Koqnitivlik və diskurs probleminə müasir baxış
Fil.e.d., prof. Fikrət Cahangirov
[email protected]
Açar sözlər: koqnitiv, diskurs, konsept, mətn, antropologiya
Keywords: cognitive, discourse, concept, text, anthropology
Ключевые слова: когнитив, дискурс, концепт, текст, антропология
Koqnitivlik elmi biliklərin müstəqil sahəsidir və bu elmin nəzəriyyəsi fərdin davranışını daha çox informasiya axını və ya fəaliyyət göstərmə terminlərində təsvir edir. Koqnitivliyin öyrənilməsi ilə koqnitologiya (təfəkkür haqqında elm) məşğul olur. Onun tədqiqat dairəsinə insan tərəfindən informasiyanın alınması, işlənilməsi («emal edilməsi»), saxlanılması və istifadə edilməsi ilə bağlı məsələlər daxildir. Bu məqamlarla əlaqədar insan beynində olduqca mürəkkəb proseslər getdiyindən ayrıca götürülmüş bir elm sahəsinin onları öyrənməsi və yekun bir nəticəyə gəlməsi mümkün deyil, buna görə də insan şüurunun təbiəti və işləməsi ən müxtəlif, ilk nəzərdən bir-birindən çox uzaq elmələr (məsələn, psixologiya, linqvistika, antropologiya, fəlsəfə, fiziologiya, süni intellekt nəzəriyyəsi və b.) tərəfindən öyrənilir. Yalnız bir elm koqnitivliyi tam hərtərəfli açmağa və koqnitiv proseslərin necə getməsinə aydınlıq gətirməyə qabil deyil. Son dövrlərdə həmin proseslərə (əlbəttə, başqa tərəfdən) neyropsixologiya da xüsusi diqqət yetirir. Bu da bir tərəfdən son elmi nailiyyətlərlə, digər tərəfdən isə prosesin texnologiyasının açılmasının müəyyən yeni elm sahələrinin inkişafı üçün vacibliyi ilə bağlıdır. Lakin bu prosesin hərtərəfli öyrənilməsi kompleks şəkildə, yəni müxtəlif elmlərin birgə səyi nəticəsində mümkün ola bilər. Məsələn, koqnitologiya informasiya proseslərini öyrənirsə, neyropsixologiya bioloji proseslərlə məşğul olur. Məqsəd isə birdir: informasiyanın işlənilməsinin insan beynində necə getməsini müəyyənləşdirmək. Bu prosesə tam aydınlıq gətirmədən informasiyanın işlənilməsi, emalı ilə məşğul olan sistemlərin koqnitiv prosesləri necə həyata keçirdiyi dərk etmək və bu mexanizmi sürətlə inkişaf edən texnokratik cəmiyyətdə tətbiq etmək mümkün olmaz. Hazırda kompüter texnikasının sürətlə inkişafı elm qarşısında süni intellekt yaratmaq, maşına insan kimi düşünməyi öyrətmək məsələsini qoyur, amma konqitiv prosesləri tam açmadan bu məqsədə yetmək mümkün deyil.
Bir termin kimi koqnitivlik bir-birindən xeyli fərqli mənalarda işlənilir və əsas etibarilə xarici informasiyanı əqli qavrayışa və işlənilməsinə qabilliyi bildirir. Lakin ayrı-ayrı elm sahələrinə gəldikdə termin daha konkret məna kəsb edir. Məsələn, psixologiyada koqnitivlikdən söhbət gedəndə şəxsiyyətin psixi prosesləri və psixi proseslərin öyrənilməsi və dərki önə çəkilir. Özü də bu termin bilik kontekstində və bir də bilik, bacarıq və ya öyrətmə kimi anlayışlarla bağlı sahələrdə işlədilir. Geniş mənada termin dərk etmə aktını və ya biliyin özünü bildirir. Bu baxımdan o, mədəni-sosial mənada şərh olunub, biliklərin və onlarla bağlı konsepsiyaların meydana gəlməsi və formalaşmasını bildirir (7).
Son əlli ildə elmin müxtəlif sahələrinin sürətlə inkişafı və yeni elm sahələrinin meydana gəlməsi koqnitivlik terminin də mənasına, məna tutumuna baxışları xeyli dəyişdirmişdir. Əgər son dövrlərə qədər koqnitiv proseslər dedikdə yaddaş, diqqət, qavrama, hərəkət, qərarın qəbul edilməsi, təxəyyül nəzərdə tutulurdu və emosiyalar bu proseslərə aid edilmirdisə, hazırda emosiyaların da koqnitiv hissəsi öyrənilir (7). Son dərəcə sadələşdirilmiş şəkildə bunu belə ifadə etmək olar: əgər əvvəllər koqnitivliyin təzahürü kimi mətni götürmək yetərli idisə, hazırda bu baxış qənaətbəxş hesab edilə bilməz. Çünki insan beynində (onun «ideal aləmində») formalaşmış konseptlər yalnız müəyyən informasiyanı deyil, həmin informasiyaya münasibəti, onu çatdırmaq istəyənin mövqeyini, hiss və həyəcanını və başqa çalarlarını da özlərində ehtiva edirlər və bunların hamısı məcmu şəklində koqnitivliyi formalaşdırır.
Koqnitiv proseslər konseptlər üzərində qurulur. Konsept dedikdə, «strukturlaşdırılmış bilik kvantından ibarət qlobal təfəkkür vahidi» (3, s.4), «sözü müşayiət edən təsəvvürlər, anlayışlar, biliklər, assosiasiyalar, təəssüratlar dəsti» (4, s.43), «gerçəklik aləmi haqqında müəyyən mədəni şərtlənmiş təsəvvürləri əks etdirən» ideal aləm obyekti nəzərdə tutulur (5, s.59). Bu mövcud baxışları ümumiləşdirərək demək olar ki, konsept insan şüurunda, beynində saxlanılan və söz və digər vasitələrlə realizə olunmağa təyinatlanmış informasiyadır. Konseptlər müəyyən vasitələrlə obyektivləşir. Bu proses dil vasitələrinin (verbal və qeyri-verbal) köməkliyi ilə həyata keçirilir. Konsept formalaşıb şüurdan xaricə çıxmayıncaya qədər onun mövcudluğunu yalnız həmin şüurun sahibi bilir, özü də daşıyıcının təfəkküründə belə konseptlər müəyyən obrazlar şəklində saxlanılır və onlardan ikili şəkildə istifadə olunur. Birincisi, müəyyən fikrin çatdırılmasında, ikincisi isə, qəbul edilən informasiyanın işlənilməsi, «emal edilməsi»ndə. Belə ki, qəbul edilən informasiyanı qavramaq üçün insanın konsept saxlancında onu anlamağa kömək edəcək müəyyən konseptlər dəsti yoxdursa, onu tam qavramaq və onun əsasında müəyyən sistemləşdirmə aparmaq mümkün deyil. Yəni informasiyanı qəbul edən «ötürülən» informasiyanı qəbul etməyə və özündə olan biliklər dəstindən çıxış edərək qiymətləndirməyə hazır olmalıdır. Məsələn, daş dövrü insanına qaz alışqanını nə qədər təsvir etsək də, onun beynində həmin konsepti formalaşdıra bilmərik, çünki bu konsepti formalaşdırmaq üçün onun beynində müəyyən zəmin (qismən də olsa oxşar anlayış) yoxdur.
Konsept dedikdə gerçəkliyin (sözün ən geniş mənasında) hər hansı predmeti, hadisəsi, hərəkətinin insan şüurunda əksi, təsəvvürü, obrazlı «klasteri» nəzərdə tutulursa, həmin konseptin gerçəklikdəki prototipinin şüura proyeksiyası, yəni qavranılıb şüurda müəyyən proseslərdən keçərək konseptləşməsi, bu şəkildə saxlanılması və lazım gəldikdə gerçəklikdəki konkret hadisələrlə müqayisəsi, işlədilməsi (praktik tətbiqi) ən ümumi şəkildə koqnitivlik adlandırıla bilər. Doğrudur, deyilənlər koqnitivliyi yalnız ümumi və olduqca səthi anlada bilər, çünki bu anlayışı tam dolğunluğunda əks etdirmək və təsvir etmək üçün ona tam nüfuz etmək, yəni prosesi tam öyrənmək lazımdır, lakin bu proses haqqında bu gün də bilgilər çox səthi və qeyri-dəqiqdir.
Konseptlərin onları obyektivləşdirən dil vasitələri ilə əlaqəsi məsələlərini koqnitiv linqvistika öyrənir. Əgər ənənəvi dilçilik dil faktlarını ümumiləşdirərək konkret nəticələrə gəlirdisə, koqnitiv linqvistika ideal mahiyyətlərin obyektivləşdirilməsi məsələsini önə çəkir və bu da öz növbəsində koqnitiv sistemin necə işləməsi məsələsini öyrənməyə imkan verir.
Qeyd olunur ki, «koqnitiv linqvistika və linqvokulturologiya çərçivəsində mədəni konseptlərin, yəni mədəni dəyərlər olan və hər şeydən öncə xeyir, şər, azadlıq, vicdan, namus, yaddaş və s. kimi abstrakt sözlərlə ifadə olunan anlayışların kompleks öyrənilməsi məsələsi həll olunur» (8). Bununla yalnız qismən və şərti razılaşmaq olar. Məsələ burasındadır ki, insan beynində saxlanılan istənilən informasiya konseptlər şəklində saxlanılır və bu informasiya yalnız mücərrəd anlayışlardan ibarət deyil, maddi predmetlər də, hal və hərəkət də informasiyadır. Həmin informasiya şüurdan kənara çıxıb müəyyən şəkildə realizə olunur. Həmin realizə verbal və qeyri-verbal vasitələrlə həyata keçirilir. Ənənəvi linqvistikada əsas realizə vasitəsi kimi mətn götürülür. Koqnitiv linqvistikada yalnız mətn yetərli deyil, çünki «informasiya»nın özündə ehtiva etdiyi bütün çalarları yalnız mətn vasitəsi ili (ələlxüsus da yazılı) çatdırmaq mümkün deyil. Konseptlər linqvistik və qeyri-linqvistik vasitələrə tam reallaşmasını yalnız diskursda tapa bilir.
Diskurs ötən əsrin son illərindən başlayaraq bütün elm sahələrində və informasiya məkanında olduqca geniş istifadə olunan məfhum olub fərqli mənalarda işlədilir. Buna görə də diskurs anlayışına ayrıca götürülmüş bir elm sahəsində belə yetərincə dolğun və bitkin tərif vermək çətindir. Hər konkret elm sahəsində diskurs anlayışının məna tutumu bir qədər, bəzi hallarda isə xeyli fərqlidir. Bu yanaşmaların bəzilərinə müraciət edək.
1) Diskurs dedikdə ən müxtəlif aspektlərdən mətn nəzərdə tutulur. Mətn isə öz növbəsində bir tərəfdən «bir və daha çox cümlədən ibarət olub, deyənin fikrincə bitkin bir fikri daşıyan istənilən deyimdir», digər tərəfdən isə «povest, roman, qəzet və ya jurnal məqaləsi, elmi monoqrafiya, müxtəlif növ sənədlər və s. kimi nitq əsərləridir» (2, s. 12). Professor A. Məmmədov məsələyə bir qədər fərqli yanaşır və qeyd edir ki, «Diskurs mətn ilə qarşı-qarşıya qoyularaq “fəaliyyətdə” olan danışıq parçası kimi qəbul edilir. O, müəyyən mənanı konteksdə əldə edir. Bu kontekst dildə məlumatı ötürən tərəfindən müəyyən məqsədlərlə, konkret şəraitdə və mənada istifadə edilir. Diskurs əlaqəli danışıq parçasıdır» (1, s.58).
Buna görədir ki, linqvistikada mikro- və makromətn anlayışları işlədilir, diskursun isə mikro- və makrostruktura malikliyindən danışılır.
2) Dirskurs məfhumunun tez-tez işlədilməsinə baxmayaraq bu məfhum arxasında nəyin durması məsələsində hələ də tam aydındıq yoxdur. Bu məfhum dilçilik elmində ilk dəfə 1952-ci ildə Amerika alimi Zeliq Hərris tərəfindən «Diskurs təhlili» («Discourse analysis») məqaləsində işlədilmişdi. Məqalənin söyləmdən (deyimdən, ifadədən) böyük birləşmələrin tərifinin verilməsi ilə bağlı yazıldığı nəzərə alınsa, artıq həmin dövrdə diskurs anlayışına konkret yanaşmanın olduğu qənaətinə gəlmək olar. Z.Hərris diskursu mətnin cümlədən böyük parçası hesab edir (9). Maraqlıdır ki, Z. Hərrisdən az sonra fransız alimi Emili Benvenist də həmin anlayışa müraciət edərək, onu «danışana aid edilən nitq» kimi mənalandırmışdı. E.Benvenistə görə söyləm deyənin ekspressiyasıdır. Bu isə diskursa fərqli yanaşmaların lap əvvəldən, yəni anlayış elmə daxil olan andan olduğunu göstərir. Amma qeyd olunmalıdır ki, bu fərqli yanaşma bu gün də aradan qalxmamış və bütün mübahisəli məqamlara aydınlıq gətirilməmişdir. Ə.Abdullayev «mətn» və «diskurs»un rabitəli nitqin tədqiqində geniş istifadə olunduğunu vurğulayaraq, onlara yanaşmada iki əsas meyili fərqləndirir. Onun fikrincə, hər iki anlayış bir sıra araşdırmalarda eyniləşdirilir və bir-birini əvəzləyə bilir. Başqa araşdırmalarda isə onların differensiallaşdırılması tendensiyası müşahidə olunur və bu proses də birmənalı deyil, çünki burada nəzərdən keçirilən anlayışlar, bir tərəfdən, müstəqil anlayışlar kimi nəzərdən keçirilir, digər tərəfdən isə onların müəyyən dərəcədə əlaqəli olmaları vurğulanır (1, s.180).
3) Diskurs aktuallaşdırılmış mətndir (10). Bu yanaşmanın əsasını T.A. Van Deyk qoymuşdur. O, özünün «Diskursun tərifinə dair» əsərində bu məfhumun dəqiq tərifinin olmamasını belə izah edir: «Dil, cəmiyyət, ideologiya anlayışları kimi diskurs anlayışı da tam aydın deyil. Biz bilirik ki, ən dumanlı və tərif verməyə çətin gələn anlayışlar ən populyar olurlar». T.A.Van Deyk diskursu müxtəlif bucaqlar altında – konkret danışıq kimi, danışıq tipi kimi, janr kimi, sosial funksiya kimi nəzərdən keçirir. Bu zaman ortaya bariz təzahür edən, nəzərə çarpan bir məqam çıxır. Bütün bu mövqelərdən yanaşmaların sonunda belə bir fikir doğur: Diskurs kontekstdəki mətndir. Əgər mətnlə (tekst) kontekst arasında müəyyən hədd qoymaq mümkündürsə, diskursda onların vəhdəti çıxış edir və bu həddi qoymaq mümkün deyil. Hətta yazılı mətnin konteksti qavrayan üçün aydın deyilsə, onun tam avranılmasından söhbət gedə bilməz. Bu məqamda da diskursun tamlığı üçün mətn və kontekstin birliyi nəzərə alınmalıdır. Yəni «diskurs=mətn+kontekst» (burada verbal və qeyri-verbal, dildaxili və dilxarici ünsürlərin tam vəhdəti nəzərdə tutulur). Eyni fikri N.E.Enkvistdə də görmək olar. O qeyd edirdi ki, «Diskurs mətn ilə situasiya komponentinə malik kontekstin məcmusudur» (6, s.369). Bu deyimlə razılaşmamaq çox çətindir. Onun tam haqlı olduğunu qeyd etməklə yanaşı, bir məsələyə də diqqət yetirmək lazım gəlir. Bu da həm mətn, həm də və xüsusilə kontekst anlayışlarının özlərinin dərkində və şərhində tam aydınlıq, daha doğrusu, fikir yekdilliyi olmaması ilə bağlıdır. Belə ki, əgər kontekst mətnin dilxarici elementləri və əhatəsi kimi götürülərsə, həm yazılı, həm də şifahi mətnin (həcm məsələsinə toxunmadan) kontekstini tam müəyyənləşdirmək və əhatələmək mümkün deyildir. Bundan başqa, kommunikasiya iştirakçıları çox vaxt heç biri konteksti tam əhatələyə bilmir, buna görə də mətn dərkində onlar arasında ciddi fərqlər olur. Deyilənlər göstərir ki, diskursu mexaniki olaraq mətn və kontekstin məcmusu hesab etməklə məsələ bitmir və anlayışa aydınlıq gəlmir.
Van Deyk diskurs anlayışını həm geniş, həm də dar mənada nəzərdən keçirir. Geniş mənada diskurs məfhumu altında müəyyən zaman, məkan və situasiya kontekstində danışan və dinləyən arasında ünsiyyət prosesində baş verən kommunikativ hərəkət başa düşülür. Bu kommunikativ hərəkət həm şifahi, həm də yazılı, həm verbal, həm də qeyri-verbal tərkib hissələrli ola bilir. Buna ən adi misal dostların söhbəti, qəzet və ya jurnalın oxunması, küçədə və ya başqa yerdə söhbət ola bilər. Dar mənada isə bu, mətn və ya danışıqdır. Burada diskurs kommunikativ hərəkətin bitkin məhsulunu, onun resipiyent tərəfindən interpretasiya olunan yazılı və ya şifahi nəticəsini bildirir. Ən ümumi şəkildə demək olar ki, diskurs kommunikativ hərəkətin bitkin məhsuludur.
4) Diskurs sosiomədəni kontekstdə qarşılıqlı əlaqə prosesinin nəticəsidir (11). Bu istiqamətin əsas nümayəndəsi Amerika dilçisi K.L.Paykdır. O, insan davranışının universal taksonomiyasını işləyib hazırlamağa çalışırdı. Onun fikrincə, dil davranışının mərkəzi vahidləri sintaqmatik funksiyaların və paradiqmatik doldurumların korrelyatları qismində müəyyənləşdirilən funksional yüklənmiş minimal formal elementlər kimi taqmemalardır. Onlara qrammatik elementlərin realizə olunmasının təhlilində minimal konkret verilənlər kimi taqmalar qarşı durur. Sintaqmemalar taqmemaların birləşməsi kimi fərqləndirilir. Söz, söz birləşməsi, cümlə, cümlələr kompleksi, abzas, diskursla təmsil olunan iyerarxik mərhələlər (səviyyələr) fərqləndirilir.
Diskursa müxtəlif yanaşmaların və mövcud təriflərin sayını dəfələrlə artırmaq, onlara müxtəlif baxışları incəliklərinə qədər təhlil etmək olar. Amma son nəticədə tam ortaq bir fikrə gəlmək və diskurs məsələsində tam aydınlığa nail olmaq yenə də çətindir, çünki fikirlər, baxışlar fərqli olduğu kimi, məfhum arxasında nəzərdə tutulan məna tutumu da fərqlidir. Deyilənlər bir daha təsdiqləyir ki, diskurs anlayışının məna tutumunu tam müəyyənləşdirib, ona universal tərif vermək son dərəcə çətindir. Bununla belə diskursun məna tutumuna müəyyən aydınlıq gətirməyə cəhd edək.
Diskurs dedikdə özündə mətni və sosial kontekstdə olan dinamik dil fəaliyyətini birləşdirən proses başa düşülür, yəni diskurs mətn və onu müşayiət edən sosial kontekstin məcmusu kimi nəzərdən keçirilə bilər. Bu zaman sosial kontekst diskursun mətn tərkib hissəsinin necə və nə dərəcədə dolğun qavranılmasına ciddi təsir edir.
Müraciət etdiyimiz yanaşmalardan çıxış edərək deyə bilərik ki, diskurs və mətn arasında bərabərlik işarəsi qoyula bilməz, çünki diskursu nəzərdən keçirdikdə yalnız deyilən deyil, həm də deyilməyən və ya deyilə bilməyən, lakin məna tutumunda özünə yer alan diqqət mərkəzinə gətirilməlidir. Əgər diskurs artıq formalaşmış mətn və kontekstin vəhdəti kimi götürülərsə, onun diskurs olması yalnız digər şəxs (şəxslər) tərəfindən qavranılma prosesində üzə çıxır. Aktuallaşdırılmamış diskurs yalnız potensial diskursdur. Diskurs ən azı iki tərəfin iştirakını nəzərdə tutur: söyləyən və qəbul edən, ünvanlayan və ünvanlanan. Bu isə o deməkdir ki, diskurs konkret bir şəxslə bağlı olmur.
Fikrimizi əyaniləşdirmək üçün məsələyə bir qədər başqa tərəfdən yanaşaq. Əsrimiz kompüter əsridir. İnternetdə hər hansı informasiyanı tapmaq üçün açar sözlərə müraciət edirik. İnsan şüurunda qismən həmin proses gedir. Hər hansı informasiyanı tanımaq, qavramaq və müəyyən nəticəyə gəlmək üçün insan şüurunda, yaddaşında müəyyən oxşar informasiya olmalıdır. «Açar sözlər», yəni qəbul edilənin «şifrini» açmaq üçün informasiya yoxdursa, «ünvanlanan» informasiyanı bütün dolğunluğu ilə, bəzi hallarda isə ümumiyyətlə anlamaq mümkün olmur. Bu bir daha göstərir ki, diskurs fərdidən daha yüksəkdə duran anlayışdır.
Diskurs iki tərəfin mövcudluğunu nəzərdə tutursa, deməli onun başlanğıcında və sonunda koqnitiv proseslər dayanır. Bir şüurda («ideal aləmdə») mövcud olan konseptlər dəsti dil və qeyri-dil vasitələri dəsti hesabına diskursda formalaşır (şifrələnir) ünvanlandığı şüur tərəfindən qavranılır, müəyyən koqnitiv proseslər nəticəsində şifri açılır və ikinci şüurda konseptlər dəsti kimi təzahür edir. Bu prosesin bitkinliyi ünvanlayan və ünvanlanan tərəflərin konseptlərinin üst-üstə düşməsindən, yaxınlığından çox asılıdır.
Deyilənlərdən bu nəticəyə gəlmək olar. Diskurs müəyyən vasitələrlə aktuallaşmış, realizə olunmuş koqnitivlikdir. Bu aktuallaşmada dil vasitələri ilə yanaşı ən geniş mənada konteksti yaradan qeyri-dil vasitələri də yaxından iştirak edir.
Ə d ə b i y y a t
1. Məmmədov A. Dilçiliyin müasir problemləri. Bakı: «ADU nəşriyyat», 2008
2. Москальская О.И. «Грамматика текста». Москва: «Высшая школа», 1981.
3. Попова З.Д., Стернин И.А. Понятие «концепт» в лингвистических исследованиях. Воронеж: 1999.
4. Степанов Ю.С. Константы: Словарь русской культуры: Изд. 2-е, испр. и доп. М.: Академический Проект, 2001.
5. Фрумкина Р.М. «Теории среднего уровня» в современной лингвистике // Вопр. языкознания. 1996, № 2, с. 55-67.
6. Enkvist N.E. From Text to İnterpretability : A Contribution to the Discussion of Basic terms in Text Linguistics. Connexity and Coherence: Analysis oF Text and Discourse Ed. by W.Heydrich. Berlin, New York: Mouton de Gruyter, 1989, p.p. 369-382.
7. http://www.psychologos.ru/articles/view/kognitivnost
8. http://ahmerov.com/book_1051_chapter_3_VVEDENIE.html
9. http://teneta.rinet.ru/rus/me/milevskat-discourseandtextdfn.htm
10. http://HYPERLINK http://www.nsu.ru/psych/%20internet/ bits/ vandijk2.htm
11. http://www.vitaeauct.narod.ru/011/vrb/bk_0001/0907.htm
S u m m a r y
Modern view to the problem of the Cognition and Discourse
Cognition involves all processes in the mind associated with reception, processing, storage and sale of the information. The information is kept in the form of concepts. The concepts are realized by the verbal and non-verbal means. This process is studied by the cognitive linguistics. The author of this article comes to the conclusion that the discourse is realized cognition.
Резюме
Современный взгляд на проблему когнитивность и дискурс
Когнитивность предполагает все процессы в сознании, связанные приемом, обработкой, хранением и реализацией информации. Хранится информация в виде концептов. Реализуются концепты посредством вербальных и невербальных средств. Этот процесс исследуется когнитивной лингвистикой. Исследование проблемы показывает, что наиболее полно когнитивность реализуется в дискурс, который выполняет функцию доставления информации от одного сознания к другому. Это позволяет утверждать, что дискурс – это реализованная когнитивность.
“Dil və Ədəbiyyat”jurnalında (№4, 2015-ci il, ADU) çap edilmişdir.