II Regional Məzunlar Konfransı ilə bağlı təəssüratlar

Azərbaycan Dillər Universitetinin məzunlarının professionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonlarını əhatə edən II Regional Konfrans keçirilib.
Həmin konfrans çərçivəsində tədbirdə iştirak edən məzunların təəssüratlarını bölüşürük:
Nigar Hacıyeva:
“Zaqatala rayon Ş. Qurbanov adına 3 nömrəli tam orta məktəbdə ingilis dili muəllimi kimi fəaliyyət göstərirəm. 2009-2013-cü illər Azərbaycan Dillər Universitetini bitirmişəm.
ADU -un məzunlarla bağlı təşkil etmiş olduğu bu konfransda iştirak etmək mənim üçün həm peşəkar, həm də şəxsi inkişaf baxımından çox önəmli oldu. Təqdim olunan mövzular, çıxış edən mütəxəssislərin təcrübələri və müzakirələr zamanı əldə etdiyim biliklər mənim üçün ilhamverici idi. Bu cür tədbirlər müəllimlər üçün biliklərini genişləndirmək, yeni metod və yanaşmalar öyrənmək baxımından əvəzolunmazdır. Konfransda Universitetimizin dəyərli rektoru akademik Kamal Abdullanı, fakültəmizin dekanını, professor -müəllim heyətini yenidən görmək mənim üçün çox xoş oldu.
Konfransda Azərbaycan kontekstində ingilis dili müəllimlərinin qarşılaşdığı bir sıra ümumi problemlər müzakirə olundu. Böyük şəhərlərlə müqayisədə regionlarda çalışan müəllimlərin imkanlarının daha məhdud olması, həm texniki təminat, həm də peşəkar inkişaf baxımından müəllimlərə dəstək məqsədli təlimlərin daha çox təşkil olmunması vurğulandı.”
Könül Paraşova:
“Azərbaycan Dillər Universitetinin 2019-cu il məzunuyam. Balakən rayonu Q.Nağıyev adına Kortala kənd tam orta məktəbində İngilis dili müəllimi kimi fəaliyyət göstərirəm.
Belə gözəl konfransın həyata keçirilməsi məni həqiqətən də çox məmnun etdi. Universitetimizin məzunları ilə əlaqəni itirməmək və əməkdaşlıq etmək təşəbbüsü təqdirəlayiq idi. Ümid edirəm ki, növbəti illərdə də bu cür görüşlər tez-tez təkrarlanar. Təklifim odur ki, məzunlarla keçirilən metodiki seminarlar daha interaktiv olsun və regiondan olan həmkarlarımızla daha sıx əməkdaşlıq etmək üçün imkan yaradılsın. Regionlarda fəaliyyət göstərən müəllimlərimizin öz sahələrində ixtisaslarını artirmaq üçün universitetimizin təşkil etdiyi təlimlərdə daha fəal iştirak etməsi xoş olardı.”
Günel Həsrətova:
“Zaqatala şəhər Ş.Qurbanov adına 3 saylı tam orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərirəm. 2001-2005-ci illərdə ADU-nun İngilis dili-1 fakültəsini bitirmişəm.
ADU-nun ötən illərin məzunları ilə Zaqatalada təşkil etdiyi konfrans mənim üçün çox önəmli oldu. Bu tədbir təkcə bir konfrans deyildi – həm köhnə xatirələrin canlandığı, həm də yeni baxışların formalaşdığı gözəl bir görüş idi. Regionlarda çalışan müəllimlərin problemləri dinlənildi, hər kəsin fikrinə dəyər verildi. Bu, bizə bir daha göstərdi ki, tək deyilik və səslərimiz eşidilir. Ən təsirli anlardan biri isə professor və müəllimlərimizi yenidən görmək, onlarla söhbət etmək oldu. Elə bil illər geri qayıtdı…
Belə tədbirlər insanı həm ruhlandırır, həm də motivasiya verir. İştirak etdiyim üçün çox xoşbəxtəm və bu anları heç vaxt unutmayacağam.”
Əli Kərimov:
“Balakən rayonu Qaravəlli kənd tam orta məktəbinin İngilis dili müəllimiyəm. 2014-2018-ci illərdə Azərbaycan Dillər Universitetində Tərcümə (ingilis dili) fakültəsində təhsil almışam. 2018-2019-cu illərdə Kadrların yenidən hazırlanması və Əlavə təhsil fakültəsində təhsilimi davam etdirərək ingilis dili müəllimi ixtisasına yiyələnmişəm.
ADU-nun rektoru akademik Kamal Abdulla və müəllim heyəti ilə təşkil olunmuş tədbirdə mən də iştirak etdim və universitetimə təşəkkür edirəm ki, illər keçməsinə baxmayaraq bizi unutmayıb və bizi düşünür. Tədbirdən çox razı qaldım, bundan sonra da bu formada tədbirlərin və görüşlərin olmasını arzulayıram.”
Paçalova Əsiyyət:
“ADU-nun 2005-ci il məzunuyam. Balakən rayon Humanitar və Texniki təmayüllü liseydə fəaliyyət göstərirəm. ADU-nun keçirdiyi bu görüşdə iştirak etmək mənim üçün çox xoş oldu. Çoxdandır universitetlə əlaqəm kəsilmişdi, bu tədbir sayəsində rektor, professor - müəllim heyəti, köhnə dostlarla görüşdüm. Eyni zamanda universitetin hələ də biz məzunlara dəstək göstərmək istədiyini görmək bizdə xoş təəssürat yaratdı.
Məni sevindirən xüsusi bir məqam o oldu ki, tədbir təkcə nostalji xarakter daşımadı, həm də peşəkar inkişafla bağlı konkret fikirlər səsləndi. Belə görüşlərin davamlı olması, müxtəlif mövzular üzrə təcrübə paylaşımı və əməkdaşlıq imkanları üçün bir platforma yaradılması çox faydalı olar. Və peşəkar təlimçilərin müasir canlı dərs paylaşımlarını izləməyin daha faydalı təcrübə olacağını düşünürəm. Universitet rəhbərliyinə və təşkilatçılara təşəkkür edirəm.”







