ADU haqqında

ADU-da “Ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği” mövzusunda tədbir keçirilib

May 19-da Azərbaycan Dillər Universitetində (ADU) “Heydər Əliyev İli”nə həsr olunmuş “Ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği” mövzusunda tədbir keçirilib. 

Tədbir Azərbaycan Respublikasının himni ilə başlayıb, sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx göstərilib.

ADU-nun rektoru, akademik Kamal Abdullayev çıxış edərək  müasir Azərbaycan dövlətinin siyasi sisteminin formalaşmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini diqqətə çatdırıb. Azərbaycanın ərazi bütövlüyü, azadlığı uğrunda canından keçənlərin heç zaman unudulmayacağını, Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan Respublikasını dünya dövlətləri içərisində sözünü deyən dövlətə çevrilməsi istiqamətində yorulmaz fəaliyyətini, qələbə ilə nəticələnən uğurlu siyasətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

   Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı 134 saylı (Azərbaycan Dillər Universiteti üzrə)   ərazi partiya təşkilatının sədri dosent Qorxmaz Mustafayevin moderatorluğu ilə keçən tədbirdə YAP Nəsimi r-n təşkilatının sədri Azər Süleymanov da çıxış edib. O, Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin mərhələləri haqqında danışıb, əsasən də Azərbaycanın müstəqilliyə qovuşmasında, güclü dövlətə çevrilməsi yolunda Ulu öndərin yorulmaz fəaliyyətini diqqətə çatdırıb.

 “Azərbaycanın müasir dövlətçilik tarixi” mövzusu ilə  çıxış edən dosent Qorxmaz Mustafayev Ümummilli lider Heydər Əliyevin siyasi kursunun dövlətçiliyin möhkəmlənməsindəki rolundan və Prezident İlham Əliyevin onun siyasi kursunu uğurla davam etdirməsindən bəhs edib.

Baş müəllim Günel Qarayeva “Dövlət ideologiyası - Azərbaycançılıq” mövzusunda çıxışında dövlət ideologiyasının formalaşması və multikultural ənənələrdən, “Yeni Klub”un sədri, Təhsil-2 fakültəsinin tələbəsi Gülüstan Kərimli isə “Azərbaycan Respublikasında gənclər siyasəti” mövzusunda dövlətin gənclərə qayğısından danışıb.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına üzv olanlar müəllim və tələbələrə vəsiqələr təqdim olunub, fəaliyyətləri ilə seçilən əməkdaş və tələbələrə YAP Nəsimi rayon təşkilatının təşəkkürnamə və hədiyyələri təqdim olunub.