"Zamana sığmayan mütəfəkkir" adlı tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin
Tədbirdə AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı, füzulişünas Lalə Ələkbərova, İngilis və fransız dilləri fakültəsinin dekanı dosent Vəfa Babayeva, Linqvokulturologiya kafedrasının müdiri dosent Vüsalə Ağabəyli, həmin kafedranın əməkdaşları və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dosent Vüsalə Ağabəyli bildirib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 yanvar 2024-cü ildə “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamı” ına əsasən təşkil olunub.
V. Ağabəyli bildirib ki, Məhəmməd Füzulinin yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan dilini, mədəniyyətini yüksəklərə qaldırmaqdan ibarət olub. Yeni nəslin düşüncəsində, dünyagörüşündə Füzuli obrazının canlanmasında, onun müasirimizə çevrilməsində Ulu Öndər Heydər Əliyevin xidmətləri danılmazdır. Düz 30 il əvvəl, 1994-cü ildə Ümummilli Liderin sərəncamı Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyi qeyd edilib. Respublikamızın ağır dövründə böyük yubileylərin keçirilməsi şübhəsiz ki, ulu öndərin həyatımızın mənəvi, mədəni sahəsinə dəyər verməsi, çətinliklər nə qədər çox olsa da mədəniyyətimizə, mədəni irsimizə, mənəviyyata daim xüsusi diqqət yetirməsi heç vaxt unudulmamalıdır. Bu gün də cənab İlham Əliyevin görkəmli ədibin 530 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə dair verdiyi sərəncamın şairin Azərbaycan xalqı qarşısında və bütün türk xalqları, dünya mədəniyyəti qarşısındakı xidmətlərinə verilən qiymət kimi dəyərləndirilir.
Görkəmli mütəfəkkirin həyat və yaradıcılığı haqqında qısaca danışan Linqvokulturologiya kafedrasının fil.f.d. Aynur Məmmədzadə qeyd edib ki, Məhəmməd Füzuli son dərəcə dərin məzmunlu yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş etmiş qüdrətli söz sənətkarıdır.
Tədbridə qonaq qismində iştirak edən AMEA-nın əməkdaşı Lalə Ələkbərova Məhəmməd Füzulinin insan, təbiət, gözəllik, ilahi sevgi və məhəbbət haqqında söylədiyi dəyərli fikirlərini dinləyicilərə çatdırıb.
L.Ələkbərova uzun illər Füzuli yaradıcılığını araşdıran bir şəxs kimi tanınır və onun ədəbi irsi haqqında Avropanın bir çıx ölkəsində çıxışlar edir, Füzuli sənətinə həsr olunan xeyli sayda elmi məqalələr, tezislər müəllifidir. O, həmçinin qeyd edib ki, Füzulinin poeziyası hikmətli söz və aforizmlərlə, şah beytlərindəki məna dərinlikləri ilə zəngin olan bəşəri dəyərlərdən ibarətdir. Füzuli Şərqin zəngin fəlsəfi-poetik irsinin banilərindən biridir, şairin neçə-neçə oxucu və tamaşaçı nəslinin estetik zövqünü müəyyənləşdirən əsərləri bu gün də öz monumentallığını və yüksək təsir gücünü qorumaqdadır.
Kafedranın dosenti Mahirə Hacıyeva Məhəmməd Füzulinin yaradıcılığından bəhs edərkən, bildirib ki, onun “Leyli və Məcnun” əsərini Azərbaycan dilində yazması tarixi bir addımdır. Çünki məhz Füzuliyə qədər saray dili olan fars, ərəb dilləri Azərbaycan xalqının mədəni irsinə aid olan bir çox əsərləri bizdən məhrum edərək, gah fars ədəbiyyatı, gah da başqa xalqın ədəbiyyatına aid olduğu iddia edilir. Füzulinin “Məni candan usandırdı” qəzəli dillər əzbəridir. Türk dünyasının söz xiridarı Füzulinin yaradıcılığının əsası xeyir və şər konsepsiyalarıdır və onların mərkəzində insan durur. M.Hacıyeva vurğulayıb ki, Füzulinin istəyi Azərbaycan dilini yaşatmaq, bu dilin də ədəbiyyat dilinin olduğunu oxucuya çatdırmaq idi.
Daha sonra, kafedranın baş müəllimi fil.f.d. Zöhrab Məsmə Məcid Məhəmməd Füzulinın İslam dininə bağlılığından bəhs edib.Bidlirib ki, şair öz qəsidələrində İslam peyğəmbərlərinə dərin məhəbbətini ifadə edirdi. Məhəmməd Füzuli demək olar, bütün ömrünü İraqda, Hillə və Kərbəla şəhərlərində yaşamışdır. Füzuli İmam Hüseyn (ə) aşiqi idi və Kərbəla faciəsini türkcə ən gözəl ifadə edən əsərlərdən birini – “Hədiqət əl-süəda” əsərini yazmışdır.
Sonra Füzuli yaradıcılığını tədqiq etmiş Lalə Ələkbərova İngilis və fransız dilləri fakültəsinin tələbələrini Füzulinin həyat və yaradcılığı haqqında diskussiyaya cəlb edib.
Tədbirin bədii hissəsində 326 A-B qrupunun tələbələri Füzuli yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim ediblər. “Bəngü-badə” poemasından parça, “Leyli və Məcnun” poemasından səhnəcik, Füzuli yaradıcılığındən bəhs edən video-çarx təqdim edili.
Fakültənin tələbəsi Səbinə Novruzovanın ifasında Cahangir Cahangirovun “Füzuli” kontatasından bir parça ifa edib.
Sonda İngilis və fransız dilləri fakültəsinin dekanı dosent Vəfa Babayeva qeyd edib ki, xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Füzuli irsi də o qədər yaşayacaqdır, onun yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Məhz bu dürüst qiymətin nəticəsidir ki, dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncama əsasən Füzulinin anadan olmasının 530 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd edilir.





































