XƏBƏRLƏR

ADU TGT ictimai-siyasi fəallığının artırılmasına verdikləri töhfəyə görə təltif olunub

06 fevral, 2025

2 Fevral – Gənclər günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyətində bayram tədbiri keçirilib. 

Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, müxtəlif nominasiyalar üzrə bir qrup gənc Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən təltif olunub.

Həmin gənclər arasında Azərbaycan Dillər Universitetinin tələbələri də olub. ADU Tələbə Gənclər Təşkilatının sədri Nicat Əliyev və 4 nəfər fəal tələbə Nəsimi rayonunda gənclərin ictimai-siyasi fəallığının artırılmasına verdikləri töhfəyə görə fəxri fərmanla təltif olunublar.

Bildirilib ki, sözügedən tədbirdə  Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ali təhsil müəssisələrinin rəhbərləri, QHT sədrləri, istehsalat, elm, mədəniyyət sahəsi və təhsil, ictimai,  elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki,1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olub. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olublar.