ABOUT AUL

Corc K. Zipfin “Ən az səy” prinsipi və dildə tənəzzül tendensiyaları

Jalə Qəribova

Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru

 

Annotasiya

Təqdim edilən məqalədə linqvistik və ekstralinqvistik səbəblərdən qaynaqlanan dil problemlərinə ümumi baxış verilir. Linqvistik səbəblərdən qaynaqlanan dil problemləri içərisində dilin daxili inkişaf qanunauyğunluqlarına dayanan və Corc K.Zipfin “ən az səy” prinsipi ilə əlaqələndirilə bilən dilin tənəzzülü problemi xüsusi vurğulanır. Dil tənəzzülünün ümumi tendensiyaları təhlil edildikdən sonra bu meyllərin Azərbaycan dilinin müasir dövrdə istifadəsinin yer alması halları nəzərdən keçirilir. Xüsusilə gənclərin dil repertuarında yer alan ayrı-ayrı halların üzə çıxarılması bu tendensiyanın bir çox aspektlərinin Azərbaycan dilinin hazırkı durumunda mövcud olduğunu göstərir. Problemlər nəzərdən keçirildikdən sonra dil siyasəti baxımından müəyyən tövsiyələr verilir.

Giriş: Dil problemlərinin ümumi mənzərəsi

Dil problemlərinin mövcud olmadığı bir cəmiyyəti təsəvvür etmək çətindir. Hər bir dövlətdə ya obyektiv mövcud olan problemlərin aradan qaldırılmasına, ya da dövlətin ümumi siyasi kursu baxımından həlli vacib olan dil məsələlərinin çözülməsinə yönələn bir strategiya mövcuddur. Əksər dövlətlərdə hər iki kateqoriyadan olan problemlər paralel şəkildə mövcud olur. Obyektiv surətdə mövcud olan dil problemləri müxtəlif linqvistik və ekstralinqvistik məsələləri əhatə edir. Linqvistik problemlərə, məs., əlifba, yazı, terminologiya problemləri, funksional problemlər (rəsmi status verilmiş dilin müvafiq sahələrdə normal funksiyasını yerinə yetirmək üçün kifayət qədər zəngin olmaması) və s. daxildir. Ekstralinqvistik problemlər isə müxtəlif etnik qruplar arasında olan dil münaqişələri, dilin əhali tərəfindən mənimsənilməsini təmin edəcək resursların və infrastrukturun yetərli olmaması, təhsil dili ilə bağlı problemlər, milli azlıqların dil problemləri və s. məsələləri əhatə edir. Ümumiyyətlə, dil problemini mövcud dil situasiyasının cəmiyyətdə siyasi, ictimai və iqtisadi tarazlığı pozması, mövcud dil situasiyasında dilin ona həvalə olunmuş funksiyanı yerinə yetirə bilməməsi və dilin mövcudluğunu və inkişafını təmin edən şəraitin olmaması və ya deqradasiyası kimi qiymətləndirmək olar. Bu baxımdan dil problemlərinin bəziləri kəskin müdaxilə tələb edən problemlər olduğu halda, digərləri profilaktik tədbirlər görülməsi ehtiyacı doğuran problemlər kimi dəyərləndirilməlidir.

Bernard Spolski Almaniyada obyektiv surətdə mövcud olan bir dil probleminin fərdi səviyyədə mənfi təsirini açıqlayan belə bir hadisəni qeyd edir. Almaniyanın Hannover xəstəxanasının həkimləri 60 yaşlı türk qadına ürək transplantasiyası əməliyyatı aparmaqdan imtina etmişlər. Həkimlər bunun səbəbini həmin qadının kifayət qədər almanca bilməməsi və nəticədə həkimlərin əməliyyatsonrası göstərişlərinə düzgün əməl etməməsi ehtimalı ilə əlaqələndirmişlər. Çoxsaylı türk icmasınn yaşadığı Almaniyada bu, təbii ki, dil problemi kimi qəbul olunmuş və Hannover xəstəxanası gələcəkdə bu cür məsələlərin daha praktik həlli üçün addımlar atılmasına (məsələn, tərcüməçilərin işə cəlb edilməsi və s.) qərar vermişdir. (Spolsky 1).

Dövlətin siyasəti baxımından həlli vacib olan dil problemləri isə elə problemlərdir ki, onlar insanların cəmiyyət daxilində normal ünsiyyəti üçün əngəl törətmir, lakin dövlətin öz siyasətini daha effektiv aparmasını bu və ya digər dərəcədə əngəlləyir. Məsələn, son zamanlar Amerika Birləşmiş Ştatlarında ABŞ vətəndaşlarının xarici dilləri bilməməsi bir problem kimi meydana çıxmışdır. Bu, xüsusilə, ABŞ-ın son dövrlərdə Əfqanıstan və İraqla bağlı siyasətinin səmərəli şəkildə yerinə yetirilməsinə mane olan bir çox faktorların, məsələn müvafiq strukturlarda puştu və ya ərəb dilini bilən kifayət qədər kadrın olmaması və s. fonunda meydana çıxmışdır. ABŞ siyasətçiləri bunu son zamanlar hətta dövlətin təhlükəsizliyinə təsir edən mənfi faktor kimi dəyərləndirir və əcnəbi, xüsusilə də qeyri-populyar olan dillərin ABŞ vətəndaşları tərəfindən öyrənilməsinə xeyli vəsait ayırmağa başlamışlar.

Obyektiv surətdə mövcud olan dil problemləri demək olar ki, bütün ölkələr üçün səciyyəvidir – ən azı ona görə ki, monolinqvistik, yəni tək bir dilin istifadə edildiyi cəmiyyət, demək olar ki, mövcud deyil. Bir cəmiyyətdə birdən çox dilin istifadəsi və birdən çox dilin daşıyıcılarını təmsil edən dil qruplarının birgə yaşaması isə bu qruplar arasında bu və ya digər dərəcədə siyasi, iqtisadi və kulturoloji zəmində dil ziddiyyətinin meydana çıxmasına şərait yaradır.

Digər tərəfdən, əgər dil varsa, dil mövcuddursa, deməli onunla bağlı problemlər də təbii şəkildə mövcuddur. Uordhau dil siyasətini dilə və ya onun variantlarına, eləcə də dilin dəyişməsi, diffuziyası və eroziyası kimi təbii proseslərə insan müdaxiləsi kimi qiymətləndirir. (Wardhaugh 357). Deməli dilin təbii inkişafının özü də dil problemi kimi meydana çıxa bilər və müvafiq dil siyasəti yürüdülmədikdə dilin təbii inkişaf prosesi dilin son nəticədə məhvi ilə də nəticələnə bilər. Məsələn, Uordhau qeyd edir ki, yeni əsrdə dillərin itgisi 95%-ə çatmışdır və buna görə də Amerika Linqvistik Cəmiyyəti bu prosesin qarşısını almaq üçün Təhlükədə Olan Dillər və Onların Qorunması üzrə Komitə yaratmışdır. (Wardhaugh 379).

Dildə “Ən az səy” prinsipi ilə müşayiət olunan reqressiya meylləri

Qeyd etdiyimiz kimi, dil problemi təkcə siyasi münaqişələr, iqtisadi inhisarçılıq, hüquq pozuntusu və s. kimi meyllərlə müşayiət olunmayıb, sabit situasiyalar daxilində də dilin təbii inkişaf meyllərindən qaynaqlanaraq da yarana bilər. Bunlar əsasən dilin təbii inkişaf qanunauyğunlaqlarından və dilin adaptiv təbiətindən doğan dil problemləridir.

Dilin təbii inkişafında dil istifadəçilərinin “minimum səy” və ya “ən az səy” prinsipi əsas faktor kimi çıxış edir və bu, dilin adaptivliyinə gətirib çıxarır. Pareto qanunu və ya 80/20 prinsipi kimi tanınan “ən az səy prinsipinə” görə, heyvanlar, insanlar və hətta yüksək texnologiya əsasında quraşdırılmış robotlar müəyyən məqsədlərə çatmaq və ya tapşırığı yerinə yetirməkdən ötrü ən az səy sərf edirlər. Bu müddəanı sonradan daha da inkişaf etdirən Corc K. Zipf bu prinsipi dilin istifadəsinə tətbiq edərək, dildə ən böyük tezliklə (məsələn, 80%) istifadə edilən elementlərin dilin az bir hissəsini (məsələn, 20%) təşkil etdiyini göstərmişdir. (Cancho and Sole http://complex.upf.es/~ricard/LEASTPNAS.pdf). Zipf qanununa görə, dildə ən çox işlənmə tezliyinə malik element istifadə tezliyinə görə sırada özündən sonra gələn elementdən iki dəfə çox istifadə edilir. Bu fakt özü də, yalnız məhdud sayda dil elementinin ən çox istifadə tezliyinə malik olduğunu sübut edir. Zipf qanununun nəticələrindən biri də dildə yalnız az bir miqdarda sözün işlənmə tezliyinin yüksək olması, sözlərin əksəriyyətinin isə az işlənmə tezliyinə malik olmasıdır.

“Ən az səy” prinsipi və ya dilin adaptivliyi özünü universal dil tendensiyalarında da aydın göstərir. Məsələn, məlum Zipfin gəldiyi nəticələrdən biri ondan ibarətdir ki, ünsiyyət prosesində danışan və dinləyən anlama prosesinin reallaşması üçün lazım olduğundan artıq səy göstərmirlər. Məsələn, fonoloji səviyyədə bu özünü danışanın ən az səy göstərərək səsləri ixtisar etməsində, çətin tələffüz edilən səsləri daha asan tələffüz edilənlərlə əvəz etməsində, dinləyənin isə yenə ən az səy göstərərək tələffüzün aydın olmasını tələb etməsində göstərir. (Cancho and Sole http://complex.upf.es/~ricard/LEASTPNAS.pdf). Zipf qanunu daha mürəkkəb (yəni daha çox səy tələb edən) dil elementlərinin daha az tezliklə işlənməsi (məsələn, cingiltili samitlərin kar samitlərdən daha az işlənməsi və yaxud küylü samitlərin küysüz samitlərə nisbətən daha az rast gəlinməsi və s.) kimi faktlarda özünü doğruldur. Zipf göstərir ki, məsələn, bütün dillərdə sözlərin sonunda daha gərgin tələffüz edilən cingiltili samitlərin daha rahat tələffüz edilən kar samitlərlə əvəz olunması universal bir tendensiya kimi meydana çıxır və bunun əksinə demək olar ki, heç bir zaman rast gəlinmir. (Greenberg 14). Maraqlı cəhət ondan ibarətdir ki, bu universal tendensiya dilin bütün yaruslarında özünü doğruldur. Məsələn, qrammatikada qeyri-formal kontekstlərdə daha mürəkkəb elementin daha sadə elementi əvəz etməsi (tək halı vasitəsilə cəm halın ifadə edilməsi, köməkçi fellərin işlənməməsi və s.) bu tendensiyanı izah edir. Bunlar bütün dillərdə baş verən və əks istiqamətdə yer almayan universal tendensiyalardır. Labovun Nyu Yorkun satış mərkəzlərində apardığı eksperimenti də belə bir universal tendensiyanın mövcudluğunu sübut edir. Məsələn, ingilis dilində tələffüzü asan olmayan “r” səsinin yalnız xüsusi səy tələb edən tələffüz prosesində (yəni müstəsna olaraq anlama prosesinin təmin edilməsi məqsədi ilə və yaxud imtiyaz dərəcəsini vurğulamaq məqsədi ilə) istifadəsi dil prosesində sadələşdirmənin insan təbiətinə məxsus bir xüsusiyyət olduğunu göstərir. (Wardhaugh 164-170).

Nitqdə lüzumsuz təkrarlara yol verilməsi və tavtologiya da “ən az səy” tendensiyasının göstəricisidir. Belə ki, nitqdə təkrarlara yol verməmək üçün hər şeydən öncə zəngin söz ehtiyatına və abstrakt düşüncə tərzini əks etdirən qısa və lakonik nitq qabiliyyətinə malik olmaq lazımdır ki, bu da daha çox səy tələb edən daha mürəkkəb bir aktdır. Ünsiyyət üçün daha vacib olan sözləri ayırıb onlardan təkrar-təkrar istifadə edilməsi isə az səy tələb edən bir akt kimi insan təbiətinə daha çox xas olan cəhətdir.

Dildə “ən az səy prinsipi” buna görə də, təbii surətdə dilin lüğət tərkibinin kasadlaşması, onun strukturunun bəsitləşməsi, ifadə planının yeknəsəkləşməsi, dildə normaların qarışması və ya pozulması və s. ilə nəticələnə bilər. Bir cəhəti də qeyd etmək lazımdır ki, Zipfin təcrübəsi təbii surətdə yer alan nitq aktına, qeyri-formal ünsiyyət prosesinə şamil edilir. Buna görə də, normalaşdırılmamış və kodlaşdırılmamış dillərdə deqradasiya və ya aşınma prosesi daha sürətlə gedəcəkdir. Bu baxımdan, dilin təbii inkişafına müdaxilə edilməməsi dilin tədricən deqradasiyasına və bəzi hallarda hətta son nəticədə yox olmasına gətirib çıxara bilər. (Crystal 27-67).

“Ən az səy” prinsipi dilə münasibət və dil davranışında da özünü göstərir. Belə ki, diqlossiya (iki kodun (dilin və ya dialektin) cəmiyyətdə paralel lakin müxtəlif funksiyalarda istifadə edilməsi) şəraiti mövcud olduğu zaman insanlar, tələb olunmadığı hallarda, onlar üçün daha sadə və daha asan olan koddan istifadə edirlər. Məsələn, kod-dəyişməsi (eyni situasiya daxilində ədəbi dildən dialektə və ya formal danışıq tərzindən qeyri-formal danışıq tərzinə keçid) buna nümunə ola bilər. Deməli ədəbi standartın qorunub saxlanması üçün lazım olan şərait mövcud olmadıqda, “ən az səy” nəticəsində yaranan “aşağıçəkmə tendensiyası” ədəbi dil standartının (daha mürəkkəb olan standartın) getdikcə qeyri-standart variantlarla əvəz edilməsinə, qeyri-rəsmi standartın ədəbi dil standartına müdaxiləsinə və nəticədə ədəbi standartın aşınmasına və məhvinə gətirib çıxara bilər. Sovet dönəmindən sonra müstəqillik qazanmış dövlətlərdə senzura aradan qaldırıldıqdan sonra qeyri-rəsmi standartın KİV-ə yol tapması, yazı vərdişlərinin (orfoqrafik və məntiqi) aşınması, mətnlərin reproduksiyasında (məsələn, mahnıların ifası zamanı sözlü mətnin təhrif edilməsi) bu tendensiyanın mövcud olduğunu göstərir. Digər tərəfdən, inkişaf etmiş və dominant cəmiyyətlərdə monolinqvizmin daha da geniş yayılması və xarici dillərin öyrənilməsinə meylin yüksək olmaması da dilə münasibətin əksər hallarda “ən az səy” prinripinə əsaslandığını sübut edir.

“Ən az səy” nəticəsində dildə yaranan və ən aydın nəzərə çarpan problemlərdən biri yazı və orfoqrafiyanın qeyri-sabitliyidir. Orfoqrafiyanın sabitliyini tələb edən bir sıra faktorlar mövcuddur: avtomatlaşdırılmış axtarış sistemləri, siyahıların, biblioqrafik məlumatın və s. orfoqrafik qaydada tərtibatı, şəxsiyyəti tədriq edən sənədlərdə vahidlik prinsipi və s. Jernudd qeyd edir ki, “eyni bir sözün müxtəlif cür yazılması çapa qədərki dövrdə mümkün olsa da, bu gün demək olar ki, yolverilməzdir. Təhsil ocaqları və digər norma müəyyən edən təşkilatlar yazıda vahidliyin təmin edilməsi üçün xeyli vaxt və səy sərf edirlər. Digər tərəfdən, dildən istifadə edən ictimaiyyət də nəyin (hansı formanın – JQ) “düzgün” olduğunun təsbit edilməsini tələb edir”. (Jernudd 31).

Orfoqrafiyanın qeyri-sabitliyi özü-özlüyündə linqvistik problem olsa da, o həm linqvistik, həm də ekstralinqvistik səbəblərdən meydana gələ bilər. Orfoqrafik qeyri-sabitlik əslində “sabit orfoqrafiya situasiyasının pozulmasıdır”. Bu problemi həm linqvistik faktorlar, məsələn, orfoqrafiyanın dilin səs sisteminə uyğun olmaması, orfoqrafiyanın həddindən artıq qəliz və məntiqsiz olması və s., həm də ekstralinqvistik amillər, məs., orfoqrafiyanın siyasi cəhətdən motivləşməsi, yazı və əlifba normalarının dəyişməsi, kütləvi savadlanma kampaniyaları, qloballaşma və texnoloji inkişafın nəticəsi olaraq dildən avtomatlaşdırılmış sistemlər vasitəsilə istifadənin genişlənməsi, cəmiyyətdə plüralistik meyllərin artması, şou xarakterli KİV məhsullarının normalara riayət etməməsi və ya etmək iqtidarında olmaması, yazılı dilin mərkəzləşmiş (və ya senzuralı) təhsil, elm və KİV sistemindən kənarda sürətlə inkişaf etməsi, yazılı dilin istifadə sahələrinin genişlənməsi və bu zaman normalara riayət olunmasına nəzarətin çətinləşməsi misal ola bilər.

Bu faktorlar orfoqrafiyanın qeyri-sabitliyinə gətirib çıxaran, daha doğrusu, “sabit orfoqrafiya situasiyasını pozan” meyllərə, məsələn, cəmiyyətdə yazıya liberal münasibətin artması, siyasi görüşlərə əsaslanan müxtəlif orfoqrafiya modellərinin istifadəsi və s. kimi hallara yol açır. Bu meyllərin əksəriyyəti isə “ən az səy” prinsipindən də qaynaqlanır*.

“Ən az səy” prinsipi və Azərbaycan dilinin istifadəsi problemləri

Dilin “ən az səy” prinsipinin nəticəsi olaraq tənəzzülə meyl etməsi dil istifadəçilərinin dil repertuarının məhdudlaşmasından və onların dilə münasibətindən başlaya bilər. Bu məsələlərin işığında Azərbaycan dilinin funksiyaları yerinə yetirirdi. Deməli, post-Sovet dövründə dövlət dilinin funksiyalarının genişləndirilməsi və dil istifadəçilərinin dil vərdişlərinin artırılması/təkmilləşdirilməsi üçün daha güclü zəmin mövcud idi.

Təbii ki, yürüdülən siyasət və görülən tədbirlər dil istifadəçilərinin sayını artırdı və insanların dilə münasibətini və dil davranışını dəyişdirdi. Lakin müşahidə edilən faktlardan biri Sovet dövrü ilə müqayisədə Azərbaycan dilindən istifadənin keyfiyyətcə aşağı düşməsidir. Bu, xüsusilə gənc nəslin dil repertuarında özünü göstərir. Empirik müşahidələr Azərbaycan dilinin gənclər tərəfindən mənimsənilməsi prosesinin də “ən az səy” prinsipinə əsaslandığını göstərir (Yeri gəlmişkən hətta doğma dilin belə “ən az səy” prinsipi əsasında mənimsənilməsi və ya istifadəsi təkcə Azərbaycana aid deyil. Hətta inkişaf etmiş cəmiyyətlərdə belə, insanların dilə münasibəti “yalnız onlara lazım olanı öyrənmək və/və ya istifadə etmək” prinsipinə söykənr. Lakin bu, əsasən qeyri-akademik və qeyri-elmi sahələrdə və ortamlarda rast gəlinir. Bizim müşahidələrimiz isə Azərbaycan dilinin universitet heyəti və tələbələri arasında istifadəsinə əsaslanmışdır). Bütün bunlar üçün təəssüf ki, hələlik müəyyən şərait mövcuddur. Müəyyən hallar istisna olmaqla, Azərbaycan dili dərsləri istər orta məktəbdə, istərsə də universitetlərdə metodika baxımından müasir tələblərə cavab vermir. Hətta əcnəbilər üçün tərtib edilmiş Azərbaycan dili dərsliklərini təhlil edərkən, onların əksəriyyətinin praktik vərdişlərin öyrədilməsi üzərində deyil, nəzəriyyə və ya diskurs üzərində qurulduğunu müşahidə edirik. Azərbaycan dili dərslərində tələbələrə effektiv dil vərdişlərindən daha çox Azərbaycan ədəbiyyatı və tarixi ilə bağlı məlumat öyrədilir. Azərbaycanca həm dil, həm də başqa fənlər üzrə dərsliklərin keyfiyyəti daha aşağıdır. Bundan başqa, tərcümə edilmiş dərsliklərdə tez-tez səhvlərə rast gəlinir. Azərbaycan dilində yazılmış elmi ədəbiyyat və ya tərcümə edilmiş elmi kitablar hətta Azərbaycan bölməsinin tələbələri tərəfindən demək olar ki, anlaşılmır. Bu, xüsusilə, müstəqillikdən sonra yazılmış dərslik və kitablara aiddir. Bu kitablar nəşr edilənədək onların ciddi redaksiyadan və ya elmi senzuradan keçməsi bu məsələnin həllini asanlaşdıra bilər. Universitetlərə qəbul testlərinin dil vərdişlərindən daha çox dil nəzəriyyəsi üzərində qurulması və bunun da gənclərin dil öyrənməsi prosesini bəlli bir istiqamətə yönəltməsi də tələbələrin dil vərdişlərinin aşınmasına səbəb olur. Bundan başqa, effektiv dil vərdişlərinin qazanılması kompleks məsələdir. Effektiv dil vərdişləri, yaxud dil kompetensiyası, güclü məntiqin, analitik təhlil qabiliyyətinin, geniş dünyagörüşünün, müəyyən fon biliyinin, hətta yüksək mədəniyyətin və etik normaların göstəricisidir. Oxuyub düzgün anlama, səlis və məntiqi yazılı və ya şifahi nitq, zəngin söz ehtiyatı, ünsiyyət qabiliyyəti məhz bu ilkin şərtlərlə bağlıdır. Məsələn, sərbəst fikir ifadə etmə bacarığı analitik təfəkkürün birbaşa göstəricisidir. Ona görə də, effektiv dil vərdişlərinin öyrədilməsi təkcə dil dərsləri vasitəsilə reallaşmır və buna kompleks şəkildə yanaşılmalıdır. Bu baxımdan, orta və ali məktəblərdə tədris edilən fənlərin təlim nəticələri şagird və tələbələri “imtahan suallarına və ya testlərə hazırlaşdırmaq” deyil, daha çox onlarda analitik təfəkkürün və dünyagörüşünün inkişaf etdirilməsinə yönəlməlidir.

Hazırda gənclərin Azərbaycan dili potensialı ilə bağlı əksəriyyəti dildə “ən az səy” prinsipindən qaynaqlanan aşağıdakı problemlər çox qabarıq şəkildə üzə çıxır:

Azərbaycan bölməsində təhsil almalarına baxmayaraq, tələbələrin əksəriyyəti ədəbi və elmi janrda rast gəldikləri bir çox sözləri və terminləri anlamaqda çətinlik çəkirlər. Bu o deməkdir ki, tələbələr Azərbaycan dilinin leksik fondunun yalnız az bir hissəsini aktiv şəkildə istifadə edirlər. Mütaliə, araşdırma və s. hesabına aktivləşəcək digər hissə isə istifadə edilmir və ya getdikcə passivləşir. Tələbələrin Azərbaycan ədəbiyyatını mütaliə etməmələrinin səbəbi ya bu mütaliənin fənn proqramları çərçivəsində tələb edilməməsi, ya onun mövcud olmaması, ya da, qeyd etdiyimiz kimi, aşağı keyfiyyətli olmasıdır. Bunun nəticəsində, “minimum səy” prinsipi lüğətin daha az işlənmə tezliyinə malik xeyli hissəsinin tələbələrin dil repertuarına ümumiyyətlə daxil olmamasına səbəb olur.

Tələbələr fikirlərini ana dilində sərbəst şəkildə ifadə edə bilmirlər. Əksər hallarda “nə demək istədiklərini bilib və ya başa düşüb deyə bilmədiklərini” qeyd edirlər. Bu onu göstərir ki, analitik təfəkkürün inkişaf etdirilməsi və nəticədə aktiv ünsiyyət üçün şərait yoxdur və ya aktiv ünsiyyət yalnız məhdud mövzularda aparılır və buna görə də yalnız məhdud leksik bazanı əhatə edir. Bu problem özü yuxarıda göstərilən problemdən qaynaqlanır.

Tələbələrin Azərbaycan dilində yazı vərdişləri aşağı səviyyədədir. Yazılarda istər orfoqrafik, istərsə də üslubi səhvlərə, eləcə də məntiqi ardıcıllığın pozulmasına rast gəlinir. Sovet dövründə dil tədrisinin metodikasında oxu, nitq, eşidib-anlama dil təliminin məqsədləri idisə, yazı yalnız bu məqsədlərə çatmaq üçün vasitə kimi müəyyən edilmişdi. Müasir dil təlimi metodikasında isə yazı dil təlimi məqsədlərindən biridir. Lakin buna baxmayaraq, Sovet dövrünə nisbətən, müasir dövrdə yazı vərdişlərinin keyfiyyətcə çox aşağı düşməsini müşahidə edirik. Universitetlərə qəbul imtahanlarına yazı tapşırıqlarının əlavə edilməsi gənclərdə yazı qabiliyyətinin inkişafına təkan verə bilər. Bundan başqa, universitet imtahalarında tələb edilən yazı tapşırıqları əksər hallarda təsviri xarakter daşıyır. Tələbələri daha çox analitik yazı vərdişlərinə alışdırmaq lazımdır və imtahan zamanı verilən yazı tapşırıqları da bu keyfiyyətin qiymətləndirilməsi üzərində qurulmalıdır. Bunun üçün, ümumiyyətlə, tələbə biliyinin qiymətləndirilməsinin kriteriyalarına yenidən baxılmalıdır.

Tələbələr çox zaman sözləri yerində işlətmirlər. Bu bəzən tələbənin sözü və ya ifadəni düzgün anlamamasından irəli gəlir. Bəzən isə bu, “ən az səy” prinsipinə uyğun olaraq, sözün və ya ifadənin yaratdığı pafosa aludə olaraq onun mənasının situasiyaya və ya kontekstə uyğun olub-olmamasına lazımi diqqət yetirilməməsindən irəli gəlir. Bu, çox zaman, təntənəli tədbirlərdə, rəsmi mərasimlərdə və s. gənclərin zəngin və dolğun dil praktikası nümayiş etdirmək istədikləri zaman ortaya çıxır. Məsələn, “X-i çıxış üçün dəvət etmək istərdik” ifadəsi əvəzinə “X-in çıxış etmək şansını dəyərləndirmək istərdik” kimi ifadələr tədbirləri idarə edən gənclər tərəfindən tez-tez istifadə edilir. Buna səbəb həm qeyd etdiyimiz kimi, Azərbaycan dili dərslərinin praktik vərdişlərdən daha çox emosional diskurs üzərində qurulması, həm də gənclərin dil repertuarının çox zaman dil normalarının pozulduğu müəyyən KİV-nin təsiri altında formalaşmasıdır. Bu faktın qaynaqlandığı digər bir mənbə orta məktəb üçün ədəbiyyat və tarix dərslərinə xüsusilə son illərdə daxil edilən emosional və pafoslu mətnlərdir. Bu cür mətnlər şagirdlərdə patriotik hisslərin aşılanması baxımından faydalı olsa da, onların həddindən artıq istifadə edilməsi şagirdlərin analitik təfəkkürünün inkişafına mənfi təsir edir və nəticədə onların dildən düzgün və məntiqi şəkildə istifadə qabiliyyəti zəifləyir.

Tələbələrin suala verdikləri cavab çox zaman verilən sualın cavabı olmur. Digər tərəfdən, tələbələrin monoloq nitqlərində də da çox zaman məntiqi ardıcıllıq gözlənilmir. Burada da “ən az səy” prinsipi düşünülmədən, artıq səy sərf etmədən, cavab xatirinə cavab verməkdə və ya demək xatirinə deməkdə özünü göstərir.

Azərbaycan dilində tələbələr arasında nitq mədəniyəti və etiket qaydalarına (təşəkkür etmə, yerində üzr istəmə və s.) bəzi hallarda əməl edilmir və bu da azərbaycandilli insanların ünsiyyət mədəniyyəti haqqında çox zaman yanlış təsəvvürlər yaradır. Azərbaycan dili dərslərində nitq mədəniyyəti səviyyəsinin artırılmasına yönəlmiş praktik vərdişlərin aşılanması bu baxımdan faydalı ola bilər.

Tənəzzül meyllərinin “profilaktikası”

Dillərin normalaşması və dilin istifadəsinin tənzimlənməsi dili müəyyən qədər “ən az səy” prinsipindən kənarlaşdırır. “Ən az səy” prinsipi dilin mahiyyəti ilə deyil, dil istifadəçisinin, yəni insanın təbiəti ilə bağlı olduğuna görə, bu prinsip insana xas olan başqa bir xüsusiyyətin meydana çıxardığı digər prinsip – tələb edilənin seçilməsi prinsipi tərəfindən üstələnə bilər. Sovet dövrünün dil siyasətində bunu sübut edən nümunələr çoxdur. Sovet dövründə dil siyasəti və dil quruculuğu xüsusi önəm verilən sahələrdən idi. Dil siyasətinin əsas istiqaməti isə ədəbi dil standartlarının yaranması və yayılması (savadlanma kampaniyaları vasitəsilə və s.) idi. Sovet dil siyasətinin əsas diqqət mərkəzlərindən biri də ideologiyanın yayılması üçün xüsusi diskurs mexanizmindən istifadə edilməsi idi. Bu diskurs xüsusi bir dil səviyyəsinin olmasını tələb edirdi. Atributlarla dolu olan, mürəkkəb, konkretlikdən uzaq, qəliz bir nitq və ünsiyyət modelləri demək olar ki, gündəlik həyata da daxil olmuşdu. Sadə dildə yox, mücərrəd və mürəkkəb bir dildə danışmaq xüsusi bir önəm kəsb edirdi. Bunun nəticəsində diqlossik situasiya aradan qalxmışdır, daha doğrusu ədəbi dil standartının kütləvi şəkildə yayılması nəticəsində insanlara daha yaxın olan və onların daha asanlıqla istifadə edə biləcəkləri regional və sosial dialektlər sıxışdırılıb çıxarılmışdı. Bunun müsbət və ya mənfi hal olması mübahisəli görünə bilər. Burada diqqət verdiyimiz əsas məsələ, rus dilinin dominant mövqeyinə baxmayaraq, Sovet dövründə dillərin normalaşdırılmasına və istifadəsinin tənzimlənməsinə istiqamətlənmiş siyasət nəticəsində ədəbi dillərin formalaşması (məsələn, qırğız və özbək dilləri) və ya qorunub saxlanmasıdır.

Dil siyasəti tədqiqatçıları arasında standartlaşmaya və normalaşmaya qarşı bir müqavimət meyli mövcuddur. Bu yanaşma hər hansı standart dilin mövcudluğunu qəbul etmir, beləliklə müxtəlif kodların status bərabərliyini və bununla da həmin kodların daşıyıcılarının hüquq bərabərliyini müdafiə etdiyini irəli sürür.

Shohamy qeyd edir ki, qarışıq dillər, kod keçidi, janr dəyişməsi və s. təbii hallar olsa da, akademik aləmdə bu kimi modellər aşağılanır, onlara yarımçıq bir fenomen kimi baxırlar. (Shohamy 14). Amma tədqiqatçılar bəzən unudurlar ki, məhz normalaşma daxilində (alınma sözlərin təsbit edilməsi və s.) bu rəngarənglik qorunub saxlanır.

Əslində norma olmasa yazılı ünsiyyət demək olar ki, mümkün olmur və bu da dilin məhvinə aparıb çıxara bilər. Ölüb getməkdə olan dillərin qorunması üçün alimlər həmin dillərin yazı standartlarının müəyyən edilməsini tələb edirlər.

“Ən az səy” prinsipinin təbii şəkildə mövcudluğu aktiv istifadədə olan dilin də daimi olaraq təkmilləşdirilməsinə və müasirləşdirilməsinə ehtiyac yaranır.

Bu baxımdan, dildə normalaşmanın əleyhinə olan və ya belə desək, dil demokratiyasını müdafiə edən fikirlərə qarşı aşağıdakı müddəaları da irəli sürmək olar:

Hər hansı dilin sıxışdırılması üçün onun qeyri-dominant mövqedə olması mütləq deyil. Hər hansı rəsmi statusa malik olan dil müəyyən situasiyalarda rəsmi statusu olmayan və yalnız sosial prestiji və iqtisadi gücü olan bir dil tərəfindən də sıxışdırıla bilər. Məsələn, bu gün ingilis dili dünya dillərinin əksəriyyətini belə bir vəziyyətə salmışdır. Dillər arasında tam bərabərlik yalnız utopik dünyada mümkündür.

Dillər müəyyən bir funksiya daşıyır. İlk növbədə dilin kommunikasiya və informasiya daşıma funksiyaları mövcuddur. Dil bu funksiyaları yerinə yetirmək üçün müəyyən qəlibə, standarta salınmalıdır. Kitab çapı və kompüter texnologiyalarının inkişafı isə bunu daha zəruri edir.

Dillərin sıxışdırılmasına, dil keçidinə, dillərin ölümünə və s. kimi mənfi nəticələrə gətirib çıxaran çox zaman dil siyasəti deyil, digər sahələrdə aparılan siyasətdir. Hətta bəzən hər hansı dil icması, qrup və s. ilə bağlı müsbət siyasət, (tutaq ki, həmin bölgədə insanlara sosial və ya iqtisadi insentivlərin təklif edilməsi, turizmin inkişafı və s.) həmin icmanın və ya qrupun dilinin inkişafına mənfi təsir edə bilər. Belə ki, iqtisadi və sosial imtiyazlar xüsusilə gəncləri öz dillərini qorumaqdan daha çox dominant dilləri öyrənməyə sövq edəcəkdir. Buna görə də, dil siyasətindən imtina etmək əvəzinə, onu daha davamlı, daha kompleks və daha mərhələli bir proses olaraq düşünmək və tətbiq etmək lazımdır.

Heç bir normalaşma dil tərəfindən olduğu kimi qəbul edilmir. Çünki dil özünü tənzimləyən və artıq müdaxiləyə müqavimət göstərə bilən bir obyektdir. Dildə təbii olan heç də mütləq şəkildə normaya tabe olmur və bəzən normanı aşır. Uilyam Fierman qeyd edir ki, post-Sovet türk respublikalarında de-rusifikasiya prosesi nəticəsində dildən çıxarılmış rus sözlərini əvəz edən bəzi milli elementlər dildə bir müddətdən sonra istifadədən çıxmış və onların əvəz etdikləri rus sözləri yenidən dilə qaytarılmışdır (Fierman 1223). Buna görə də, normalaşma, kodifikasiya və standartlaşma doqma deyil, yalnız müvəqqəti bir tənzimləmədir. Digər tərəfdən, dil daşıyıcılarının dil seçimi sərbəstdir və bunu tam şəkildə idarə etmək onsuz da mümkün deyildir.

Dildə standartlaşma və normalaşma digər sahələrdə mövcud olan kodlaşma, standartlaşma, normalaşma və s. kimi normal bir prosesdir. Əgər biz bu gün şirkətlərin tətbiq etdikləri geyim kodeksini, diplomatik ortamlarda olan etiketi və protokolu və s. məsələləri qəbul ediriksə, dildə olan normalaşmanı da qəbul edə bilərik.

Dil siyasətinin və dildə olan standartlaşmanın təbii ki, sosial ədalətsizlik doğura bilmə kimi potensial xüsusiyyəti vardır. Lakin bu kimi halların həlli yollarının tapılması mütləq dil standartından imtina edilməsi demək deyildir. Dərk etmək lazımdır ki, standart insanların gündəlik, qeyri-formal, qeyri-rəsmi ortamlarda dil və ya kod seçimini tənzimləmək üçün yox, ünsiyyəti və informasiya daşınmasını təmin edən müəyyən bir dil ümumiliyini əldə etmək və xaotikliyin qarşısını almaq üçün lazımdır.

Dil fərdi, daim təkmilləşən və dəyişən, sərbəst və çevik bir fenomen olmaqla yaradıcılığın nəticəsi kimi qiymətləndirilə bilər. Belə olduqda dilə estetik yanaşma və onu estetik meyarlar tətbiq etməklə qiymətləndirmə də normal qəbul edilə bilər. Doğrudur, dildə hansı formanın estetik, hansının isə qeyri-estetik olması sual doğura bilər və dil formalarına subyektiv münasibətdən qaynaqlana bilər. Lakin bu “vulqar sosializm” baxımından deyil, daha real yanaşsaq, dilin hər hansı bir situasiyada və ya kontekst daxilində istifadəsinin mütləq müəyyən assosiasiyalar doğurması şübhəsizdir. Nə qədər ki, ətraf gerçəklikdə estetik olan və olmayan (hamı tərəfindən eyni qəbul edilməsə belə) mövcuddur və nə qədər ki, dil bunlarla assosiasiyalar yaratmaq qabiliyyətinə malikdir, dilin də estetikliyindən danışmaq mümkün olacaqdır. Ümumilikdə yaxşı və ya pis, zəngin və ya kasıb, gözəl və ya eybəcər dil ifadəsi işlənməsə də, dili gözəl, hamar, axıcı, zəngin və s. əsər deyə ya kasıb, gözəl və ya eybəcər olan əsər ifadəsini işlədə bilərik. Ona görə ki, dil, ümumilikdə, obyektiv halda, situasiyadan kənar olaraq keyfiyyət nümayiş etdirmir. O yalnız konkret situasiyalarda və kontekstlər daxilində lokallaşarkən keyfiyyətin daşıyıcısı olur. Məsələn, dilin ümumi korpusuna daxil olan vulqar sözlər yalnız nitqdə reallaşarkən neqativ markalanır, dilin korpusunun bir hissəsi kimi isə normal qarşılanır. Yaxud, bir nitq konteksti daxilində müsbət markalanan bir element fərqli bir kontekstdə mənfi markalana bilər. Dildə estetikliyin qorunması baxımından normalaşma bu və təbii ki, bundan başqa da mövcud olan dil istifadəsi məsələləri baxımından vacibdir. Məsələn, tabuların evfemizmlərlə əvəz olunması belə normalaşmaya nümunə ola bilər.

Hətta dil standartları özləri belə, texnologiyanın inkişafı, ünsiyyət və informasiya daşıyıcılarının daha çevik olması və s. səbəbi ilə çevikləşir və xüsusilə son dövrlərdə sabitliyini itirir. Belə olduğu halda, standartın mövcudluğuna təhlükə kimi baxılması o qədər də düzgün deyil.

Dilin normalaşdırılması dilin qorunmasın üçün vacibdir. Çoxsaylı nümunələr məhz yazı normaları olmayan dillərin məhv olduğunu sübut edir. Latın dilinin bu gün tam olaraq məhv olmamasına məhz onun yazılı standartının mövcud olması səbəb olmuşdur.

Dil tamamilə eyni olan iki insanın mövcud olmasının qeyri-mümkünlüyünü sübut edın fenomendir (Shohamy 6). Deməli, dil əslində eynilik deyil, fərq üzərində qurula bilən obyektdir və hər hansı bir standartlaşma və ya normalaşma da yalnız abstrakt şəkildə mövcud olacaq və ayrı-ayrı fərdlərin nitq repertuarı səviyyəsində fərqliliyin qarşısını ala bilməyəcəkdir.

Belə bir fikir də mövcuddur ki, dillərin qarışması və ya bir-birinin sərhəddini aşması heç də hər hansı dilin məhv olması təhlükəsini yaratmır. (Shoamy 20). Buna görə də, insanlara dildən harada necə istifadə edilməsini tənzimləyən qaydalar və ya qadağalar tətbiq edilməli deyil. Belə ki, “bir-birinə mane olmadan və təhlükə yaratmadan yanaşı şəkildə birgə yaşaya bilərlər.” (Shohamy 20). Lakin dillərin bir-birinə mane olmayaraq yaşaması üçün təbii ki, onların normalaşdırılması, yazıya alınması və s. vacibdir. Əks halda daha güclü olan dil daha zəif bazaya malik olan dili sıxışdırıb çıxaracaqdır.

Nəticə

Dilin “ən az səy” tendensiyası nəticəsində deqradasiyasının qarşısının alınması üçün effektiv dil siyasətinin yürüdülməsi və dilin həm korpusuna, həm də istifadəsinə “profilaktika məqsədləri ilə müdaxilə” çox vacibdir. Bu baxımdan, aktiv istifadədə olan dilin də daimi olaraq təkmilləşdirilməsinə və müasirləşdirilməsinə ehtiyac vardır. B.Yernudd qeyd edir ki, dilin istifadəsi dil  sisteminin fərdlər arasında ünsiyyəti mümkün etmək və asanlaşdırmaq məqsədi ilə davamlı olaraq yeniləşməsi və yenidən təsdiqlənməsi ilə səciyyələnir. (Jernudd 28). Bu baxımdan dil siyasətinin hər üç aspektinin (dil statusunun müəyyən edilməsi, dil korpusunun inkişaf etidirilməsi, dilin mənimsədilməsinin təmin edilməsi) bərabər əhəmiyyət kəsb etdiyini diqqət mərkəzində saxlamaq lazımdır. (Hornberger 29). Dilin statusunun genişləndirilməsi yönündə atılan hər bir addım mütləq şəkildə praktik tədbirlərlə davam etdirilməlidir. Daha doğrusu, dilin korpusunun yeniləşməsinə, müasirləşməsinə və inkişafına və dilin istifadəsini reallaşdıracaq infrastrukturun və resurs mənbəyinin yaradılmasına yönəlmiş siyasət dilin statusunun gücləndirilməsinə yönələn siyasətdən geri qalmamalıdır. Əks təqdirdə, dilin real deyil, nominal status qazanmaq və ətrafına kifayət qədər dil daşıyıcısı toplaya bilməmək təhlükəsi meydana çıxır.

Hazırkı məqalədə irəli sürülən problemin illüstrativ şəkildə təqdim edilməsi üçün topladığımız nümunələr məhdud, lakin ümumiləşdirməyə imkan verən empirik faktlara əsaslanır. Bu məqalə bu mövzunun ilk təqdimatıdır. Bu sahədə daha müfəssəl mülahizələrin irəli sürülməsi və daha çox praktik nəticələrin əldə edilməsi üçün isə daha geniş tədqiqata ehtiyac vardır.

İstifadə edilmiş ədəbiyyat:

Ağamusa Axundov. Heydər Əliyevin Dil Doktrinasında Dil və Dövlət Problemi. Dirçəliş. 21-ci Əsr. 62. 46-56
David Crystal. Language Death. Cambridge University Cambridge. 2000.
Ramon Ferre i Cancho and Ricard V. Sole. Least Effort and the Origins of Scaking in Human Language. PNAS. Volume 100. No 3. Fevral 2004. s. 791 (http://complex.upf.es/~ricard/LEASTPNAS.pdf).
William Fierman. Identity, Symbolism, and the Politics of Language in Central Asia. In Europe-Asia Studies. Vol. 61, No.7. September 2009, ss. 1207-1228.
Joseph Greenberg Language Universals. Mouton & Co. The Hague. 1966.
Nancy H. Hornberger. Framework and Models in Language Policy and Planning. In: An Introduction to Language Policy. Theory and Method (Thomas Ricento ed.). Blackwell Publishing. Oxford. 2006. ss. 24-42.
Elaine Shohamy. Language Policy: Hidden agendas and new approaches. Routledge. London. 2006.
Jernudd. Lectures on Language Problems. Bahri Publications. 1990.
Bernard Spolsky. Language Policy. Key Topics in Sociolinguistics. Cambridge University Cambridge. 2004.
Ronald Wardhaugh. An Introduction to Sociolinguistics. Blackwell Publishing. Oxford 2006.

Resume

This article presents an overview of language problems caused by both linguistic and extralinguistic factors. Among problems caused by linguistic factors a special focus is placed on the language regression problem conditioned by natural language development tendencies, which also relates to George K. Zipf’s “least effort principle”. After having discussed the main tendencies of language regression, we offer a look at the examples, which illustrate the occurrence of this tendency in Azerbaijani. The samples drawn from the language repertoire of the youth show several aspects of the regression tendency existing in the contemporary usage of the Azerbaijani language. Certain recommendations from the language planning perspective are also offered in the present article.

Аннотация

Настоящая статья представляет обзор языковых проблем, истекающих из лингвистических и экстра-лингвистических факторов. Среди языковых проблем особое внимание уделяется проблеме языковой регрессии, возникающим на фоне естественных тенденций развития языка, которые также связаны с принципом наименьшего усилия Джорджа К. Зипфа. Рассмотрение данной проблемы связывается с примерами из азербайджанского языка, в особенности из репертуара молодежи, где проявляются отдельные аспекты тенденции языковой регрессии. Даются определенные рекомендации в свете языковой политики для профилактики указанной тенденции.

____________________________

*Əslində bu meyllərin nəticəsində orfoqrafiyada yaranan dəyişmələrə dil normalarının dəyişməsi və ya dilə yeni normaların gətirilməsi prosesi kimi də baxmaq olar. Lakin problem bu yeni normaların təsbit olunmamasında və onların daha əvvəlki normalarla paralel istifadə edilərək istifadəçilərdə çaşqınlıq yaratmasındadır. Yeri gəmişkən, müasir türk dilində bu problem hazırda yaşanmaqdadır. Bəzi qrammatik formaların iki yazılış tərzi (məsələn, gittiğin və gittiyin) dil istifadəçiləri üçün təbii ki, müəyyən problemlər yaradır. Bu zaman həm də dil normalarının sistemləşdirilməsi və dilin xüsusilə elektron sistemlər (məsələn, axtarış sistemləri və s.) çərçivəsində istifadəsi çətinləşir.