ADU haqqında

Azərbaycan Dillər Universiteti - 75: dillərin və mədəniyyətlərin vəhdəti

Orta əsrlərdən bu günə kimi universitetlər cəmiyyətin intellektual üzvlərinin yetişməsində, onların inkişafında mühüm rol oynamaqla yanaşı sosial-iqtisadi inkişafa da yön verən əsas təsisatdır.

Artıq 11-ci əsrin sonlarından etibarən dünyanın müxtəlif yerlərində ali təhsil müəssisələri meydana gəlməyə başladı. Beləliklə, 15-ci əsrdən sonra isə universitetlər texniki və humanitar sahələrə ayrılaraq ixtisaslaşmağa başlamaqla elmi inqilabı sürətləndirdi. Bununla yanaşı universitetlər həm də milli siyasətin mərkəzində dayanmağa başladı.

Humanitar sahədə, xüsusilə intibah dövründə müxtəlif xarici dillərin öyrənilməsinə üstünlük verilirdi. Çünki həmin dövrdə elm və informasiya mübadiləsinin effektiv təmin edilməsində, ölkələrarası səmərəli münasibətlərin qurulmasında xarici dillərin öyrənilməsi mühüm rol oynayırdı. Bu baxımdan xarici dillərin tədrisi, eləcə də tərcümə ixtisasının nüfuz qazanması təsadüfi olmamışdır. Əcnəbi dili bilmək, həm də geniş informasiya resursundan istifadə imkanını verirdi. Müasir təbirlə desək, o dönəmin interneti rolunu oynayırdı. Buna görədə xarici dillərin təlim və tədrisi ilə məşğul olan ali təhsil müəssisələrinə tələbat artmaqda idi.

Bu gün xarici dillərin ali təhsil müəssisələri vasitəsilə tədrisi sahəsində Çin və Yaponiya dünyada öz liderliyini qorumaqdadır. Azərbaycan da bu sahədə kifayət qədər təcrübəyə malik ölkələr sırasında özünəməxsus yer tutur. Bu mənada diplomat, filoloq və tərcüməçilərin yetişdirilməsində Azərbaycan Dillər Universitetinin (ADU) xüsusi rolu var. Xarici dillərin tədrisi sahəsində 75 illik ənənəyə sahib olan ADU haqqında yazmağı bu universitetin doktorantı olaraq özümə borc bilirəm.

Bu gün 75 yaşını qeyd edən ali təhsil ocağında 7000 tələbə təhsil alır və 20-dən çox dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. ADU-da Azərbaycan dilinin tədrisi ilə yanaşı dünyanın aparıcı dillərinin tarixi, mədəniyyəti, ədəbiyyatı və strukturu öyrədilir. Belə ki, universitetin tərcümə fakultəsində 6 ixtisas tədris olunur. Bunlar İngilis, Alman, Fransız, İspan, İtalyan və Koreya dilləridir. Eyni zamanda təcrübəli diplomatların yetişdirilməsində də universitet mühüm təcrübəyə sahibdir.

2021-ci ildə ADU-nun doktorantı adını qazanmaqla növbəti elmi mərhələyə qədəm qoydum. ADU-nun doktorantı kimi mənim üçün bu mərhələ iki hissəyə bölünür. Birinci mərhələ, bu universiteti seçmək səbəbimdir. Bununla bağlı bir sıra məqamları qeyd etməyi özümə borc bilirəm. ADU ölkədə dil və mədəniyyət siyasətinə adekvat cavab verən və hətta bu sahədə elmi-metodiki təcrübəyə sahib nüfuzlu universitetlərdən biridir. Belə ki, universitet öz çətrinin altına müxtəlif xarici dilləri toplayaraq özlüyündə müxtəlif mədəniyyətləri birləşdirən elm ocağına çevrilmişdir. Xüsusilə, akademik Kamal Abdullayevin universitetə rektorluğu dönəmində multikulturalizmin ali məktəb səviyyəsində konseptual tədrisini qeyd etmək olar. Eyni zamanda bir sıra ölkələrin mədəniyyətlərinin təbliği məqsədini daşıyan mərkəzlərinin universitetdə fəaliyyətini də qeyd etmək olar. Nümunə kimi Türk Dünyası Araşdırmalar mərkəzi, Frankonfoniya Universitet mərkəzi, Pakistan dil və mədəniyyəti mərkəzi, Koreya Mədəniyyət mərkəzi və s. göstərmək olar. Bütün bunlar deməyə əsas verir ki, həmin ölkələrin tarixi, mədəniyyəti və ədəbiyyatı istiqamətində araşdırmalar aparılır, o cümlədən sözügedən ölkələrin dil və mədəniyyəti universitetimizin fərqli etnik köklərə sahib tələbələrinə daha yaxından təbliğ və təşfiq edilir. Eyni zamanda bu mərkəzlər vasitəsilə Azərbaycan multikulturalizminin tanıdılması və tədrisi də həyata keçirilir. Yəni həm Azərbaycan mədəniyyəti, həm də digər qədim mədəniyyətlərin təbliğini birgə həyata keçirir. Beləliklə, gənclərin və təhsilin inkişafında, eləcə də dövlətin mədəni müxtəliflik siyasətinin həyata keçirilməsinə özünəməxsus töhfə verən Azərbaycan Dillər Universiteti həm də ölkələrarası elm, təhsil və mədəniyyət körpüsü rolunda çıxış edir.

İkinci mərhələ isə, mənim bakalavr və magistratura təhsilimin müvafiq olaraq dil və mədəniyyətlə bağlı olması idi. Belə ki, mənim üçün hər iki sahənin ən nümunəvi ahəngini bu universitetdə qurmağın mümkünlüyü idi. Çünki doktorantura mövzum Azərbaycanın dil, din və mədəniyyət siyasəti ilə bağlıdır. Burada elmi araşdırmaların aparılması üçün həm akademik bazanın olması, həm də yuxarıda sadaladığım imkanlarının mövcudluğu uğurlu müdafiə işinin ərsəyə gəlməsinə töhfə verən əsas amillərdəndir.

Bütün qeyd edilən səbəblər deməyə əsas verir ki, multikultural cəmiyyət üçün intellektual gənclərin yetişdirilməsi, eyni zamanda onların bilik və bacarıqlarının məhz bu sahədə inkişaf etdirilməsi ADU-nu digər ölkə universitetlərindən fərqləndirən əsas cəhətlərdən biridir.

ADU-nun Beynəlxalq münasibətlər kafedrasının doktorantı

Rəfi Qurbanov