ADU haqqında

“Heydər Əliyev və televiziya” mövzusunda tədbir

05.04.2023-cü il tarixində Azərbaycan Dillər Universitetinin 3 saylı tədris korpusunda Beynəlxalq jurnalistika şöbəsinin müdiri b/m. Nərgiz Çərkəzqızının təşkilatçılığı ilə “Heydər Əliyev və televiziya” adlı tədbir keçirilib.

Tədbirdə qonaq qismində Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin aparıcı məsləhətçisi və Azərbaycan Dövlət Televiziyasında redaktor kimi fəaliyyət göstərən f.f.d. Billurə Aslanova iştirak edib. Tədbiri giriş sözü ilə b/m. Nərgiz Çərkəzqızı açıb, qonağı təqdim edərək Billurə xanımla tələbəlik illərinin xoş anlarını paylaşıb, öz təcrübələrindən çıxış edərək tələbələrə müəyyən məsləhətlər verib.

F.f.d. Billurə Aslanova müstəqillik dövrünə qədər televiziyada olan çatışmazlıqlardan, jurnalistlərin çətin şəraitdəki iş prinsiplərdən danışıb. 1993-cü ildə Heydər Əliyevin Azərbaycana qayıdışından sonra jurnalistlərə yaradılmış əlverişli şəraitdən, mətbuat orqanlarında maddi-texniki bazanın inkişafından, senzuranın ləğvindən bəhs edib. Eyni zamanda özünün müxtəlif televiziyalardakı fəaliyyətindən və fəaliyyət müddətində qarşılaşdığı müxtəlif çətinliklərdən danışıb. Billurə Aslanovanın ikinci Qarabağ savaşından sonrakı dönəmdə, azad olmuş ərazilərimizdə bərpa işlərinin geniş miqyasda aparıldığı bir vaxtda həmin ərazilərə etdiyi səfərlərdən danışması tələbələrin xüsusi marağına səbəb olub.

Sonda qonaq tələbələrin televiziya jurnalistikası ilə, eləcə də mətbuatın müxtəlif problemləri ilə bağlı suallarını ətraflı cavablandırıb və sual-cavabda aktiv iştirak edən tələbələrə şəxsi kitabını hədiyyə edib.