ADU haqqında

Skandinaviya Mərkəzi

2006-cı ildə Norveç Krallığının Aqder Universiteti ilə Azərbaycan Dillər Universiteti (ADU) arasında əməkdaşlıq layihəsi imzalanmışdır. Əməkdaşlığın nəticəsi olaraq, ADU-da Skandinaviyaşünaslıq ixtisası yaradılmışdır. 2007-ci ildən etibarən Oslo Universiteti də bu layihəyə qoşulmuşdur. Bu layihənin nəticəsində ADU-da 2007-ci ilin may ayının 3-də Skandinaviya Mərkəzi açılmışdır.

Mərkəzin yaradılmasına ADU, Norveçin Azərbaycandakı səfirliyi və Norveçin “Statoil” şirkəti dəstək vermişdir. Skandinaviyaşünaslıq ixtisası üzrə müəyyən edilmiş tədris planının həyata keçirilməsi məqsədi ilə Norveç hökuməti 4 il müddətinə layihəni maliyyələşdirməyə qərar vermiş və layihənin əlaqələndiricisini təyin etmişdir. Layihənin müddəti 2010-cu ildə başa çatdığından yenidən universitetlərin müraciəti əsasında Norveçin Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə əməkdaşlıq layihəsinin daha üç il – 2013-cü ilə kimi uzadılmasına nail olunmuşdur.

Layihə üzrə Norveçdən Norveç dilini tədris etmək üçün müxtəlif illərdə norveçli dil mütəxəssisləri dəvət edilmişdir. Norveçin Aqder və Oslo universitetlərində Norveç dili üzrə magistr təhsili almış iki nəfər ADU məzunu hazırda Norveç dilini tədris edir. Proqram çərçivəsində ADU-ya Norveç, ingilis, rus dillərində ədəbiyyat göndərilmişdir. Bu layihə Azərbaycanda Norveç dilinin tədrisinin və Skandinaviyaşünaslığın əsasını qoymuşdur.

Hal-hazırda ADU ilə Oslo Universitetinin Beynəlxalq Yay Məktəbi arasında 2016-2019-cu illəri əhatə edən əməkdaşlıq layihəsi vardır. Bu layihə əsasında hər il ADU-nun tələbə və müəllim heyətindən ümumi 8 nəfər olmaqla Oslo Universitetinin BYM-ində Norveç dili və digər ixtisaslar üzrə altı həftəlik kurs götürürlər.

Bundan əlavə, ADU və Norveçin Aqder Universiteti arasında 2017-2018-ci illəri əhatə edən “Akademik yazı və oxuya tənqidi yanaşma” adlı əməkdaşlıq layihəsi mövcuddur. Layihəyə əsasən Aqder Universitetindən mühazirəçi müəllimlərin Dillər Universitetinə və ADU müəllim və tələbə heyətinin Aqder Universitetinə akademik səfəri nəzərdə tutulmuşdur.

Mərkəzdə həmçinin kitabxana fəaliyyət göstərir.b Kitabxanada təxminən 3000–dən artıq kitab vardır. Etnoqrafiya, psixologiya, tarix, incəsənət və mədəniyyət, ədəbiyyat, iqtisadiyyat, hüquq, coğrafiya və bədii ədəbiyyat kimi bölmələrdə yerləşdirilən kitablar Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin keçdikləri fənlərə uyğun qruplaşdırılmışdır. Layihə müddətində ümumilikdə 4 kitab (Norveç tarixi, Akademik yazı və oxu, Yazı açarı, Norveç cəmiyyəti və mədəniyyəti) ingilis dili və Norveç dilindən Azərbaycan dilinə tərcümə edilmişdir. Kitablar əsasən Azərbaycan, ingilis və Norveç dillərindədir. Orijinal kitablar yalnız mərkəz daxilində istifadə üçün nəzərdə tutulmuşdur. Bədii kitablar isə Skandinaviyaşünaslıq tələbələrinə 1 həftə müddətinə evə verilir. Bununla yanaşı DVD filmlər, audio kitablar, dil və ədəbiyyat haqqında kitablar tələbə və müəllim heyətinin istifadəsinə verilmişdir. Kənardan gələn şəxslər isə sənəd (şəxsiyyət vəsiqəsinin əsli) təqdim etməklə kitabların surətini çıxara bilərlər.

 

 

Skandinaviya Mərkəzinin müdiri

Əfəndiyeva Vüsalə Elşad qızı

Tel: (+99412) 441-22-78 (daxili nömrə: 258)

E-mail: [email protected]