ADU haqqında

ADU 75: yüksək dəyər, böyük nailiyyət

İnsan həyatında mütləq şəkildə elə dövrlər və anlar olur ki, onlar ömürlük əbədi xatirəyə çevrilərək həyatımızın ən gözəl məqamlarını təşkil edir. Həmin günləri yada saldıqca həyat eşqi, yaşayıb-yaratmaq həvəsi insanı pozitiv bir əhvala kökləyir. Mənim və tam  əminliklə deyə bilərəm ki, mənimlə bərabər tələbəlik illərini yaşayan bir çox insanın həyatında universitet illəri xüsusi və olduqca fərqli bir dövr kimi yadda qalıb. Xoşbəxt insanam desəm heç də yanılmaram. Çünki məktəb illərindən arzuladığım və bu diləyimə çatmaq üçün  böyük əzmkarlıqla və yorulmadan təhsil alıb  Azərbaycan Dillər Universitetinin filologiya ingilis dili fakultəsinin tələbəsi adını almağa nail olmuşam. 1997-ci il ilk dəfə Universitetimizin giriş qapısından  keçdiyim zamandan bu məkan məni özünün olduqca müsbət və müasir, yeniliklərlə zəngin aurasına elə köklədi ki, illər ötsə də mən bu gün də doğma Universitetimizə hər dəfə gəldikcə ilk gün olduğu kimi bu hissləri yaşayıram və hər keçən gün sürətlə inkişaf edən ali məktəbimizin uğurları məni yaşayıb yaratmağa sövq edir.  

Bu il Azərbaycan Dillər Universitetinin yaranmasının 75, müstəqil ali məktəb kimi fəaliyyətə başlamasının 50 ili tamam olur. Universitetimizin tarixi, bu günə qədər keçdiyi mərhələr, görülən işlər haqqında kifayət qədər internet resursları, məlumat və məqalələr var. Mən isə bu məqaləmdə doğma təhsil ocağımızın son 5 ildə keçdiyi inkişaf mərhələsindən danışmaq istəyirəm. Çünki məhz bu dönəm mənim Azərbaycan dilçiliyi kafedrasının dissertantı olduğum illərə təsadüf etdiyi üçün Universitetimizin fəaliyyətini daha yaxından görmək və dəyərləndirmək  fürsətim olub. 2017-ci ildən Xalq yazıçısı, akademik Kamal Abdulla Universitetimizə rektor təyin edildi. Elə həmin dövrün ilk mərhələsindən etibarən Azərbaycan Dillər Universiteti sürətli inkişaf mərkələsinə qədəm qoyaraq həm ölkədaxili, habelə ölkə xaricində uğurları ilə diqqəti cəlb etməyə başladı. Universitetimizə daim böyük qayğı ilə yanaşan Prezident İlham Əliyevin 16 iyun 2017-ci il tarixli Sərəncamı ilə təhsil ocağımız  "publik hüquqi şəxs" statusu aldı. Bununla da Universitetimizdə yeni mərkəzlər, elmi-tədqiqat laboratoriyalarının açılması və aktiv fəaliyyət göstərməsi naminə işlər görülməyə başladı. Tədrisin keyfiyyətinin yüksəldilməsi üçün rektorumuz akademik Kamal Abdullanın diqqət və qayğısı, tələbə və tədqiqatçılara ayırdığı zaman, göstərdiyi dəstək, mütəmadi keçirilən seminar və görüşlər bizi daha da ruhlandırmağa başladı. Bütün tələbə və tədqiqatçılar  Azərbaycan Dillər Universitetində nəinki xarici dil bacarıqlarını inkişaf etdirir, habelə vətəninə, millətinə, azərbaycançılığa sadiq qalaraq elmə yiyələnir. Çünki Kamal Abdulla nəinki xarici dillərin tədrisinə, həm də dövlət idealogiyası olan azərbaycançılığın, multikulturalizmin də təbliğinə önəmli yer verir. 

Bildiyimiz kimi, Azərbaycan əsrlər boyu tariximizin hər dövründə fərqli sivilizasiyaların vəhdət təşkil etdiyi, milli və mədəni müxtəliflik mühitinin formalaşdığı, bir çox xalqların sülh və firavanlıq, qarşılıqlı anlaşma və hörmət şəraitində yaşadığı diyar olaraq tanınmışdır. Qeyd olunan keyfiyyətləri vahid bir fikirlə ifadə etsək multikulturalizm və tolerantlıq dövlətçilik siyasətimizin mühüm ideoloji konsepsiyası, gündəlik həyatımızın isə ayrılmaz yaşam tərzində olmuşdur. Ümummilli lider Heydər Əliyevin xalqın təkidi və böyük istəyi ilə 1993-cü ildə dövlət rəhbərliyinə qayıdışından sonra bu konsepsiya özünün çiçəklənmə dövrünü yaşamağa başladı desək, heç də yanılmarıq. Hal-hazırda dövlətçilik siyasətinin mühüm və ayrılmaz hissəsini təşkil edən bu ideologiya Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir və bu məqsədlə dövlət başçımızın 15 may 2014-cü il tarixli fərmanı ilə Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) yaradılmış,  və həmin dövrdən indiyə kimi akademik Kamal Abdulla mərkəzin Himayəçilik Şurasının sədridir. Gələcək nəsillərin də bu ideologiya ilə yetişməsi məqsədi ilə universitetimizdə multikulturalizmin tədrisi rektorumuzun təşəbbüsü ilə vacib və prioritet məsələ kimi qəbul edilməyə başladı və hal-hazırda nəinki Azərbaycan Dillər Universitetində həm də ölkəmizin 40-dək ali təhsil müəssisəsinin bakalavr və magistratura pillələrində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənnləri tədris olunmağa başladı. Universitet rəhbərliyimizin göstərişi və birbaşa iştirakı ilə yeni-yeni perspektivlərin aşkarlanması istiqamətində dəyirmi masalar təşkil olunur, xüsusi ilə xarici tələbələr də bu təşəbbüsdə iştirak etməyə cəlb olunur və beləliklə, multikultural mühitin praktiki olaraq görünməsi və müşahidə olunması əyani təcrübələrin aparılması prosesini asanlaşdırır. Bununla da tələbələrin dil öyrənmək bacarıq və imkanlarını asanlaşır.

Bir qədər də Universitetimizin rektoru akademik Kamal Abdullanın tələbələrə və tədqiqatçılara ayırdığı xüsusi diqqət və qayğıdan da danışmaq istərdim. Çünki bir ali təhsil ocağında təhsil alan şəxs üçün onun fikir və ideyalarına verilən dəyər böyük motivasiya ilə yanaşı gələcək həyatında tutduğu mövqeyə də əhəmiyyətli təsir etmiş olur. Universitetimizdə müxtəlif gənclər təşkilatları habelə, "Kitab Klubu", "Gənc Diplomatlar Klubu", "Səfir Saatı klubu", "Yeni klub" kimi maarifləndirici klublar fəaliyyət göstərir. 2017-ci ildən etibarən həyata keçirilən “Bir günlük xəlifə” adlı layihə isə Universitet həyatına xüsusi bir rəng qatdı desəm, yanılmaram. Bu layihənin mahiyyəti ondan ibarətdir ki, səsvermə yolu ilə tələbələr Universitətə öz aralarından rəhbər, layihə adına əsaslansaq “Xəlifə” seçirlər və təyin olunan gün idarəedici vəzifələri (rektor, prorektor, dekan və s.)  icra edərək həmin vəzifələrin 1 günlük maaşını alırlar. Bu günü tələbələr böyük həvəslə gözləyir, hətta bu günə xüsusi hazırlaşırlar. Tədris ilinin əvvəlindən etibarən həm dərslərində, həm davranışında nümunəvi olmağa səy göstərirlər ki, “Bir günlük Xəlifə” layihəsində aparıcı rol oynasınlar. Tam əminliklə deyə bilərik ki, layihə olduqca uğurlu və bütövlükdə tələbə heyətinin aktiv cəlb olunduğu əhəmiyyətli bir fəaliyyətdir. Yuxarıda sadalanan işlər onu göstərir ki, Azərbaycan Dillər Universiteti öz daxilində yalnız xarici dillərin tədrisi, tərcüməçilik və ya beynəlxalq münasibətlər üzrə ixtisaslı kadrlar yetişdirmir, Universitet həm də vətənpərvər, multikultural dəyərlərə hörmətlə yanaşan idarəçilik bacarıqlarına yiyələnən gələcək nəsil yetişdirir. Universitetimizdə gənclərin fikir və düşüncələri, ideyaları hər zaman rəhbərlik tərəfindən dinlənilir və önə çəkilir. Məsələn, yaxın keçmişimizdə Universitetimizdə təhsil alan gələcək pedaqoqların pedaqoji təcrübələrinin 2017-2018-ci illər ərzində Elmi Şuranın qərarı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Bərdə, Gəncə, Sabirabad, Mingəçevir şəhərlərində yerləşən məcburi köçkün məktəblərində keçməsi təqdirəlayiq  bir hadisə idi.  

Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Şanlı Qələbənin əldə edilməsində Qalib Sərkərdə Prezident İlham Əliyevin 44 günlük müharibə günlərində hər gün nitqi ilə öz xalqına verdiyi ruh yüksəkliyi, hər bir vətəndaşı ilə birgə döyünən ürəyi və Vətən oğullarının göstərdiyi şücaət, qəhrəmanlıq, əzmkarlıq bəşəriyyət tarixi mövcud olduqca dillərdə dastan olacaqdır. Bu qələbənin əldə edilməsi naminə şəhid olmuş vətən oğulları sırasında Universitetimizin Əzim Həsənov, Teymur Osmanlı, Elvin Bayramov kimi məzunları da vardır. Universitetimizdə onların adı əbədiləşdirildiyi auditoriyalar tələbələrin istifadəsinə verilmişdir.  Bu addım Universitetin öz məzununa, nə zamansa onun auditoriyalarında əyləşib dərs dinləyən tələbəsinə verdiyi dəyər və böyük hörmətin göstəricisidir.

Daim xoş xəbərlərini eşitməyə alışdığımızın Universitetimizin bir müddət bundan əvvəl bir sevincli xəbəri də ürəklərimizi fərəh hissləri ilə doldurdu. Azərbaycan Respublikasından  ilk dəfə iki ali təhsil müəssisəsi (ADU və UNEC) QS dünya universitetlərinin reytinqinə düşmüşdür. Azərbaycan Dillər Universiteti (ADU) "Müasir dillər" üzrə dünyada ən yaxşı 301-340 universitetlər qrupuna daxil edilmişdir. Bu xəbər Universitetimizin göstərdiyi fəaliyyətə verilən yüksək dəyər və böyük nailiyyətdir.

Fürsətdən istifadə edərək, Dillər Universitetinin dissertantı olaraq rektorumuz Kamal Abdullanı təbrik etmək, tələbələrə və tədqiqatçılara göstərdiyi diqqət və qayğıya görə və təhsil ocağımızın çiçəklənməsi uğrunda görülən bütün işlərə görə minnətdarlığımı bildirmək istəyirəm. Universitetimizin 75 illik yubileyi münasibətilə bu zamanədək burada işləyib, fəaliyyət göstərmiş, təhsil almış hər bir kəsi təbrik edirəm. İnanıram ki, doğma Universitetimiz hələ uzun illər öz uğurları ilə hər birimizin qəbində fərəh hissləri yaşadacaq.

Aytən  Yadigarova

Azərbaycan Dillər Universiteti, Azərbaycan Dilçiliyi kafedrasının dissertantı