ADU haqqında

Yaponiya Araşdırmalar Mərkəzi

Yaponiya Araşdırmalar Mərkəzi Azərbaycan Dillər Universitetinin nəzdində 2012-ci ilin fevral ayının 10-dan fəaliyyət göstərir.

Yaponiya Araşdırmalar Mərkəzin əsas vəzifəsi öz fəaliyyətinin əsas istiqamətlərinə uyğun olaraq yapon dili və mədəniyyətinin tədrisi və təbliği, eləcə də Azərbaycanda yaponşünaslığı inkişaf etdirmək və hər iki ölkə arasında münasibətləri möhkəmləndirmək məqsədilə fəaliyyət göstərməkdən ibarətdir.

Mərkəz ona həvalə olunmuş əsas fəaliyyət istiqamətinə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

  • Yapon dilinin və mədəniyyətinin tədrisi istiqamətində dil kursları təşkil etmək;
  • Xarici ölkə Universitetləri və digər təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri qurmaq;
  • Tələbələrin mübadilə proqramlarında iştirakını təmin etmək;
  • Yaponiya vətəndaşlarının ADU-da təhsil almalarını təmin etmək, eləcə də əcnəbi yapon dili müəllimlərini ADU-nun tədris prosesinə cəlb etmək;
  • Azərbaycan vətəndaşlarına Yaponiyada təhsil almaları istiqamətində köməklik göstərmək;
  • Beynəlxalq əməkdaşlıq çərçivəsində birgə elmi tədqiqatlar, konfranslar, müsabiqələr, yay məktəbləri və digər tədbirlər keçirmək;
  • Yaponiya-Azərbaycan mədəniyyətlərinin qarşılıqlı tanıdılması və təbliği istiqamətində fəaliyyət göstərmək;
  • Qarşılıqlı dostluq əlaqələrinin inkişaf etdirilməsi istiqamərtində müxtəlif tədbirlər keçirmək;
  • Yaponiyanın, eləcə də onun dil və mədəniyyətinin tanıdilması və təbliği istiqəmətində digər təhsil müəssisələri ilə birgə tədbirlər hazırlamaq və keçirmək;
  • Beynəlxalq əməkdaşlıq proqramları təşkil etmək;
  • Yapon dili ilə məşğul olmuş tələbələrinin yapon dili səviyyəsini müəyyən etmək üçün imtahanlar təşkil etmək;
  • Yaponiya tərəfindən Azərbaycanda müxtəlif sərgilərin təşkil olunasında yaxından iştirak etmək;
  • Universitetin təhsil və elmi-tədqiqat proqramlarının həyata keçirilməsi sahəsində digər təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələrini hazırlamaq;

Yaponiya Araşdırmalar Mərkəzinin Azərbaycandakı Yapon səfirliyi ilə sıx əlaqələri mövcuddur. Səfirlik nümayəndələri Yaponiya Araşdırmalar Mərkəzi tərəfindən keçirilən tədbirlərdə yaxından iştirak edir, tədbirlərin təşkilində köməklik göstərirlər. Eləcə də səfirlikdə təşkil olan tədbirlərdə Azərbaycan Dillər Universitetinin yaponşünas tələbələri iştirak edir. Mərkəz yapon dilini öyrənmək istəyən tələbələr və digər Azərbaycan vətəndaşları üçün hazırlıq kursları təşkil edir. İxtisasca yaponşünas tələbələrlə birlikdə yapon mədəniyyəti nümunələrinin, o cümlədən, oriqami, ikebana, çadou, şodou və s. təqdimatı ilə bağlı tədbirlər keçirir.

Mərkəzdə iki kitabxana-mini kitabxana və “Kurosaka adına kitabxana” fəaliyyət göstərir. Mini kitabxanadakı kitablar əsasən yapon dilinin öyrənilməsində istifadə olunan dərs vəsaitlərindən və dərsliklərdən ibarətdir. Lakin “Kurosaka adına kitabxana” nın  kitabları müxtəlif sahələri əhatə edir. Başqa sözlə desək, bu kitablar yapon mədəniyyəti, incəsənəti, ədəbiyyatı, iqtisadiyyatı və digər sahələr ilə bağlıdır. Bu kitabxana yapon iş adamları tərəfindən kitabxanamıza hədiyyə olunan kitablardan təşkil olunub. Kitablar yapon, rus, ingilis dillərindədir. Hal-hazırda Mərkəz bir sıra dərsliklərin tərcüməsi işi ilə aktiv məşğuldur. Bundan başqa kitabxanada Yaponiya ilə bağlı müxtəlif jurnallar, qəzetlər, kasetlər, disklər və s. vardır. Mərkəzin kitabxanasından borc kitab götürmək mümkündür.

Yaponiya Araşdırmalar Mərkəzinindən istifadə etmək yapon dili və mədəniyyəti ilə maraqlanan hər bir şəxs üçün sərbəstdir. Hal-hazırda Mərkəzdə istifadəçilərin istifadəsində üç ədəd kompüter, üç ədəd printer, maqnitofon , televizor və s. vardır.

Mərkəz hər il təkcə ADU-da təhsil alan tələbələri deyil, ümumiyyəylə Yaponiyada təhsil almaq istəyən Azərbaycan vətəndaşlarını müxtəlif proqramlar yolu ilə müxtəlif müddətlərə Yaponiyaya göndərmək imkanına malikdir. Eləcə də Mərkəz tələbələr üçün Yaponiyada  yay kursları təşkil edir.

Yaponiya Araşdırmalar Mərkəzinin vasitəçiliyi ilə Azərbaycan Dillər Unuversiteti ilə Yaponiyanın Tsukuba Universiteti arasında tələbə mübadiləsi müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə hər il Universitetimizdən 3 nəfər tələbə təhsil haqqı ödəmədən Tsukuba Universitetində təhsil almaq imkanı əldə edir.

Mərkəz Yaponiyalı iş adamları ilə yaxından əməkdaşlıq edir, onları Azərbaycanın mədəniyyəti, tarixi, iqtisadiyyati və s. ilə taniş edir və bu istiqamətdə seminarlar, sərgilər və s. tədbirlər keçirir.

Yaponiya Araşdırmalar Mərkəzi 4 ildən bir Azərbaycanda keçirilən GUAM ölkələrinin Yapon dili Natiqlik Müsabiqəsinə ev sahibliyi edir. Hər il Bakıda keçirilən “Bakı Natiqlik Müsabiqəsində” də iştirak edir. Bundan başqa Mərkəzin əməkdaşları hər il keçirilən Qafqaz Ölkələri Beynəlxalq Yapon dili Təhsil Seminarında da yaxından iştirak edir.

Mərkəzin iş vaxtı: Bazar ertəsi~cümə, səhər saat 9:00 dan 17:00 qədərdir.

 

Mərkəzin baş mütəxəssisi

İbrahimov Yaşar

Tel: (+99412) 441-22-78 (daxili 161)

Ünvan: Rəşid Behbudov küşəsi 134, ADU-nun əsas tədris binası, 2-ci mərtəbə

E-mail: [email protected]

https://www.facebook.com/profile.php?id=100025167917843