ADU haqqında

Doğma Azərbaycan Dillər Universitetimizin 75-illiyinə həsr olunmuş təbrik!

Allaha şükür edən insanlar kimi, mən də çox şükür edirəm ki, yaşadığım dövr 2023-cü il Ümummilli liderimiz Heydər Əliyevin 100 illiyinə həsr olunub, Heydər Əliyev ili elan edilib və bununla yanaşı doğma universitetimizin 75 illiyi də bu ilə təsadüf edib. Nə xoş, türklər demişkən, “ne mutlu!” bizlərə. Lütfizadənin nəzəriyyəsinə əsaslanaraq: hər təsadüfdə bir zəruriyyət, hər zəruriyyətdə bir təsadüf var. Zənnimcə, Azərbaycan Dillər Universitetinin 75-illiyi də Heydər Əliyev ilinə təsadüf etməsi bir zəruriyyətdir.

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə 1969-1982 və 1993-2003-cü illərdə respublikamızı inkişaf etdirməklə onu aqrar sənaye ölkəsinə çevirərək ön sıralara çıxarmış, müstəqillik dövründə hüquqi və demokratik dövlət qurmuş, vətənimizin dünya ölkələri sırasında layiqli yer tutmasına nail olmuşdur. Təhsilin, elmin, mədəniyyətin, incəsənətin sürətlə və hərtətərfli inkişafında ümummilli liderin müstəsna rolu və böyük xidməti olmuşdur. Bununla yanaşı müxtəlif sahələrlə bağlı milli kadrların yetişdirməsində Heydər Əliyevin rolu əvəzolunmazdır.

Ali bir vətəndaşlıq, milli mənafe məyarı və prinsipi Heydər Əliyev siyasətinin hər komponentində özünü göstərir. Milli liderimizin xalqımız, onun gələcək nəsilləri qarşısında ən böyük xidmətlərindən biri müstəqil dövlətimizin neft strategiyasını hazırlamaq və onu ardıcıllıqla həyata keçirməsi idi. Neft strategiyası ölkə iqtisadiyyatının dünya birliyinə inteqrasiyasında, dövlət müstəqilliyimizin təminatında, respublikamızda infrastrukturların yüksək səviyyədə yenidən qurulmasında, cəmiyyətimizdə demokratik mühitin formalaşmasında, Azərbaycan Qafqaz regionun liderinə çevrilməsində müstəsna yeri və rolu var. Bu amil dünyanın tanınmış dövlət xadimləri tərəfindən də dəfələrlə etiraf olunub.  

Heydər Əliyev Azərbaycan İntibahının müəllifidir. Ümummilli lider yaxşı bilirdi ki, qloballaşmanın geniş vüsət aldığı informasiya cəmiyyətində sosial-iqtisadi fəaliyyət sahələrində rəqabətin gücləndiyi, o cümlədən təbii sərvətlərin getdikcə tükəndiyi bir vaxtda təhsil önəmlidir. Təsadüfi deyil ki, Birləşmiş Mİllətlər Təşkilatı 21 əsri “Təhsil əsri” elan edib. Yüksək intellektli insan kapitalının formalaşmasında və davamlı inkişafın əsasını qoyan güclü iqtisadiyyatın qurulmasında təhsilin, xüsusilə də ali təhsilin rolu indiki qədər aktual olmamışdı. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da insan kapitalının formalaşmasında ali təhsilin rolu danılmazdır.

Ölməz umümmilli liderimiz Heydər Əliyevin tövsiyyələrindən: cəmiyyətimiz daha sıx birləşməli, əsas hədəflərimiz yolunda dövlət müstəqilliyimizin möhkəmlənməsi və inkişaf etməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası, işğal olunmuş torpaqların azad edilməsi, respublikamızın dünya miqyasında özünəməxsus layiqli yerini tutması yolunda siyasi dünyagörüşündən, fikir müxtəlifliyindən asılı olmayaraq, respublikamızın bütün vətəndaşları bir olmalı, həmrəy olmalı, birləşməlidir. Bundan sonra ölkəmizdə heç bir təxribata, qarışıqlığa yol verilməməlidir.

Ümumiyyətlə, güclü dövlət xadimi və istedadlı siyasətçi olan Heydər Əliyevin təkcə Azərbaycanın keçmiş SSRİ məkanında və dünyada tanınmasında deyil, həm də milli varlığımızın qorunub saxlanmasında tarixi xidmətləri olmuşdur.

Ötən əsrin 70-ci illərində respublikamıza zəruri olan ixtisaslar üzrə mütəxəssislər hazırlayan ali məktəblər və kafedralar mövcud deyildi. Ölkəmizdən kənarda ali təhsil almaq üçün göndərilənlərin sayı isə əlli nəfər idi və onların sırasında milliyyətcə azərbaycanlıllar azlıq təşkil edirdi. Hər il əlli nəfər gəncin Azərbaycandan kənarda ali təhsil almaq üçün göndərilməsi respublikamızın ali təhsilli kadrlara olan tələbatını ödəmirdi və onlara kəskin ehtiyac duyulurdu. Xaricə təhsil almaq üçün göndərilən tələbələrin sayını artırmaq isə müşgül məsələ idi. Ulu öndər bu problemi həll edərək hər il min nəfərdən çox istedadlı azərbaycanlı gəncləri xaricə təhsil almaq üçün göndərməyə nail olmuşdu.

Azərbaycan Prezidentinin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli, 506 saylı fərman, “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” 4 iyul 2001-ci il tarixli, 76 nömrəli sərəncam, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli, 552 nömrəli sərəncam və nəhayət, 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Bu sənədlərin hazırlanmasında böyük tarixi şəxsiyyət Heydər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, yenilməz məntiqi, vətəndaşlıq qeyrəti, ana dilinə misilsiz məhəbbəti mühüm rol oynayıb.

Respublikamızın çoxminli təhsil işçiləri “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanundan, eləcə də ümummilli liderimiz Heydər Əliyevin dil siyasəti ilə bağlı imzaladığı silsilə fərmanlardan irəli gələn vəzifələrin yerinə yetirilməsində, ulu öndərin dövlət dili ilə əlaqədar verdiyi müdrik göstərişlərin, irəli sürdüyü müddəa və ideyaların gerçəkləşməsində yaxından iştirak edirlər. Ölkəmizdə hər il “Ana dili” günü təntənəli surətdə qeyd edilir. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi yolunda möhtərəm Heydər Əliyevin başladığı müqəddəs milli mücadilənin tarixi bir qərinədən çox davam etmişdir. Milli tariximizə Heydər Əliyev epoxası kimi daxil olmuş 1969-2003-cü illərdə Azərbaycan dilinin hərtərəfli inkişafı yalnız rəsmi sənədlərdə deyil, sözün həqiqi mənasında, gündəlik həyatda, təcrübədə ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması, beynəlxalq aləmin çox mötəbər məclislərinin kürsülərindən eşidilməsi ulu öndərimizin ana dilimizin inkişafına, onun sosial-siyasi və mədəni həyatda layiqli yer tutmasına göstərdiyi qayğı və diqqətin, son dərəcə dəqiq, düşünülmüş və uzaqgörən dil siyasətinin nəticəsində mümkün olmuşdur.

20-ci əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın hegemon dövlətlərinin kürsüsündə dinlənilməsi, beynəlxalq cəmiyyətlər və təşkilatlar bilavasitə ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycan Respublikasında təhsil sahəsində genişmiqyaslı islahatlar həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş islahat proqramından irəli gələn məsələlərin həlli, o cümlədən təhsilin idarə olunmasında yeni prinsiplərin müəyyən edilməsi, əsaslı keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi, təhsil sisteminin təkmilləşdirilməsi vəzifəsini qarşıya qoyaraq təhsilin dünya standartlarına uyğunlaşdırılması, təhsilin müasir tələblərə cavab verməsi və bu sahədə təhsilin daha da inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülmüşdür.

Onu da qeyd etmək lazımdır ki, insan cəmiyyətində dillər və onların daxilindəki variasiyalar həm birləşdirici, həm də müxtəlifləşdirici rol oynayır. Dil mədəniyyətin bir hissəsidir. Ümummilli lider Heydər Əliyev dəfələrlə qeyd edib:  “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir”. Bu şərəfli tarixi yolun başlanğıcı hələ 1970-ci ildə BDU-nun 50 illik yubileyində o dövr üçün, kommunist rejimi üçün fövqəladə hadisə sayılan respublika rəhbərinin Azərbaycan dilində çıxışı ilə başlandı. Bu tarixi çıxış ziyalılara, bütün xalqa respublika rəhbərinin Azərbaycan dilinə qayğı və ehtiramı haqda bir xəbərdarlıq idi ki, bu proses sonralar milli özünüdərkdə müstəsna rol oynadı. Az keçmədi ki, Azərbaycan dili nüfuzlu məclislərə, dövlət əhəmiyyətli tədbirlərə yol açdı, Heydər Əliyevin qayğısı sayəsində ali məktəblər üçün dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinə, “Azərbaycan dilinin dialektologiyasının əsasları” dərs vəsaitinə respublika Dövlət mükafatları verildi, təhsil müəssisələrində ana dilinin tədrisinə ayrılan saatların miqdarı artırıldı, Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə ali məktəblərə qəbul planları əhəmiyyətli dərəcədə artırıldı.

Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin keçmişin buxovlarından azad olunması, xalqın qan yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsinə, real siyasi amilə çevrilməsinə nail olunmasıdır. Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirmişdir: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”.

XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilinin keşiyində durmaq Heydər Əliyevin həyat fəaliyyətinə çevrilmişdi. Ulu öndər gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət görürdü. Azərbaycan gənclərinə xarici dilləri - ingilis, alman, fransız, çin və s. dilləri öyrənməklə, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi. Ümummilli lider Heydər Əliyev qeyd edirdi: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.

Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, Azərbaycan dili ilə yanaşı, onun incəsənətini, mədəniyyətini, tarixini, ədəbiyyatını dünyada geniş təbliğ etmək üçün ölkə vətəndaşlarının xarici dilləri mükəmməl bilməsi çox vacibdir, çünki xarici dillər Azərbaycan dilinin inkişafı üçün körpü rolunu oynayır. 2000-ci il iyunun 13-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Həmin Sərəncama əsasən Azərbaycan Dövlət Dillər İnstitutunun profili genişləndirilərək “Azərbaycan Dillər Universiteti” yarandı. Ana dilimizi, mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı, adət-ənənələrimizi xarici ölkələrdə daha yaxından tanıtmaq baxımdan Azərbaycan Dillər Universitetinin rolu əvəzsizdir. “Gənclərimiz nə qədər çox dil bilsələr, bir o qədər zəngin dünyagörüşünə malik olacaqlar. Bu, müasir dünyanın tələbidir”. Bu sözlər dilini, vətənini, millətini onun bütün maddi-mədəni dəyərlərini sevməkdə hamıya nümunə olan, ölməz ümummilli liderimiz Heydər Əliyevə məxsusdur.

Heydər Əliyevin milli diplomatik kadrların hazırlanmasında və diplomatiyanın inkişafındakı əməyinin, rolunun nəinki Azərbaycanda və bütün Türk dünyasında, həm də keçmiş Sovetlər birliyində və dunyanın müxtəlif ölkələrindəki nüfuzunun şahidi oluruq. Heydər Əliyev siyasətinin tərkib hissəsi, onun universitetdən başlayaraq, o çətin dövrdə DTK-da general rütbəsində və Azərbaycanın birinci katibi, keçmiş Sovetlər birliyində baş nazirin müavini vəzifəsində çalışması zamanı Dünya Azərbaycanlılarını Şərq və Qərb ölkələrində birləşdirdi. Ulu öndərin uzaqgörən siyasətinə müvafiq Azərbaycan Dillər Universiteti uzun illərdir ki, milli diplomatik kadrları hazırlayır və bizim universitetimizin məzunları dövlətimizi müxtəlif səfirliklərdə diplomat kimi təmsil edir. Xalqımızın    milli    özünüdərk    prosesində Heydər Əliyevin rolu əvəzsizdir. 

Ulu öndərin siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi təhsil sahəsində Azərbaycan üçün akademik heyətin hazırlanması baxımdan xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, 1 iyun 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Mehdi oğlu Abdullayev təyin edildi. O gün ADU-nun professor-müəllimləri, habelə tələbələri az qala toy-bayram abu-havasını yaşadı. Bu təyinat tək tələbələr üçün deyil, bütün professor-müəllim heyəti üçün də 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününün böyük hədiyyəsi oldu. Çünki Kamal müəllim – ilk növbədə İnsandır, bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəni sevəndir, uşaqları, gəncləri xalqın və vətənin gələcəyi üçün hazırlayan vətənpərvərdir, vətəndaşdır, ictimai xadimdir.

Hazırkı şəraitdə Azərbaycan Dillər Universitetində ştat üzrə 830 nəfərdən ibarət professor-müəllim heyəti fəaliyyət göstərir. Onlardan iki AMEA-nın həqiqi üzvü, 36 nəfər elmlər doktoru, 19 nəfər professor, 270 nəfər fəlsəfə doktoru, 165 dosent, 595 nəfər müəllimdir, hal-hazırda tələbələrin ümumi sayı 7000 nəfərdir.

Akademik Kamal Abdulla təyin olunandan sonra universitetdə təhsilin səviyyəsini yüksəldilməsi, professor-müəllim heyətinin, tələbə (bakalvr və magistr), doktorant və dissertantların elmi və elmi-metodik fəaliyyət istiqamətlərinin bilavasitə tədris prosesinə inteqrasiyasına yardım məqsədi ilə əldə olunan elmi nəticələrin elektron variantlarının hazırlanması və elektron resursların bazasına yerləşdirilməsi, elmi tədqiqat işlərinin mövzularına dair müvafiq informasiya təminatı, dünya standartlarına uyğun müasir məlumat-biblioqrafiya xidməti göstərilməsi işi aparılır. 

Çox sevindirici haldır ki, ADU-da AMEA-nın həqiqi üzvü Kamal Abdulla tövsiyyəsi ilə Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi yaradılıb. Rektorun göstərişi ilə bütün birinci kurs tələbələrinə lazım olan bədii ədəbiyyat kitabları alındıqda və qayıməsi universitet mühasibatına təqdim olunanda kitablar onlara bağışlanılır. Bu rektorumuzun uzaqgörən və xoşniyyətli siyasətidir ki, tələbələrə şəxsi kitabxana yaratmağa təkan verir.  

Məlum olduğu kimi, dünyada universitetlərin reytinqinin müəyyənləşdirilməsi üçün müəyyən meyarlar mövcuddur. Bu ilin mart ayında məlumat açıqlandı ki, dünya ali təhsil ocaqları arasında keçirilən təhlilə görə 1594 ali təhsil ocaqları arasında bizim Azərbaycan Dillər Universiteti müasir dillər üzrə (301-340) dünayada ən yaxşı universitetlər qrupuna daxil olmuşdur. Bu ADU-nun kollektivi üçün böyük uğurdur.

Azərbaycan Dillər Universiteti təməli qoyulan gündən şərəfli yol keçir. Universitetimizdə iyirmidən çox dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər xarici ölkələrdə Azərbaycan dilini və mədəniyyətini, bizdə isə öz milli dilini və  mədəniyyətini təbliğ edir. Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanının tələbləri baxımından ümumtəhsil məktəblərində Azərbaycan dili və ədəbiyyatının tədrisi vəziyyəti və onun yaxşılaşdırılması tədbirləri barədə Respublika Təhsil Nazirliyinin 2002-ci ilin 11 iyul tarixli, 70 nömrəli kollegiya qərarında göstərilir ki, ümumtəhsil məktəbi şagirdlərinin əsl vətəndaş kimi yetişdirilməsində, onlara milli mənəvi və ümumbəşəri dəyərlərin aşılanmasında, milli mənliyinin dərk edilməsində Azərbaycan dili və ədəbiyyat fənlərinin əhəmiyyəti böyükdür. Azərbaycan dili ölkəmizin müstəqilliyə qədəm qoyması ilə dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının milli birliyinin yaradılmasında və əlaqələrinin genişləndirilməsində müstəsna rol oynayır, soydaşlarımızın ünsiyyət silahına çevrilir. Serb dili və Mədəniyyəti Mərkəzi, Rumın dili və Mədəniyyəti Mərkəzi, Macar dili və Mədəniyyəti Mərkəzi, Pakistan (urdu) dili mərkəzi, Qədim Dillər Mərkəzi, Türkiyə Araşdırmaları Mərkəzi elmi-tədqiqatlar aparır.

Universitetimizdə tələbələrə xüsusi böyük diqqət yetirilir və önəm verilir, həmçinin onlara çoxlu fürsətlər yaradılır. Məsələn, “Kitab Klubu”, “Gənc Diplomatlar Klubu”, “Səfir Saatı klubu” kimi maarifləndirici klublar fəaliyyət göstərir. Bu da təsadüfi deyil, çünki bizim məzunlarımız Azərbaycan Respublikasının Prezident Administrasiyasında, Nazirlər Kabinetində, bütün nazirliklərdə, həmçinin nüfuzlu beynəlxalq statuslu neft və qaz şirkətlərində, respublikasının bütün ali və orta təhsil ocaqlarında şərəflə öz peşə biliklərini təqdim edərək tərcüməçi və ya müəllim kimi, habelə müxtəlif səfirliklərdə diplomat kimi ADU-nu təmsil edirlər. Tələbələrdə idarəetmə qabiliyyətinin, seçki mədəniyyətinin formalaşdırılması məqsədi ilə 2017-ci ildən “Bir günlük xəlifə” adlı xüsusi proyekt həyata keçirilir. Bu proyektə əsasən Universitetdəki rəhbər vəzifələrə tələbələr tərəfindən həyata keçirilən səsvermə yolu ilə bir günlük “xəlifə” (rəhbər) seçilən tələbələr təyin olunan gün vəzifələrini rektor kimi, prorektor kimi, dekan kimi, qurum rəhbəri kimi icra edir və həmin vəzifələrin bir günlük maaşını alırlar. Təcrübə göstərir ki, bu proyekt universitetin bütövlükdə ab-havasını dəyişən bir tədbir kimi son dərəcə vacib və faydalıdır.

Artıq 36 il ərzində çalışdığım doğma Azərbaycan Dillər Universitetinin 75-illik yubileyinə təbrik yazaraq şüuraltı bir növ yada düşər xatirələr prosesi baş verdi. Bu dünyaya kimlər gəldi, kimlər getdi. Gedənlər böyük rəhmət qazanaraq getdi, qalanlar xoş arzular diləyi ilə yaşayır, ölməzlər isə, ölməzlik zirvəsində qaldı. Unutmamalıyıq ki, bugünkü suveren müasir Azərbaycan – Heydər Əliyevin əsəridir. Deyirlər: Ölənlə ölmək olmur. Belədir. Lakin ölüm də acizdir ölməz ümummilli liderimiz Heydər Əliyev qarşısında. Böyüklük ölümdən sonra da Böyüklük olaraq qalır. Hər bir insan xeyirxah əməlləri ilə yaddaşda qalır və yada salınır.

                          Nigar Vəliyeva   

 

Azərbaycan Dillər Universitetinin

                                             Təhsil 1 fakültəsinin Elmi-Metodik Şurasının sədri,

                                             ingilis a dilinin leksikologiyası və üslubiyyatı №1

                                             kafedrasının professoru, filologiya üzrə elmlər

                                             doktoru