ADU haqqında

ADU - 75. Tərbiyə işlərinin təşkili haqqında xatirələrim

Hər bir müəssisənin  tarixində  elə bir məqam yaranır ki, qayıdıb keçmişə nəzər salmaq, olub-keçənləri saf-çürük etmək, yol verilmiş  nöqsanların  səbəbini  araşdırmaq,  qazanılmış uğurları  göz qabağına  gətirərək qürur hissi keçirmək  kimi  nəcib  arzular meydana çıxır.

Xüsusən,  ömrünün böyük bir hissəsini  keçirdiyin və bu gün 75 illiyini qeyd etməyə hazırlaşan doğma universitetin zəngin  hadisələrlə dolu şahidi olduğun ayların, illərin hər anını  xatırladıqca  həm kövrəlir, həm də əldə edilmiş nailiyyətlərə görə fərəhlənir, belə bir  kollektivdə işləməyindən və həmin təhsil ocağının xalqımızın, dövlətimizin inkişafı naminə gördüyü əvəzsiz xidmətdən məmnunluq hissi duyursan. Nailiyyətlər isə heç də az olmayıb.

Tələbələrimizin  istər tədris, istər elm, istərsə də mənəviyyat sahəsində qazandıqları nailiyyətlər universitetimizin digər ali məktəblər arasında nüfuzunun yüksək olmasında mühüm  rol oynayıb.

Əsas vəzifəsi pedaqoji kadrlar  hazırlamaq olsa da, burada  tələbələrin  ümumi dünyagörüşünün formalaşması, mənəviyyatca sağlam, möhkəm əqidəli, vətənpərvər şəxsiyyətlər kimi  yetişmələri istiqamətində həmişə məqsədyönlü iş aparılıb. Keçirilən  bütün  tədbirlər  dövlətçiliyimizin  möhkəmlənməsinə, müstəqiliyimizin dönməz və əbədi olmasına,  tələbələrin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, mənəvi  cəhətdən sağlam, geniş  dünyagörüşlü şəxsiyyət  kimi  formalaşmasına kömək etmək məqsədi güdmüş və qazanılmış nailiyyətlərin əsasını  təşkil etmişdir. Təsadüfi deyildir ki, tələbələrimiz  arasından  yüksək  səviyyəli müğənnilər, rəqqaslar, aktyorlar, rəssamlar,  dünyaşöhrətli  idmançılar yetişmişdir. Universitetimizdə hələ keçən əsrin  60-cı illərində  böyük  şöhrət tapmış dram dərnəyi, mahnı və rəqs ansamblı o zamankı SSRİ-nin bir çox  respublikalarını  gəzmiş, gözəl ifaçılığı ilə tamaşaçıları heyran qoymuşdu.  1965 - 1970-ci illərdə universitetimizin  tələbəsi olmuş Elmira Rəhimova  Azərbaycan  vokal sənətinin  inkişafındakı xidmətlərinə görə Xalq artisti adına layiq görülmüşdür.

Həmin  illərdə Qrammatika  kafedrasının  müəllimi, mərhum Eldar Sadıqovun  rəhbərlik etdiyi dram  dərnəyinin  uğuru daha  böyük olmuşdur. Avropa  dilləri  fakültəsinin  dekanı, dosent İsmixan Rəhimovun təklifi  ilə M. Əliyev adına Azərbaycan Dövlət  İncəsənət İnstitunun  tələbəsi  Rauf Nağıyev ingilis dili  fakültəsi tələbələrinin iştirakı ilə  V. Şekspirin “Otello” əsərinin ingilis dilində  tamaşasını  hazırlamışdı. Otello rolu  o vaxt V kursda oxuyan  Eldar  Sadıqova  tapşırılmışdı. Əsərin  ilk  tamaşaçı həmin il M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram  Teatrında şəhər  ictimaiyyətinə göstərildi. Tamaşa müvəffəqiyyətlə keçdiyindən  1966-cı ildə ikinci dəfə bəzi ifaçılar dəyişilməklə yenidən  səhnəyə çıxarıldı. E. Sadıqovun  rejissorluğu ilə hazırlanan  tamaşa bu dəfə  S. Vurğun adına  Azərbaycan  Dövlət  Rus  Dram teatrında oynanıldı. E. Sadıqov bu zaman  incəsənət institutunun rejissorluq fakültəsində qiyabi təhsil  alırdı.  İkinci  tamaşa birincidən  də  uğurla  keçdi. İnstitut dram  dərnəyinin  üzvləri 1966-67-ci illərdə  C. Məmmədquluzadənin “Ölülər” əsərini  ingilis  dilində, Ü. Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasını alman dilində institutun səhnəsində, Rodzinskinin ”Məhəbbət haqqında 104 səhifə” komediyasını S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram teatrında  müvəffəqiyyətlə tamaşaya qoydular.  1970-ci ildə “Hamlet” əsərini  tamaşaya hazırlayarkən Eldar müəllim artıq  peşəkar rejissor idi. İnstitut tələbələrinin  iştirakı ilə “Hamlet” tamaşası (təbii ki, Hamlet rolunun ifaçısı Eldar  Sadıqov idi) 1970-ci ilin aprel ayında  M. Əzizbəyov adına  Azərbaycan  Dövlət  Dram  Teatrının səhnəsində  ingilis  dilində  yüksək  səviyyədə  oynanıldı. Tamaşanın  müvəffəqiyyət qazanmasında  respublikanın  xalq artisti  Rza  Təhmasibin də  mühüm rolu olmuşdur. 

Tələbələrimiz  bu istiqamətdəki  fəaliyyətlərini sonrakı illərdə də davam etdirmiş, bir çox  uğura imza  atmışlar.

2000-ci  illərin  əvvələrində universtitetdə tərbiyə  prosesinin  elmi  şəkildə  təşkili, bu prosesin  əhatə  etdiyi bütün  aspektlərin nəzərə alınması, tərbiyə işini bilavasitə həyata keçirən  strukturların  fəaliyyyətinin  əlaqələndirilməsi, idarə olunması, görülən işlərə  nəzarət  edilməsi və uçotunun aparılması istiqamətində səmərəli iş aparıldı. Qısa  müddətdə “Mahnı  və rəqs ansamblı”, “Yeddi gözəl”, “ Şən və hazırcavablar klubu”, dram dərnəyi, xor dərnəyi, “Ülvi” adına ədəbi məclis, “Gənc diplomatlar”, “Debat qrupu”, “Gənc tərcüməçilər qrupu”, “Breyn-ring” və s. yaradıldı və universitetin yüzlərlə tələbəsi bu dərnək  və  qrupların  işinə cəlb  olundu, professor-müəllim heyətinin qüvvəsindən də səmərəli istifadə edilməyə başlandı. Dram dərnəyi Xalq yazıçısı Kamal Abdullanın “Bir, iki bizimki” əsərinin  ingiliscə  tamaşasını hazırladı.

2003- cü il  noyabrın 13-də ADU-nun  akt  zalında əsərə ictimai baxış keçirildi. Əməkdar  incəsənət  xadimi  Zirəddin Tağıyevin  quruluşunda  universitetin  III-IV kurs  tələbələri Zülfiyyə  Quliyeva, Nurlana Nəsibova, Elvin Seyidov və İsa Əhədov onlara tapşırılmış rolların öhdəsindən  bacarıqla gəldilər.

Əsərin müəllifi Kamal Abdulla, ADU-nun sabiq rektoru Səməd Seyidov, tərcüməçi Zeydulla Ağayev və  tamaşaçılar tamaşanın  quruluşundan  və  aktyorların ifaçılığından razı qaldılar, onların  təklifi ilə əsərin Bakı Slavyan Universitetində,  sonra  isə  Azərbaycan Dövlət Akademik  Dram Teatrında qoyulması qərara alındı.

2004-2011–ci illərdə dövlət ali məktəbləri arasında APİ-dən sonra yeganə xor dərnəyi universitetimizdə fəaliyyət  göstərirdi. Məşhur bəstəkar,  respublikanın  xalq artisti, “Humay ” milli  mukafatı laureatı Azər Dadaşovun və istedadlı xor müəllimi Ədilə Mehdiyevanın  rəhbərliyi ilə universitetin xor dərnəyi Respublika Həmkarlar Təşkilatının və Təhsil  Nazirliyinin  hər il  ali məktəblər arasında  keçirdikləri  musiqi  festivallarında uğur qazanırdı.

A. Dadaşovun 2011-ci ildə  B. Vahabzadə və T. Fikrətin  sözlərinə xor və simfonik orkestr üçün bəstələdiyi “Bir millət, iki dövlət” mahnısı ilk dəfə ADU-nun xor dərnəyində ifa olunub.

Universitetimizin  məzunları arasında respublikanın əməkdar artistləri Elxan Şirinov, Lalə Məmmədova, tanınmış müğənni və aktrisa Elnarə Xəlilova  bu  günə  kimi  universitetlə əlaqələrini  kəsmirlər.

Universitetin  “Şən və hazırcavablar komandası” da böyük  uğur  qazanmış, 2003-cü ildə Bakı çempionatının kubokunu  almışdır.

Tələbələrin  və gənc müəllimlərin mənəvi tərbiyəsində “Cığır” ədəbi  dərnəyinin  də  müəyyən rolu olmuşdur. Bədii əsərlər yazan  və tərcüməçiliklə  məşğul olan  istedadlı gəncləri  ətrafında toplamış “Cığır” ədəbi dərnəyi uzun  illər  ərzində  “Bilik ” qəzetinin  nəzdində mərhum şair,  pedaqogika  kafedrasının  dosenti Allahverdi Tağızadənin rəhbərliyi altında  fəaliyyət göstərmişdir.

Dərnəkdə  bəyənilən  şeir, hekayə və  tərcümə əsərləri adətən  “Bilik” qəzetində  dərc  edilirdi. Qəzetin  redaktoru Zeydulla Ağayevin  özü  istedadlı yazıçı və tərcüməçi olduğundan  dərnəyə fitri qabiliyyəti olan  müəllim  və tələbələri  toplaya  bilmişdi. Öz yaradıcılıqları ilə respublikada  tanınmış A. Tağızadə, Ə. Rza, Z.Ağayev, V.Ərəbov, M. Türkanlı, jurnalist Ə. Əliyev və  qəzetin  əməkdaşlarından M. Teymurlunun  bir çox  əsəri ilk dəfə məhz “Bilik” qəzetində işiq üzü  görmüşdür. 2001-ci ildən “Poliqlot” adı ilə çap olunan qəzet bu gün  də  fəaliyyətini  uğurla davam etdirir.

Universitetin  son beş ildə qazandığı uğurlar onun 75 illik  tarixində  xüsusi mərhələ təşkil edir. Bu nailiyyətlər universitetin  bütün  struktur bölmələrinin  düzgün  müəyyən edilmiş strateji plan əsasında qarşıya qoyulmuş vəzifələrə məsuliyyətlə yanaşması, rəhbərliklə kollektiv arasında qarşılıqlı anlaşma, bir-birini  dəstəkləmə, bütün  qüvvəni universitetin ümumi inkişafına  yönəltmək  yolu ilə əldə edilmişdir. Bu prosesdə  müəssisə rəhbərinin  şəxsi keyfiyyətləri,  kollektivlə ünsiyyət qurma bacarığı,  yenilikçiliyi, təşkilatçılıq və təşəbbüskarlıq qabiliyyəti, demokratik dünyagörüşünə malik olması, kollektivdə sağlam mühit yarada bilmək bacarığı  mühüm  rol oynayır. Uzun  illik  rəhbərlik  təcrübəsində  idarəetmənin  açarı olan  bu keyfiyyətləri özünəməxsus bir fəhmlə əxz etmiş ADU-nun rektoru, akademik Kamal Abdulla çox qısa  bir vaxt  ərzində universitetin  əvvəlki uğurlarını çevik manevr sayəsində bir neçə dəfə artırmağa, respublikanın  ali məktəbləri arasında aparıcı təhsil  ocaqlarından  birinə  çevrilməsinə nail oldu. Güclü liderlik qabiliyyəti, intellektual səviyyəsi və biliyi, özünə  inamlığı, qətiyyətliyi, ötkəmliyi, kollektivdə işgüzar, mehriban ünsiyyət şəraiti yaratma bacarığı bu çətin, lakin şərəfli işdə onun uğur qazanmasının  əsası oldu. “Mən  heç bir tələbəni  müəllimin ayağına, heç bir müəllimi də tələbənin  ayağına  vermərəm” kimi  humanist ideyanı idarəçilik  prinsipinin  atributuna, rekorluq vəzifəsinin  aparıcı istiqamətinə çevirmiş hörmətli akademik  az bir müddətdə  bütün kollektivin, o cümlədən  tələbələrin  sevimlisinə çevrildi. Təsadüfi deyildir ki, tələbələr arasında  aparılmış sorğu nəticəsində “Ən yaxşı rektor” tituluna  layiq görülmüş iki rektordan  biri məhz Kamal müəllim oldu.

Respublikanın  ictimai-siyasi həyatında  böyük nüfuz sahibi olan dünya şöhrətli yazıçı universitetin bugünki fəaliyyətini böyük ustalıqla nizamlayır, bütün qurumların iş keyfiyyətlərinin müasir tələblər səviyyəsində qurulması  üçün əlindən  gələni  edir. Onun  bilavasitə rəhbərliyi, bir çox  hallarda  iştirakı ilə tədris, elm və mənəviyyatla bağlı tədbirlərin keçirilməsi ənənəvi xarakter almış, iş üslubuna çevrilmişdir.

Təşkil olunan  tədbirlərdə müəllim və tələbə  kollektivi birlikdə iştirak edir, tədbirin  səmərəli  olmasına  çalışırlar. Bu tədbirlər  son zamanlar  daha  intensiv və təşkilatçılıq cəhətdən  daha mütəşəkkil  olmuşdur. Filologiya və jurnalistika fakültəsinin  nəzdində  Xarici dillərin tədrisi metodikası kafedrasının  baş müəllimi Könül Fərəcbəylinin  rəhbərliyi ilə Təhsil fakültəsinin  IV kurs  tələbələri 2018-ci ilin dekabr ayında tanınmış ingilis  yazıçısı  Ceyn Oustinin  məşhur “Qürur və qərəz” əsərini  ingilis dilində səhnələşdiriblər. Bu sahədə  Tələbə Gənclər  Təşkilatının  Teatr klubunun  fəaliyyəti xüsusi ilə  qeyd  edilməlidir. Klubun  təşkilatçılığı,  Tələbə  Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə 2019-cu ilin  fevral ayında  yazıçı Hüseynbala  Mirələmovun “Xəcalət” tamaşası nümayiş etdirilib. Tamaşanın quruluşçu rejisoru və  bədii rəhbəri Tərcümə və  Mədəniyyətşünaslıq fakültəsinin  tələbəsi Salman  Quliyev olub. Klubun  təşəbbüsü ilə 2019-cu ilin may ayında  universitetin həyatında ilk dəfə olaraq  Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının  motivləri əsasında  dahi bəstəkar Üzeyir Hacıbəylinin eyni adlı  operası  səhnələşdirilib. Tamaşada baş rolları  Təhsil fakültəsinin  tələbələri Aysel Hacıyeva (Leyli) və Murad Əliyev (Məcnun) ifa ediblər. İbn Səlam  obrazını  Tərcümə fakültəsinin  tələbəsi  Salman Quliyev, Leylinin anasını  Təhsil fakültəsinin  tələbəsi Rasmilə Musazadə canlandırıb. Bu  tamaşanın  da  bədii rəhbəri  və quruluşçu  rejisoru Salman Quliyev olub.

Tələbələrimiz  müntəzəm  şəkildə  “Ədəbi- bədii gecələr”, “Qiraət gecələri”, “bilik yarışları”, “İntellekt oyunlar”, rəsm sərgiləri təşkil edir, universitetin  əlaqə saxladığı orta məktəblərdə də maraqlı tədbirlər həyata keçirirlər.

ADU-da universitetin  Germanistika İnstitutunun  direktoru, professor Ziqlində Hartman Zaltsburqlu professor Tomas M. Şallabök ilə 15 mart 2019-cu ildə orta əsr musiqisinə aid “Minnezanq və Minneklanq-orta əsr sevgi  poeziyası və rəqsləri” adlı möhtəşəm konsert təşkil edib. Tomas  M. Şallabök  konsert zamanı  orta əsrə məxsus bir sıra musiqi  alətləri ilə çıxış edib. Onun  proqramına  Haynrix fon Morungen, Valter fon  der Fogelvayde və ya  Osvald fon  Folkenstayn kimi məşhur minnezangların  seçilmiş əsərləri daxil  idi. Konsertdə  musiqiçi  eyni zamanda  yenidən aranjeman etdiyi orta əsr  nəğmələrini təqdim edib. Konsertin təşkilində Avstriya Mübadilə Xidmətinin lektoru Ştefani Matzer, ADU-nun  müəllimi  Lətifə Qurbanova və  ADU tələbələri iştirak edib.

2019-cu ili  may ayında ADU-nun  Tərcümə fakültəsi M.F.Axundovun “Hekayəti Müsyo jordan Həkimi-Nəbatat və Dərviş Məstəli şah cadükuni Məşhur” əsərini  ingilis  dilində  səhnələşdirib. Əsər  ADU-nun  Tərcüməçilər  Birliyinin  üzvləri tərəfindən  tərcümə  olunub və Tərcümə fakültəsinin  ingilis dili ixtisası üzrə  təhsil  alan  tələbələri  tərəfindən  səhnələşdirilib.

 ADU-nun  ikinci  kurs magistrantı Bəyaz Hüseyn və dördüncü  kurs  tələbəsi  Lalə Rüstəmli 2019-cu ilin iyul ayında Frankofaniya Universitet Agentliyinin dəstəyi və ADU-nun Frankofoniya, Fransız  dili  və mədəniyyəti mərkəzinin  təşkilatçılığı ilə  Bolqarıstanın  Plovdiv  şəhərində ənənəvi gənclər festivalında  iştirak edərək  Azərbaycanı təmsil ediblər. 17 ölkədən  79 tələbənin  iştirak etdiyi tədbirin  4-cü günündə Azərbaycanın  təqdimatı baş tutub. Təqdimat zamanı  təmsilçilər milli  məxbəximizdən,  milli adət-ənənələrimizdən, tariximizdən,  ölkədə  keçirilən  beynəlxalq tədbirlərdən və s. danışaraq milli  süfrə açıblar və  milli  rəqsimiz olan “Nəlbəki” rəqsi ilə çıxış ediblər. Təqdimatın  sonunda iştirakçılara  “Yallı” rəqsini  öyrədərək  onlarla birgə  rəqs  ediblər.  Sonda  iştirakçılar sertifikatla  təltif olunublar.

Alman Akademik  Mübadilə Xidməti və  Göte  İnstitutunun  təşkilatçılığı ilə 2020-ci ilin may  ayında  Azərbaycan, Gürcüstan  və Ermənistanda  alman  dili  ixtisası  üzrə  təhsil  alan  tələbə  və  şagirdlər arasında onlayn  şəkildə “Foto marafon” yarışı keçirilib. Yarışın  şərtlərinə  əsasən  iştirakçılar 3 saat ərzində spontan olaraq  təqdim olunan mövzulara dair  şəkillər çəkməli,  həmin  şəkillərə alman  dilində  şərh  yazaraq onlayn platformaya yükləməli idilər. ADU-nun tələbələri yarışda 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülüblər.

Azərbaycan Dillər Universitetində 16 may 2022-ci il tarixində “Bir Könüllü” Tələbələrin  Əməkdaşlığı İctimai  Birliyinin  təqdimatı keçirilib, 500-dən  çox  tələbənin  iştirakı ilə  keçirilən  təqdimat zamanı təşkilata üzv  olma prosesi, könüllülük fəaliyyətinin  üstünlükləri,  gələcək layihələr barədə ətraflı məlumat  verilib.

Tələbələrin  İncəsənət sahəsindəki  istedadlarını  aşkar etmək  məqsədilə həmin ilin  may ayında universitetin həyətində  “Zəfər yolu” adlı  rəsm  sərgisi təşkil olunub.

Əliliyi olan  şəxslərə dəstək  ictimai birliyinin  təşkilatçılığı ilə  2022 -ci ilin  noyabr ayında keçirilmiş ”Biz bir ailəyik”, “Biz  bir ailəyik-biz qalibik” adlı “Nə? Harada, Nə zaman? İntellektual  yarışda universitetimizin  tələbələri qalib olublar.  “3 dekabr Beynəlxalq Əlillər Günün”nə həsr olunmuş yarışda universitetin Filologiya, Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin  tələbələri Nəzrin Nəzərli, Peyman Ağazadə, Gülhəsən Kərimov, Fikrət Ağayev yarışda iştirak edən 14 komanda arasında birinci yerə  layiq görülüblər. Qaliblər diplom  və hədiyyələrlə təltif olunublar. 

Tələbələrdə özünü idarəetmə qabiliyyətinin  formalaşdırılması, müstəqil  həyatda  yaradıcı təfəkkürə malik olması və ölkənin  ictimai-siyasi həyatında aparıcı şəxsiyyətə çevrilməsi  prosesinə kömək  məqsədilə 13 dekabr 2018-ci ildən hər il “Bir günlük  xəlifə” tələbə özünü idarəetmə günü keçirilir. “Bir günlük xəlifə” tələbələrin  universitetin rəhbər strukturlarını bir gün ərzində idarə etməsini  nəzərdə  tutur. Həmin  gün  ərzində  rəhbər  vəzifələri icra edən tələbələrin  qəbul  etdikləri qərarlar tam hüquqi qüvvəyə malik  olur.

Vəzifələri tutan şəxslər bir gün  ərzində  icra etdikləri vəzifənin bir günlük maaşını alır. Vəzifələri tutan  şəxslər həmin  gündən  universitetin  “Kölgə kabineti”ni  formalaşdırır, kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir. Universitetin  hər bir tələbə  və magistrantı layihədə iştirak edə  bilər.

Tələbələrimizin  80 faizdən çoxunu  qızlar təşkil etməsinə  baxmayaraq, oğlan tələbələrimizin  idman sahəsində qazandığı nailiyyətlər əsl  mənada  heyranedicidir. Müxtəlif  idman növləri üzrə dünya, Avropa və Azərbaycan çempionları olmuş  Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbələri Qaçay Mahmudov, Ümid Ağayev,  Anar Məmmədov, Murad Həsənli, Azər Məmmədli,  Raul Xəlilov, Aydın Həsənov və b. öz uğurları ilə universitetimizə baş ucalığı  gətiriblər. Rektorun göstərişi ilə onların idmançı formalarını saxlamaları, məşqlərə lazımi səviyyədə hazırlaşa bilmələri üçün universitetdə hər cür şərait yaradılmışdır.

Artıq qalib bir ölkənin vətəndaşları olan tələbələrimizin ideya-siyasi,  etik-əxlaqi və mənəvi dünyagörüşünün  formalaşması istiqamətində bu gün də universitetin bütün strukturlarının  fəal iştirakı ilə planlı şəkildə iş aparılır, bir birindən maraqlı tədbirlər təşkil olunur.

 

Ələddin Əliyev

Rektorun sosial məsələlər üzrə müşaviri, ADU Ağsaqqallar Şurasının sədri