ADU-da Beynəlxalq Elm və Təhsil Laboratoriyası açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Pedaqogika kafedrasının nəzdində Beynəlxalq Açıq Elm və Təhsil Laboratoriyası açılıb.
"ИнклюзиОN лаб" Rusiya Federasiyasının Maarif Nazirliyinin dövlət sifarişi əsasında yaradılıb.
"Azərbaycan və Rusiyanın təhsil məkanında gələcək müəllimlərdə inklüziv mədəniyyətin formalaşmasının pedaqoji strategiyaları" adlı elmi-tədqiqat layihəsi çərçivəsində geniş elmi-tədqiqat fəaliyyəti həyata keçirilib. 600-ə yaxın tələbənin iştirakına şərait yaradılıb, beynəlxalq nüfuzlu jurnallarda elmi məqalələr dərc olunmuş, monoqrafiya, metodik tövsiyələr çap edilmiş, tələbələr üçün Rusiya Federasiyası Çeçenistan Pedaqoji Universitetində "Xüsusi uşaqlıq, çağırışlar və perspektivlər" adlı tələbə konfransı keçirilib.
Tələbələrin Çeçenistana səfəri zamanı çoxsaylı tədbirlər reallaşdırılıb, o cümlədən, dəyirmi masa, sərgi, müsabiqə, təlimlər təşkil edilib, layihə çərçivəsində Çeçenistanın əksər reabilitasiya mərkəzləri ilə tanışlıq olub.
ÇDPU-nun professor-müəllim heyəti Azərbaycana səfər edib.
Səfər zamanı təcrübə mübadiləsi aparılıb, təlimlər keçirilib. Habelə onlayn və oflayn görüşlər, müzakirələr təşkil olunub. Layihə çərçivəsində ADU-da açılmış laboratoriya müasir avadanlıqlarla təchiz edilib.
Açılışda ADU-nun rektoru akademik Kamal Abdullayev çıxış edib.
Tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı səfiri, Rus Evinin rəhbəri, Azərbaycandakı Rus İcmasının nümayəndələri iştirak ediblər.
ADU-nun Pedaqogika kafedrasının müdiri dos. N.Zeynalova qonaqları ADU-nun Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin, Rusiya Federasiyasının Maarif Nazirliyinin ilə yaradılmış Açıq Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış edib, laboratoriyada yerləşdirilən və sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, korreksiyası məqsədilə istifadə olunan avadanlıqlar- səs qoyuluşu və artikulyasiya gimnastikası üçün loqopedik trenajor, eşitmə məhdudiyyətli şəxslər üçün xüsusi qurğu, görmə məhdudiyyətli şəxslər üçün mətni skan edən və oxuyan qurğu haqqında ətraflı məlumat verib.
Bildirilib ki, həmin resurslar həm təlim prosesində, həm də xüsusi təlim ehtiyacları olan tələbələrin korreksiyasında, cəmiyyətə inteqrasiyası istiqamətində istifadə ediləcək.

















