Heydər Əliyev Azərbaycan Respublikasında hüquqi dövlət modelinin yaradıcısıdır
Heydər Əliyev Azərbaycan Respublikasında hüquqi dövlət modelinin yaradıcısıdır
Azərbaycanda hüquqi dövlət quruculuğunun mahiyyət prinsiplərinin müəyyən edilməsi Üçüncü respublikanın memarı – Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Haqlı olaraq hesab edilir ki, Azərbaycanın bir dövlət olaraq qlobal siyasi arxitekturada layiqli yer tutması, dramatik kolliziyalar və fundamental çalxalanmalar yaşayan dünyamızda formalaşmış siyasi institutları və işlək sosial-iqtisadi modeli ilə dinamik inkişaf örnəyini sərgiləməsi, hüquqi və demokratik dövlət quruculuğu sahəsində bariz müvəffəqiyyətlər əldə etməsi ümummilli liderin strateji kursunun əməli nəticələridir. Məhz Heydər Əliyevin titanik səyləri sayəsində müstəqil respublikamızda müasir dövlətçilik modifikasiyasının təşəkkülü, vətəndaş cəmiyyətinin formalaşması üçün sanballı hüquqi-normativ təməl yaradılmışdır. Lakin Azərbaycanın yeni tip dövlətçiliyinin yaradılmasına, müxtəlif sosial təbəqə və kateqoriyaların istək və mənafeləri ilə uzlaşan sosial-siyasi sistemin formalaşmasına aparan yol heç də hamar olmamışdır.
Təlatümlü 1990-cı illərin əvvəlləri əlamətdar, taleyüklü hadisələrin zənginliyi nöqteyi-nəzərindən istər istəməz tədqiqatçı marağını doğurur. 1990-cı ilin yanvar faciəsi, həmin ilin iyulun 20-də H. Əliyevin Bakıya gəlməsi, iki gün sonra isə təqiblərlə əlaqədar Naxçıvana getməsi, sentyabrın 30-da Naxçıvan MSSR Ali Sovetinə deputat seçilməsi, faktiki olaraq Ulu Öndərin təşəbbüsü ilə Naxçıvanın milli müstəqillik uğrunda hərəkatın mərkəzinə çevrilməsi, nəhayət 1991-ci ilin sentyabrın 3-də H. Əliyevin Naxçıvan Ali Məclisinin sədri seçilməsi böyük ictimai-siyasi əhəmiyyət kəsb edən, proseslərin sonrakı axarının məzmununu müəyyənləşdirən, gələcək perspektivlərə həlledici təsir göstərən hadisələr qəbilindən idi. 1993-cü ilin iyununa kimi davam etmiş Naxçıvan dönəmi Heydər Əliyevin siyasi bioqrafiyasının önəmli parçasını təşkil etməklə bərabər, milli dövlət quruculuğu nöqteyi-nəzərindən də olduqca böyük əhəmiyyət kəsb edir. Həmin dövrün ümumi səciyyəsi ondan ibarətdir ki, sistem kollapsı şəraitində yaşamaq uğrunda çırpınan, Azərbaycanla yerüstü rabitəsi kəsilmiş, düşmən hücumlarının əsas hədəflərindən birinə çevrilmiş, bu azmış kimi, respublika rəhbərliyinin və bəlli siyasi qüvvələrin qərəzli münasibəti ilə üzləşmiş Naxçıvan bölgəsi real surətdə tamamilə məhv olmaq, Dağlıq Qarabağın və Azərbaycanın digər işğal olunmuş ərazilərinin acı taleyini paylaşmaq təhlükəsi ilə üzləşmişdi və bu təhlükədən o Heydər Əliyevin siyasi dühası və titanik səyləri sayəsində qurtulmuşdu. Bununla bərabər, məhz Naxçıvana rəhbərlik edərkən misilsiz böhran şərtləri daxilində, ekstremal durumda təcili, lakin eyni zamanda cərəyan edən proseslərə adekvat olan qərarlar vermək, mövcud fors-major vəziyyətinə uyğun yeni idarəetmə metodlarını işləyib hazırlamaq zərurəti görkəmli xadim üçün sonralar istər dövlətçiliyimizə qarşı ciddi təhdidlərin qarşısının alınmasında, istərsə də dövlət təsisat və institutlarının yaradılmasında mühüm təcrübi önəmə malik idi.
Heydər Əliyevin ölkənin 91 nəfər görkəmli ziyalısının müraciətinə cavab olaraq 1992-ci ilin oktyabrın 24-də dərc edilmiş “Yeni, müstəqil Azərbaycan uğrunda” proqram səciyyəli məktubu istər ölkənin siyasi perspektivlərinin, istərsə də hüquqi dövlət quruculuğunun qarşısında duran əsas vəzifələrin konkretləşdirilməsi baxımından son dərəcə məzmunlu bir sənədi təmsil edir. Məktubun qayəsini belə bir tezis təşkil edirdi: “İndi əsas vəzifə dövlətçiliyin, müstəqilliyin bərqərar olunmasını, milli-demokratik dövlətin formalaşmasını, müstəqil Azərbaycanın suverenliyini, təhlükəsizliyini təmin etmək və vətəndaşlara azad, xoşbəxt, firavan həyat şəraiti yaratmaqdan ibarətdir”. Əsas məqsədə nail olmaq prioritet vəzifələrin, o cümlədən demokratik prinsiplər əsasında vahid, bütöv Azərbaycanın qorunub saxlanılması və inkişaf etdirilməsi kimi vəzifənin həlli ilə əlaqədə götürülürdü. Göründüyü kimi, Heydər Əliyev strategiyasında hüquqi dövlət quruculuğu prioritet əhəmiyyətini hətta Azərbaycan dövlətçiliyi üçün ən çətin, ən mürəkkəb mərhələdə belə saxlayırdı.
Bəhs edilən dövrün siyasi mənzərəsi araşdırılarkən belə bir önəmli məqam xüsusi vurğulanmalıdır ki, 1990-cı illərin əvvəlində istər daxili, istərsə də xarici (geosiyasi) amillər üzündən Azərbaycanın nəinki müstəqil bir dövlət kimi perspektivləri, ümumiyyətlə milli varlığının özü son dərəcə ciddi təhlükələrlə qarşılaşmışdı. Heydər Əliyev "Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində" Azərbaycanın dövlət müstəqilliyini rəsmən bərpa etdiyi 1991-ci ilin oktyabrından 1993-cü ilin iyununa kimi dövrün konkret siyasi qiymətini verirdi: “Vəziyyət elə təhlükəli xarakter almışdı ki, 1991-ci ildə əlverişli tarixi şəraitin və taleyin xalqımıza bəxş etdiyi imkandan yaranmış müstəqil dövlətimiz qəsdən və yaxud səriştəsizlikdən yaranan iradəsizlik nəticəsində real itirilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Beləliklə, 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixində nəinki itirlmiş illər hesab olunur, həm də bu illərdə Azərbaycan "ölüm, ya olum" dilemması qarşısında qalmışdı... Hərc-mərcliyin baş alıb getdiyi Azərbaycan vətəndaş müharibəsi həddinə gəlib çatdı... Ölkə onu gözləyən fəlakətlərdən, daxili və xarici antiazərbaycan qüvvələrin qəsdlərindən, vətəndaş müharibəsindən, torpaqlarımızın bir-birinin ardınca işğal edilməsindən və nəhayət, müstəqil dövlətçiliyin məhvindən, Azərbaycanın parçalanmasından xilas edilməli idi”.
Tale xalqımıza ən yeni tarixinin ən mürəkkəb, ən keşməkeşli dönəmində belə böyük dövlət xadimini – Ulu Öndər Heydər Əliyevi nəsib etdi. O, sadəcə Azərbaycanı tarix səhnəsindən silinmək, parçalanmaq, məhv olmaq təhlükəsindən qurtarmadı, istiqlaliyyətimizin, çağdaş dövlətçiliyimizin banisi, memarı olaraq tarix salnamələrinə öz adını həkk etdi. Heydər Əliyev o dövləti dühalarından idi ki, istər fitri liderlik qabiliyyəti, istər hərtərəfli nəzəri təmələ söykənən ümumi dünyagörüşü, istər ən müxtəlif sosial, siyasi, iqtisadi, mədəni hadisə və prosesləri düzgün dəyərləndirməyə və təhlil etməyə qadir analitik zəkası, istər qeyri-adi idarəçilik təfəkkürü və erudisiyası, istər olduqca məzmunlu siyasi bioqrafiyasından qaynaqlanan zəngin təcrübəsi dövlətçilik və siyasi idarəçilik fəlsəfəsi tarixində bütöv bir çağı və fenomeni təmsil edirdi. Təsadüfi deyildir ki, məhz Ulu Öndərin təməlini qoyduğu inkişafın Azərbaycan modeli siyasi və sosial transformasiyaların uğurlu örnəyi kimi qavranılmaqdadır. Heydər Əliyevin 1990-cı illərin ilk yarısında fəaliyyəti öz məzmununa görə siyasi hərc-mərclikdən sistem nizamına, faktiki iqtidarsızlıqdan dəqiq strukturlaşdırılmış hakimiyyət düzəninə doğru hərəkəti təmsil edirdi. Bu zaman görkəmli xadim hər şeydən öncə müvəffəqiyyətli böhran meneceri kimi çıxış edirdi: 1993-cü ilin iyunun 15-də faktiki olaraq xalq cəbhəsi iqtidarının iflasa uğradığı, dövlətin və millətin taleyinin tükdən asılı olduğu, Azərbaycan dövlətçiliyinin uçurum kənarında bulunduğu belə bir ekstremal şəraitdə xalqın ümumi tələbi ilə Ali Sovetin sədri seçilmiş Heydər Əliyev son dərəcə incə, zərgər dəqiqliyi tələb edən siyasi manevrləri, qeyri-standart qərarları ilə siyasi situasiyanı nəzarət altına götürməyə və hakimiyyət vakuumuna son qoymağa müvəffəq oldu. Daha sonra Ulu Öndər gərgin səylər və zəhmət bahasına cəbhədə vəziyyəti sabitləşdirməyə, ordunun yenidən qurulmasına və bir sıra uğurlu əməliyyatlar keçirməsinə, atəşkəs rejiminin bərqərar olmasına, dövlət strukturlarının idarə olunacaq duruma gətirilməsinə, iqtisadi böhranın tam iflasla nəticələnməsinin qarşısının alınmasına, Azərbaycanın iqtisadi inkişafının bünövrəsini qoymuş “Əsrin müqaviləsini” imzalanmasına nail oldu. Ən əsası, Azərbaycan müəyyən xarici çevrələr tərəfindən ölkəmiz üçün planlaşdırılan “baş tutmamış dövlət” taleyini yaşamaqdan xilas oldu. Arayış üçün qeyd edərdik ki, baş tutmamış dövlət (ingiliscə failed state) Sürix Universitetinin beynəlxalq hüquq üzrə professoru D. Türerin ümumi qəbul edilmiş qənaətinə görə, “qanun və qaydanın dəstəklənməsini təmin edən dövlət strukturlarının dağılmasının məhsulu olub, daxili zorakılığın “anarxik” formaları tərəfindən təhrik və müşayiət olunur”. Beləliklə, 1993-1994-cü illərdə Heydər Əliyev hüquqi düzəni, və deməli, sabitliyi təmin edən dövlət-hüquq yaradıcılığı üzərində diqqətini cəmləşdirmişdi. Ulu Öndərin o dönəmdəki siyasi kursu ilk növbədə dövlətin hüquqi dayaqlarının, onun güc tərkib hissəsinin möhkəmləndirilməsinə yönəlmişdi.
1994-cü ilin oktyabr – 1995-ci ilin mart aylarında xaricdən yönəldilən və idarə olunan hərbi-siyasi müxalifətin çevriliş cəhdlərinin qarşısının alınmasından, “Azərbaycanda zor gücünə, silahlı dəstələrdən istifadə etməklə hakimiyyətə gəlmək ənənəsinə son qoyulduqdan” (Azərbaycan Respublikasının dövlət müstəqilliyinin onuncu ildönümü münasibəti ilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 20 mart 2001-ci il) sonra ölkəmizin ən yeni tarixinin artıq keyfiyyətcə yeni mərhələsi başlanırdı.
Yeni mərhələnin səciyyəvi xüsusiyyətləri kimi sabitliyin tamamilə bərqərar olması, siyasi və dövləti institutların, hakimiyyət strukturlarının formalaşmasının başa çatdırılması çıxış edirdi. Məhz bu mərhələdən etibarən Heydər Əliyev böhran meneceri missiyasını uğurla başa vurur və sözün tam mənası ilə dövlətçiliyimizin memarı vəzifəsini şərəflə həyata keçirir; dünyanın analoji problemlərlə üzləşən bir çox ölkələri üçün örnək sayıla biləcək işlək idarəçilik mexanizmlərinə, daim inkişafda olan sosial-iqtisadi strukturlara malik, qlobal kolliziyalar şəraitində optimal xarici siyasi kurs yürüdən və müxtəlif növ təhdid və çağırışlara adekvat cavablar təqdim edən, qlobal, regional və daxili siyasi trendlərin düzgün təhlilinə əsaslanan dövlətçilik modelinin – Üçüncü respublikanın institusional əsaslarının və fəaliyyət prinsiplərinin yaradılması məhz Ulu Öndərin yeni – dövlət quruculuğu strategiyasını müvəffəqiyyətlə gerçəkləşdirməsinin bariz ifadəsi idi.
Beləliklə, 1993-2003-cü illərdə Heydər Əliyev böhrandan effektiv çıxış kursunu həyata keçirməyə, eləcə də keyfiyyətcə yeni funksional sistem, başqa sözlə Azərbaycan dövlətçiliyinin yeni modifikasiyasını yaratmağa müvəffəq olmuşdur; bu zaman o, siyasi yaradıcılıq subyekti kimi fəaliyyət göstərərək, məzmun və mahiyyət etibarı ilə yeni idarəçilik metodlarını və üslublarını işləyib hazırlamış və tətbiq etmişdir.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərində biri də hüquqi dövlətin Azərbaycan modelini yaratması olmuşdur. Bu istiqamətdə ən mühüm addım 1995-ci ilin noyabrın 12-də müstəqil Azərbaycan dövlətinin konstitusiyasının ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi idi. Prezident İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında vurğulandığı kimi, “Ölkəmizin Əsas Qanunu – Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsiplərinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissəsidir”. Bu konstitusiya Azərbaycan tarixində ilk dəfə olaraq müasir demokratiya standartlarına tamamilə cavab verməklə, ölkədə gedən institusional dəyişiklikləri dünyanın qabaqcıl ölkələrinin hüquqi-normativ təcrübə və praktikalarına uyğun məcraya yönəltmişdi. Lakin demokratiya ideyası bu zaman mexaniki yox, yaradıcı surətdə emal edilərək, Azərbaycanın milli-mənəvi dəyərlər sistemi ilə mütənasiblikdə götürülmüşdür.
Yeri gəlmişkən, bir məsələyə münasibətimizi bildirmək istərdik.
Heydər Əliyev demokratik inkişafın, yeni siyasi və sosial gerçəkliyin doğurduğu transformasiyanın önəmini və zəruriliyini şüurlu surətdə qəbul etmiş və bu istiqamətdə nəhəng işlər görmüşdü. Fəqət onun analitik zəkası demokratiyanı ehkamçı, müəyyən “universalist” şablonlar üzrə epiqonçu mənimsənilməsinin xalqımızın və dövlətimizin strateji mənfəətləri nöqteyi-nəzərindən son dərəcə yararsız və hətta zərərli olduğunu anlamağa imkan verirdi. Ulu Öndər "Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində" özünün demokratiya haqqında təsəvvürlərini aşağıdakı şəkildə xülasə edirdi: “demokratiya xaos, hərc-mərclik, özbaşınalıq deyildir. Demokratiya ictimai-siyasi sabitliyin, qanunların aliliyinin hökm sürdüyü şəraitdə yaranıb inkişaf edə bilər. Demokratiyanın hüdudları genişdir. Odur ki, o, hər xalqın mentalitetinə, hər bir cəmiyyətin, hər bir dövrün tələblərinə uyğun olaraq inkişaf edir” (Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yeni 2001-ci il, Yeni Əsr və Üçüncü Minillik münasibətilə Azərbaycan xalqına müraciəti, 29 dekabr 2000-ci il). Heydər Əliyevin diskursu üçün səciyyəvi olan bu qısa fraqmentdə böyük dövlət xadiminin siyasi fəlsəfəsinin bir sıra əsas yönəlişliklərini görüb sezmək mümkündür. Əvvəla, burada “demokratiya” kateqoriyası politoloji anlayış kimi anarxiyanın, hakimiyyətsizliyin antitezisi olaraq çıxış edir. Yəni bir siyasi rejim qismində demokratiya, bəzilərinin hesab etdiyi kimi, cəmiyyətdə dövlət hakimiyyətinin zəiflədilməsinin (onun mühüm atributları kimi “hərc-mərclik” və “özbaşınalıq” işarələnmişdir) sinonimi olaraq deyil, yeni, yüksək təşkilatlanmış siyasi toplumun daha qabaqcıl düzəni olaraq anlaşılır. Bu zaman “demokratiya” kateqoriyası “inkişaf” konsepti ilə korrelyasiyada götürülür. Yəni demokratiya sadəcə özü üçün məqsəd ola bilməz; o məhz inkişaf və tərəqqinin daha optimal şərtlərini təmin edəcək siyasi düzən olaraq nəzərdən keçirilir.
İkincisi, qlobal neoliberal həmlə kontekstində 1980-90-cı illərdə hakim təmayülə çevrilmiş demokratiyanın “universalist” (daha doğrusu, unifikasiyaedici) təfsiri əslində Qərbdə unikal şərtlər daxilində təşəkkül tapmış siyasi və sosiomədəni institutların mexaniki şəkildə dünyanın digər regionlarına “nəql edilməsini” nəzərdə tuturdu. Həqiqətdə belə bir təfsir faktiki olaraq demokratikləşməyə milli dövlətlərin zəiflədilməsinə, qlobal və transmilli aktorların ağalığının möhkəmləndirilməsinə yönəlmiş bir alət kimi baxışa haqq qazandırırdı. Bu baxımdan Heydər Əliyevin “Müraciətində” və ümumən diskursunda demokratiya haqqında tərifi faktiki olaraq yuxarıdakı təmayülə qarşı çevrilmişdir. O, bir tərəfdən milli dövlətlərin özünəməxsusluğunu, suveren hüququnu dəstəkləyir, digər tərəfdən demokratiyanın siyasi və sosiomədəni müxtəliflikdən qaynaqlanan variativliyi ideyasına haqq qazandırır. Demokratiyanın H. Əliyev tərəfindən verilmiş tərifi daşlaşmış rəyi – doksanı (doksa yunanca ümumi yayılmış rəy deməkdir) sarsıtmaqla, eyni zamanda siyasi quruluş və rejimlərin mənsub olduqları məkan və zaman kontekstində təhlili zərurəti üzərinə diqqəti yönəldir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan öz milli qanunvericilik sistemini yaradarkən və onu dünya standartlarına uyğunlaşdırarkən başqa dövlətlərin mövcud praktikasını mexaniki surətdə tətbiq etməkdən imtina edərək, bunu dünyada mövcud olan ən mütərəqqi nümunələri yaradıcı şəkildə, ölkəmizin reallıqlarına və milli-tarixi ənənələrinə uyğunlaşdırmaqla həyata keçirirdi.
Ulu Öndərin nəzəriyyəsində demokratiya (və istənilən siyasi düzən) dinamik sistem kimi nəzərdən keçirilirdi, fəqət bu zaman invariantların da önəmi vurğulanırdı; hər bir sistem digərləri ilə ümumi qanunauyğunluqlar aşkara çıxarsa da, bəlli fenomenal, təkrarolunmaz xüsusiyyətlərə də malikdir. Digər tərəfdən, belə bir baxış demokratiyanın fundamental prinsipi kimi qanunun aliliyi ideyasını ön plana çəkirdi: həqiqi demokratik üsul-idarə yalnız qanunlar əsasında idarə olunan dayanıqlı siyasi sistemdə fəaliyyət göstərə bilər.
Dövlət quruculuğunun əsaslarını təsbit etmiş müstəqil Azərbaycanın ilk konstitusiyası haqlı olaraq Heydər Əliyevin əsəri hesab olunur. Sözügedən əsas qanunu hazırlayan komissiyanın 1995-ci ildə noyabrın 10-da olmuş son iclasındakı çıxışında Prezident Heydər Əliyev bu barədə qeyd edirdi: “Komissiyanın sədri kimi şəxsən mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun, bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm”.
Məlum olduğu kimi, 1991-1993-cü illərdə Azərbaycanın yeni konstitusiyasının hazırlanması üçün iki dəfə komissiya yaradılmasına baxmayaraq, keçmiş iqtidarlar dövründə bu məsələyə lazımi səviyyədə diqqət yetirilmədiyindən, bu təşəbbüslər öz bəhrəsini verməmişdi. Mövcud ədəbiyyatda düzgün olaraq qeyd edilir ki, məhz Heydər Əliyevin qətiyyətli şəkildə prosesə müdaxilə etməsindən sonra yeni konstitusiyanın hazırlanması üzrə işlər sürətlənir. Milli Məclisin 2 may 1995-ci il tarixli qərarı ilə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 34 nəfərdən ibarət tərkibi təsdiq olundu. İyunun 5-də olmuş komissiyanın ilk iclasında öz çıxışında Azərbaycanda konstitusiya quruculuğu tarixinə toxunan və o illərdə ictimai-siyasi hadisələri dərindən təhlil edən Ulu Öndər yeni konstitusiyanın məramı, qaynaqları və istinad edəcəyi hüquqi praktikalara, habelə mahiyyət cəhətlərinə aydınlıq gətirirdi: “Biz elə bir Konstitusiya layihəsi hazırlamalı, və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun... Konstitusiyamız Azərbaycanda məhz demokratik, hüquqi, dünyəvi, sivilizasiyalı bir dövlət qurmaq üçün əsas yaratmalıdır, onun əsas qanunu olmalıdır... Konstitusiya yaratmaq üçün tarixi keçmişimizə nəzər salmalıyıq, eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən istifadə etməli, bəhrələnməliyik... Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü qanunvericilik, ali icra, məhkəmə hakimiyyətləri – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir... Ona görə də hər bir vətəndaşın hüquqlarının qorunması, azadlıqlarının təmin edilməsi və hər bir vətəndaşa cəmiyyətimizdə, ölkəmizdə özünə layiqli yer tutmaq imkanlarının yaradılması – bunlar hamısı Konstitusiyamızda öz əksini tapmalıdır”. Göründüyü kimi, görkəmli dövlət xadimi yeni Konstitusiyanı ümumbəşəri demokratik dəyər və nailiyyətlər əsasında, lakin eyni zamanda Azərbaycanın konkret siyasi və sosiomədəni ənənə və xüsusiyyətlərini nəzərə almaqla tərtib etməyi məqsədəuyğun sayırdı. Bu zaman Ulu Öndər hüquq bərabərliyi prinsipinin Konstitusiyada hərtərəfli təsbitinə çağırırdı və bu prinsipə öz təfsirini verirdi: “Mən bərabər hüquqlar haqqında danışanda onu nəzərdə tuturam ki, dinindən, dilindən, milliyyətindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq insanların hamısının eyni hüquqlara malik olması və bu hüquqlardan səmərəli istifadə imkanları əldə etməsi Konstitusiyamızda öz əksini tapmalıdır”. Aydındır ki, gətirilən sitatda Heydər Əliyevin hüquqi dövlət quruculuğu ilə əlaqədar prioritet önəm verdiyi müddəalar yer almışdır.
Ümummilli liderimizin rəhbərliyi altında 6 ay müddətinə hazırlanan və ümumxalq səsverməsi yolu ilə 1995-ci ilin noyabrın 12-də qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası yuxarıda bəhs edilən prinsip və yönəlişlikləri bütün dolğunluğu ilə gerçəkləşdirdi. Orada ölkənin inkişaf vektoru müəyyənləşdirilməsi, demokratik əsaslarla hakimiyyət bölgüsünün təsbit edilməsi ilə bərabər insan hüquq və azadlıqlarının təminatı prioritet məqsədlər kimi xüsusi vurğulanırdı. Təsadüfi deyildir ki, konstitusiyanın 158 maddəsindən 48-i, başqa sözlə, təqribən üçdə biri sırf insan hüquq və azadlıqlarının təminatına yönəlmişdi. Müasir Azərbaycan Konstitusiyasında konstitusionalizmin klassik ideyası öz əksini tapmışdır: insan hüquq və azadlıqlarının prioriteti; siyasi plüralizm; hakimiyyətlərin bölgüsü; konstitusion nəzarət institutu və s. Konstitusiya “ictimai müqavilə” olaraq dövlət, cəmiyyət və fərd arasında münasibətləri müəyyən etdi, insan hüquqlarının prioritetini özündə təsbit etdi. O, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilə və konvensiyalarda insan hüquqlarına dair nəzərdə tutulmuş müddəaları tam şəkildə ehtiva edir. Konstitusiyanın ikinci bölməsinin “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan üçüncü fəsli hüquq və azadlıqların təminatı və müdafiəsi mexanizmlərini müəyyənləşdirir. Konstitusiyanın 12-ci maddəsi dövlətin ali məqsədinin insan hüquqlarını təmin etmək olduğunu müəyyən edir. Burada insan hüquqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edilməsi nəzərdə tutulmuşdur. Konstitusiyanın 71-ci maddəsində irqindən, milliyyətindən, dinindən, dilindən, cinsiyyətindən, mənşəyndən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında bir vəzifə olaraq qoyulmuşdur. Bu hüquq və azadlıqlar birbaşa qüvvədədir. Konstitusiyanın 25-ci maddəsinə əsasən, onların həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu zaman xüsusi olaraq qeyd edilirdi ki. Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquq və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz.
Beləliklə, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası həm birinci nəsil (şəxsi və siyasi hüquqlar), həm də ikinci nəsil (sosial-iqtisadi və mədəni hüquqlar) insan hüquqlarını ehtiva etməklə, Azərbaycanda hüquqi dövlətin sonrakı inkişafının, ölkədə vətəndaş cəmiyyəti quruculuğunun qüdrətli təməlinə çevrildi.
Ümummilli lider Heydər Əliyevin 1996-cı il 21 fevral tarixli sərəncamı ilə təsis edilmiş Hüquq İslahatları Komissiyası beynəlxalq ekspertlərin iştirakı ilə Avropa standartlarına cavab verən müxtəlif və qanunları hazırlamış, bununla da milli qanunvericiliyin modern əsaslar üzərinə keçirilməsinə şərait yaratmışdır.
İnsan hüquqlarının və azadlıqlarının təmin olunması istiqamətində qəbul edilmiş normativ sənədlər sırasında Azərbaycan Respublikasının Prezidenti, Ümummilli Lider Heydər Əliyevin 22 fevral 1998-ci il tarixində imzaladığı «İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında» Fərmanı və 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş «İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı»nı xüsusilə qeyd etmək lazımdır. Sözügedən fərman və sərəncam insan hüquqları məsələsinə ümumdövlət əhəmiyyətli məsələ səviyyəsinə qaldırırdı. Belə ki, bu sənədlərdə insan hüquqlarının müdafiəsi sahəsində mühüm tədbirlərin həyata keçirilməsi, o cümlədən Milli Məclis tərəfindən qanunların qəbulu amanı Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların əsas meyar kimi rəhbər tutulması, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə səlahiyyətli müvəkkili təsisatının yaradılması, ölkəmizin insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil proqramları üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər nəzərdə tutulmuş, daha sonralar həmin aktlarda təsbit olunmuş məsələlərin həlli istiqamətində mühüm islahatlar həyata keçirilmişdir.
Təsadüfi deyil ki, ilk Dövlət Proqramının qəbul olunduğu gün - iyunun 18-i ölkə başçı İlham Əliyev cənablarının 2007-ci il tarixli Sərəncamına əsasən Azərbaycanda insan hüquqları günü elan edilmişdir. Maraqlı və mahiyyət etibarilə böyük rəmzi məna daşıyan məqam odur ki, məhz həmin tarixdə BMT-nin İnsan Hüquqları Şurası tərəfindən "İnstitusional quruculuq paketi" qəbul edilmiş və bu paket çərçivəsində BMT-yə üzv olan dövlətlərdə insan hüquqları sahəsində vəziyyəti qiymətləndirməyə imkan yaradan yeni universal dövri icmal mexanizmi təsis edilmişdir.
Dahi Heydər Əliyevin hüquqi dövlət quruculuğu strategiyası 2003-cü ildən sonra da, özü də müasir tələblər və çağırışlar nəzərə alınmaqla davam etdirilmişdir. Bu müddət ərzində dövlət başçısının imzaladığı qanunlar, fərman və sərəncamlar, dövlət proqramları Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlıı təmin edilməsi üçün mövcud hüquqi bazanı daha da genişləndirmişdir. İlham Əliyevin prezidentliyi dövründə demokratik cəmiyyət quruculuğu istiqamətində həyata keçirilmiş islahatlar, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər ölkəmizin bu sahədə milli qanunvericiliyinin beynəlxalq norma və prinsiplərə, ümumbəşəri dəyərlərə tam uyğunluğunu təmin etmişdir.
Əslində bu amil Azərbaycanın son illərdə qazandığı böyük uğurların əsasını təşkil etmişdir. Məhz demokratik dəyərlərdən qaynaqlanan xalq-iqtidar birliyi 44 günlük müharibə nəticəsində qazandığımız tarixi zəfərimizin mühüm şərtlərindən biri olmuşdur.
Bu gün dünyanın ən müxtəlif yerlərində, elə yaşadığımız coğrafiyada müharibələrin, münaqişələrin tüğyan etdiyi, xaos və böhranların baş verdiyi bir zamanda Azərbaycan bütün bu təhlükələrə rəğmən bir sabitlik və inkişaf oazisi kimi görünməkdədir. Hazırda Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən, müasirləşən dövlətindən birinə çevrilməsi Ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu ideyaların həyatiliyini bir daha təsdiq edir.
Sevda Əliyeva (Əhədova)
ADU-nun Beynəlxalq münasibətlər kafedrasının professoru, siyasi elmlər doktoru