ADU haqqında

ADU 75: Onun vurğunu olmamaq mümkün deyil

Azərbaycan Dillər Universiteti ilə ilk tanışlığım 2009-cu ilə təsadüf edir.  Uzunmüddətli hazırlıq prosesindən sonra 643 bal toplayaraq  çoxdan arzuladığım Azərbaycan Dillər Universitetinin “Beynəlxalq münasibətlər”  ixtisasına qəbul oldum.  Təhsil aldığım 4 il ərzində yeni bilik və bacarıqlar qazanaraq ən müxtəlif təlimlərdə iştirak etdim və bu sahədə universitetimizn tələbələrə olan sonsuz dəstəyinin şahidi oldum. Azərbaycan Dillər Universiteti nəinki tələbələrə müəyyən fənnlər üzrə müfəssəl bilik təqdim edən professional müəllim heyətinə malikdir, eləcə də tələbələrin asudə vaxtını səmərəli keçirməsi üçün ən müxtəlif təlimlər seminarlar və konfranslarla qazanılmış biliyin praktiki tətbiqi üçün güclü zəmin hazırlayır. Elə buna görədir ki, bakalavr təhsilimi yekunlaşdırdıqdan sonra magistratura və 46.5 balla Respublika ikincisi olduğum qəbul imtahanından sonra doktorantura təhsili  üçün yenidən sevimli ADU-nu seçdim.

Ölkənin gənc alimi olmaq yolunda əmin addımlarla irəlilədiyim bu dövrdə artıq təhsilimin 2-ci ilini yekunlaşdırıram. Bu yolda başda dəyərli rektorumuz Kamal Abdulla olmaqla universitetin rəhbər-müəllim heyətinin hərtərəfli dəstəyi çox qürurvericidir. Qeyd etmək istərdim ki, Azərbaycan Dillər Universitetində elmin inkişafına, yüksək səviyyəli еlmi-pеdаqоji kаdrlаrın hаzırlаnmаsına həmişə böyük qayğı ilə yanaşılmışdır. Xüsusilə də 2018-ci ildən ADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi bir sıra dövrü nəşrlərə abunə yazılmaqla bərabər, dünyanın nüfuzlu məlumat bazalarından biri olan  EBSCOhost məlumat bazasına hər il abunə yazılır. EBSCOhost elmi verilənlər bazasında toplanan elektron tammətnlərinin təminatı istiqamətində dəstək proqramı həyata keçirir. Bu əməliyyatlar ənənəvi və onlayn formada, elektron kitabxana  informasiya xidməti prinsipləri əsasında reallaşdırılır ki, bu da bizim kimi gənc tədqiqatçıların elmi araşdırmaları üçün əvəzsiz töhfədir.

Universitetimizin 75  illik yubileyi ərəfəsində 161 ölkədən 1594 ali təhsil müəssisəsinin iştirak etdiyi QS 2023 sahələr üzrə dünya universitetlərinin reytinqində (QS World University Rankings by Subject 2023) “Müasir dillər” üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil olması ölkə gündəmində ən aktual xəbərlərdən biri olmuşdur. Bu uğurda heç şübhəsiz universitetimizin rektoru, akademik Kamal Abdullanın misilsiz rolu var. Rektor başda olmaqla, bütün müəllim-tələbə kollektivinin birgə əməyinin nəticəsidir ki, biz bu gün dünya universitetlərinin reytinq cədvəlində bu səviyyədə qiymətləndirilmişik.

Rektorumuz Kamal Abdulla “525-ci qəzet”ə verdiyi müsahibəsində bu tarixi uğurla bağlı çox dəyərli məqamlara toxunaraq bildirmişdir: “Ulu öndər Heydər Əliyevin vəsiyyətlərinə dönmədən əməl etmək, zəfər prezidentimiz İlham Əliyevin tövsiyələrini daim yerinə yetirmək - bütün bunlar Azərbaycan Dillər Universitetinin gələcəyə yönəlmiş əsas istiqamətləridir”. 

Həqiqətən də bu ciddi və qürurverici nailiyyət Universitetimizin bütün əməkdaşlarının ləyaqətlə yerinə yetirdiyi əməyin sayəsindədir. Universitetimiz 75 il ərzində öz dəsti-xətti ilə seçilən, roman-german dillərinin, habelə Qərb xalqları ədəbiyyatının nəzəri və təcrübi problemlərinin fundamental tədqiqi sahəsində misilsiz xidmətləri olan görkəmli alimlər, ölkənin inkişafı üçün böyük əmək sərf etmiş ziyalılar, ictimai-siyasi xadimlər, diplomatlar yetişdirmişdir. Hazırda onun məzunları vətənimizin bütün regionlarında və onun hüdudlarından kənarda fəaliyyət göstərməklə yanaşı, respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edir, dövlətçiliyimizin möhkəmlənməsi, dünyanın aparıcı dövlətləri arasında nüfuzunun artması, ölkə Prezidentinin daxili və xarici siyasətinin yüksək səviyyədə icra edilməsi sahəsində real işlər həyata keçirirlər. 

ADU əməkdaşı və tələbəsi olub da onun vurğunu olmamaq mümkün deyil. Universitetimizin dünya elmi, dünya mədəniyyəti tarixində adları qalmış böyük alim və müəllimlərimizi xatırlayıb onların yolunu davam etdirmək ADU-ya məhəbbətin ən düzgün yoludur. Bu təməl daşları üstündə bu gün elmimizin, təhsilimizin, milli mədəniyyətimizin, milli dəyərlərimizin zənginləşdirilməsi, tələbələrimizə, gənc nəslə Vətən sevgisinin aşılanması yolunda fəaliyyət göstərən kollektivimiz var. Bu kollektivin hər bir üzvünün Azərbaycanımıza, Zəfər yolumuza, azad olunmuş torpaqlarımızın dirçəlməsinə cani-dildən xidmət göstərən savadlı, səviyyəli milli kadrlar yetişdirmək istəyi var. 75 ilin başlanğıcından gələn bu istək indiki günlərimizdə daha böyük reallıqlar yaşamaqdadır.

Azərbaycan Dillər Universitetinin 75 illik yubileyi ölkəmizdə böyük ruh yüksəkliyi ilə qeyd edilən "Heydər Əliyev İli"nə təsadüf edir. İnanıram ki, "Heydər Əliyev İli" çərçivəsində Universitetin yaranmasının 75 illik, müstəqil şəkildə fəaliyyətinin 50 illik yubileyi layiqli şəkildə qeyd ediləcək və müəllim-tələbə kollektivi üçün bu, əvəzsiz bir hədiyyə olacaqdır.

Mən fəxr edirəm ki, Azərbaycan Dillər Universitetinin tələbəsi olmuşam!

Uğurlar ADU! 75 YAŞIN MÜBARƏK!

Aynur İsayeva, ADU “Beynəlxalq münasibətlər” ixtisası, doktorant