ADU haqqında

İspan dili Mərkəzi

İspan dili Mərkəzi 7 may 2012-ci ildə Azərbaycan Dillər Universiteti (ADU) və İspaniyanın Türkiyədəki səfirliyinin təşəbbüsü ilə açılmışdır. Mərkəzin fəaliyyətinin əsas məqsədi İspan dili ixtisası üzrə təhsil alan tələbələrin ispan dili və mədəniyyətini öyrənməsi, onların elmi araşdırmalarına dəstək olmaq, tələbələri kitabxana, audio və video vəsaitlərlə təmin etmək, onların beynəlxalq aləmə çıxışına yardım etmək, İspaniya, ispandilli Latın Amerikası ölkələri və Azərbaycan arasındakı əlaqələrin inkişafında rol oynaya biləcək yüksək ixtisaslı kadrların yetişdirilməsinə yardımçı olmaqdır. İspan dili tərcüməçi ixtisası üzrə təhsil alan tələbələr ispan dilini öyrənməklə yanaşı, İspaniyanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə yaxından tanış olur. Bu istiqamətdə araşdırma aparmaq üçün mərkəzdə kifayət qədər mənbə vardır ki, tələbələr bu mənbələrdən istifadə edirlər. Mərkəzdə təxminən 690-a yaxın kitab resursuna malik, kifayət qədər dolğun məlumatı özündə cəmləyən ispan, Azərbaycan və rus dillərində kitab və jurnalları olan zəngin kitabxana fəaliyyət göstərir. Kitabxanada olan kitablar mədəniyyət, tarix, siyasət, ədəbiyyat, din və dil kateqoriyaları üzrə qruplaşdırılıb. Kitabxanadan istənilən şəxs qeydiyyatdan keçərək istifadə edə bilər.

Mərkəz özünün fəaliyyəti dövründə bir sıra tədbirlərin keçirilməsinə təşkilatçılıq etmişdir. Mütəmadi olaraq ispan dilli müəllim tərəfindən “Club de Conversación” (Danışıq klubu) təşkil olunur. Azərbaycanda ispandilli ölkələrin rəsmi nümayəndəlikləri, səfirliklər mütəmadi olaraq mərkəzdə keçirilən tədbirlərdə fəal iştirak edir, tələbə və müəllimlərlə sıx əməkdaşlıq edirlər.

 

İspan dili Mərkəzinin baş mütəxəssisi 
Mədətova Nərgiz Rövşən qızı
E-mail: centrodeespanolaul@gmail.com
Tel: (+99412) 564-22-47 (daxili 126)
Ünvan: Təbriz küç. 81, ADU-nun 3 saylı tədris binası, 3cü mərtəbə, 312 ci otaq
Facebook:  https://www.facebook.com/Centro-de-espa%C3%B1ol-AUL-1573433896049029/