Об АУЯ

ХУДОЖЕСТВЕННАЯ УНИВЕРСАЛЬНОСТЬ И СПЕЦИФИКА В ЭПИЧЕСКОЙ ПОЭЗИИ ЗАПАДНОЙ ЕВРОПЫ

HƏMİDƏ ƏLİYEVA,                                 

Filologiya üzrə elmlər doktoru, professor

QƏRBİ AVROPA EPİK POEZİYASINDA BƏDİİ UNİVERSALLIQ VƏ SPESİFİKLİK (QƏRBİ AVROPA– YAXIN ŞƏRQ PARALELLİYİ ƏSASINDA )

Monoqrafiya

Redaktor: Qorxmaz Həsi oğlu Quliyev

Professor, filologiya elmləri doktoru

Rəyçilər:   

Şahin Həmid oğlu Xəlilli

Professor, filologiya elmləri doktoru

Cavanşir Əziz oğlu Yusifli

Filologiya elmləri doktoru

Sevinc Saday qızı Zeynalova

Filologiya elmləri doktoru

Həmidə Əliyeva. Qərbi Avropa epik poeziyasında bədii universallıq və spesifiklik (Qərbi Avropa– Yaxın Şərq paralelliyi əsasında). Bakı: Elm və təhsil, 2016, 230 səh.

Monoqrafiyada Qərbi Avropa epik poeziya nümunələrinin universal və spesifik xüsusiyyətləri Yaxın Şərq-Qərb paralelliyi müstəvisində nəzərdən keçirilir, şumer, akkad, türk, Qafqaz, ərəb epik ənənələrinin Qərbi Avropa  epik poeziya nümunələrinə təsiri məsələsi sinxron və diaxron kəsiklərdə araşdırılır.

 

ISBN 978-9952-8142-9-3

«Elm və təhsil», 2016

 

GİRİŞ

Epik poeziya  bu və ya digər xalqın qəhrəmanlıq dolu tarixindən bəhs edən iri həcmli monumental əsərdir. Digər adı qəhrəmanlıq eposu olan bu janr dünyanın bütün xalqlarının şifahi və yazılı ədəbiyyatında  mötəbər yerlərdən birini tutur. Hər bir xalqın milli ədəbiyyatı onun epos yaradıcılığından başlanır. Xalqın keçdiyi tarixi-mədəni inkişaf yolu, milli kimliyinin müəyyənləşməsi, dünyagörüşü sisteminin və estetik zövqünün formalaşması  onun yaratdığı eposlarda bədii əksini tapır. Bu mənada demək olar ki, epos hər şeydən əvvəl xalqın tarixi təcrübəsinin və ideallarının bədii, obrazlı, simvolik mənalarla dolu ifadəsidir.

Epos hər bir xalqın milli kimliyini və mənəvi simasını təsdiq edən şəxsiyyət vəsiqəsidir. Tarixə nəzər salarkən bütün böyük xalqların dövlət quruculuğunun onun dastan bağlamaq sənəti ilə paralel inkişaf etdiyini görərik. Hətta bəzi dövrlərdə bu məsələ dövlət ideologiyasının ayrılmaz hissəsinə də çevrilmişdir. Məsələn, Oktavian Avqust hakimiyyətdə olduğu dövrdə Romanın qəhrəmanlıq tarixinin yenidən yazılması və onun vəsf olunması məqsədilə məşhur şair Vergiliyə “Eneida” əsərini yazmağı sifariş etmişdir. Firdovsinin İran şahlarının tarixindən bəhs edən “Şahnamə”sini, Torkvato Tassonun “Azad edilmiş Yerusəlim”ini, Luis de Kamoensin “Luziada”sını, Volterin “Henriada”sını və onlarla bu xüsusda olan tarixi-qəhrəmanlıq poemalarını da bura əlavə etmək olar.

İnsanın bir fərd olaraq keçdiyi tarixi təkamül yolu epik obrazlar sistemində, onun mənsub olduğu cəmiyyətin etik-əxlaqi və mənəvi dəyərlər kontektində oz əksini tapır. “Bilqamıs haqqında dastan”, “Enuma-Eliş”, “Mahabharata”, “İliada”, “Odisseya” “Kitabi-Dədə Qorqud”, “Beovulf”, “Edda”, alman, fransız və ispan eposları – bütün bunlar onları yaradan xalqların tarixi, mədəniyyəti və etnopsixoloji xüsusiyyətləri barəsində bəzən tarixi xronikalardan və elmi mənbələrdən daha aydın və səhih məlumatlar əldə etməyə imkan verir. Əslində hər bir epos məxsus olduğu xalqın azacıq mifoloji rəngə boyanmış və bir qədər ideallaşdırılmış real tarixidir. Bu mənada F.Bekon haqlı olaraq epik poeziyanı “tarixin imitasiyası” adlandırırdı.

Dünyanın digər xalqları kimi Qərbi Avropa xalqları da epos yaradıcılığına xüsusi diqqət ayırmış, özünəməxsus ideya-məzmun xüsusiyyətlərinə və bədii-estetik keyfiyyətlərə malik ölməz əsərlər yaratmışlar. Qərbi Avropa epik poeziya nümunələri əsasən german-skandinav epik ənənələri əsasında formalaşsa da, onun təşəkkülündə Yaxın Şərq, xüsusilə türk mədəni elementləri fəal iştirak etmişlər. Lakin təəssüflər olsun ki, uzun zaman Qərbi Avropa mədəniyyətinin tərkib hissəsi olan Orta əsrlər Qərbi Avropa eposlarının yaranmasında və təşəkkülündə antik dövrdə meydana gələn epos etalon kimi qəbul olunmuş, Homerin “İliada” və “Odisseya”sı ilkin bədii nümunə sayılmışdır. Halbuki Qərbi Avropa qəhrəmanlıq eposlarından danışarkən  Qərbdə onların ilkin formaları olan karel-fin runlarını, qədim skandinav nəğmələr məcmusu “Edda”nı, irland epik hekayətlərini, Şərqdə isə Şimali Qafqaz xalqlarına məxsus Nart eposunu, türk-monqol qəhrəmanlıq dastanlarını və yəhudi, ərəb epik ənənələrini xüsusilə qeyd etmək lazımdır. Ümumilikdə dünya epik poeziya sənətinin ilk nümunələri isə, şübhəsiz, Qədim Yaxın Şərqin inciləri sayılan şumer – akkad epik poeması “Bilqamıs haqqında dastan” və Babil kosmoqonik poeması “Enuma-Eliş”dir. 120 gil lövhə üzərində yazılan “Bilqamıs haqqında dastan” “İliada” dan təxminən 800 il əvvəl yaranmışdır. XIX əsrin 60-cı illərinə qədər avropalılar Qədim İkiçayarası və şumerlər barəsində bilgilərə malik olmadıqları üçün mədəni orientir olaraq yalnız antik mədəniyyəti seçmişdilər. Lakin gil lövhələrin kəşfi tarixin bir çox həqiqətlərini üzə çıxarmaqla yanaşı bəşər övladının ilk bədii yaradıcılıq nümunələrini də dünyaya tanıtdı. Təsadüfi deyil ki, məhz XIX əsrdə Avropada şərqşünaslıq bir elm kimi geniş vüsət aldı və Şərqi elmi prinsiplərlə öyrənmək yolunda ilk cəhdlər göstərildi. Lakin Avropa şərqşünaslığı imperializmin müstəmləkə siyasətinin ideologiyasına xidmət etdiyi üçün Şərqlə bağlı bilikləri bəzən təhrif olunmuş şəkildə ifadə edərək bu qədim mədəniyyət beşiyinin spesifik ruhunu və daxili inkişaf qanunauyğunluğunun özünəməxsusluğunu düzgün müəyyənləş­dirə bilmədi.

XIX əsrdən müasir dövrə qədər keçən zaman ərzində Yaxın Şərq və Qərb mədəniyyətlərarası münasibətlərində bir çox irəliləyişlərin olmasına baxmayaraq yenə də bu məsələ “biz” və “başqaları” prizmasından vahid bir “biz” müstəvisinə keçə bilməmişdir.

Bir vaxtlar dünya mədəniyyətinə öz töhfələrini verən Yaxın Şərq hal-hazırda münaqişə ocağına çevrilmişdir.  Bu gün dünya Yaxın Şərq regionu haqqında siyasi, iqtisadi və dini müstəvilərdə müxtəlif geosiyasi qüvvələrin maraq dairəsində olan coğrafi məkan kimi danışır. Bu nəhəng qədim sivilizasiya mənbəyinin bəşəriyyətə verdiyi etik, mənəvi və mədəni dəyərlər müasir qloballaşan dünyanın yeni prinsiplərinə nəinki artıq cavab vermir, əksinə bütövləşməkdə olan dünyanı Orta əsrlər qarşıdurması halına gətirir. Müasir şərqşünaslığın nümayəndəsi E.Səid Qərb-Şərq münasibətlərinin bu cür çağdaş durumundan narazılığını ifadə edərək “tanış”la (Avropa, Qərb, “biz”) “özgə” (Şərq, “onlar”) arasında fərqi və birincinin sonuncu üzərindəki əzəli üstünlüyü ideyasını irəli sürənləri kəskin tənqid edirdi. O haqlı olaraq vurğulayırdı ki, “Şərq Avropa maddi sivili­zasiyasının və mədəniyyətinin ayrılmaz hissəsidir”[1].

Dahi alman şairi və öncəgörücüsü İ.V.Höte bədii-estetik fikrin gələcək inkişafını vahid dünya mədəniyyəti ideyası ilə bağlayaraq özünün məşhur “Qərb və Şərq divanı”[2] əsərilə Yaxın Şərq və Qərb poetik deyim tərzini üzvi vəhdətdə birləşdirən universal bədii ədəbiyyatın təməlini qoymuşdur. Lakin müasir dövrdə avropamərkəzçilik xülyasına qapılan qərb humanitar fikrinin nümayəndələri dahi sələflərinin mövqeyindən geri çəkilmiş, “Qərb və digərləri”nin oppozisiyasını  dövriyyəyə buraxmışlar. Bu konsepsiya sübuta yetirir ki, avropamərkəzçilik ideologiyası dünya düzəninin yeni reallığı ilə barışmaq istəmir, mədəni inkişafın istiqamətini “Şərq-Qərb” müstəvisindən “Qərb-dünya” müstəvisinə keçirməyə cəhd edir. Bu isə son nəticə etibarilə mədəniyyətlərin bir-birindən təcrid olunmasına, “atomlaşmasına” gətirib çıxara bilər. Deməli, “nə ənənəvi Şərq, nə də ənənəvi  Qərb düşüncəsi ayrı-ayrılıqda optimal inkişaf modelinin yaradılması üçün yetərli deyil; bunun üçün hər iki tərəfin üstün cəhətləri birləşdirilməlidir”.[3]

Qərbi Avropa mədəniyyəti kökündə antik yunan-Roma, iudey-xristian, türk, ərəb və digər mədəni elementlərin dayandığı sinkretik bir mədəniyyətdir. Odur ki, bu mədəniyyətin ayrıca, hermetik təcrid olunmuş şəkildə deyil,  vahid dünya mədəniyyəti, Şərq-Qərb müstəvisində öyrənilməsi daha məqsədəuyğundur. Bu mənada Yaxın Şərq ədəbi-mədəni irsinin, konkret olaraq, Orta əsrlər Qərbi Avropa epik poeziya nümunələrinin inkişafına təsirinin araşdırılması, bu problemin sistemli şəkildə bədii nümunələr və tarixi qaynaqlar əsasında tədqiqi dünya ədəbiyyatı tarixinin çox mühüm və mürəkkəb bir dövrünün yenidən dəyərləndirilməsinə imkan yaradır. Elə təqdim olunan monoqrafiyanın əsas məqsədi də Qərbi Avropa epik ənənəsinin qaynaqlandığı german mifologiyasının, eləcə də yazıya alınmadan əvvəl və sonra şifahi ənənədə geniş yayılan  qəhrəmanlıq rəvayətlərinin genezisində iştirak edən Yaxın Şərq elementlərinin öyrənilməsi,  oxşar süjet, motiv  və personajların tipoloji aspektdə araşdırılması, Yaxın Şərq və Qərb xalqlarının mədəni irsinin yenidən  müasir orientlizm nəzəriyyələri və filo­loji konsepsiyalar əsasında tədqiqi kimi məsələləri işıqlandıraraq diqqətə çatdırmasıdır. Bu məqsədin reallaşması  üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərə tutulur:

– Qərbi Avropa epik poeziya nümunələrinin genezisində Yaxın Şərq və Qərb amillərinin universal və özəl xüsusiyyətlərini müəyyənləşdirmək;

– Orta əsrlər Qərbi Avropa eposlarının tarixi təşəkkül dövrünün spesifikasını müəyyənləşdirmək;

– Qərbi Avropa epik poeziyasının mifoloji əsaslarında Yaxın Şərq elementlərini aşkar etmək;

– anqlo-sakson və alman eposlarında german-skandinav mifologiyasının və xristian görüşlərinin rolunu müəyyənləşdirmək;

– qədim türk epik ənənələrinin Yaxın Şərq və Qərb xalq­larının epik təfəkkürünə təsiri kontekstində “Nibelunqlar haq­qın­da nəğmə”nin tükr eposları ilə müqayisəli-tipoloji təhlilini verməklə alman-epik təfəkküründə Atilla obrazının transmədəni xüsusiyyətlərini üzə çıxarmaq.

– “Roland haqqında nəğmə”nin Yaxın Şərq epik ənənələri ilə müqayisəli təhlili kontekstində imaqologiya məsələlərini araşdırmaq;

– ispan mədəniyyətinin ərəb-müsəlman dövrünün səciyyəsi nəzər nöqtəsindən “Sid haqqında nəğmə”ni araşdırmaq.

Yaxın Şərq mədəniyyəti, xüsusilə də ədəbi ənənələri birbaşa və ya dolayısı ilə Qərbi Avropa mədəniyyətinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Orta əsrlərdə, Qərbi Avropa epik poeziya nümunələrinin formalaşdığı dövrdə bu təsir xüsusilə güclü olmuş, qərb xalqları öz epos yaradıcılıqlarında Yaxın Şərq epik təcrübəsindən bu və ya digər şəkildə bəhrələnmişlər. Bu bəhrələnmə Qərbi Avropanın aparıcı epik poeziya nümunələrini  mövzu, süjet və motiv baxımından daha zəngin və rəngarəng etmişdir.

Təqdim olunan monoqrafiya Qərbi Avropa  epik poeziya nü­munələrində Yaxın Şərq ədəbi-mədəni elementlərinin işti­ra­kını, ümumiyyətlə, qədim  və Orta əsrlər Yaxın Şərq-Qərb mə­dəni əlaqələrinin tarixini ardıcıllıqla sistemli şəkildə araşdıran ilk tədqiqat işidir.

[1] Edward S. Orientalism. New York: Vintage R. Books, 1978, p. 2.

[2] Yohan Volfanq fon Qöte  Qərb- Şərq divanı ( Alman dilindən tərcümə), Bakı:  Şirvannəşr, 2008,  399 s.

[3] Xəliiov S.S. Şərq ruhunun Qərb həyatı. Aida İmanquliyevnın yaradıcılığının izi ilə. Bakı: 2009, Şərq-Qərb, 2009, s. 27.