ADU-da Kolumbiya səfiri və tanınmış ədəbiyyat xadimləri ilə görüş keçirilib

Dekabrın 11-də Azərbaycan Dillər Universitetində (ADU) Kolumbiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Luis Fernando və bu ölkənin tanınmış ədəbiyyat xadimləri ilə görüş keçirilib.
Qonaqları rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu bildirən Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Azərbaycan və Kolumbiya arasında elm, təhsil və mədəniyyət sahəsində qurulan əməkdaşlıqdan danışıb. Qeyd olunub ki, ADU-da ispan dili çox yüksək səviyyədə tədris olunur və tələbələrin bu dilə, ispandilli ölkələrin ədəbiyyatına olan marağı getdikcə artır. ADU-da fəaliyyət göstərən İspan Dili Mərkəzi haqqında məlumat verən rektor bildirib ki, mərkəzin fəaliyyətinin əsas məqsədi tələbələrin ispan dili və mədəniyyətini öyrənməsinə, onların elmi araşdırmalarına dəstək olmaqdır. Azərbaycanda ispandilli ölkələrin rəsmi nümayəndəlikləri, səfirliklər mütəmadi olaraq mərkəzdə keçirilən tədbirlərdə fəal iştirak edir, tələbə və müəllimlərlə sıx əməkdaşlıq edirlər.
Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən Kolumbiyanın Azərbaycandakı səfiri Luis Fernando bildirib ki, Azərbaycan və Kolumbiya arasında əməkdaşlıq münasibətlərinin inkişafı təhsil və mədəniyyət sahəsində də özünü göstərməkdədir. Azərbaycan Dillər Universitetində ispan dilinin tədrisini yüksək qiymətləndirən səfir bu ixtisas üzrə təhsil alan tələbələrin bilik səviyyəsindən məmnun qaldığını bildirib. Qeyd olunub ki, ispan dilini öyrənən tələbələr Kolumbiyanın tarixinə, ədəbiyyatına və mədəniyyətinə böyük maraqla yanaşırlar.
Görüşdə Azərbaycan və Kolumbiya arasında ədəbi-mədəni əlaqələrin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, müxtəlif layihələrin reallaşdırılması məsələsi müzakirə olunub.
Həmin gün Azərbaycan Dillər Universitetində Kolumbiya səfiri və bu ölkənin tanınmış ədəbiyyat xadimlərinin tələbələrlə görüşü keçirilib. “Ədəbiyyat vasitəsi ilə mədəniyyətlərarası dialoq” adlı tədbirdə ədəbiyyatın regional mədəniyyətləri necə əks etdirməsi, habelə söz sənətinin müxtəlif xalqlar arasında anlaşma körpüsü olması məsələləri araşdırılıb. Kolumbiya ədəbiyyatı üzərində fokuslanan tədbirdə yerli hekayələr və mədəni perspektivlərin beynəlxalq auditoriyalara fərqli reallıqları necə tanıtdığı və mədəni mübadiləni necə təşviq etdiyi təhlil edilib.
Tədbiri giriş sözü ilə açan Kolumbiyanın Azərbaycandakı səfiri Luis Fernando görüş iştirakçılarını salamlayaraq, Azərbaycan Dillər Universitetində olmaqdan məmnun olduğunu bildirib. “Bu gün Azərbaycan Dillər Universitetində tələbələrlə keçirilən görüşə Kolumbiyanın tanınmış ədəbiyyat nümayəndələri qatılıb. Bu görüş həm də ona görə əhəmiyyətlidir ki, bu il dekabrın 12-də Kolumbiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 30 illiyi tamam olur. Ədəbiyyat mədəniyyətlər arasında körpüdür, söz sənəti ölkələrin tanınmasına kömək edir. Bu baxımdan, Kolumbiyanın böyük mədəniyyət tarixi var və Kolumbiya ədəbiyyatı ölkə hüdudlarından kənarda da yaxşı tanınır. Bu gün Azərbaycan Dillər Universitetində ispan dilini öyrənən tələbələr Kolumbiya mədəniyyətinin zənginliyini öyrənə bilirlər”, - deyən səfir bugünkü görüşün mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Tanınmış şair, esseist, tərcüməçi, bir çox beynəlxalq mükafatların laureatı Lauren Mendinueta çıxış edərək öz yaradıcılığı haqqında məlumat verib, mədəniyyətlər arasında anlaşma vasitəsi kimi ədəbiyyatın əhəmiyyətindən danışıb. O, poeziyanın İspan Amerikasında sosial və siyasi mövzulara dair düşüncə vasitəsi olduğunu, bu narrativlərin isə bölgələrin reallıqlarını qlobal kontekstdə əks etdirdiyini şərh edib. “Mənim qələmə aldığım poeziya nümunələri Kolumbiya, Meksika, İspaniya, İtaliya və Portuqaliyada nəşr olunub. Ədəbiyyat sahəsində təcrübəm artdıqca, dildən əlavə, mədəniyyətin də necə vacib amil olduğunu öyrəndim”. Dilin akademik cəhətdən böyük rol oynadığını qeyd edən Lauren Mendinueta bədii tərcümənin əhəmiyyətindən danışıb: “Bu gün süni intellekt vasitəsi ilə yaranan tərcümələr çox gülünc görünür. Belə tərcümə vasitələrinə çoxları əl atsalar da, bunun gələcəyinə şübhə ilə yanaşıram. Ədəbi əsəri yaradıcı insan tərcümə etməlidir. Çünki bütün mədəniyyətlərin tanınması insana məxsusdur. Ədəbi tərcümə olmasa, dünya mədəniyyəti kasadlaşar. Hazırda gənc nəsil, yeni oxucular yetişir, onların ədəbi görüşlərini inkişaf etdirmək üçün ədəbi tərcümələr qiymətli mənbədir. Bu baxımdan, ədəbiyyatın qorunub saxlanmasında tərcümələr böyük rol oynayır. Mədəniyyətlər tərcümələr vasitəsi ilə yayılır və təbliğ olunur”.
Kolumbiyanın tanınmış tarixçisi və yazıçısı Carlos Betancourt çıxışında yerli və regional hekayələrin mədəni kimliyinin formalaşmasında oynadığı rolu müzakirə edib. O, tarixçi kimi öz təcrübələrinə əsaslanaraq, Kolumbiya bölgəsindən olan cəmiyyətlərin tarixi narrativlərinin kollektiv yaddaşı qoruduğunu və mədəni homogenezasiyaya müqavimət göstərdiyini izah edib.
Kolumbiyalı nəşriyyat məsləhətçisi və mədəni işlər üzrə təşkilatçı Martin Gomez isə beynəlxalq miqyasda İspan Amerikası ədəbiyyatının roluna dair fikirlərini səsləndirib. O, dillərin və yerli hekayələrin dünya auditoriyası ilə əlaqə yaratmasında oynadığı rolu xüsusi vurğulayıb. Eyni zamanda, regional müəlliflərin əsərlərini sərhədlərdən kənarda tanıtmaq üçün qarşılaşdıqları çətinliklər və əldə etdikləri imkanlar, eləcə də ədəbiyyatın universal mövzularının bu prosesdəki əhəmiyyəti haqqında danışıb.
Görüşün sonunda tələbələrin sualları cavablandırılıb və qarşılıqlı müzakirələr aparılıb. Qeyd olunub ki, ədəbiyyat təkcə bir bölgənin mədəniyyətini əks etdirməklə kifayətlənmir, həm də müxtəlif cəmiyyətlər arasında qarşılıqlı anlaşma üçün vacib bir vasitədir.











































