JOZEF ARTUR DE QOBİNO VƏ ONUN «ŞAMAXI RƏQQASƏSİ» ƏSƏRİ
Əsgər ZEYNALOV,
filologiya elmləri doktoru, professor
AXTARIŞLAR, TAPINTILAR
JOZEF ARTUR DE QOBİNO VƏ ONUN «ŞAMAXI RƏQQASƏSİ» ƏSƏRİ
Artıq üçüncü ildir ki, Azərbaycanın fransız dili müəllimlər assosiasiyasının xətti və Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə respublikamızın ali və orta məktəb fransız dili müəllimlərinin bir qrupu Fransanın müxtəlif şəhərlərində təkmilləşmədə olurlar. Bu il həmin kurslar Fransanın Qrönobl şəhərində keçirildi. Öncə onu diqqətə çatdırmaq lazım gəlir ki, ümumiyyətlə, 2007-ci ildən bəri Fransada təkmilləşmə kurslarında olduğumuz illər bir neçə cəhəti ilə yadda qalmış, unudulmaz izlər buraxmışdı: oradakı möhtəşəm zallarda çıxışlarla, haqqımızda dərc olunan məqalələrlə, müxtəlif elm adamları, dövlət işçiləri, ziyalılarla olan görüşlərlə, ən azı bu illərin hamısında Fransada təkmilləşmədə qazandığımız sertifikatlarla… Eyni zamanda Fransadan bir günlük Almaniyaya, İsveçrəyə, İtaliyaya səfərlərlə. Nəhayət İspaniya…
Qrönoblda təxminən iki həftəlik təkmilləşmədə olarkən qaldığımız yataqxana təhsil mərkəzindən bir qədər aralı idi. Universitetə məxsus beş binadan ibarət yataqxananı demək olar ki, ağbənizli əlcəzairlilər idarə edirdi. Ağbənizli əlcəzairlilər ona görə deyirəm ki, adətən biz afrikalıları həmişə qara görməyə öyrəşmişik. Bunlar isə Qafqaz adamına daha çox oxşayırdılar. Bir gün, daha doğrusu, iyul ayının 11-də yataqxanaların əsas əməkdaşlarından – idarə edənlərdən birisi ilə söhbət edəsi olduq. Söhbət zamanı mən də müsəlman olduğumu, fransız ədəbiyyatından Volter və Hüqo yaradıcılığından kitablar yazdığımı bildirdim. Söhbət əsnasında dedim ki, Hüqo Məhəmməd peyğəmbərə şeirlər həsr edib. Onun 156 misradan ibarət «Hicrinin doqquzuncu ili» poemasını Azərbaycan dilinə çevirdiyimi bildirəndə o dedi ki, əgər yanınızda varsa onun surətini çıxarmaq istəyirəm. «Hüqo» kitabımı apardım, onun orijinal hissəsinin surətini çıxardım. Hakim adlanan, təxminən 30- 32 yaşında bu oğlan mənə dedi ki, bizim burada zəngin kitabxanamız var, oradan istifadə edə bilərsiniz. Birlikdə kitabxanaya getdik. Burada fransız yazıçılarının, dünyanın müxtəlif ölkələrinin ədiblərinin əsərləri rəflərə yerləşdirilmişdi. Birdən Hakim rəflərin birinin lap yuxarısından bir kitab götürüb – «Burada da yaxşı kitablar var», dedi. Mən kitabı alıb onun mündəricatına baxdım.
1967-ci ildə Cenevrənin Kremiy nəşriyyatında nəşr olunmuş bu kitab «Ən yaxşı nağıl və novellalar» adlanırdı. Bu həmin silsilədən olan kitabın ikinci cildi idi. Mündəricatdan bəlli olurdu ki, kitabda «Şər çiçəkləri» kitabının müəllifi, tanınmış fransız şairi Şarl Bodlerin tərcümələri, Atuan dö Qollanm ərəb dilindən tərcümə etdiyi «Min bir gecə» nağıllarından «Əlibala» nağılı öz əksini tapmışdı. Ancaq bu kitabda diqqətimizi bir başlıq özünə çəkdi: «Şamaxı rəqqasəsi». Mən öz-özümə düşündüm: «Yəqin ki, bu bizim Şamaxıdır, başqa Şamaxı adına təsadüf etməmişəm». Mən qeydiyyatdan keçirib, kitabı bir neçə günlüyə özümlə götürdüm. Əsəri oradaca oxuyaraq qeydlərimi etməyə başladım.
Bəli, öncə onu vurğulayım ki, əsərdəki hadisələr Azərbaycanda – Bakı və Şamaxıda baş verir. Düz 80 səhifədən ibarət «Şamaxı rəqqasəsi» əsərinin müəllifi Josef Artur dö Qobinodur. Qobino kimdir? Onun haqqında bir az ətraflı məlumat vermək lazım gəlir. Aparılan tədqiqatlardan və əldə edilən məlumatlardan sonra bəlli oldu ki, Josef Artur dö Qobino XIX əsr fransız ədəbi, elmi, ictimai, hətta siyasi həyatında özünəməxsus rolu olmuş bir şəxsiyyətdir. O, həm yazıçı, həm şair, dramaturq, həm də siyasi xadimdir. Bu maraqlı şəxsiyyət haqqında yazanda öncə onu Jozi Artur və Josef Şarl Arturla səhv salmamaq diqqətə çatdırılır.
Josef Artur de Qobino 1816-cı ildə iyul ayının 14-də Vil – d Avray (Avray şəhərində) anadan olmuşdur. Zadəgan nəslindən olan Qobino mənşəcə Bordodandır. Onun ulu babası və babası Çenuya sarayında qulluq etmiş, Bordo parlamentində fəaliyyət göstərmişlər. Onun anası An-Madelin Çersiyalı Bordonun ən nüfuzlu, yüksək vəzifə sahibinin qızı idi. 1830-cu ildə ailə Vyanaya gəlir. Artur burada gimnaziyada təhsil alır və alman dilini öyrənməyə çalışır. İki il sonra ailə Lorianda məskunlaşır. Burada o, 1833-35-ci illərdə hərbi rütbəyə yiyələnir və Lorian Kral Kollecində təhsilini davam etdirir. Bu dövrdə o, ciddi surətdə maraqlanıb, bilik dairəsini genişləndirib şərşqşünas peşəsini seçib, bu qədər gənc ikən Firdovsini tərcümə etmək istəyib. Həmin vaxtlarda Qobino səmimi ünsiyyətdə olduğu Ameli Lenyo ilə ailə qurmağı planlaşdırır. Ancaq görünür o, bu fikri həyata keçirə bilmir.
Parisə gəlib burada fəaliyyət göstərmək istəyən Artur dö Qobino 1835-ci ildə Volter tərəfdarı olan subay əmisi 1860-cı Jozefin sayəsində, onun köməkliyi ilə Parisdə Sən-Bönua küçəsində bir mənzildə məskunlaşırlar.
Tədqiqatçılar qeyd edir ki, o burada artıq özünün dahi olduğuna, istedadına şübhə etmir və «La Mode» məcmuəsində burada yazdığı «Dilfiza» poemasının birinci hissəsini nəşr etdirir. Ancaq 1836-cı ilin sentyabrında Qobinonun vəziyyəti, maddi imkanı ağırlaşır, çünki əmisi onun yaşayışı üçün yaratdığı şəraiti, yardım əlini kəsir.
Parisi tərk edən Qobino mətbuatla əlaqələrini genişləndirir, müntəzəm surətdə məqalələr dərc etdirməyə nail olur. O, Katrömer ətrafında sonrakı illərdə fars dili və ədəbiyyatını öyrənir və Isak Yakob Şmitin «Şərqi Manqol tarixi» əsərini tərcümə edir. Bu istiqamət ona ədəbi yaradıcılığını genişləndirib, şöhrət qazanmaq üçün geniş imkanlar yaradır. 1838-ci ildə Berriyer onu yenicə nəşrə başladığı «Fransa və Avropa» adlı jurnala dəvət edir və burada o çox diqqəti cəlb edən bir məqalə nəşr etdirir: «Şərq ziyalılıq hərəkatından». Çox çəkmir ki, onun Sədi, Cami, Hafiz, Rumi haqqında silsilə monoqrafiyaları işıq üzü görür. Beş il keçəndən sonra o, yenidən Parisə qayıdır və bu mühitdə sıxılan yazıçı «Paris cəhənnəmdir» deyə yazır. Parisdə o, çoxdan əlaqəsini kəsdiyi anası ilə görüşür, burada ailə qurur və işə düzələrək müxtəlif vəzifələrdə çalışır.
1840-1849-cu illərdə onun istər dünyagörüşü, istərsə də, fəaliyyət dairəsi xeyli genişlənir. O, Parisdə keçmiş nazirlərlə, rəssamlarla, qabaqcıl ziyalılarla ünsiyyət yaradır. O tanış olduğu bu insanlarla birləşib «Seçilmiş əsərlər» yaxud «İsanın əmisi uşaqları» adlı klubun əsasını qoyurlar. Onlar kollektiv şəkildə esse, roman yazıb, «Şərq məcmuəsi» adında jurnal nəşr etdirməyi planlaşdırırlar. Digər tərəfdən «Rövü dö Dömond» jurnalında Yunanıstanın keçmişi və müasir dövrü, türklərin humanistliyi ilə bağlı məqalələr yazıb nəşr etdirir. 1848-ci il inqilabına yaxın daxili və xarici siyasətlə əlaqədar məqalələr yazıb «La Kotidien», «Lünian katolik» yaxud «Paris jurnalı» məcmuəsində məqalələrlə çıxış edir və 1842-ci ildə «Ünite» qəzetinin baş redaktoru təyin olunur. 1848-1849-cu illərdə o, Lui Kergorlayla «Əyalət jurnalı»nın əsasını qoyur.
1842-ci ildən başlayaraq o, ədəbi tənqid və ədəbiyyatşünaslıqla məşğul olur və Höfmann, Qüine, Musse, Qotiye, Heyne, Balzak, Stendal haqqında məqalələri işıq üzü görür.
Ensiklopedik biliyə malik Qobinonun mövzu istiqaməti çox şaxəlidir. Onun zəngin, rəngarəng yaradıcılığı bunu əyani surətdə təsdiq edir. 1845-ci ildə onun daha çox nəzəriyyəyə aid olan iki əsəri nəşr olunur: «Yeni ədəbiyyat mümkündürmü?» və «Ədəbiyyatın texniki məqsədləri».
1840-1849-cu illərdə Artur dö Qobinonun iki pyesi «Don Juanm əlvidası» (1844) və «Makedoniyalı Isgəndər» (1847), çoxlu novellaları (Şahzadənin evlənməsi – 1840), «Skaramuş və Rablenin məsləhətləri» (1843), «Xanım Jronua» (1847), bir neçə roman- felyetonu «Qorxulu məhkum» (1848), «Nikola və Ternov» (1847) «L Abbay de Tiphen» (1849) əsərləri çapdan çıxır.
1849-cu ilin iyun ayında o xarici işlər naziri təyin olunur. Lui Bonapart Napoleonun hakimiyyəti dövründə Bern şəhərində Fransa diplomatik heyətinin birinci katibi vəzifəsində çalışır. Bunlar onun diplomatik fəaliyyətinin başlanğıcı idi. Bernə gedərkən onu 1845-ci ildə ailə qurduğu Klemens Monnero müşayiət edir və 1848-ci ildə onların Diana adlı qızları dünyaya gəlir. Göründüyü kimi, yazıçı dramaturq, ədəbiyyatşünas olan Artur Qobino eyni zamanda görkəmli bir diplomat olmuşdur. Həyatının sonrakı illərinə nəzər saldıqda Qobinonun siyasi fəaliyyəti ilə tez-tez rastlaşırıq. Berndəki diplomatik fəaliyyəti onu bir müddət, bir neçə ay çox darıxdırır. Ancaq ədəbi fəaliyyəti onu bu sıxıntıdan yavaş-yavaş uzaqlaşdırır.
1851-ci ildə o, Hanovrda müvəqqəti olaraq Fransa xarici işlər nazirinin müavini vəzifəsində çalışır və «Bəşəri irqlərin qeyri-bərabərliyi haqqında esse» adlı əsərini redaktə edir. İki ildən sonra həmin əsər işıq üzü görür. 1854-cü ildə Diet Frakkfortda fransız nümayəndələrinin katibi kimi siyasi fəaliyyətini davam etdirir.
Həmin ilin dekabrında Prosper Burenin başçılıq etdiyi İrandakı fransız səfirliyinin – nümayəndə heyətinin birinci katibi vəzifəsinə təyin olunur. Marseldən gəmi ilə yola düşən Qabino, sonra karvanla Tehrana qədər gəlir. O, əvvəlcə «Üç il Asiyada», iyirmi il sonra isə «Səyahət həyatı» əsərlərini yazır. O, arvadını və ikinci qızı Kristinini tərk edərək, bütün işlərə yeganə cavabdeh insan tək özünü «İranlılardan daha köklü, əsilli iranlı» kimi göstərir. Burada alimlərlə əhatə olunan Artur dö Qobino İranın tarixini öyrənir. Çox yüksək səviyyəli elmi mühitin içərisində olmasına baxmayaraq 1858-ci ildə o, İran həyatını tərk edir.
Siyasi arenada özünü təsdiq edən Artur dö Qobino Pekində Fransa müvəqqəti nümayəndə heyətinin-səfirliyinin birinci katibi, Tanjerdə,Yeni-Torpaqda, Sidneydə müxtəlif vəzifələrdə çalışır.
O, bu illərdə «Yeni-Torpaq» və «Karibuda ov» novellalarını yazır. Belə təqdim olunur ki, bir neçə ildə olduğu ölkələrdə Qobino, xüsusilə Yeni-Torpaqda öz missiyasını ləyaqətlə yerinə yetirmiş, problemli balıq ovu məsələsini fransız balıqçılarının xeyrinə həll etmişdir: «Yeni-Torpaqda kiçik bir hissə, «Qobino» körfəzi adlanır.
1861-ci ildə Artur dö Qobino Fransanın ədliyyə naziri kimi yenidən İrana göndərilir. O, ikinci gəlişində İranda çox böyük dəyişikliklər görür, yox ki, təkcə şərab məsələsində, müxtəlif sahələrdə, eyni zamanda hakimiyyətdə də. 1865-ci ildə onun «Mərkəzi Asiyada Fəlsəfə və dinlər» adlı əsəri nəşr olunur.
Avropaya qayıdan Qobino Tri şəhərinə üz tutur. O uzun müddət Fransada olmadığı müddətdə onun qadını 1855-ci ildə dünyasını dəyişmiş əmisi Tibo-Jozefin yanına gedib Tri-Şato qəsrində yaşamışdı. Xatırlatmaq lazımdır ki, 1767-1768-ci illərdə Jan-Jak Russo bu qəsrdə yaşamışdır.
Tri şəhərinə gələn Artur dö Qobino 1863-cü ildə bu şəhərin meri təyin olunmuş, III Napoleon hakimiyyətinin çevrilməsi ilə əlaqədar olaraq 1870-ci ildə istefa vermişdi.
O, Yunanıstanda Fransanın səlahiyyətli naziri kimi mühüm bir dövlət vəzifəsində çalışır. Tədqiqatçıların verdiyi məlumata görə, Yunanıstanda çalışdığı müddət Qobinonun həyatının ən xoş dövrü olur. Yeni seçilmiş hökmdar I Georgi paytaxtın ən nüfuzlu zallarından birini onun sərəncamına verir. Əsl diplomat və ziyalı mühitilə əhatə olunur. 1869-cu ildə fransız ədibi və diplomatı Qobino iki cilddən ibarət «İranın tarixi» adlı əsəri nəşr olunur.
Qobino həyatının böyük bir hissəsi göründüyü kimi əcnəbi ölkələrdə keçmişdi – gah dövlət xadimi kimi, gah da səyyah kimi.
Avropadan başlayıb Asiya, Avstraliyadan keçib Cənubi Amerikaya, Brazilyaya qədər. Nə qədər təəccüblü olsa da bu dövlət xadiminin həyatı həbsxanadan da kənarda qalmır.
Qobino bildirib bəyan etmişdir ki, onun arzusu Konstantinopola göndərilməkdir. Heç olmasa, bir alman şəhərinə. Ancaq onu Braziliyaya göndərirlər. 1869-cu il mart ayının 20- də Rio de Janeyroya gəlib çatır. Ölkənin imperatoru II Dom Pedronun onu hərarətlə qəbul etməsi onun üçün sözün əsl mənasında sürpriz olur. 1869-cu il dekabr ayının 16-da onun «Adiliad» əsəri nəşr olunur.
1870-ci ildə Prussiyanın işğalından az əvvəl o Fransaya gəlir. O, burada öyrənir ki, onun qadını və kiçik qızı Danimarkaya – onun paytaxtı Kopenhagen şəhərinə böyük qızının yanına köçüb, 9 aprel, 1871-ci ildən burada məskunlaşmışlar, daha doğrusu, onun yanında sığınacaq tapmışlar. Yeni hakimiyyət onu yenidən Braziliyaya göndərir. 1872-ci il may ayının 17-də Artur Dö Qabino nəhayət Fransanın İsveçdə səlahiyyətli səfiri təyin olunur. Bu, onun sonuncu vəzifəsi olur. Bundan sonra o daha səfir vəzifəsində çalışmır. O, İsveçdə işlədiyi müddətdə «Salnamələr» və «Asiya novellaları» əsərlərini yazır. 1877-ci ildə təqaüdə çıxan Artur de Qobino Stokholmu və diplomatik vəzifəni tərk edərək bir müddət Avropa səyahətində olan II Dom Pedronu müşayiət edir. Başlanğıc kimi qəbul edilən səyahət xətti ömrünün sonuna kimi davam edir. O, İtaliyanı şəhərdən-şəhərə gedərək öz heykəltəraşlıq işləri üçün şərik və tədqiqatları üçün əlverişli şərait axtarır. O, Almaniyada dostlarına baş çəkir, xüsusilə 1876-cı ildə Romada tanış olduğu Vaqnerə və eyni zamanda get-gedə daha da şiddətlənən əzab çəkdiyi əsəb xəstəliyinin müalicəsi üçün su qəbul edir.
Tədqiqatçıların fikrincə, ortaya çıxan bu çətinliklər onun yaradıcılığının inkişafı üçün maneə yaratdı. Onun heykəltəraşlığı orta səviyyədən o yana ötüb keçə bilmədi. Onun poeziyası heç vaxt parlaq, qabarıq şəkildə üstünlük qazanıb diqqəti cəlb etmədi. Onun nəşri pərakəndə halında idi. Ancaq tarixi əsərlərini «Şarl-Ottarm tarixi» adı altında nəşr etdirmişdi. O, xarakterinin kəskinliyinə görə get-gedə demək olar ki, bütün yaxınlarından uzaqlaşmışdı. O, öz qızlarından, qadınından küsülü, Riçard Vaqnerin yanında incik, dözülməz vəziyyətdə ölmüşdü.
Onun həyatının son anlarından danışılarkən qeyd olunur ki, o, ölümünün yaxınlaşdığını duyaraq birdən-birə payızın kədərli bir günündə o, Şameanı tərk edir, tək və demək olar ki, kor bir vəziyyətdə Sən-Jermən-de-Fosedə gəmiyə minir, qatarla Fransanı keçir və İtaliyanın Turin şəhərinə gəlib çatır. 1882-ci il oktyabr ayının 13-də şəhərdə dünyasını dəyişir və Turinin mərkəzi qəbiristanlığında dəfn olunur. 1932-ci ildə faşizm rejimi dövründə Qobinonun qəbrinin üstündə ucaldılmış lövhədə yazılmışdı: «Zaman və hadisələr mütəfəkkirin surətini həyəcanlandırır».
Artur dö Qobinonun əsas əsərləri aşağıdakılardır:
Şahzadənin evlənməsi;
Şamaxı rəqqasəsi;
Skaramuş;
Təhlükəli əsir yaxud Jan de La Tur-Miraklm macəraları;
Ternov;
Nikola Belavuar;
Rablenin məsləhətləri;
Gəncliyin macərası;
Gözəl Fevarol;
Xanım qız Irnua;
Labbey dö Tifen;
Bəşəri irqlərin qeyri-bərabərliyi haqqında esse;
İranın müasir ictimai vəziyyəti haqqında esse;
Üç il Asiyada;
Mərkəzi Asiyada fəlsəfə və dinlər;
Səyahət xatirələri;
Adeliada;
Asiya novellaları;
Salnamələr;
Renessons;
Hafiz (monoqrafiya);
Sədi (monoqrafiya);
Cami (monoqrafiya);
Rumi (monoqrafiya);
Görkəmli fransız yazıçısı və ictimai xadimi Artur de Qobinonun əsərləri Azərbaycan dilinə tərcümə və tədqiqinin vaxtı çatmışdır. Bu əsərlər öz tərcüməsini və tədqiqatçısını gözləyir.
İNDİ İSƏ JOZEF ARTUR DÖ QOBİNONUN «ŞAMAXI RƏQQASƏSİ» ADLI ƏSƏRİNƏ QAYIDAQ
Əsərin əsas qəhrəmanı Jan Morenodur. İspan sürgünü olan Moreno səyahətə çıxır. Bir səyyah kimi əvvəlcə o, İstanbula oradan isə gəmi vasitəsilə Poti şəhərinə gəlir. Müəllif yazır ki, Poti o zaman Qafqazın ən böyük liman şəhəri idi. Morenonu qarşılamaq üçün hərbçi olan Assonov -Həssənov Poti şəhərinə göndərilir. Əsərdə müəllif oxuculara aydın olsun deyə bəzən sözlərin mənasını da açıqlamağa çalışır. Məs: Assonov -le fils de Hassan – bey- Həssən bəyixı oğlu. Moreno Assonovla görüşərkən İspaniyalı səyyah ondan kim olduğunu soruşanda o, Murad Həsənov mən rusam, daha doğrusu, mən tataram, Şirvan əyalətindənəm, müsəlmanam, sizə xidmət etmək üçün gəlmişəm, – deyir. Burada yazıçı ötəri şəkildə olsa da Poti yanı Qara dəniz sahillərinin gözəlliklərini də təsvir edir. Onlar əvvəlcə Kutaisiyə, sonra Bakıya və nəhayət Şamaxıya gəlib çatırlar. Yol boyu dağlara baxdıqca Moreno bir az təəccüblənir. Bunlar Barselonada onun valideynlərinin yaşadığı dağlara oxşayır. Yolda söhbət əsnasında Həsənov (biz şərti olaraq bu şəkildə təqdim etməyi məsləhət bildik – Ə.Z.) bildirir ki, o, Sankt-Peterburqda hərbi məktəbdə təhsil almışdı, o zaman Avropada ünsiyyət rolunu oynayan fransız dilini də orada öyrənmişdi və Moreno ilə də bu dildə danışırdı. Əsərdə baş verən hadisələr təxminən 1860-70-ci illərə təsadüf edir. Həsənov Sankt-Peterburqda təhsil alsa da, ancaq vətənin ruslar tərəfindən işğalı ilə heç cür barışa bilmir. Hətta Moreno ilə söhbət edərkən «Səma qarışır. Ah ruslar!» deyir. Yenə də söhbətin gedişində «Mənim düşmənim, mənim vətənimi işğal edənlərdir» – söyləyir.
İndi isə Şamaxıya qayıdaq. Bəli Moreno Həsənovla birlikdə Şamaxıya gəlib çatır. Bu yerlərin nəzarətçisi Qreqori İvoniç və Həsanov da məşhur Şamaxı rəqqasəsi Omm – Ceyhana sifariş göndərirlər ki, sabah özü ilə bir rəqqasə də götürüb məclisə gəlsin, əcnəbi qonaqları xalqın mədəniyyəti ilə yaxından tanış edib, yüksək səviyyədə qəbul edilməsi üçün xüsusi, ayrıca məclis yerləri yaradılmışdı. Şəhərin hörmətli, sayılıb-seçilən adamları, eləcə də əcnəbi qonaqlar həmin məclis yerinə təşrif buyurar, onlar rəqqasələrin oyunlarına baxıb, musiqini dinləyib, sözün əsl mənasında istirahət edərdilər.
Necə ki, 1858-ci ildə böyük fransız yazıçısı Aleksandr Duma Şamaxıya gələrkən Mahmud Ağanın evində belə bir məclis qurulmuşdu.
Yeri gəlmişkən burada bir məsələyə də toxunmaq istərdik. Ceyhanın adı Omın-Ceyhan kimi təqdim olunur. Bizcə, bu, Üm-Ceyhandır -Üm-əl Bənin, Üm-Gülsüm olduğu kimi. Şamaxıda məclisi yazıçı xüsusi bir zövqlə təsvir edir. Burada göstərilir ki, məclisin təşkil olunduğu zal çox səliqəli idi. Divarında Paskeviçin şəkili vurulmuşdu. Bu, artıq Qafqazın Rusiya tərəfindən işğalına işarədir. Bəlli olduğu kimi, Azərbaycanın ən gec məğlub olan xanlığı İrəvan xanlığıdır. 30 ilə qədər apardığı böyük mübarizədən sonra, general Paskeviçin başçılığı altında rus ordusunun hücumu ilə nəhayət 1827-ci il oktyabrın 1-də İrəvan xanlığı işğal olunur. Bununla da Cənubi Qafqazın işğalı məsələsinə son qoyulur.
Buna görə də Şamaxının məclis zalında Paskeviçin şəklinin vurulması təsadüfi deyildi. Əsərdə təsvir olunur ki, Şamaxının məşhur adamlarından Ağa xan və Şəmsəddin bəy məclisə daxil olub qonağı salamlayırlar. Qonaq bu səliqəli zala hamıdan tez gətirilmişdi. Yazıçı salamlaşmanı Azərbaycan dilin də deyildiyi kimi saxlamışdı:
Salam Əleykum! Xoş gəlmişsiniz (Fransızca).
Əleykum salam!
Bismillah! Xahiş edirəm əyləşin (fransızca).
Sonra yazıçı məclisə gətirilmiş musiqi alətlərindən söhbət açır. Yazır ki, burada bizim gitaraya oxşar bir musiqi aləti var ki, onu tar adlandırırlar. Skripkaya oxşar, ancaq qolu olan digər bir alət kamança adlanır. Üçüncü bir alət öz simlərlə rübab adlanır. Dördüncü alət isə öz ritmləri ilə xüsusi qeyd olunmalı və bütün Asiya musiqi alətlərindən fərqlənən tambur idi.
Əsərdə göstərilir ki, musiqi səsləndi, hamı bir səslə rəqsi istədi. Rəqs başlanır və xeyli müddət davam edir. Musiqi qurtaranda cuşa gəlmiş tamaşaçıların gurultulu alqışları az qala partlayışa çevrildi. Yalnız Moreno tək yerində donmuşdu.
Bu zaman Həsənov deyir ki, «Cənnət!» Mən mədəni bir adamam, Sankt-Peterburqda hərbi məktəbdə təhsil almışam, belə bir şey görməmişəm.
Bu rəqsdən sonra bir nəfər, bir az da şərab içib yüksək əhval-ruhiyyədə «Mənimlə Ləzginka» rəqsini oynaya biləcək bir adam varmı?» – deyir. Özünə arxayınçılıqdanmı, yoxsa şərabın təsirindənmi bir növ məclisdəkilərə meydan oxuyur.
Burada yazıçı azərbaycanlılara məxsus bir ifadə işlədir. Bu zaman məclisdəkilərdən bir nəfər Həsənova yaxınlaşaraq: «Gedək, məğrurluqla deyir, Murad, Həsən bəy oğlu, əgər sən atayın oğlusansa, nə bacarırsan göstər!»
Həsənov ortaya düşüb həmin adamla «Ləzginka» rəqsini oynamağa başlayır. Yazıçı onu da diqqətə çatdırır ki, oyun qurtaranda Həsənov artıq sərxoş idi.
Əsərdə «lezginka» sözü ilə yanaşı, camaatın – yerli əhalinin işlətdiyi Vallah! Billah! Tallah! Sözləri də eynilə təqdim olunmuşdur.
Yazıçı rəqs məclisindən sonra Şamaxı rəqqasəsi Omın-Ceyhanla Həsənovun söhbətini təqdim edir. Burada bəzi məsələlərin üstünə aydınlıq gəlir. Bəlli olur ki, Omın-Ceyhanı da Murad Həsənovun da əsli Azərbaycanın qədim torpağı Dəmir qapı Dərbənddəndir. Omın- Ceyhan bura gətirilmişdir. Omın-Ceyhan Muradla bibi qızı dayı oğludurlar. Onlar söhbətlərində öz aullarını xatırlayırlar. Qeyd etmək lazımdır ki, yazıçı da əsərində bir neçə yerdə kənd yox, məhz olduğu kimi, aul sözünü işlətmişdir. Söhbət zamanı Omın-Ceyhan Murada deyir ki, yadına düşürmü, bizim aulumuz dağın ən uca zirvəsində idi. O zaman mənim dörd, sənin isə on iki yaşın vardı. Mən xatırlayıram, ancaq sən isə heç nə xatırlamırsan. Sonralar səni Sankt-Peterburqa oxumağa göndərdilər.
Qız söhbət əsnasında bildirir ki, onu iki min gümüş pula hansısa bir Türkiyəli varlı, yaşlı kişiyə – kaymakana satmaq istəyirlər. Ancaq o, ona getmək istəmir. O, dayısı oğlu Murada onu sevdiyini, onunla ailə qurmaq istədiyini söyləyir. Murad da etiraz etmir, o da onu sevdiyini, ailə qurmağa hazır olduğunu deyir.
Omın-Ceyhan birdən Muraddan soruşur:
Sən fransız dilini bilirsən?
Bəli, bilirəm.
Onda bu yerlərdən çıxıb gedərik. Parisdə yaşayarıq.
Murad Həsənov tatar-türk olduğunu əsərdə bir neçə dəfə qürurla söyləyir. Ancaq dünyaya gələcək uşaqlarının sonrakı taleyi də onu düşündürür.
Yazıçı sanki tatar-türk qızının xarakterini açıb göstərmək üçün əsərdə belə bir səhnə yaratmışdır.
Omın-Ceyhan Morenonun yanına gəlir və Muradı ondan soruşur. O, isə Muradın yoxa çıxdığını, onu tərk edib getdiyini söyləyir. Moreno qızı öpmək istəyir. Omın-Ceyhan onu necə vurursa, Morenonun üzü-əli qana bulaşır. Bu zaman kandarda gizlənmiş Murad oradan çıxır. Sanki bu səhnə Omın Ceyhanı sınamaq üçün bu iki nəfərin arasında düzəlmişdi. Burada yazıçı bir ifadə işlədir: «Ay səni şeytan aparsın».
Ancaq əsərdəki hadisələrin sonrakı gedişi başqa cür olur. Oxucu səbirsizliklə Muradla Omın-Ceyhanın ailə quracağını gözləyir. Ancaq Murad bibisi qızını Şamaxıda qoyub, Moreno ilə birlikdə Bakıya yola düşürlər. Yenə də Azərbaycan torpağının Şirvanın mərkəzi Şamaxının gözəllikləri, dağları, meşələri təsvir olunur. Ümumiyyətlə, əsərdə təsvirdən sıx-sıx istifadə olunmuşdur. Məs: Omın – Ceyhan haqqında söhbət gedərkən, belə təsvir olunur: «0, cazibədar, lakin çox arıqdır. Kifayət qədər qəşəng, ancaq mavi gözləri var».
Muradla Moreno Bakıya gəlib çatır və müvəqqəti olaraq burada yaşayırlar. Ancaq Muradın bibisi qızının tərk etməsinin səbəbi bəlli olmur. Bəlkə də o qalacağı yeri müəyyənləşdirib, sonra onu gəlib aparacağını düşünüb, planlaşdırırdı.
Ancaq Murad Morenoya deyir ki, mən qışı Parisdə keçirmək istəyirəm. Birlikdə oraya gedərik. Moreno, mənim əziz qardaşım, məni tərk etmə, biz oraya birlikdə gedərik. Onu da qeyd etmək istərdik ki, Murad bəzən Morenonu Dou Juan kimi çağırır.
Əsər gözlənilməz bir sonluqla başa çatır.
Bir gün Moreno Bakıda Qriqori İvoniçə rast gəlir. Bir-iki kəlmə söhbətdən sonra İvoniç tələsdiyini bildirir. Səbəbini soruşduqda İvoniç Omm-Ceyhanın bərk xəstələndiyini və onu Şamaxıdan Bakıya gətirdiyini söyləyir. Söhbətdən aydın olur ki, İvoniç də bu cazibədar qızla ailə qurmaq istəmiş, ancaq Onun-Ceyhan istədiyi olduğunu söyləyib, ona da etiraz etmişdi. Qız ancaq İvoniçə onu deyir ki, o, Morenonu qapısının ağzında ölmək istəyir. Moreno evə qayıdır. Tələsik addımlarla gəlib yaşadığı yerə yaxınlaşanda qapısının ağzında bir qızın uzandığını görür. O, qızın qolundan tutub üzünü çevirəndə onu tanıyır. Bu, Omın-Ceyhan idi. Qız Morenonu görən kimi «Əlvida» deyib canını tapşırır. Məşhur Şamaxı rəqqasəsi beləcə dünyasını dəyişir.
Xatırlamaq lazımdır ki, görkəmli rus rəssamı Q.Qaqarin Qobinonun «Şamaxı rəqqasəsi» əsərinə rəsmlər çəkmişdir. Çox maraqlıdır ki, fransız ədəbiyyatında La Foutenin təmsilləri də, Volterin romanları da, Mopassanın novellaları da nəşr olunarkən onların əvvəlinə və ya sonuna «Conte» – «Nağıl» sözü artırılmışdır. Bu ənənə hətta, XX əsrdə də davam etmiş və bu gün davam etməkdədir. Çox maraqlı haldır ki, müəllifi bəlli olan əsərlərin bəziləri Şərq nağılı kimi başlayır: «Biri vardı, biri yoxdu». Fransız yazıçısı Artur de Qobinonun «Şamaxı rəqqasəsi» əsərinin nağıllar kitabının içərisində öz əksini tapması təsadüfi deyildi.