ADU haqqında

İsrail və Yaxın Şərq araşdırmalar mərkəzi

İsrail və Yaxın Şərq Araşdırmalar mərkəzi 2005-2006-cı illərdə Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin nəzdində İsrailşünaslıq ixtisasının açılmasından sonra İsrailin Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı ilə açılmışdır.

Mərkəzin fəaliyyətinin əsas məqsədi İsrail və Yaxın Şərq ixtisası üzrə təhsil alan tələbələrin elmi araşdırmalarına dəstək olmaq, tələbələri kitabxana, audio və video vəsaitlərlə təmin etmək, onların beynəlxalq aləmə çıxışına yardım etmək, İsrail və Azərbaycan arasındakı əlaqələrin inkişafında rol oynaya biləcək yüksək ixtisaslı kadrların yetişdirilməsinə yardımçı olmaqdan ibarətdir.

İsrail və Yaxın Şərq Araşdırmalar mərkəzi İsrailin Azərbaycanda açılmış səfirliyi və bir sıra İsrail universitetləri ilə sıx əməkdaşlıq edir. Universitet tələbələri mərkəzdən tədqiqat aparmaq məqsədilə istifadə edirlər.

Mərkəz kitablarla, komputerlərlə, internetlə və xarici dillərin öyrənilməsində istifadə olunan digər avadanlıqlarla təchiz olunmuşdur. Belə ki, mərkəzdə təxminən 800-ə yaxın kitab resursuna malik, kifayət qədər dolğun məlumatı özündə cəmləyən ibri, ingilis və rus dillərində kitab və jurnalları olan zəngin kitabxana fəaliyyət göstərir. Mərkəz səfirlik tərəfindən kompüter, proyektor və kitablarla təmin olunmuşdur.

2005-ci ildən bəri fəaliyyət göstərən İsrailşünaslıq ixtisasının bakalavr pilləsi üzrə 2009/2010-cu tədris ilini çıxmaq şərti ilə (həmin il qəbul olmayıb) bu günə kimi hər il 10 tələbə və İsrailşünaslıq ixtisasının magistratura pilləsinə 2013-2014-cü tədris ilində 3 tələbə, 2014-2015-ci tədris ilində 1 tələbə, 2015-2016-cı tədris ilində 3 tələbə qəbul olmuşdur.

Mərkəz özünün fəaliyyəti dövründə bir sıra rəsmi və beynəlxalq tədbirlərin keçirilməsinə təşkilatçılıq etmişdir. İsrail və Yaxın Şərq Araşdırmalar mərkəzi İsrailşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinin və məzunlarının İsrail höküməti tərəfindən təklif olunan müxtəlif proqramlarında iştirak etməsi üçün təşəbbüs göstərir.

İsrail dövlətinin keçmiş prezidenti Şimon Peres 2009-cu ildə Azərbaycanda rəsmi səfərdə olmuş, səfər çərçivəsində Azərbaycan Dillər Universitetinə gəlmiş, burada çalışan tələbə və müəllim heyəti ilə görüşmüşdür.

2012-ci ilin aprel ayında  Azərbaycan Respublikası və İsrail dövləti arasında diplomatik əlaqələrin 20 illiyi münasibəti ilə İsrailin Xarici İşlər naziri (hal hazırda Müdafiə naziri) Aviqdor Liberman Azərbaycanda rəsmi səfərdə olmuş, mərkəzin yenidən təmir edilməsindən sonra açılışında iştirak etmişdir. Xarici İşlər naziri 3 tələbənin İsraildə təhsil alması ilə bağlı göstəriş vermişdir.

İsrail mərkəzi həmçinin bir çox yəhudi professor və mütəxəssislərinin Azərbaycana gələrək azərbaycanlı tələbələrlə görüşməsinə və onlara müxtəlif mövzularda mühazirələr oxumasında təşəbbüs göstərmişdir.

Mərkəzdəki kitablardan istifadə qaydaları:

* 1 ədəd rəngli şəkil

* şəxsiyyəti təsdiq edən sənəd

Qeyd: Kitablar evə 20 gün müddətinə verilir.

 

Mərkəzinin baş mütəxəssisi:

Xudiyeva Emiliya Abdulla qızı

Tel: (+99412) 441-22-78 (daxili nömrə: 152)

E-mail: israelcenter403@gmail.com