XƏBƏRLƏR

ADU-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

25 fevral, 2025

Fevralın 25-də Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzində (EKİXM) Xocalı soyqırımına həsr olunmuş tədbir təşkil edilib.
Tədbiri giriş sözü ilə açan Kitabxana şöbəsinin müdiri Nuranə Qafarova Xocalı faciəsinin Azərbaycan tarixinə ən dəhşətli səhifələrdən biri kimi daxil olduğunu vurğulayıb və qətliamın ağır nəticələri barədə danışıb.
Oxu zalının bölmə müdiri Güllüzar Məmmədova "Vətən" və "Ana torpaq" anlayışlarından bəhs edərək, Xocalı soyqırımının dünya mətbuatında işıqlandırılmasının vacibliyini qeyd edib.
EKİXM-in əməkdaşı Elşən Hüseynli isə Heydər Əliyev Fondunun Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyətlərdən söz açıb. O, XX əsrin sonunda baş verən bu kütləvi qırğının yalnız Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu bildirib.
Tədbirdə iştirak edən tələbələr ölkəmizin ərazi bütövlüyünün hərbi güc, iqtisadi potensial və siyasi iradə ilə bərpa ediləcəyinə inandıqlarını ifadə edib və bu faciənin təbliği istiqamətində əzmlə çalışacaqlarını bildiriblər.
Tədbirin sonunda Xocalı soyqırımı ilə bağlı tarixi faktlara toxunularaq "soyqırım" anlayışının hüquqi və tarixi aspektdə araşdırılmasının vacibliyi qeyd edilib. Tədbir videoçarx və sərgilərlə yekunlaşıb.