ADU haqqında

ADU-da “Heydər Əliyevin kadr siyasəti” adlı açıq dərs keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi 161 A-161 B qruplarında “Heydər Əliyevin kadr siyasəti” adlı açıq dərs keçirilib.

Belorusiya Dövlət Universitetinin məzunu, Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva çıxışında bildirib ki, Ulu Öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayaraq, respublikamızdan hər il keçmiş SSRİ–nin aparıcı ali məktəblərinə gənclərin təhsil almaq üçün göndərilməsi məsələsinə xüsusi diqqət yetirilib.

“Uzun müddət hər il 900–nəfərə yaxın gənc  müxtəlif peşə sahələrinə, müxtəlif respublikaların və Rusiyanın ali məktəblərinə təhsil almaq üçün göndərilirdi. Orta hesablamalara və dərc edilən məlumatlara əsasən 17 minə qədər gənc Azərbaycandan kənarda təhsil almış və onların böyük əksəriyyəti geri qayıtmışdır”.

S. Əliyeva tələbələrə Azərbaycandan kənarda təhsil almaq üçün yola salınan gənclərin şərəfinə təşkil olunmuş tədbirlər, yola salma mərasimi, verilən hədiyyələr haqqında  maraqlı məlumatlar çatdırıb.

Moskva Dövlət Universitetinin məzunu, Fəlsəfə və İctimai Elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva çıxışında bildirib ki, o dövrdə gənclər əsasən Azərbaycan ali məktəblərində olmayan ixtisaslara yiyələnmək üçün göndərilirdi: “Biz hər ikimiz xaricə təhsil üçün  göndərilən abiturientlərdənik. Respublikamıza qayıtdıqdan sonra bizi gənc mütəxəssis kimi işlə təmin etdilər. Təhsil müddətində əldə etdiyimiz bilik və bacarıqları uzun illərdi ki, ADU -da tələbələrə çatdırırıq. Ulu Öndər Heydər Əliyev Azərbaycanın çiçəklənməsi üçün lazımi kadrların hazırlanması məsələsini daim diqqət mərkəzində saxlamışdır. Bu gün həmin təhsil alıb geri qayıdan gənclər təhsilin və istehsalatın müxtəlif sahələrində aparıcı mövqelərdə çalışır və ölkəmizə xeyir verirlər. Qayıtmayıb müxtəlif yerlərdə qalan məzunlarımız isə bu gün diaspora hərəkatında iştirak edərək Azərbaycana kənardan mənəvi dəstək olurlar”.