ADU haqqında

“COP29 – Ekoloji dayanıqlığa və Yaşıl artıma diqqət” mövzusunda növbəti dəyirmi masa keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi, Təhsil 2  və Tərcümə fakültəsinin birgə təşkilatçılığı ilə  “COP29 – Ekoloji dayanıqlığa  və   Yaşıl artıma diqqət” mövzusunda növbəti dəyirmi masa keçirilib.

Tdbirdə universitetin Sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev, rektorun köməkçisi Anar Osmanlı  Təhsil 2 fakültəsinin dekanı dosent Salman Nuriyev, Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova, Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru Cəmilə Əliyeva, Kitabxana şöbəsinin əməkdaşı Gülnar Əliyeva fakültə tələbələri və digər əməkdaşlar çıxış ediblər.

Məruzə və çıxışlarda COP29-un ölkəmizdə keçirilməsinə dair qərarın həm yerli, həm də xarici müşahidəçilər tərəfindən çox mühüm bir hadisə kimi qiymətləndirildiyi qeyd edilib. Bildirilib ki, bu tədbirin ölkəmizdə keçirilməsi qərarı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini göstərir. Belə ki, bunun çox böyük iqtisadi əhəmiyyəti var, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədi daşıyır. COP Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfranslarına verilən addır. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər.Bu görüşlərdə iqlim dəyişikliyi ilə mübarizədə görülən işlər qiymətləndirilir və Kioto Protokolu müzakirə olunur. Kioto Protokolu 1997-ci ildə qəbul edilib, 2005-ci ildə qüvvəyə minib, məqsədi istixana qazlarının tullantılarını məhdudlaşdırmaqdır. Kioto Protokolunun ikinci mərhələsi Doha Əlavəsi 2012-ci ildə qəbul edilib. Qlobal istiləşməni 1,5°C qədər məhdudlaşdırmaq məqsədi ilə 2016-cı ildə Paris Sazişi Nyu-Yorkda 171 ölkə tərəfindən imzalanıb.

Dubayda keçirilmiş sonuncu COP tədbirində Paris Sazişi əsasında Qlobal Anbar (Global Stocktake) yaradıldı, məqsəd iqlim təsirlərinə davamlılığı və uyğunlaşmanı təşviq etmək üçün bir növ yol xəritəsini nəzərdən keçirmək, bu qərarın icrası ilə bağlı tempi qüvvədə saxlamaqdır.

Azərbaycan 11-24 noyabr 2024-cü il tarixlərində COP29-a ev sahibliyi edəcək. Bakıda keçiriləcək tədbirdə 190-dan çox ölkədən 80-100 min nümayəndə iştirak edəcək. Azərbaycanın "Yaşıl" Vədləri və Hədəfləri istiqamətində İstixana qazlarının azaldılması: 1990-cı illə müqayisədə 2030-cu ilə qədər 35%, 2050-ci ilə qədər isə 40% azaldılması, 2050-ci ilə qədər bu ərazilərin "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulub, işğaldan azad edilmiş torpaqlar "Yaşıl enerji" zonası elan edilib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Azərbaycanın COP29-a ev sahibliyi etməsi, ölkənin yaşıl enerji və iqlim dəyişikliyi ilə mübarizə sahəsində böyük əhəmiyyət daşıyan addımları kimi qiymətləndirilir. Bu konfrans, Azərbaycanın beynəlxalq səviyyədə tanınmasına və yaşıl enerji iqtisadiyyatına keçidini sürətləndirməsinə kömək edəcək.