ADU haqqında

ADU-da “Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda konfrans keçirilib

Mayın 8-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi(BBMM) və Azərbaycan Dillər Universitetinin (ADU) birgə təşkilatçılığı ilə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycançılıq-100” mövzusunda konfrans keçirilib. Konfrans “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamına müvafiq olaraq təşkil olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən ADU-nun rektoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abulla Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindən danışıb.

O diqqətə çatdırıb ki, bu gün Azərbaycanda aparılan multikulturalizm dövlət siyasətinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Multikulturalizmin dövlət səviyyəsində həyatımıza, cəmiyyətimizə tətbiqi Ulu Öndərin qəbul etdiyi qərarlardan başlayır. Bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Prezidentin siyasətinin davamı olaraq ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və çiçəklənməsini təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modellərini tədqiq və təşviq etmək məqsədilə 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı. Bu mərkəz vasitəsilə Azərbaycanda multikulturalizm sahəsində bir-birini tamamlayan, sistemli xarakter daşıyan siyasi iradə və onun gerçəkləşməsi proqramı uğurla həyata keçirilir.

Tədbirin moderatoru Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev  Azərbaycan xalqının əsrlər boyu təşəkkül tapmış multikulturalizm dəyərlərinə ən yüksək hüquqi siyasi qiymət verib, multikultural cəmiyyətin formalaşdırılmasında müstəsna rol oynayıb. O vurğulayıb ki, Azərbaycan hər zaman çoxmədəniyyətli dövlət, mədəniyyətlərin və dinlərin qovuşduğu bir məkan olub. Bu ənənə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı ilə siyasi müstəviyə qaldırıldı və qlobal səviyyədə təbliğ olunmağa başlanıldı. Bu gün isə Azərbaycanın multikulturalizm modeli Ulu Öndər Heydər Əliyevin qurduğu Azərbaycan, onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil siyasəti ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir. Çoxmillətli, çoxkonfessiyalı Azərbaycanda bu gün mədəni, linqvistik, etnik və konfessial rəngarəngliyin qorunması istiqamətində uğurlu dövlət siyasəti həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Milli Məclisin deputatı, ADU-nun prorektoru Tamam Cəfərova, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Mirniyaz Mürsəlov, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Bakıdakı Avropa Yəhudiləri İcmasının sədri Aleksandr Şarovski, Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Elnur Əfəndiyev, ADU-nun Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Azərbaycan-Gürcü Yəhudi İcmasının sədri ravvin Zamir İsayev, Avropa Yəhudilərinin Bakı dini icmasının ravvini Şneor Seqal, Talış icmasının ağsaqqalı İmamverdi Həmidov çıxış edərək Azərbaycançılıq ideyasının yaranması, Azərbaycanda multikulturalizm siyasətinin formalaşması istiqamətində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətli işlər barədə danışıblar.

Tədbirdə etnik və dini icmaların, ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib.