Rumıniyalı alim və şair Emilia İvanku ADU-da qonaq olub

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının dəvəti və təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan rumıniyalı alim, şair və tərcüməçi, hazırda Helsinki Universitetinin dəvətli professoru Emilia İvanku Azərbaycan Dillər Universitetində qonaq olub. Professor Emilia İvanku bir sıra tədbirlərdə iştirak edib.
Aprelin 10-da ADU-da “Mifopoetik düşüncə prizmatik tərcümənin əsas anlayışı kimi” mövzusunda E.İvanku tərəfindən mühazirə təqdim olunub və interaktiv təlim keçirilib.
Aprelin 11-də isə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 2024-cü ilin dekabrında nəşr edilmiş “Bu ağacım bir ormandır” adlı şeirlər kitabının təqdimatı baş tutub. Təqdimat zamanı kitaba daxil edilmiş şeirlər rumın, ingilis və Azərbaycan dillərində səsləndirilib. Şeirləri Azərbaycan Dillər Universitetinin əməkdaşı Yaqub Cavadovun tarda müşayiəti ilə təqdim olunub.
Tədbir şair Emilia İvanku ilə onun şeirlərinin azərbaycancaya tərcüməçisi, dosent Fialə Abdullayeva arasında dialoq formatında təşkil edilib. Görüş zamanı həm müəllif, həm də tərcüməçi kitab üzərindəki iş təcrübələrini həmkarları və tələbələrlə bölüşüblər.
Təqdimatda şair Yusif Savalan, professor Şəhla Nağıyeva və professor Aynur Səbitova da kitabla bağlı öz fikirlərini səsləndiriblər. Hər iki tədbirdə ADU-nun müəllimləri ilə yanaşı, universitetin keçmiş məzunları da iştirak ediblər.









