XƏBƏRLƏR

“Qərbi Azərbaycanda Azərbaycana məxsus tarixi abidələr” adlı tədbir keçirilib

24 dekabr, 2024

Dekabrın 24-də Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və alman dilləri  fakültəsinin nəzdində İngilis dilinin fonetikası kafedrasının müdiri dosent Xatirə Qocayevanın təşəbbüsü və İngilis və fransiz dilləri fakültəsinin nəzdində 224a qrup tələbələrinin iştirakı ilə "Qərbi Azərbaycanda Azərbaycana məxsus tarixi abidələr” adlı  Qərbi Azərbaycanla bağlı həqiqətlərin gənc nəslə ötürülməsi məqsədilə marifləndirici tədbir  keçirilib.

   Tədbir ömür boyu Azərbaycanın qədim torpağı olan Göycə mahalında yaşayıb yaratmış Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, Aşıq Ələsgərin heykəlinin ziyarəti ilə başlayıb.

 Tədbirin qonağı  “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli tələbələrə ozan-aşıq mədəniyyətinin rəmzi olan  ustad aşığın nadir yaradıcılıq üslubundan, həyat və yaradıcılığından bəhs edib.

 Daha sonra isə tələbələr Qərbi Azərbaycan İcmasının inzibati binasını ziyarət ediblər.

   Tələbələri İcma aparat rəhbəri Qalib Qasımov qarşılayaraq, Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fəaliyyətlərini, habelə Qərbi Azərbaycandan olan görkəmli ziyalılar barədə məlumatları əks etdirən fotostendlər, Qərbi Azərbaycan abidələrinə dair tablolar, 5 arxiv xəritəsi,  həmçinin Qərbi Azərbaycandan olan elm adamlarının və ədiblərin bu yerlə bağlı elmi, bədii və publisistik əsərləri barəsində məlumat verib.

  Qərbi Azərbaycan İcması Aparatında gənclərlə iş üzrə məsul şəxs Anar İrzaquliyev xalqımızın “Böyük Qayıdış” uğrundakı ali mübarizəsində dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılması prosesində gənclərin informasiya bazasının genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.