ADU haqqında

Dilbər Zeynalova – “Bədii ədəbiyyatda yaddaş və onun funksiyası”

Bədii ədəbiyyatda yaddaş və onun funksiyası

(nəzəri ekskurs)

Dilbər Zeynalova

Azərbaycan Dillər Universiteti, R.Behbudov,69, Bakı, Azərbaycan

e-mail: [email protected]

Xülasə. Yaddaş nəzəriyyəsi haqqında humanitar düşüncədə-fəlsəfədə, psixologiyada və ədəbiyyatşünaslıqda müxtəlif konsepsiyalar formalaşmaqdadır. Məqalədə müasir Qərb və rus nəzəri fikrində, xüsusilə Xalbvaksın, Aleyda və Yan Assmanların yaddaş fenomeni ilə bağlı araşdıramaları üzərində dəyərləndirmələr aparılır. Məqalədə həmçinin Y.Lotmanın mədəniyyət konsepsiyasında tarixi yaddaşın müxtəlif aspektləri təhlil olunur.

Açar sözlər: yaddaş, kollektiv yaddaş, tarixi yaddaş, mədəni yaddaş, mətn, xatirə

Memory in fiction and its functions

Dilbar Zeynalova

Abstract. The article deals with the basic concepts of memory in modern Western and Russian literary criticism, an attempt is made to systematize them based on a critical analysis of the concept of “collective memory” of M. Halbwachs and “cultural memory” of Jan and Aleyd Assmanov, and also examines the main aspects of the category of cultural-historical memory in framework of Yu. M. Lotman’s concept.

Key words: memory, collective memory, historical memory, cultural memory, text,  remember

Память в художественной литературе и ее функции

(теоретический экскурс)

Дильбяр Зейналова

Резюме. B статье рассматривается  основныe концепции памяти в современном западном и русском литературоведении, предпринимается попытка их систематизации на основе критического анализа  концепции «коллективной памяти» М. Хальбвакса и «культурной памяти» Ян и Алейда Ассманов, а также рассмотрена основные аспекты категории культурно-исторической памяти в рамках концепции Ю. М. Лотмана.

 Ключевые слова: память, коллективная память, историческая память, культурная память, текст, воспоминание

        

        Fəlsəfi-estetik kateqoriya olan yaddaş ədəbiyyatşünaslığın, psixologiyanın, sosialogiyanın, etikanın, estetikanın xüsusi və fənnlərarası araşdırmaların predmetidir. Günümüzün informasiya cəmiyyətində bir çoxları yaddaşın böhranı, keçmişin itkisi təhlükəsini hiss etməmiş deyillər. İnformasiyanın həddindən artıq çox olması unutqanlıq qorxusu yaradır: insanın gerçək (həqiqi) yaddaşının kövrəkliyi və etibarsızlığı dərk olunduqca,  bədii yaddaşın nəhəng arxivləri yaranır.

      “Fərdin keçmiş hadisələr haqqında xatirələri onun inkişafının mərhələliliyi, yeni nəslin dünyaya gəlməsi, ənənələrin və əxlaqi dəyərlərin nəsildən-nəslə keçməsi–bütün bunlar öz izahını bir bütövdə, mütəşəkkil materiyanın universal xüsusiyyətində-yaddaşda tapır”[11, 14]. Bu obyektiv proseslər humanitar düşüncədə yaddaş probleminə marağı aktuallaşdırır, yaddaşı keçmişin və bu günümüzün mədəniyyəti kontekstində öyrənməyə imkan verir, yaddaşın növləri təsnif edilir, onun daxili mexanizmi öyrənilir, yaddaşın mədəniyyətin inkişafında və  bədii yaradıcılıqda yerinə yetirdiyi funksiya araşdırılır. Əslində yaddaşa maraq, keçmişə dönüş zərurəti bütün dövlərdə olub. Yaddaş bəşəriyyətin başlıca problemidir və hələ qədim dövrlərdə unutqanlığa etiraz olaraq yaranmışdır. Qeyd etmək yerinə düşər ki, yunan mifologiyasında yaddaş ilahəsi Mnemozina ilham mənbəyi, incəsənətin bütün növlərinin əcadadı (anası) hesab olunur. Yaddaş-təcrübənin ötürülməsi, ənənənin o cümlədən mədəni, qorunması vasitəsidir. Təəssüf ki, ölkəmizin tarixində unutqanlıq faktları az olmamış, hətta tarixi-mədəni yaddaşın məhvinə də cəhdlər edilmişdir. Çağdaş zamanda bu yaddaşı bərpa etmək, səhvləri təkrarlamamağa ehtiyac duyulur. Müasir Azərbaycanın mədəni intibahı keçmişə marağı şərtləndirir. Belə bir nəhəng tarixi-mədəni prosesdə mədəni yaddaşı, onun qanunlarını, funksiya və tərkib hissələrinin öyrənilməsi xüsusi aktuallıq kəsb edir. Təsadüfi deyildir ki, son illər yaddaş, xatirə, unutqanlıq məsəlləri humanitar araşdırmalarda yeni paradiqmanın mərkəzində dayanan problemlərdəndir. Yaddaş bir çox elm sahələrinin araşdırma obyekti olduğundan, müxtəlif elmlərin konseptual yanaşma üsullarından məntiqi cəhətdən düzgün istifadə edilməsi vacibdir. Ona görə də mövzu ilə bağlı araşdırmalarda fikir müxtəlifliklərinin mövcudluğu da təbiidir. 

       XX əsrin əvvəllərində tanınmış rus filosofu N.A Berdyaev yazırdı ki, yaddaş təkcə keçmişin passiv bərpası deyil; bu, elə bir yaradıcı və seçilmiş  “mənəvi fəaliyyət” növüdür ki, yalnız keçmişi sərf-nəzər etməyə istiqamətlənmir, həm də onu dəyişdirir, başqa şəklə salır [ 6] Müxtəlif lüğətlərdə bu kateqoriyaya verilən təriflər bir-birindən o qədər də fərqlənmir: “Yaddaş – keçmiş təəssüratların, təcrübənin şüurda saxlanması və əvvəlki təcrübə və təəssüratların yenidən canlandırılması bacarığıdır. [7, 8]. Yaxud “Yaddaş, insanın elə bir qabiliyyətidir ki,  keçmiş təcrübəni qoruyur, möhkəmləndirir[12]. Yaddaşın kifayət qədər mürəkkəb bir problem olması barədə ədəbiyyatşünas O.V.Yevdokimova yazır: “Yaddaşın fəlsəfəsi, yaddaş və şüur, xatırlama sənəti –bunlar yaddaşı öyrənməyin müxtəlif aspektləridir. Bu məsələlərin hər biri haqqında yaddaş nəzəriyyəsində fikir ayrılıqlarının mövcudluğu labüddür. Yaddaş kateqoriyası ətrafında mülahizələrin çoxşaxəli olması istər-istəməz tədqiqatçını “sirrlər”lə üz-üzə qoyur [9, s.25].  

       Müasir Qərb və rus ədəbiyyatşünaslığında mövzuya maraq ildən-ilə artır, bir çox fundamental elmi-tədqiqatlarda bədii əsərlərdə yaddaşın funksiyası haqqında geniş   söhbət açılır.Yaddaş kateqoriyası haqqında fəlsəfə psixologiya ədəbiyyatşünaslığın bu gün məlum olan elmi müddəalarına əsaslansaq, şərti olaraq yaddaşın üç müstəqil tipini müəyyənləşdirmək olar: 

1) fərdi-şəxsiyyətyönümlü, 2) genetik-təhtəlşüur 3) kollektiv-mədəni. Şəxsi yaddaş fərdi bilgilərdən, şəxsi təcrübələrdən ibarətdir; mədəni yaddaş bəşəriyyətin əsrlər boyu topladığı bilik-təcrübə haqqında informasiya daşıyıcısıdır. Genetik yaddaş nəsildən-nəslə şüursuzluq səviyyəsində (yəni təhrəlşüurda) ötürülən bilik növüdür. Bundan əlavə, psixologiyada yaddaş insanın psixoloji fəaliyətinin  müxtəlif təzahürlərinin əsasıdır. Elə buna görə də, şəxsiyyəti anlamaq üçün, yaddaş haqqında mümkün qədər çox şey bilmək lazım gəlirBu biliklər düşüncə, davranış və şüurun formalaşma xüsusiyyətlərini anlamağa, şüuraltının sirrlərini aşmağa imkan verir. 

       Baxmayaraq ki, bu problem Qərb və rus ədəbiyyatşünaslığının diqqət mərkəzində saxlanılır, “yaddaş” kateqoriyası hələ də bütün dolğunluğu ilə tədqiq edilməmişdir. Tədqiqatçı L.M. Nyubina hesab edir ki, “hazırda yaddaşın hər hansı bir ümumi sxemi yoxdur, lakin yaddaşı müxtəlif cür təsnif etmək mümkündür:  Qısa müddətli, uzun müddətli, assosiativ, obrazlı, emosional. Yaddaşın qeyd olunan hər bir növü özünəməxsus funksiyanı yerinə yetirir. Lakin uzunmüddətli yaddaş daha əhəmiyyətlidir, çünki o insana özünü dərk etməyə və anlamağa kömək edir”[14, s.21] O, yaddaşın tərkib hissələrinin (növləri, funksiyaları və s) müəyyən olunmasında  dəqiq metodikanın olmasını vacib sayır. İkincisi, tədqiqatçı hesab edir ki, yaddaş barədə danışanda, ya onun müəyyən struktura malik olması, ya da yaddaşın fəaliyyət mexanizmi nəzərdə tutulur. Struktur deyəndə, yaddaşın növləri-assosiativ, obrazlı, emosional, ikonik və s. fəaliyyət(əməli) mexanizmi isə yadda saxlama(xatırlama), qoruma (mühafizə etmə), dirçəltmə (yenidən xatırlama bərpa) və unutmaq nəzərdə tutulur. 

        Ədəbiyyatşünaslıqda bədii əsərlərdə xatirələrin rolu olduqca müxtəlif cür izah olunur. Bu romantik nastolji ideya da ola bilər, itirilmiş məhəbbətin, xoşbəxtliyin, gəncliyin  yenidən qazanılmasına cəhd; keçmişi tutub saxlamaq ehtirası da, zamanı saxlayıb onu əbədi obrazlarda təcəssüm etdirmək; əsərin qəhrəmanları və onların gələcək həyat yolları barədə informasiya vermək məqsədi də daşıya bilər [3, 9, 14]. 

        Əgər XX əsrin ortalarına qədər yaddaş istisnasız olaraq fərdi keyfiyyət daşıyırdısa, müasir araşdırmalarda, o cümlədən ədəbiyyatşünaslıqda, M.Xalbvaksın “kollektiv yaddaş” və Y.Assmanın “mədəni yaddaş” konsepsiyaları daha işləkdir. Kollektiv yaddaşdan daha çox “məkanın yaddaşı (memorial abidələr) kontekstində, bir də milli və etnik identikliyin formalaşmasında  yaddaşın roluna həsr olumuş araşdırmalarda bəhs olunur. Fərdi-individual yaddaşın tərkibində psixoloqlar qısamüddətli və uzunmüddətli yaddaş tipini müəyyən edirlər. Uzunmüddətli yaddaşın daxilində hadisələrin unudulmamasına və zaman keçdikcə şəxsi məna kəsb etməsinə cavabdeh olan xüsusi qat – “avtobioqrafik yaddaş” ayrılır. Fərdi avtobioqrafik yaddaş birinci şəxsin dilindən nəql olunan istənilən əsərdə özünü biruzə verə bilər. [5] 

       Yaddaşı kollektiv fenomen olaraq əsaslandıran  Morisa Xalbvaks “Yaddaşın sosial çərçivələri” əsərində irəli sürdüyü mülahizələrdən belə bir nəticəyə gəlmək olar: Prinsipial olaraq fərdi və kollektiv yaddaş müxtəlif anlayışlar olsalar da onların hər birindən ayrı-ayrılıqda bəhs etmək doğru olmazdı, çünki hər bir fərdin xatirələrinin formalaşması və istifadə olunması toplumun daxilində baş verir və əhəmiyyətli təsirə malik olur. Bundan başqa, kollektiv yaddaş fərdi yaddaşdan kənarda mövcud ola bilməz; o yaddaşın müəyyən yerində  özündə simvolları və onların mahiyyətini əks etdirən fiqurlara ehtiyac duyur. Sözügedən yaddaş eyni zamanda müəyyən toplumun enerjisi ilə qidalanır, onların birliyinə və möhkəmlənməsinə nail olur. Belə qarşılıqlı əlaqə kollektiv yaddaşa nəinki onun keçmişini bərpa etməyə, bu günün və gələcəyin yaşanmasında birbaşa iştirak etməyə imkan verir. Xalbvaks hesab edir ki, keçmiş mənəvi ehtiyaclardan ibarət sosial konstruksiyadır və mədəni yaradıcılığın məhsuludur. O,  həmçinin kollektiv yaddaşın tarixlə uyğunlaşmadığını da vurğulayır: “Lakin, kitablardan oxuduğumuz, məktəblərdə öyrəndiyimiz keçmiş hadisələr seçilir, müqayisə edilir və təsnif olunur, müəyyən dairələr üçün aktuallıq kəsb etməsə də yaddaşda saxlanır. Əslində, tarix adətən ənənə başa çatdıqda, sosial yaddaş zəifləyəndə və ya dağıldıqda başlayır. Yaddaş mövcud olduqca, onu yazılı şəkildə, ümumiyyətlə hər hansı bir şəkildə  təsbit etməyə ehtiyac yoxdur” [10, s. 94] Kollektiv yaddaşın əsas formalarını müəyyənləşdirən Yan və Aleyda Assmanların baxışları da maraq doğurur. Belə ki, Yan Assman kollektiv yaddaşı ziddiyyətli bir nəsnə kimi təqdim edir, Aleyda Assman isə yaddaşın üçölçülü olmasından bəhs edir. Yan Assman kollektiv yaddaşı kommunikativ və mədəni yaddaşa bölür. Əgər birinci kifayət qədər məhdud və zamanla dəyişkəndirsə, ikinci ənənəvi simvolik kodlaşdırmaya malikdir və mütləq keçmişin hadisələrini əks etdirir. Aleyda Assman öz növbəsində yaddaşın bioloji, kommunikativ və mədəni tiplərini ayırır. Əgər bioloji və kommunikativ yaddaş arasında əlaqə zəifdirsə, o zaman kommunikativ və mədəni yaddaş arasındakı fərq genişlənir. Mahiyyət etibarilə,   Yan və Aleyda Assmanların müəyyən etdikləri kollektiv yaddaş formaları üst-üstə düşür, görünür, bu onların problemlə bağlı birgə fəaliyyətlərindən qaynaqlanır. Müasir kulturoloji konsepsiyalarda mədəni-tarixi yaddaş fenomeni ilə bağlı başlıca yanaşmaların xarakteristikası belə bir nəticəyə gəlməyə əsas verir: Problemlə bağlı fundamental nəzəriyyələr Moris Xalbvaks və Yan və Alleyda Assmanlar tərəfindən irəli sürülmüşdür. M.Xalbvaks kollektiv yaddaş fenomenini əsaslandırır, Yan və Alleyda Assmanlar isə mədəni-tarixi yaddaşın çoxcəhətliliyini və müxtəlif formalarını qeyd edirlər. 

       Keçmişə aid düşüncələrimizdə bir neçə komponent iştitak edir: informativ (tarixi hadisə, şəxs haqqında məlumat), konseptual (tarixi prosesin gedişi və mahiyyəti, onun faktorları, tarixdə mübarizə edən qüvvələr və s.), aksioloji (tarixi hadisələrin müəyyən prioritetlər baxımından qiymətləndirilməsi). Burada əhəmiyyətli cəhət odur ki, tarixi təsəvvürlər  insanın mütəəssirliyi, emosianallığı kimi empatik komponentə malikdir: biz tarixdə baş verən hadisələrin heyranlığını, dəhşətini, qürurunu da sanki öz şəxsi həyatımızdan keçib gələn bir bir nəsnə kimi qavrayırıq. Bu və ya digər tarixi hadisəni “xatırlayarkən”, onu da müəyyən bir semantik kontekstdə yerləşdiririk; hər hansı şərhin xüsusiyyəti öz mədəniyyətimizin normaları və dəyərləri, sosial kontekst və indiki intellektual iqlim ilə, nəhayət, cəmiyyətin əhval-ruhiyyəsinin spektri – nostaljidən istənilən tarixi təcrübəni “unutma” cəhdlərinə qədər müəyyən edilir.

       Tarixi yaddaşda  keçmişə münasibət problemi o zaman aktuallaşır ki, cəmiyyət ciddi sosial-mədəni dəyişikliklərdən keçir, ənənəvi standartlar və düşüncə stereotipləri dağılır, insanların şüurunda  fərqli və bəzən də bir-birinin əksi olan dəyərlər sistemi toqquşurlar. Öz tarixi təcrübəmizdən məlum olduğu kimi, hər hansı bir tarixi hadisənin mahiyyəti və hər hansı bir tarixi şəxsiyyətin fəaliyyətinin əhəmiyyəti  radikal dəyişikliyə məruz qala bilər. Keçən əsrin 20-ci illərindən başlayaraq, sovet rejimi sistemli şəkildə pantürkizm, panislamizm ideologiyasının tənqidi fonunda mahiyyət etibarilə kosmopolit səciyyəli dəyərlərin qəbul edilməsi atmosferində imperiyada məskunlaşmış zəngin və özünəməxsus dəyərləri olan çoxsaylı türk etnoslarını, o cümlədən azərbaycan xalqını da tarixi yaddaşından  qoparmağa, onları milli-mənəvi dəyərlər məkanından-mifologiyasından, folklorundan etnik ideologiyasından məhrum etməyə cəhd göstərirdi. Bundan əlavə, kollektiv yaddaşda keçmişin rəngarəng obrazı və keçmişlə bağlı təhkiyə üsulları eyni vaxtda bir yerdə keçinə bilirlər; bu təhkiyə tiplərinin hər birində eyni istinad nöqtəsi, personajlar, epizodlar ola bilər, lakin bu sujetlərin məna dolğunluğu fərqli olacaqdır. Mədəni-tarixi faktorlar həm etnik birliyin möhkəm təməl üzərində bərqərar olmasında, həm də digər etnoslarla ünsiyyətə girməsində-onların mənəvi dəyərlərinin əxz olunmasında əvəzsiz rol oynayırlar: etnoslar bir-birləri ilə öz mədəniyyətlərinin dilində danışaraq, müqayisə prosesində özümlü cəhətlərini müəyyən edirlər və ona tədricən qovuşurlar. Belə vəziyyətlərdə, A. Etkindin sözlərinə görə, “tarixi yaddaşın saxlamaq üçün müxtəlif qüvvələrin mübarizə vasitələrli strateji və taktiki tədbirlər həyata keçirən hərbi əməliyyatlar teatrına bənzəyir” 

Yaddaş bütün canlıları birləşdirməyə qadir olan güclü amildir və həyatda düzgün istiqamət seçməyə kömək edir. Ədəbi-bədii fikrin mədəni-tarixi təmələ münasibətinin paradiqması keçən əsrin 20-ci illərində, Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə eyni vaxta təsadüf edir. Bu dövrdə milli tarixi yaddaş ədəbi-bədii nümunələrin məzmunundan faktiki olaraq sıxışdırılıb çıxarılır və ancaq formaya müncər olunurdu (“formaca milli, məzmunca sosialist). Ədəbiyyatşünaslıqda da, poetikada da faktiki olaraq millilik faktoru minimuma endirilirdi (əsasən ədəbi əsərin bədii-üslubi problemləri təhlilə müncər olunurdu) və əsas diqqət sosialist-kosmopolit məqamların araşdırılmasına verilirdi. Lakin onu da qeyd etmək lazımdır ki, məzmundan sıxışdırılmış milli tarixi yaddaş ədəbi-bədii fikirin forma sahəsində son dərəcə böyük uğurlar əldə etməsinə meydan açdı: bu dövrdə yaşayan sənətkarların böyük zəhməti sayəsində Azərbaycan ədəbi-bədii dili son dərəcə zəngin, ahəngdar, çevik, sadə, insanın hiss və düşüncələrinin ən incə çalarlarını ifadə etməyə qadir bir dilə çevrldi. Nəhayət, ədəbi-bədii fikrimizdə milli tarixi yaddaşın, etnikliyin  təcəssümü ilə bağlı paradiqma keçən əsrin 60-cı illərində sovet ideologiyasının təməlinin sarsılması ilə bağlı meydana gələn dəyişikliklərlə bağlıdır: bu dövrdə millilik formadan məzmuna nüfuz etməyə başladı. Qeyd etmək lazımdır ki, bədii mətndə etnik məqam konkret fərdin-etnosun nümayəndəsinin ekzistensial problemlərinin təcəssümü ilə çulğalaşdı. Ədəbi-bədii vasitələrlə milli tarixi köklərin araşdırılması konkret insanın gündəlik qayğılarının təcəssümü fonunda həyata keçirilməyə başladı. Ümumi ilə xüsusi, əbədi ilə keçici dialektik vəhdətdə birləşdi. İ.Şıxlının, M.Süleymanlının, Y.Səmədoğlunun əsərlərində bu dialektik çulğalaşma özünün rəngarəng ifadəsini tapdı. Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yol inandırıcı şəkildə sübuta edir ki, toplumun mədəniyyətində və ədəbiyyatında öz əksini tapan milli tarixi yaddaşı, etnik enerjini məhv etmək qeyri-mümkündür. Mövlud Süleymanlının “Səs” romanında hətta itin də yaddaşı vardır. Romanın assоsiаtiv süjеtində kоnflikt it оbrаzının dахili dünyаsındа və yaddaşında əks оlunur və kоmpоzisiyа bütövlüyü yаrаdır. Gördükləri, duyduqlаrı və yuxuları İtin dахilində təbəddülat yaradır onu keçmişinə qaytarır. Əslində onu diri saxlayan da sərt həqiqətələrlə özünəməxsus mübarizəyə yönəldən də yaddaşdır: “ İtin canındakı ağrı elə həmin ağrıydı, amma artıq köhnəlmişdi, ağrıya adət elədiyindən daha dəqiqə başı zingildəyib ulamırdı. İndi də neçə aydı onu diri saxlayan böyük kinini, acığını unudub təzəcə yatmışdı, yuxusu da elə bircə an çəkdi, amma bu bir an min illər qədər uzundu: əvvəl ilxı gördü, ilxının ardınca qan rəngində qırmızı bir yol qaldı…Sonra kartof maşının sürücüsünü gördü, itlə göz-gözə durub çağırırdı: “Paraq”, “Boynaq”, “Qanıq.”, “Boysar”, bu adlar itin qanında dolaşdı, yuxusunda da, elə aşkarda da quyruğunu tərpətdi”[2,s.386]/ Əsərdə öz bədii dolğunluğu ilə seçilən itin obrazı əslində insan yaddaşının, taleyinin bəşəri cizgilərini açmaq üçün yaradılmışdır. Heç şübhəsiz ki, ədəbiyyat toplumun formalaşmağında həlledici rol oynamış, cəmiyyətin dünyaduyumunun təşəkkülündə iştirak etmiş amilləri üzə çıxarmaq və şərh etmək üçün milli tarixi yaddaşa müraciət edir.

          Y.M.Lotmanın mədəniyyətin semiotikası haqqında tədqiqatları mədəni-tarixi yaddaş və semiosfera anlayışları arasında paralellər aparmağa imkan verir. Semiotikada işarələr mexanizmi mənəvi mədəniyyətin qorunmasında həlledici əhəmiyyətə malikdir və özünüidentiklik prosesini  davam etdirir. Semiotikada işarənin dövr etmə və yenidən yaranma mexanizmi vasitəsilə daxili- mədəniyyətlərarası kommunikasiya müəyyənləşir. Yeni işarələrin yaranma mexanizmi isə mədəniyyətin, innovasiyaların inkişafı ilə bağlıdır. Y.M. Lotman qeyd edir ki, mədəniyyət kollektiv intellekt və kollektiv yaddaşdır, yəni müəyyən düşüncələrin (mətnlərin) saxlanılması və ötürülməsi yenilərinin inkişaf etdirilməsi üçün fərdi mexanizmdir. “Bu mənada mədəniyyət məkanı ümumi yaddaşla, yəni ümumi mətnlərin qorunub saxlanıla və aktuallaşa bləcəyi məkanla müəyyən edilə bilər. Eyni zamanda onların aktuallaşması müəyyən bir semantik invariant hüdudunda baş verir ki, mətn yeni dövrün kontekstində, bütün təfsirləri ilə özünü qoruyur” [13, s. 201]. Beləlillə, Y.M.Lotmanın konsepsiyası çərçivəsində kollektiv yaddaş mədəniyyətin təzahürü şəklində nəzərdən keçirilir. Fərdi şüur öz yaddaş mexanizmlərinə malik olduğu kimi kollektiv şüur da bütün kollektiv üçün ümumi olan nələrisə yadda saxlamaq tələbatı ilə qarşılaşanda kollektiv yaddaş mexanizmləri yaradır.

  • hər hansı mədəni irs kollektiv yaddaşdır, yeni mətnlərin qorunması, ötürülməsi, təkmilləşməsi mexanizmidir.
  • mədəni-tarixi yaddaş bir bütöv olaraq, daxili müxtəlifliyə malikdir, əgər belə demək mümkünsə, ona  özəl “yaddaş dialekti”i xasdır
  • “Yaddaş dialekt”ləri arasında qarşılıqlı əlaqə  mətnlərin tamamlanması ilə təmin edilir
  • mədəni -tarixi yaddaşı iki tipə bölmək olar: “informativ” və “kreativ-yaradıcı”, hər biri də müvafiq funksiyaları yerinə yetirir. Birinci-dərketmənin nəticələrinin qorunması, 2-ci- ümümmədəni hərəkatın qanunlarına uyğunlaşdırmaqla mətn enerjisinin növbəli ötürülməsi
  • mədəni-tarixi yaddaş keçmişi  indidə saxlamaqla zamana qarşıdır. 
  • Yeni mətnlərin yaranması  yalnız bu gün baş vermir, yaddaşın obyektinin müəyyən edilməsi  hesabına və mədəni kodların əvəzlənməsi nəinki keçmiş mətnlərin tərkibini, hətta mətnin özünü dəyişdirir

       Ümumiyyətlə, Y.Lotmanın mədəniyyət konsepsiyasında mahiyyət etibarilə bədii mətn tarixi yaddaşın başlıca xüsusiyyətlərini göstərməklə, müəyyən bir dövrün mədəniyyətinin ifadəsi kimi təqdim olunmuşdur. Onun nəzər nöqtəsidə müxtəlif tipli mədəniyyətlərin, mədəni kodların, mətnlərin qarşılıqlı təsiri tarixi yaddaşın daxili mexanizmi kimi izah olunur. Bir sözlə, Y.Lotmanın konsepsiyasında bədii mətn mürəkkəb vahidlərin(stukturun)-tarixin, mədəniyyətin elementləri qismində dərki böyük əhəmiyyət kəsb edən məsələdir:

1) semiotiklik Yu.M.Lotmanın konsepsiyasının mərkəzində dayanan əsas cəhətdir

2) tədqiqatçının tez-tez istifadə etdiyi praktik vasitə,  universal termin “mətn”dir. Lotman onu fundamental anlayış hesab edir.

3) mədəni-tarixi yaddaşla bağlı mətnləri mədəniyyətin inkişafının əsası kimi təsbit edilir

4) mədəni-tarixi yaddaşla bağlı mətnlərin ən sadə funksiyası-konstnat informasiyanın ötürülməsidir, burada mətn- informasiyanın passiv daşıyıcısıdır.

5) mədəni-tarixi yaddaşın yeni mənalar hasil etmə funksiyası mədəniyyətin inkişafında və təşəkkülündə əsas vasitədir

6) mədəni-tarixi yaddaşla bağlı mətnin kontekst funksiyası  informasiyanın bütöv və adekvat qavranılmasını təmin edir.

7) mətn-mənayaratma mexanizmdir

       Beləliklə, yaddaş fərdin şüurunda özünə yer etmiş elə bir prosesdir ki, keçmiş haqqında informasiyanı toplamaq, qorumaq və yenidən hasil etməyə imkan verir. Bizim diqqət mərkəzimizdə ədəbiyyatdakı yaddaş dayanmışdır ki, bu da öz növbəsində bədii əsərdə insanın fərdi yaddaşının müxtəlif obraz və üsulların köməyi ilə  funksiyasını üzə çıxardır. Müasir elmin müxtəlif sahələrində yaddaş probleminin tədqiqi ilə tanışlıq belə bir nəticəyə gəlməyə əsas verir ki, yaddaş- dinamik bir sistemdir, informasiyanın təmsilçisi, qoruyucusu əlverişli saxlancıdır. Müstəqqillik dövrü bədii söz sənətinə elə imkanlar yaratmışdır ki, məhz bu imkanların hesabına xalqın tarixi-mənəvi və maddi yaddaşının gizli qatları açıla bilir. 

 

Ədəbiyyat

  1. Quliyev Q. Rəhimova Ü. (2014), XX əsrin görkəmli ədəbiyyatşünas alimləri. Dərs vəsaiti. Bakı, 692 s.
  2. Süleymanlı M.(2004) Üç roman. Bakı, Azərbaycan nəşriyyatı, 592 s. 
  3. Арнаутова Ю. Е. (2003),От memoria к «истории памяти». М.,403 s.
  4. Ассман А. (2014), Длинная тень прошлого. Мемориальная культура и историческая политика. М.: Новое литературное обозрение, 328 s. 
  5. Ассман Ян. (2004),Культурная память: Письмо, память о прошлом и политическая идентичность в высоких культурах древности. М.: Языки славянской культуры, 368 s. 
  6. Бердяев Н. (2007), Смысл истории: Опыт философии человеческой судьбы. М.: Мысль, 446 s. 
  7. Большая психологическая энциклопедия (2007):  М. : Эксмо, 544 s.
  8. Всемирная энциклопедия: (2002)Философия XX век. М.,976 s.
  9. Евдокимова О. В. (2001),Мнемонические элементы поэтики Н. С. Лескова. Алетейя, 314 s.
  10. Хальбвакс М. (2007)Социальные рамки памяти / Пер. с фр. и вступительная статья С.Н. Зенкина– М.: Новое издательство, 348 s. 
  11. 11. Хаттон П. П. (2004),История как искусство памяти СПб: Владимир Даль, 424 s. 
  12. Кравченко С.А.(2004), Социологический энциклопедический русско-английский словарь. M., 511 s.
  13. Лотман Ю.М.(1992), Память в культурологическом освещении // Лотман Ю.М. Избранные статьи. Т. 1. – Таллинн, s.200-202
  14. Нюбина Л.М. (2000), Поэтика и прагматика мнемонического повествования Санкт-Петербург, 519 s.