki əhalini, azyaşlıları qəsdən hədəfə alması, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasını kobud surətdə pozması ilə əlaqədar bir qrup ziyalı, dini və milli icma nümayəndəsi Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşə müraciət edib. 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən bildiriblər ki, müraciətdə deyilir:

“Hörmətli cənab Quterreş, Sizin Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca hərbi əməliyyatların yenilən başlamasından çox narahat olmağınız, güc tətbiq edilməsini qınamağınız, mülki əhali arasında itkilərə görə təəssüfünüzü bildirməyiniz və hərbi əməliyyatları dayandıraraq yubanmadan konstruktiv danışıqlar aparmağa çağırmağınız ilk baxışda humanist münasibətdir. Amma hər məsələnin bir tarixi olur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin də öz tarixi var və onu bilmədən obyektiv qərar vermək mümkün deyil.

İlk olaraq bildirək ki, beynəlxalq sülhün və təhlükəsizliyin əsas qarantı olan BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalı olduğu açıq şəkildə tələb edilir. Bu qətnamələrdə Azərbaycana qarşı həyata keçirilən təcavüzkar addımlar qınanır, münaqişə tərəfi olmayan mülki şəxslər qorunur və ərazi əldə etmək üçün güc tətbiqinin yolverilməz olduğu vurğulanır. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı təkrarlanır. Kiçik xatırlama. Siz bilməmiş deyilsiniz ki, erməni işğalçıları Dağlıq Qarabağdan əlavə, Azərbaycanın Dağlıq Qarabağa daxil olmayan 7 rayonunu da işğal altında saxlayırlar. Hazırda Azərbaycan yeddi rayonun işğaldan azad edilməsi uğrunda çalışır.

Fikrimizcə, məhz bu səbəbdən Sizin müraciətinizdə rəhbərlik etdiyiniz qurumun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yuxarıda sadaladığımız qətnamələrinin bəndlərinə uyğun olaraq, münaqişə tərəflərini eyni tutulmamalı, Ermənistandan hərbi əməliyyatları dərhal dayandıraraq silahlı qüvvələrini işğal etdiyi Azərbaycan torpaqlarından dərhal çıxarılması tələb edilməli idi. Bundan əlavə, Ermənistan sentyabrın 27-dən etibarən növbəti dəfə hərbi təcavüzə əl ataraq təmas xətti boyunca Azərbaycan Ordusunun mövqelərini, oktyabrın 4-dən etibarən isə Dağlıq Qarabağ ərazisindən çox uzaqda yerləşən və əhalinin sıx məskunlaşdığı Gəncə, Mingəçevir şəhərlərini, Naftalan, Bərdə, Ağcabədi, Tərtər, Şəmkir, Xızı, Abşeron rayonlarını və digər yaşayış məntəqələrini iriçaplı silahlardan, artilleriya qurğularından atəşə tutur. Ermənistan Azərbaycan Respublikasının çağırışlarına məhəl qoymadan açıq şəkildə və qəsdən mülki əhalini, uşaq bağçaları, məktəblər, xəstəxanalar kimi mülki infrastrukturu hədəfə alır. Ermənistanın mülki əhalini, azyaşlıları qəsdən hədəfə almaqla beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasını kobud şəkildə pozur. Oktyabrın 5-dək Ermənistanın öz ərazisindən top və raket hücumları nəticəsində 30-a yaxın azərbaycanlı mülki şəxs öldürülüb, 125 nəfər yaralanıb və 500-dən çox yaşayış binası və mülki obyekt məhv edilib. Ermənistan silahlı qüvvələri tərəfindən su anbarı və əsas elektrik stansiyası yerləşən Mingəçevir şəhərinə iki raket hücumu olub. Beş yüz mindən çox əhalisi olan, Azərbaycanın ikinci böyük şəhəri Gəncə müvafiq beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş klaster bombalarla atəşə tutulub.

Hörmətli Baş katib, təxribat xarakterli bu hərəkətlərinə görə sizdən Ermənistanın tez bir zamanda beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq humanitar hüquqa və BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinə qeyd-şərtsiz əməl olunmasına çağırış etməyinizi xahiş edirik. Erməni qəsbkarları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxmalıdır. Yalnız belə olan halda, regionda sülh bərqərar ola bilər. Azərbaycan xalqı – müsəlmanları, pravoslavları, yəhudiləri, katolikləri, udi xristianları ilə bir yerdə Sizdən belə bir ədalətli addım atacağınızı səbirlə və ümidlə gözləməkdədir.

Dərin hörmətlə,

Kamal Abdulla, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik

Rəvan Həsənov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru

Milix Yevdayev, Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri

Robert Mobili, Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcmasının rəhbəri

Aleksandr İşein, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu

Salman Musayev, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədr müavini

Zaur Orucov, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturasının nümayəndəsi

Abik Çarukçiyev, Azərbaycan Gürcü Yəhudiləri İcmasının rəhbəri”.