ADU müəllimləri beynəlxalq konfransda iştirak ediblər

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Qərb ölkələri və Şərq ölkələri üzrə Regionşünaslıq kafedralarının müəllimləri Rumıniyada səfərdə olublar.
ADU-nun əməkdaşları 18-21 mart 2025-ci il tarixində Rumıniyanın Kluj-Napoka şəhərində Babeş-Bolyai Universitetinin təşkil etdiyi “Avropanın Davamlı Gələcəyi üçün Yaşıl Çağırışlar" adlı konfransda iştirak ediblər.
20 mart tarixində ADU-nun Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri professor Sevdagül Əliyeva və müəllimi Sevinc Qurbanova, Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimləri dosent Rəna Rəcəbli, Aygün Soltanzadə Rumıniyanın Kluj-Napoka şəhərində Babeş-Bolyai Universiteti ilə tanış olublar, universitetin Avropaşünaslıq ixtisasında tədris aparan müəllimlərlə tanış olmuş, müxtəlif mərkəz və kitabxanalar, qədim universitet binaları və onlarda təhsil sistemi haqqında məlumat alıblar.
21 mart tarixində müəllimlərimiz “Avropanın Davamlı Gələcəyi üçün Yaşıl Çağırışlar" adlı konfransın “Yaşıl Avropa üçün siyasət” başlıqlı panelində çıxış ediblər.
Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri professor Sevdagül Əliyeva və Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimi dosent Rəna Rəcəbli “Azərbaycanda yaşıl keçid üçün xalq ənənələrinin bərpasının sosial-iqtisadi aspektləri” mövzusunda, Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimi Sevinc Qurbanova “Azərbaycanın ekoloji siyasəti” mövzusunda, Şərq ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimi Aygün Soltanzadə “Türkiyə və Qazaxıstanda yaşıl layihələr” mövzusunda çıxışlar ediblər.
Eyni zamanda konfransa onlayn formatda Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müəllimləri Ülviyyə Poladxanlı, Aygün Seyidova, Orxan Nəbiyev, Elşən İsayev də qoşularaq çıxışlarını məruzə ediblər.
24 mart tarixində isə Kluj şəhərində yerləşən İncəsənət Liseyində “Novruz Bayramının tarixi kökləri və simvolları” mövzusunda geniş miqyasda bayram tədbiri və təqdimatı keçirilib. ADU-nun müəllimləri özləri ilə apardıqları bayram atributları haqqında məlumat verdikcə, eyni zamanda onları əyani olaraq təqdim ediblər. Təqdimat zamanı liseyin tələbələri qədim xalq oyunları, Novruz falları, papaq atma, yumurta döyüşü, şam yandırmaq kimi mərhələləri həyata keçiriblər. Tədbirdə Novruz Bayramı ərəfəsindəki çərşənbələr, Novruz adət-ənənələri, Novruzun mədəni əhəmiyyəti haqqında məlumat verilib. Tədbir milli xalq rəqsimiz olan yallı oynanması və kollektiv şəkil çəkilməsi ilə başa çatıb. Bütün iştirakçılara milli şirniyyatlarımız təqdim olunub.
Martın 25-də ADU-nun nümayəndələri Babeş-Bolyai Universitetində fəaliyyət göstərən Türk Dili və Araşdırmaları Mərkəzində keçirilən görüşdə iştirak ediblər. Mərkəzin direktoru Marqarita Aslan Mərkəzin fəaliyyəti haqqında məlumat verib və gələcək tədbirləri və tədqiqatlarında ADU əməkdaşlarının da iştirakının təmin olunmasını arzu etdiyini bildirib. Marqarita xanım Mərkəzin son dərc etdirdiyi “İbrahim Müteferrika”nın həyat və fəaliyyətinə həsr olunmuş kitabı qonaqlara hədiyyə edib.

























