Koqnitiv dilçilik: əsas anlayışları və perspektivləri
ADU-nun Ümumi dilçilik kafedrasının professoru
Fəxrəddin Veysəlli
Mənbə: Dil və ədəbiyyat jurnalı 2015 N2
Koqnitiv dilçilik: əsas anlayışları və perspektivləri (kitabdan parçalar)
Açar sözlər: dilçilikdə paradiqm, koqnitiv dilçilik, introspeksiya, hermenevtika
Keywords: linguistic paradigm, cognitive linguistics, introspection, hermeneutic
Ключевые слова: лингвистическая парадигма, когнитивная лингвистика, интроспекция, герменевтика
Müasir dilçiliyin postulatları
1.Dilçiliyin elmlər arasında yeri. Dünya dilçiliyinin qədim tarixi (3000 il) vardır. Bu gün dilçilik tarixinə baş vuranda bir neçə paradiqm dəyişikliyinin şahidi oluruq. Qədim dövrlər dilçiliyi, orta əsrlər dilçiliyi, gənc qrammatiklər dövrü, struktur-funksional dilçilik mərhələsi, transformasional-törəmə dilçiliyi dövrü. Hazırkı dilçilik mərhələsini praqma-, sosio- və koqnitiv dilçilik dövrü adlandırmaq olar.
Son illər dilin işlənməsi və dildə məlumatın yaranması, saxlanması və ötürülməsi proseslərinin üfüqləri koqnitiv elminin inkişafı sayəsində genişlənməyə başlayıb. Koqnisiya elmi dilçilik, psixologiya, semiotika, informasiya nəzəriyyəsi, neyrolinqvistika, süni dil –inteligensiya tədqiqləri , fəlsəfə və antropologiyanın birgə fəaliyyəti nəticəsində formalaşmağa başladı və dilçilikdə yeni paradiqmin əsası qoyuldu desək səhv etmərik. Bu elmlərin qarşılıqlı əlaqəsini H.M.Müllerə əsasən belə göstərə bilərik:
Fəlsəfə
Psixologiya
Semiotika
Dilçilik
İnformasiya nəzəriyyəsi
Antropologiya
Neyrologiya[1]
2.Dilçilik tarixinə qısa ekskurs. Dilçilik uzun illər filologiyanın (filo sevirəm, logos elm, söz) tərkib hissəsi olmaqla ənənəvi məsələlərlə məşğul olmuşdur. O, introspeksiya (özünü müşahidə) və məsələlərin mahiyyətini açan şərhlərdən (hermenevtikadan) yararlanmışdır. XX əsrin əvvəllərində tibb elmlərinin, fizika və biologiyanın dilçiliyə müdaxiləsi (akustik və fizioloji fonetika, forma və söz haqqında təlim- morfologiya, sintaksis və söz sırası haqqında təlim, xüsusilə müharibədən sonrakı dövrdə dilin işarəviliyi nəzəriyyəsinin geniş yayılması (sintaktika, praqmatika, semantika) dilçiliyin yenidən dirçəlməsinə səbəb oldu, onun təbiət elmlərinə yaxınlaşması isə dilçilikdə yeni dövrün başlanğıcı kimi xarakterizə oluna bilər.
Orta əsrlərə qədər dilçiliyin bir elm kimi formalaşması tarixini 3 dövrə bölmək olar. Birinci dövr yunan filosoflarının dillə bağlı əsərlərilə xarakterikdir. Bu dövrün başlanğıcını miladdan əvvəl (m.ə.) 399-cu ildə Platonun “Kratil” dialoqundan hesablamaq düzgün olardı. Bu dialoqda sözün yaranması, onun təfəkkürə münasibəti müzakirə olunur. M.ə. 230-cu ildə isə Soloylu Xrissiapos məntiq və əqli nəticənin dillə bağlılığını araşdırmışdır.
İkinci dövr preskriptiv qrammatikanın meydana gəlməsilə xarakterizə olunur. M.ə. təxminən VIII əsrdə indiki Pakistanda yaşayıb yaratmış Sakatayana sanskrit dilinin təsvirini verməyə müyəssər olmuşdu. O, bu dildə sözlərin etimologiyasını izah edən bir qrammatika yazmışdı. M.ə. təxminən V əsrdə yenə indiki Pakistanda Panini Taksasila Universitetində sanskrit dilinin həcmcə iri bir qrammatikasını yazmışdı. M.s. təxminən IV əsrdə romalı Flavius Sosipater Xarismus latın dilinin 5 cildlik ars (ars latınca incəsənət deməkdir) qrammatica adlanan əsərini yazır (360). Bunlar latın dilini öyrətmək məqsədi daşıyırdı. VI əsrdə Bəsrədə Əbu-l-Əsəd əd Dualinin ərəb dilinin qrammatikası meydana gəlir. Təxminən 1150–ci ildə yazılmış qədim island dilinin birinci qrammatik traktatı nəinki sanballı bir qrammatika idi, o həm də səs təlimini əhatə edən ilk sanballı əsər idi. Eyni zamanda XI əsrdə M.Kaşğarlı dünyada ilk dəfə olaraq “Divani-Lüğət-it türk” adlı sanballı əsər yazaraq 22 türk qövmünün dillərini müqayisəli şəkildə təsvir edə bilmişdi. Xeyli sonralar, yəni 1660-cı ildə fransız A.Arno və K.Lanslonun birgə yazdıqları Por Royal qrammatikası uzun illər istiqamətverici qrammatika kimi tarixə daxil olmuşdur. O əslində bir dilin-fransız dilinin qrammatik quruluşunun təsviri idi.
Qədim dilçiliyin üçüncü dövrü preskriptiv qrammatikaların yaranması ilə səciyyələnir. Erfurtlu Tomasın 1300-cü ildə çap etdirdiyi Grammatica speculativa dildaxili və dilxarici amilləri nəzərə aldığı üçün müasir koqnitiv dilçiliyə istiqamətlənmiş əsər hesab edilə bilər.
3.Müasir dilçiliyin baniləri. XIX əsrdə iki böyük dilçinin –İ.A.Boduen de Kurtenenin və F.de Sössürün–yorulmaz fəaliyyəti sayəsində dilçilik yeni üfüqlər fəth elədi. Birincisi taksonomik, ikincisi isə struktur dilçiliyin əsaslarını işləyib hazırlamışlar. Birincisi insanı dil tədqiqatlarının mərkəzində götürürdü, bu da sonralar koqnitiv dilçilik kimi formalaşan elmin əsasını qoydu, ikincisi isə dilin işarəviliyini irəli sürməklə dilçilikdə semiolinqvistik istiqamətin başlanğıcını qoydu. Hər iki dilçinin xidmətləri danılmazdır. Hər iki dilçi linqvistikanı psixologizm işığında inkişaf etdirirdi, dilçiliyin obyekt və predmetinin yeni paradiqmini müəyyənləşdirməyə çalışırdı. F.de Sössür dilçiliyi semiologiya (semiotika) olmaqla psixologiyanın ayrılmaz hissəsi kimi götürürdü.
4.Koqnitiv dilçiliyin öncülləri. XIX əsrin sonları və XX əsrin əvvəllərində tibbin, biologiyanın və psixologiyanın dilin tədqiqinə müdaxiləsi nəticəsində dilçilikdə bir sıra maraqlı modellər meydana gəldi. Məsələn, avstriyalı psixoloq və dilçi K.Büler müxtəlif elmlərin qarşlıqlı təsirini tədqiq edərək ünsiyyətin modelini işləyib hazırladı və dilə orqanon kimi yanaşmanın prinsiplərini müəyyənləşdirdi. Bu ünsiyyət modeli bir sıra elmlərin qarşılıqlı əlaqələrini əyani şəkildə açıb göstərdi. Onun dil vahidlərinin üç funksiyasını fərqləndirməsi (ifadə, müraciət və təsvir funksiyaları) bu gün də öz əhəmiyyətini itirməmişdir. Bütün bunlar bugünkü koqnitiv dilçiliyin əsaslarını təşkil edir.
Psixologiyanın dilçiliyə təsiri özünü onda göstərir ki, bu gün artıq psixodilçilik kimi elmdən danışırlar. Bu da ilk növbədə dildən istifadə və dilin dərk olunması problemlərinin öyrənilməsində özünü büruzə verir. Burada uşaq dilinin tədqiqi daha çox əhəmiyyət kəsb edir. Bu sahədə ötən əsrin 40-cı illərində geniş yayılmış biheyviorizmdən həmin əsrin 60–cı illərindən sonra koqnitiv-psixoloji istiqamətə dönüş yaranması daha ciddi maraq doğurur. Tədricən düşüncə və dil prosesləri strukturu biliyin tədqiqində və dil fəaliyyətində xüsusi model kimi nəzərdən keçirilir. XX əsrin ikinci yarısından kompüterin tətbiqi dilin işlənməsi problemlərinin tədqiqinə yeni təkan verdi. Kompüterdə dil proseslərinin stimullaşdırılması məsələlərini öyrənərkən yeni fərziyələr və nəzəriyyələrin yaranmasına təkan verdi. Düzdür, əvvəllər kompüterə daxil edilməli proqramlar kifayət qədər yox idi. Yalnız son 30 ildə yeni metodlar işlənib hazırlanmış və material bazasına giriş imkanı əldə edilmişdir. Son 20 ildə isə elektroensefalo-qrafiya bir neçə il əvvəl əsası qoyulmuş maqnit- rezonans tomoqrafiyasını inkişaf etdirərək insanın beynində gedən prosesləri öyrənməyə imkan verdi. Belə ki, dilin akustik qavranılması (fonoloji, sintaktik, semantik, praqmatik) prosesləri, həmçinin dilin planlaşdırılması, əmələ gəlməsi və tələffüz qaydalarının beyində ölçülməsini canlı informanta müraciət etmədən həyata keçirmək mümkün oldu. İndi bir çox yeni elm sahələri (neyrologiya, koqnitiv psixologiya, antropologiya, süni intellekt məsələləri) birinci və ikinci dilin mənimsənilməsi, habelə dildə yayınmaları, dilin qavranılması və işlənməsi modellərini öyrənməyə kömək edir. Bu gün dilçilik elmlərarası koqnitiv elmin tərkib hissəsinə çevrilmişdir. 1905-ci ildə Berlin Universitetində dilin müalicəsini həyata keçirən H.Gutsman foniatriya adlı elmi yaratmağa başladı. Bundan çox-çox əvvəllər isə dilin funksional neyroanatomiyasının afaziyanın öyrənilməsinə başlayanda tibblə dilçiliyin qarşılıqlı əməkdaşlığının bünövrəsi qoyulmuşdu. Ancaq bu daha çox tibbi istiqamət olduğundan onu afaziologiya adlandırırlar. Lakin ötən əsrin 40-cı illərinin əvvəllərində R.Yakobson afaziyanın dilçilik baxımından öyrənilməsində əsl pioner oldu. Söhbət bu alimin 1949-cu ildə almanca yazdığı “Uşaq dili, afaziya və ümumi fonetik qanunlar” kitabından gedir. Həmin kitabı bu sətirlərin müəllifi 1993-cü ildə rus dilinə tərcümə edərək öz vəsaiti hesabına çap etdirmişdir. Sonralar dil xətalarının öyrənilməsi onun müalicəsinə müsbət təsir göstərdi. Neyroloq N.Geşvindin Boston mərkəzi (1960) fənlərarası tədqiqatlarla afaziyanın əhatə dairəsini genişləndirdi. Almaniyada K.Pökün yaratdığı Aaxen məktəbi ötən əsrin 70-ci illərindən bəri neyrologiya ilə dilçiliyin əməkdaşlığını xeyli sürətləndirdi. Alman dilində patolinqvistika (həmçinin eyni anlamda olan neyrolinqvistika) tətbiqi dilçilik sahəsində afatiklərin diaqnostikası və müalicəsilə daha yaxından məşğul olur. Deməli, afaziya diaqnostikası və dil müalicəsi kliniki neyrolinqvistikada, ancaq sağlam adamların neyro-elmi metodlarla tədqiqinin əsasları eksperimental neyrolinqvistika adlanır. İndi artıq iki elm sahəsi formalaşıb: kliniki dilçilik və eksperimental neyrodilçilik. Almaniyada XX əsrin 90-cı illərindən patolinqvistika və kliniki linqvistika iki universitet istiqaməti kimi akademik kadrların hazırlanması ilə məşğul olur. Eksperimental neyrolinqvistika dilçilik daxilində yeni istiqamət kimi fəaliyyət göstərir.
Hazırda koqnisiya qarşısında duran əsas vəzifə ondan ibarətdir ki, danışılan dil real dil fəaliyyəti daxilində empirik hərəkət forması kimi öyrənilsin. Bunun üçün maksimum sadələşdirilmiş proqram hazırlamaq lazım gəlir ki, bu məsələləri laboratoriya şəraitində tədqiq etmək mümkün olsun. Tədqiqatın aparılması üçün irəli sürülən fərziyyə ya təsdiq, ya da rədd edilə bilər. Məsələn, belə güman edilirdi ki, aktiv cümlələr passivdən daha asan qavranılır. Eksperimental tədqiqatlar bu fərziyyəni ya qəbul etməli, ya da rədd etməlidir. Burada müxtəlif fikirlər mövcud ola bilər, ancaq məsələ ciddi tədqiq olunmalıdır. Beyində ayrılıqda, ya da birgə baş verən proseslərin öyrənilməsi son dərəcə əhəmiyyətlidir. Beyindəki prosesləri öyrənməklə dil funksiyalarını aydın dərk eləmək olar. Bu zaman düşünülməmiş hərəkətləri də tədqiq etmək olar.
5.Müasir dilçilikdə paradiqm dəyişiklikləri. Müasir dil fəlsəfəsinin və nəzəri dilçiliyin alman alimi V.fon Humboldtdan (1767-1835) başlandığını desək səhv etmərik. Elə bunun nəticəsidir ki, dilçilik tarixində Almaniyanın özünəməxsus yeri vardır. Almaniya ikinci dünya müharibəsinə qədər dünya dilçiliyində aparıcı mövqedə olmuşdur. Böyük Y.Qrimmdən (1785-1863) başlayaraq N.Xomskiyə (1928) qədərki dilçilik tarixini nəzərdən keçirdikdə 5 paradiqm dəyişikliyinin şahidi oluruq. Bunlar, qısa şəkildə desək, aşağıdakılardan ibarətdir:
5.1.Y. Qrimmin əsasını qoyduğu ənənələr gənc qrammatiklər tərəfindən davam etdirildi. Bunlara A.Şlayxer (1821-1868), Avqust (1767-1845) və F.Şlegel (1772- 1829) qardaşları, A.A.Potebnya ( 1835-1891 ), R.Rask (1787-1832), F.Bopp (1791-1867), E.Sivers (1850-1932), K.Brugman (1849-1919), F. Osthof (1847-1909), H.Paul (1846-1921), O.Behagel (1864-1936) və başqaları aiddir. İngilislərdən H.Svit (1845-1912), danimark O.Yespersen (1860-1943) öz dərin tədqiqatları ilə tarixi-müqayisəli dilçiliyin inkişafına və dillərin genealoji bölgüsünə töhfə vermişlər.
5.2. Nəzəri dilçilikdə ikinci paradiqm dəyişikliyi I.A.Boduen de Kurtene (1845-1929) və F.de Sössürün (1857-1913) adları ilə bağlıdır. Onların hər ikisi müasir dilçiliyin baniləri sayılır: birincisi taksonomik dilçiliyin, fonem və morfem nəzəriyyələrinin əsasını qoymuş, bugünkü koqnitiv dilçiliyin hüceyrələrini səpənlərdən biri kimi tarixə düşmüşdür. İkincisi isə ümumi və nəzəri dilçilik sahəsində inqilabi dəyişikliklər etmiş, dilçiliyi psixologiyanın tərkib hissəsi, dili isə işarələr sistemi kimi göstərməklə dil haqqında elmin üfüqlərini genişləndirmişdir.
5.3. Dilçilikdə strukturalizmin və funksionalizmin meydana gəlməsilə yeni, üçüncü paradiqmin işartıları görünməyə başlayır. Maraqlıdır ki, burada da I.A.Boduen de Kurtene və F.de Sössürün ardıcılları əsl söz sahibləri olublar. Onların içərisində V.Mateziusu (1882-1945), L.V.Şerbanı (1880-1944), N.Trubeskoyu (1890-1938), R.Jakobsonu (1896-1982), S.Karsevskini (1884-1955), L.Blumfildi (1887-1949), A.Martineni (1908- 1999) ), D.Counsu (1881-1967) və başqalarını xüsusi qeyd etməliyik. Bu paradiqmin əsas xüsusiyyətləri, sadə dildə desək, dili sistem və struktur, dilin təhlilində strukturalizmi və funksionalizmi metod kimi götürməkdən ibarətdir.
5.4. Növbəti, dördüncü paradiqm dəyişikliyi vaxt baxımından müharibədən sonrakı dövrə təsadüf edir. Bu dövrdə V.V.Vinoqradov (1894-1969), E.Koseriu (1921-2002), A.A.Reformatski (1900-1978), А.N.Smirnitski (1903-1954), Y.S.Maslov (1908-1977), (L.R.Zinder (1904-1995), Z.Hərris (1909-1992), E.Benvenist (1902-1976), Ç.Hoket (1916-2000), C.Layons (1932) və s.-i dilçiliyin nəzəri və tətbiqi məsələlərini həll etməyə nail oldular[1].
5.5. Bu günkü dilçilikdə yeni, sayca beşinci paradiqmin banisi N.Xomskinin və onun davamçılarından J.Ostin (J.Austin-1911-1960), J.Syörl (J.Searle-1932), M.Birviş (1930) və s. kimi dilçilərin adlarını çəkə bilərik. Onlar dil təhlilini linqvistik fenomenologiya, hermenevtika və dil fəlsəfəsi baxımından həyata keçirirlər. Danışıq aktı nəzəriyyəsini dilin hərəkətdə olması konsepsiyası əsasında işləyib hazırlayaraq onlar ruhun intensionallıqla bağlılığını elə şərh edirlər ki, bu zaman mental səviyyənin özümlüyü əsas götürülür. Deməli, dilçilik bu gün törəmə qrammatikası və koqnitiv istiqamətdə inkişaf etməklə yanaşı dil nəzəriyyəsini və fəlsəfəsini, digər tərəfdən, dilçiliyin fəlsəfəsini işləyib hazırlamaq əzmindədir [3].
Bütün paradiqmlərdə dilin mənimsənilməsi problemləri, dillərin tipologiyası, sosiodilçilik və neyrodilçilik problemləri diqqət mərkəzində olmuşdur. Dilin tədrisi və tətbiqi dilçiliyin digər aktual problemlərilə yanaşı öyrənilərək geniş tədqiq olunur ki, bu da kontrastiv və konfrontativ dilçiliyin yeni istiqamətləri sırasına daxildir.
5.6. Bugünkü dilçiliyi maraqlandıran əsas məsələ ondan ibarətdir ki, insanı tədqiqat sferasından kənar etmək olmaz və, ümumiyyətlə, insanın mental prosesləri müasir dilçiliyin tədqiqat obyekti kimi götürülməlidir. Bu məsələlərin həlli onların hansı çərçivədə həyata keçirilməsindən asılıdır. Məlumdur ki, taksonomik dilçilik dilin tədqiqində klassik dixotomoiyadan çıxış edirdi, özü də dil vahidlərinin seqmentasiyası və eyniləşdirilməsi əvvəllər olduğu kimi, indi də İ.A.Boduen de Kurtenenin işləyib hazırladığı kvaziomonimlərlə iş metoduna əsaslanırdı. Alman dilində /`mυtəR / (ana) und /`mγtəR/ (analar) qarşılaşmasının timsalında İ.A.Boduen de Kurtene göstərirdi ki, bu cütlər kökdə saitlərin əvəzlənməsilə fərqlənirlər [4]. Bu cür qarşılaşdırma sonralar elmdə düzgün olmayaraq İsveçrə dilçisi F.de Sössürün adına yazılır. Qeyd edək ki, bu gün də Şerba məktəbindən başqa bütün dünya dilçiləri qarşılaşdırma metodundan istifadə edərək fonemi mənafərqləndirici funksiya daşıyan dil vahidi kimi götürürlər.
5.7.Dixotomiya nəzəriyyəsi dil nəzəriyyəsi problemlərini həll etmək iqtidarında deyildir, çünki bu ikili yanaşma norma səviyyəsini əhatə etmir. Ona görə də bu təhlil üsulu bir məsələni həll etməkdə acizdir, o da insanın dilin təhlilində kənar edilib-edilməməsilə bağlıdır. Dünya şöhrətli antopoloq K.Levi Stros (1908-2009) İ.A.Boduen de Kurteneni və L.V.Şerbanı, eləcə də onların şagirdlərini onda günahlandırır ki, onlar dilin təhlilində danışan şəxsin şüuruna müraciət edirlər və bununla da onlar nəzərə almırlar ki, “dilin elementləri bizim reflektiv intensionallığımız səviyyəsindən aşağıda dururlar. Dil fəaliyyəti şüursuz, özü-özünə baş tutur.”
5.8. Bu yanaşma bu gün qəbul edilə bilməz, çünki dilçiliyin yeni inkişafı insanı tədqiqatların mərkəzinə qoyur, yəni insansız dilin işlənməsi və dərki heç vaxt tam aydın ola bilməz. Bu gün müasir dilçiliyə, o cümlədən semantikaya və praqmatikaya yeni impulslar verən koqnitiv psixologiya insan beyninin necə işləməsini öyrənir, Necə olur ki, insan hiss orqanları ilə ətraf aləmdən informasiya alıb onları konseptləşdirərək dildə ifadə edir, onu dərk edib əvvəlki informasiyalarla müqayisə edib yadda saxlayır və yeri gələndə onları təsnif edir və aktivləşdirir. Koqnitiv dilçilik ayırd edir ki, son dərəcə çoxlu informasiya insanın başında necə strukturlaşır və düşünərkən insan ondan necə istifadə edir. “Dil nəzəriyyəsi,-deyə N.Xomski yazır,- insan psixologiyasının sadəcə o hissəsidir ki, o tam xüsusi bir “mental orqandır”, insanın dilidir.”
Deməli, istənilən dil vahidinin statusunun müəyyənləşməsi insanın mental fəaliyyətini nəzərə almadan mümkün deyildir. Yuxarıda alman dilindən gətirdiyimiz söz cütlərinin iki müxtəli forma olmasını alman dili daşıyıcıları və ya bu dili bilənlər müəyyən edə bilərlər. Əks təqdirdə bilmək olmaz ki, onlar necə formalardır. Bu o deməkdir ki, dil işarəsini insan işlədir və insan da onu başa düşür. Beləliklə ümumiləşdirərək deyə bilərik ki, millətin konseptsferi bir tərəfdən semantika ilə, digər tərəfdən isə koqnitiv proseslə üzvi surətdə bağlıdır. Dildə ünsiyyətin məna tərəfinə danışanın tələffüz etdiyi və dinləyənin eşidib anladığı səslənmə formaları ilə varid olmaq mümkündür.
5.9.İşarə situasiyası akustik işarənin (morfemin, leksemin və s.) eksponentləri və akustik obrazlarla, işarələnənlər (işarələrin ifadə etdiyi mənalar, semlər), işarənin konseptləri (işarənin anlamı) və ətraf aləmin əşya və denotatları, referentlərilə səciyyələnir. Öz aralarında fərqlənməyən şeylər dildə fərqləndirmə funksiyası yerinə yetirə bilməz. Danışanın göndərdiyi informasiyanı dinləyən həmin informasiyanın göndərildiyi dili bilməzsə, o dil sistemilə tərbiyə olunmayıbsa, heç nə başa düşməz. Deməli, danışmaq və danışılanı dərk etmək onların ikisinin birlikdə əmələ gətirdiyi dil fəaliyyətinin deşifrə edilməsidir. Anlama propozisiya və presuppozisiyadan asılıdır, yəni təkcə dil bilgisindən deyil, ancaq onsuz da ola bilməz.
5.10.İnsanın qulağı fizioloji amillərlə şərtlənir və akustik əlamətlərə əsaslanır. “İnsanın yaddaşı hazır söyləmlərə əsasən fəaliyyət göstərir” fikri qəti şəkildə rədd edilməlidir, çünki insan heç vaxt işlətmədiyi cümlələr işlədir və heç vaxt eşitmədiyi cümlələri eşidib başa düşür. Koqnitiv dilçilik işarə situasiyasının vacib elementləri olan, yuxarı səviyyə vahidlərini (morfem, leksem və s.) fərqləndirməyə xidmət edən fonem və onların birləşmələrini akustik obraz kimi ayırıb götürür[5].
5.11.Ətraf aləmin sözlə ifadəsi yalnız fikrin səsləndirilməsilə mümkün olur. Bu, dil söyləmləri formasında insanlar dil işarələrindən öz gündəlik həyatlarında istifadə etdikcə reallaşır. İnsanlar bir-birilərini başa düşmək istəyirlərsə, danışıq zənciri fonetik cəhətdən fərqlənən elementlərin ardıcıllığı olmalıdır. Bu mənada ayrı-ayrı fonemlər özü-özlüyündə deyil, yalnız onlardan istifadə edənlər onları fərqli elementlər kimi reallaşdırmalıdırlar. Dil səriştəsi o deməkdir ki, insan söyləm strukturlarının bölünə bildiyi elementar vahidlərin-fonemlərin məhdud miqdarı ilə öz dil fəaliyyətini gerçəkləşdirə bilir. Budur müasir dilçiliyin məhək daşı. Dil şüuru isə nəyin müxtəlif və nəyin eyni olmasını həll edir. Dilçilik dövrlə ayaqlaşmaq istəyirsə, burada qaldırılan problemlərə laqeyd qala bilməz.
Ədəbiyyat
Horst M. Müller. Psycholinguistik- Neurolinguistik. W. Fink. UTB, 2013, S. 12.
Veysəlli F. German dilçiliyinə giriş. III-cü nəşri. Bakı, 2011; yenə həmin müəllif: Azərbaycan dilinin funksional qrammatikası: fonemika/morfemika. Bakı, 2014.
Schiwy G. Neue Aspekte des Strukturalismus. Dtv.Wissenschaftliche Reihe. München, 1973 (cəmi:185 s.); Rentsch T. Philosophie des 20.Jahrhunderts.Von Husserl bis Derida. Verlag C.H.Beck, München, 2014 (cəmi: 128 s.).
Бодуэн де Куртене И.А. Избранные труды по общему языкознанию. М., 1963, т. 2, стр.198-199.
Schwarz M. Einführung in die kognitive Linguistik. 3.Auflage, Tübingen, 2008, S.22.
Summary
Cognitive linguistics, the main concepts and perspectives
The article deals with the research of the paradigmatic changes through the brief excursion to the history of linguistics.
Thus, the author enumerates the postulates of the contemporary linguistics and comes to the conclusion that it has experienced a great evolutionary process and centered on a particular set of phenomena and concerns. In all paradigms cognitive approach existed in the hidden form. Thanks primarily to Baudouin de Courtenay and his followers cognitive linguistics was acquired and widely recognized.
Резюме
Когнитивная лингвистика: основные положения и перспективы
В настоящей статье предпринимается краткий экскурс в историю лингвистики и описываются все парадигматические изменения, произошедщие за всю историю существование науки о языке. Автор упорядочивает постулаты современного языкознания и показывает, что современная когнитивная лингвистика возникла как закономерное развитие лингвистической науки, так как во всех парадигмах этой науки когнитивный подход сушествовал, хотя и имплицитно. Благодаря неустанной деятельности И.А.Бодуэна де Куртенэ и его последователей сегодня когнитивная лингвистика полностью сформировалась и признается всеми.