ADU 75- Daha böyük uğurlar, doğma UNİVERSİTETİM!

Bu il Azərbaycan Dillər Universiteti 75 illik yubileyini qeyd etmək ərəfəsindədir. Təbii ki, belə bir əlamətdar gündə doğma universitetimizin bu möhtəşəm tədbirinə biganə qala bilməzdim, çünki yarım əsrə yaxın ömrümün ən məhsuldar illərini onun divarları arasında keçirmişəm. Universitetdə keçirdiyim xoş və zəngin xatirələr məni çox uzaqlara, keçmişi bir daha vərəqləməyə qaytardı.
Uzun müddət öz zəngin ənənələri ilə fərqlənən bir təhsil ocağında çalışmış, onun bütün inkişaf və uğurlarının canlı şahidi olmuş təcrübəli əməkdaşı kimi, mən də bu əlamətdar tədbirə seyrici mövqeyindən yanaşa bilməzdim, ona görə də universitet haqqında fikirlərimi elmi ictimaiyyətlə bölüşməyi özümə mənəvi borc hesab etdim.
Universitet haqqında fikir və düşüncələrimin şərhinə bir qədər uzaqdan başlamaq istəyirəm.
Hələ ötən əsrin əvvəllərində, 1920-ci ilin dekabrından başlayaraq bir sıra professorların, o cümlədən V.İvanov, M.Q.Lopatinski, A.D Tulyayev və başqalarının təşəbbüsü ilə Bakıda yerləşən ali təhsil müəssisələrində ingilis, alman, italyan və latın dillərinin öyrənilməsinə başlanıldı.
Xarici dillərin tədrisi əvvəlcə fakültativ səviyyədə keçirilirdi, yalnız 1920-ci illərin ortalarından sonra məcburi xarakter alaraq respublikanın bütün ali məktəblərində tədris olundu və bu vəziyyət 1937-ci ilə qədər davam etdi.
Qeyd olunan tarixdən etibarən Azərbaycanın ali məktəblərində xarici dillərin tədrisi mərkəzləşmiş qaydada həyata keçirilirdi.
Azərbaycan Xalq Maarif Komissarlığının sərəncamı ilə Müəllimlər İnstitutunun nəzdində iki illik xarici dillər kursu, V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (hazırkı ADPU) nəzdində isə “Xarici dillər” fakültəsi yaradıldı.
Böyük vətən müharibəsindən əvvəl və sonra çətinliklərin yaranması səbəbindən respublika ali məktəblərində ciddi islahatların aparılması zərurəti yarandı və keçirilən islahatların məntiqi nəticəsi olaraq bütün ixtisaslaşdırılmış pedaqoji institutlar 1941-ci ilin sonundan etibarən “S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti”nə ( hazırkı Bakı Dövlət Universiteti) birləşdirildi.
1943-cü ildə yenidən fəaliyyətə başlayan V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutu (APİ) xarici dillər üzrə ixtisaslı mütəxəssislər hazırlamağa başladı və təkrar fəaliyyət göstərdiyi qısa müddət ərzində 271 nəfər xarici dil mütəxəssisi hazırladı. Həmin fakültənin bazası əsasında 1948-ci ildə müstəqil xarici dillər institutu yaradılır və Respublika Maarif nazirinin əmri ilə Heybət Paşayev yeni açılmış APXDİ-na müvəqqəti olaraq direktor vəzifəsinə təyin olunur.
1949-cu ildə isə Maarif nazirinin növbəti əmri ilə Əfşan Qədimbəyova Azərbaycan Dövlət Xarici Dillər İnstitutuna yeni direktor təyin olunmuş və 1955-ci ilədək bu vəzifədə çalışmışdır.
1953-1954-cü illərdə institutda artıq pedaqoji fəaliyyətlərinə görə ictimaiyyətdə kifayət qədər tanınmış pedaqoqlar: R.Qayıbova, S.Cəfərov, M.Quliyeva, T.Əhmədova, S.Seyidova, S.Bağırov, N.Qədimbəyova, R.Barsuk, M.Paşayeva,A.Quliyeva, D.Abbasova, X.Əhmədova və bu kimi yüksək ixtisaslı və nüfuzlu müəllimlər dərs deyirdi.
İnstitut qısa müddət ərzində zəngin inkişaf yolu keçərək respublikanın qabaqcıl ali təhsil müəssisələrindən birinə çevrildi.
1959-cu ildə Respublika Maarif Nazirliyinin 14 may 1959-cu il tarixli əmri ilə “Pedaqoji Xarici Dillər İnstitutu” (hazırkı Azərbaycan Dillər Universiteti), “Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu”na (hazırkı Bakı Slavyan Universiteti) birləşdirilərək” M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutu” yaradıldı.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə təyin olunması respublikamızın bütün ictimai-sosial sahələrində olduğu kimi, təhsil sahəsində də yeni uğurlara səbəb oldu.
Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Azərbaycan Nazirlər Sovetinin 17 Oktyabr 1972-ci ildə qəbul etdiyi “Azərbaycan SSR-də ali təhsili daha da təkmilləşdirmək haqqında” qərarı universitetin inkişaf tarixində əhəmiyyətli rol oynadı.
Məlum qərardan bir müddət sonra, qərarın icrası ilə əlaqədar olaraq Azərbaycan SSR Nazirlər Soveti 4 Noyabr 1972-ci ildə “Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun yenidən təşkil olunması haqqında” növbəti qərar qəbul etdi.
Sözügedən qərara əsasən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu yenidən müstəqil ali təhsil ocağı kimi fəaliyyətə başladı.
Bu qərardan az müddət sonra, 1972-ci ilin dekabrın 19-da Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti, SSR-nin yaradılmasının “50 illiyi” münasibətilə bir çox müəssisələrə “SSR-nin 50 illiyi” adının verilməsi haqqında fərman verdi. Həmin fərmanda Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun da adı var idi. Yenidən müstəqil institut kimi fəaliyyətə başlayan bu təhsil ocağı, təkcə müəllim kadrları deyil, tərcüməçilər və diplomatlar da hazırlayırdı ki, bu da o zaman Azərbaycanımıza hava və su kimi lazım idi.
Təşkil edildiyi gündən keçən müddət ərzində Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu öz profili üzrə ölkənin ən qabaqcıl ali məktəblərindən birinə çevrildi.
Həmin illərdə institutda ingilis, alman, fransız dilləri fakültələri, axşam təhsili fakültəsi, hazırlıq şöbəsi və müxtəlif kurslar fəaliyyət göstərirdi.
İnstitutda təhsilin bütün növləri üzrə 4000 nəfər təhsil alırdı. İnstitut həmçinin respublikanın xarici dil mütəxəssislərinə ixtisasını artırmağa köməklik göstərirdi.
Bu məqsədlə institutda təsərrüfat hesablı iki illik kurslar, eləcə də ali məktəbə daxil olmaq istəyənlər üçün hazırlıq kursları da təşkil olunmuşdu.
Qeyd olunanlarla yanaşı ali təhsil ocağında təhsilin keyfiyyətini yüksəltmək məqsədilə şifahi nitq laboratoriyaları, təcrübi dilçilik, eksperimental fonetika və başqa laboratoriyalar yaradılmışdı.
Bu dövrlərdə institutda çox dəyərli alimlər- prof. İ. Rəhimov, prof. M. Qarayeva, prof. B.Əhmədov, prof. M.Həmzəyev, prof. E.Məmmədov, prof. Z. Verdiyeva, prof. S.Babayev, prof. O. Musayev, prof. Q. Quliyev, prof. F. Veysəlov və bir sıra digər dəyərli alimlərin dərs deməsi sayəsində tədris prosesinin göstəriciləri ildən-ilə daha da yüksəlirdi.
İnstitutda müxtəlif dillər üzrə hər il orta hesabla 650-700 mütəxəssis hazırlanırdı. Onların əksəriyyəti uzaq kənd rayonlarına təyinatla göndərilirdi. Daima öz tələbələrı ilə fəxr edən institut məzunlarının sırasında dəyərli dövlət adamları, diplomatlar, görkəmli tərcüməçilər və əməkdar müəllimlər var idi.
Görkəmli alimlərli, dəyərli ziyalıları ilə yanaşı Azərbaycan Dillər Universiteti qəhrəman oğulları ilə də tarixə düşdü.
1990-ci ildə hamının ürəklərini göynədən və hər kəsin yaddaşında dərin iz qoyan “Qara Yanvar” hadisələrini xatırlamamaq mümkün deyil. 1989-ci ildən başlayaraq Qarabağda baş verən özbaşınalıqlar və Qərbi Azərbaycanlıların öz doğma torpaqlarından mənfur ermənilər tərəfindən qovulması bütün Azərbaycan xalqını ayağa qaldırmışdı. Buna görə Sovet hökumətinə etirazını bildirən xalq meydanlara tökülmüşdü. Bu etirazçıların içərisində universitetin müəllimləri və fəal tələbələri də var idi.
1990-ci il Yanvar ayının 19-dan 20-ə keçən gecə, saat 00:20-də Bakıda işğalçı rus ordusu tərəfindən tarixdə misli görünməmiş qırğın törədildi. Təbii ki, belə bir vəhşiliyə Azərbaycan Dillər Universitetinin fədakar müəllim heyəti və cəmiyyətdə xüsusi mövqeyi ilə fərqlənən tələbələri də laqeyd qala bilməzdilər. Belə tələbələrdən biri də, universitetin gənc şair tələbəsi, dərs əlaçısı və vətənpərvər şəhid Ülvi Bünyadzadə idi.
Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canını fəda edən mübariz tələbə Ülvi Bünyadzadənin tək bir amalı var idi və o amalı da misraların dilində bizə ərmağan qoydu:
“Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik!”
Onun “And” adlı məktubu bütün Azərbaycan türklərinə olan and idi. Onun ədəbi yaradıcılığına 200-dən çox şer , 40-a yaxın hekayə, 5 pyes, 20-yə yaxın dünya ədəbiyyatından orijinal tərcümələr (ingilis və rus dillərindən) və 7 ədəbi və ictimai məzmunda məqalələr daxildir.
Onun adını əbədiləşdirmək üçün universitetdə “Ülvi Bünyadzadə adına muzey-lektoriya” yaradılmışdır.
Ülvinin qoyduğu mübarizə yolu sonradan institutun mərd və fədakar tələbələri və əməkdaşları tərəfindən 1-ci və 2-ci Qarabağ müharibələrində də davam etdirildi. Yusifağa Baxşıyev, Fikrət Pəncəliyev, Faiq Kərimov,Sədrəddin Qasımov,Əzim Əliyev, Aida İbrahimova, Məcid Manafov və sair kimi əməkdaşlarımız 1-ci Qarabağ müharibəsinin iştirakçılarından olmuşlar. Onlar döyüş meydanında döyüşçü, jurnalist və tərcüməçi kimi iştirak etmişlər.
2-ci Qarabağ müharibəsi zamanı qəhrəman tələbələrimiz Əzim Həsənov, Teymur Osmanlı və Elvin Bayramov qəhrəmancasına şəhid olmuşlar. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra müxtəlif medallarla təltif olunmuş və universitetin rektoru akademik Kamal Abdullanın təşəbbüsü ilə universitetdə onların xatirələri əbədiləşdirilmişdir. Universitetdə məzun şəhidlərimizin adını daşıyan, onların həyatını, keçdikləri döyüş yolunu əks etdirən fotoşəkillər və şəxsi əşyalarla bəzədilmiş auditoriyalar yaradılmışdır.
Müasir dövrün tələblərinə uyğun olaraq, sürətlə inkişaf edən ali təhsil oçağına Ulu Öndər Heydər Əliyevin sərəncamına əsasən 13 İyun 2000-ci il tarixində universitet statusu verildi. Bu sərəncam universitetin maddi-texniki bazasının daha da genişlənməsinə şərait yaratdı.
Cənab Prezident İlham Əliyevin 16 iyun 2017-ci il tarixli sərəncamı ilə universitet publik hüquqi şəxs statusu almaqla öz tarixinin yeni mərhələsinə qədəm qoydu. Əməkdaşı olduğum universitetdə çox dəyərli rektorların gərgin fəaliyyətinin şahidi olmuşam. Ancaq universitetin bugünkü uğurlarına xüsusi nəzər salmaq istərdim.
1 İyun 2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Akademik Kamal Abdulla universitetə rektor təyin olundu.
Bundan sonra Azərbaycan Dillər Universitetində ölkənin təhsil sisteminin inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə qarşıya qoyulan vəzifələr və müasir tələblərin yerinə yetirilməsi istiqamətində bir çox vacib layihələrin həyata keçirilməsinə başlanıldı.
Bu layihələrin həyata keçirilməsi Dillər Universitetinə daha çox uğurlar gətirdi. Universitetdə olan dil və mədəniyyət mərkəzlərinə yenilərinin əlavə olunması onun inkişafına müsbət təsir etdi.
Yeni fakültələr, kafedralar, ixtisaslar, laboratoriyalar və elmi mərkəzlər yaradıldı.
Bu illərdə fəaliyyət göstərən bütün mərkəzlər və elmi-tədqiqat qurumlarında tədris prosesi daha da təkmilləşdirildi. Universitetdə tələbələri həvəsləndirmək məqsədilə Ağamusa Axundov, Məryəm Qarayeva, İsmixan Məmməd oğlu Rəhimov, Mir Cəlal Paşayev,Əlimərdan bəy Topçubaşov adına yeni təqaüdlər təsis olundu. Bu təqaüdlərin təsis olunması həm də qeyd olunan şəxsiyyətlərin adlarını əbədiləşdirmək məqsədi daşıyırdı.
Son 5 il ərzində universitetdə Türkiyə Araşdırmalar Mərkəzi, Serb dili və mədəniyyəti mərkəzi, Pakistan dili mərkəzi, Rumın dili və mədəniyyəti mərkəzi, Macar dili və mədəniyyəti mərkəzi, Qədim Dillər Mərkəzi, ayrı-ayrılıqda Azərbaycanşünaslıq, Multikulturalizm və Rusiyaşünaslıq elmi-tədqiqat mərkəzləri açıldı.
Hal-hazırda bu mərkəzlərin bir neçəsi tərəfindən dillərini və mədəniyyətini təmsil etdikləri ölkələrin universitetlərində Azərbaycan dili təbliğ olunur və Azərbaycan dili mərkəzlərinin açılması istiqamətində işlər aparılır.
Artıq Macarıstanın paytaxtı Budapeştdə olan ELTE universiteti və Litvanın Vilnüs universitetində Azərbaycan dili tədris olunur.
Azərbaycan Dillər Universitetdə maarifləndirici klublar da fəaliyyət göstərir. Universitetdə hal-hazırda həyata keçirilən uğurlu layihələrdən biri də Universitet Elmi Şurasının qərarı ilə tələbələrin ilk dəfə olaraq pedaqoji təcrübələrini Bakıdakı məcburi köçkün məktəbləri ilə yanaşı Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndi, Bərdə, Gəncə, Sabirabad, Ağcəbədi, Mingəçevir şəhərlərində yerləşən məcburi köçkün şəhərçiklərində keçməsidir.
Universitetdə yeni dil və mədəniyyət mərkəzlərinin sayı getdikcə artırılır.
2018-ci ildən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası nəzdində fəaliyyət göstərən Türkiyə Universitetlər Birliyinə üzv olandan sonra ADU ilə türkdilli dövlətlərin universitetləri arasında mövcud əlaqələr daha da genişləndirildi.
Universitetin bu istiqamətdə fəaliyyəti Azərbaycanın Avropaya açılan pəncərələrindən biri olan ADU-ya böyük uğurlar gətirdi.
Bu o uğurlardandır ki, Azərbaycandan ilk dəfə iki ali təhsil müəssisəsi ADU və UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) QS dünya universitetlərinin reytinqi sırasına düşmüşdür.
ADU, həmçinin “Müasir dillərin tədrisi” sahəsində QS dünya üzrə 301-340 universitetlər siyahısına daxil edilmişdir. Bu təkcə ADU-nin deyil, bütövlükdə Azərbaycan təhsilinin uğurudur.
Qeyd olunan bütün nailiyyətlər universitetin professor-müəllim heyəti və tələbələrinin fəallığı ilə yanaşı həm də universitet rəhbərinin müdrik idarəçilik və təşkilatçılıq bacarığının ortaya qoyulması hesabına əldə olunmuşdu.
Bu gün Azərbaycan Dillər Universitetində 7000-dən çox tələbə təhsil alır. Universitetdə 5 fakültə, 8 şöbə, 30 kafedra, 20 dən çox dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir.
Son beş ildə universitetlə bir çox xarici ölkələrin ali məktəbləri arasında sıx əlaqələr yaradılmışdır ki, bunlar da universitetdə təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərməkdədir.
Hal-hazırda Respublikamız daxilində olan digər universitetlərlə də işgüzar əlaqələr davam etdirilir.
Hörmətli rektor, akademik Kamal Abdullanın təşəbbüsü ilə tələbələrdə idarəetmə bacarığını inkişaf etdirmək məqsədilə hər tədris ilində “ Bir günlük xəlifə” adlı layihə həyata keçirilir.
Məlumdur ki, universitetdə təhsilin yüksək səviyyədə tədrisi və inkişafı onun zəngin kitabxanasından keçir.
Universitetimizin zəngin kitabxanası var. Bu illərdə universitetdə kitabxana xidməti ilə yanaşı “Azərbaycan Dillər Universitetinin professor və müəllim heyətinin 1948-2010-ci illərdə nəşr olunan əsərlərinin biblioqrafiyası” tərtib olundu. Bu biblioqrafik göstərici uzun zaman universitet kitabxanasının direktoru işləmiş Ələddin Əliyevin redaktorluğu ilə kitabxananın elmi hissəsində çalışan əməkdaşlarının böyük zəhməti sayəsində ərsəyə gəlmişdi.
Universitetdə son 5 ildə olan inkişaf kitabxanaya da öz təsirini göstərdi.
Belə ki, tələbələrin universitetin kitabxanasından hərtərəfli istifadəsi üçün hər bir şərait yaradıldı. Universitetin bütün korpuslarında, hətta yataqxanada belə kitabxana təşkil olundu. Akademik Kamal Abdullanın təşəbbüsü sayəsində 2018-ci ildən kitabxana informasiya mərkəzi kimi fəaliyyət göstərən ADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi dünyanın nüfuzlu məlumat bazalarından biri olan “EBSCOhost məlumat bazaları”na abunə olundu.
ADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru Cəmilə Əliyevanın təşəbbüsü və təşkilatçılığı sayəsində ADU-da rəqəmsal kitabxana yaradıldı. ADU əməkdaşlarının elmi-tədqiqat işləri, dərslik və dərs materialları “DSPACE e-kitabxana” da yerləşdirildi və istifadəçilərin ixtiyarına verildi.
75 il ərzində Azərbaycan Dillər Universitetində təhsilin və pedaqoji elmin inkişafına mühüm töhfələr verən minlərlə yüksək ixtisaslı mütəxəssis yetişdirilmişdir.
Universitetin professor-müəllim heyəti elm sahəsində ildən ilə baş verən yenilikləri yaşlı nəsillərin topladığı təcrübə, onlara xas olan enerji, qətiyyət, yaradıcılıq təşəbbüsü, əzmkarlıq və cəsarəti birləşdirməklə gələcək müəllimlərin peşə hazırlığını təkmilləşdirir və bununla da universitetdə yüksək təhsil standartlarına nail olurlar.
Bu əlamətdar gün münasibəti ilə, universitetin rektoru, hörmətli akademik , Kamal Abdullaya və bütün əməkdaşlara möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, vətənimizin inkişafı naminə nəcib və çətin peşələrində davamlı uğurlar arzulayıram!
Bu zəngin təhsil ocağının keçdiyi inkişaf yoluna nəzər salıb bugünkü uğurlarının şahidi olduqca mən də bu universitetin əməkdaşı olduğum üçün qürur duyuram.
Azərbaycan Dillər Universitetinin 75 illik yubileyinin qeyd olunmasında zəhməti olan hər kəsə bütün məzunlar, tələbələr, əməkdaşlar və şəxsən öz adımdan dərin təşəkkürümü bildirir, bu günün arzusunda olan hər kəsi təbrik edirəm.
Daha böyük uğurlar arzusu ilə doğma UNİVERSİTETİM, uğurların həmişə bol olsun.
Güllüzar Əfəndiqızı
ADU Kitabxanasının bölmə müdiri