ADU-75: dünən, bu gün, sabah
Yarım əsrdən çox yaşı olan Azərbaycan Dillər Universitetinin fəaliyyəti olduqca mühüm hadisələrlə zəngin olmuşdur. 1930 -cu illərdə Azərbaycan Pedaqoji İnstitutun nəzdində yalnız fakültə kimi fəaliyyət göstərən, 175 nəfərdən ibarət qəbul planı olan, üç xarici dil tədris edən təhsil ocağı bu gün inkişafı, yüksək ixtisaslı professor - müəllim heyəti, əmək bazarına cavab verən kadrlar hazırlanması, dünya reytinqində yer tutması və digər nailiyyətləri ilə fəxr edə bilər.
Bu il təhsil aldığım, bir çox nailiyyətlər əldə etdiyim ADU-nun 75 illiyi qeyd olunur. Bu müddət ərzində ali təhsil ocağı olduqca şərəfli, böyük uğurlarla dolu tarixi bir yol keçmişdir. Bu ali məktəbin məzunları təkcə Azərbaycanda deyil, həm də bir çox xarici ölkələrdə peşəkar mütəxəssis kimi tanınırlar.
Uğurların davamı olaraq son illərdə Universitetin əldə etdiyi nailiyyətlər haqqında fikirlərimi sizlərlə bölüşməyə bilmərəm.
Bu illərdə Azərbaycan Dillər Universitetində təhsil siyasəti baxımından bir çox vacib layihələr həyata keçirildi. Bu gün Dillər Universiteti öz beynəlxalq əlaqələrini daha da genişləndirir, müəllimlərimiz dünyanın ən nüfuzlu universitetləri ilə yaxından tanış olurlar. Xarici əlaqələrin şaxələnməsi rektor Kamal Abdullanın irəli sürdüyü ilk təşəbbüslərdən biridir. Beynəlxalq universitetlərlə olan əməkdaşlıq nəticəsində müəllimlərimizin professorlarla, nüfuzlu elm xadimləri ilə əlaqələri daha da genişlənir. İnanırıq ki, bu, onların gələcək elmi işlərinə də böyük töhfəsini verəcək. Bizim nüfuzumuz, əlaqələrimiz təkcə ölkə daxilində deyil, ölkə sərhədlərindən kənarda da görünür.
Növbəti təşəbbüslərdən biri də, mənim fikrimcə, ən mühümü ümummilli liderimiz Heydər Əliyevə həsr olunan “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı beynəlxalq konfransı idi. Bölmələr Türkiyənin Ərciyəs Universitetində “Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişafı” və Ərzurum Universitetində “Heydər Əliyev və türk dünyası”, Rusiya Federasiyasının Boris Yeltsin adına Ural Federal Universitetində “ADR – Şərqdə ilk demokratik respublikadır”, A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunda “Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan: mədəniyyətlərarası dialoq təcrübəsi”, Moskva Dövlət Linqvistika Universitetində “Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi”, Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialında “Multikulturalizm və Rusiya azərbaycanşünaslığı”, Ukraynanın Kiyev Milli Linqvistika Universitetində “Azərbaycan –Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu”, Belarusun Minsk Dövlət Linqvistik Universitetində “Heydər Əliyev və Azərbaycan-Belarus münasibətləri”, Serbiyanın Belqrad Universitetində “Multikulturalizmin Azərbaycan təcrübəsi”, Gürcüstanın Tbilisi Dövlət Universitetində (Batumi, Kutaisi, Qori, Telavi universitetləri, Gürcüstan Elmlər Akademiyasının müvafiq institutları və “Bilik” cəmiyyətinin iştirakı ilə) “Azərbaycan–Gürcüstan münasibətlərinin təşəkkülündə Heydər Əliyevin rolu”, Çinin Xucjou Universitetində “Bir qurşaq–bir yol: multikulturalizmin öyrənilməsi”, İtaliyanın Kassino Cənubi Latsio Universitetində (Sülh və Təhlükəsizlik Fondu” Üçüncü Roma Universiteti, Genuya Universiteti, Link Kampus Universiteti, Fransanın Nim Universiteti, Moldovanın Beynəlxalq Menecment Universitetinin iştirakı ilə) “Multikulturalizm, sosial təhlükəsizlik, immiqrasiya, azadlıq”, Almaniyanın Ausburq Universitetində “Azərbaycan və Almaniya multikulturalizmi” mövzularında keçirilib. Bu konfrans qeyri-adi bir konfrans kimi dünyaya səs saldı. Çox faydalı görüşlərimiz keçirildi. Universitet rektorları, nüfuzlu alimlər universitetlər arasındakı əlaqələrin bu qədər geniş olmasını, tələbə mübadiləsinin aparılmasını çox yüksək səviyyədə qiymətləndirdilər. Bundan əlavə bizim universitet haqqında məşhur alimlər müsbət fikirlər səsləndiriblər. Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçə Azərbaycan Dillər Universitetinin fəxri doktoru diplomu təqdim edilib. O, bu fəxri adı alanda demişdi ki, bu ali məktəbin fəxri doktoru adına layiq görülməsi onun üçün böyük şərəfdir. Təbii ki, təkcə Aleksandr Vuçiç deyil, universitetimizə gələn xarici qonaqlar da bu fikirdədir.
Əlbəttə, bütün bu məqamlar universitetimizin həyatı üçün çox vacibdir. Digər təşəbbüslərdən biri də universitetin dördüncü kursunda təhsil alan tələbələrin pedaqoji praktikasıdır. Bizim tələbələrimiz ilk dəfə olaraq respublikamızın müxtəlif regionlarında məskunlaşan məcburi köçkünlərin təhsil aldıqları məktəblərdə təcrübədə oldular. Azərbaycan universitetləri arasında ilk dəfə olaraq universitetimizin bir neçə aparıcı kafedraları, o cümlədən də bizim Linqvokulturologiya kafedrası bu təşəbbüsə qoşuldu.
“Bir günlük xəlifə” layihəsi hər kəsə yaxşı məlumdur. Bu da irəli sürülən təşəbbüslərdən biridir. Sevindirici haldır ki, bu layihə haqqında mətbuatda geniş materiallar dərc olundu. Həmin gün vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malik olur. Tələbələr universitetin rektoru, prorektorları, fakültə dekanları da daxil olmaqla 32 rəhbər vəzifələrə seçilirlər. Ən əsası tələbələrin ictimai həyatda fəal iştirak etmək, bilik və bacarıqları inkişaf etmək, yaradıcı və sağlam tələbə həyatı yaşamaq və imkanlarını genişləndirmək üçün şərait yaratmaqdır.
Eyni zamanda Dillər Universitetində bir çox mərkəzlər açılıb, bu o deməkdir ki, biz bu dillərdə danışır, bu ölkələrin dili, mədəniyyəti ilə tanış oluruq. Dillər Universiteti olaraq burada 20-dən çox dil tədris olunur, keçən ildən də Sanskrit dilinin tədrisinə başlanıb, bu böyük nailiyyətdir. ADU-da 23 ölkənin dil və mədəniyyət mərkəzinin açılması və hər bir ölkənin səfirinin universitetə gəlişi, həmin səfirliklərdə tələbələrin istehsalat təcrübəsi keçməsi, universitetləri ilə əlaqə və tələbə mübadiləsi bu səpkidə atılan növbəti addımlardandır. Digər tərəfdən bu mərkəzlər təkcə bizim Universitetdə deyil, dünyanın bir sıra ölkələrində universitetimiz tərəfindən yaradılan “Azərbaycan dili və mədəniyyət mərkəzi” adı altında fəaliyyət göstərir. Bu mərkəzlər xaricdə Azərbaycanın mədəniyyətini, tarixi, elmi, təhsili multikultural və tolerant mühiti haqqında daha müfəssəl məlumatı xarici vətəndaşlara çatdırırlar. Bu da təəccüblü deyil ki, QS2023 sahələr üzrə dünya universitetlərinin reytinqində ADU “Müasir dillər” üzrə dünyada ən yaxşı 301-340 univesitetlər qrupuna daxil olub.
Bölgələrdə yerləşən bir çox məktəblərlə bizim universitet müqavilə bağlayıb. Bir müqaviləmiz də Biləsuvar rayonunda yerləşən Milli qəhrəmanımız Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksidir. Mütəmadi olaraq universitetin kollektivi həmin liseyə səfərlər təşkil edir və orada tədbirlər keçirir. Get-gedə də əlaqələrimizi bu liseylə genişləndiririk.
Bu il ümummilli liderimiz Heydər Əliyevin yubileyi ilə bağlı respublikanın müxtəlif bölgələrində və respublikadan kənarda bir çox tədbirlər keçirilir. Bununla əlaqədar olaraq bizim universitetimizdə də silsilə tədbirlər, beynəlxalq konfranslar keçirilir və keçirilməkdədir. Ən maraqlısı odur ki, konfranslardan biri tələbə-şagird konfransı idi. Tələbələr şagirdlərin məruzələrinə rəhbərlik edir, onları çıxışlara hazırlayırdılar. Bu da şagirdlərin gələcək peşə seçimində böyük rol oynayır. Universitetin nailiyyətlərindən çox şey yazmaq olar. Əminəm ki, rektor akademik Kamal Abdullanın rəhbərliyi altında bir çox yeni uğurlara imza atacağıq.
Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva