XƏBƏRLƏR

ADU-da “Şəhid günü”nə həsr olunan anım tədbiri keçirilib

28 noyabr, 2024

Azərbaycan Dillər Universitetinin (ADU)  Şeyx Zayed adına Ərəb Dili Auditoriyasında Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qürur və iftixar günü kimi qeyd olunan “Şəhid günü”nünə həsr olunan anım tədbiri keçirilib. Tədbirdə mərkəzin müəllim və tələbələri iştirak edib.

Açılış nitqi ilə çıxış edən mərkəzin müdiri Ülviyyə  Hüseynova şəhidlərin vətən uğrunda verdiyi fədakarlıq və göstərdiyi qəhrəmanlığı yad edib, xüsusi günün əhəmiyyətindən danışıb.

Mərkəzin müəllimi Lalə Əliquliyeva çıxışında “Şəhid günü”nün Birləşmiş Ərəb Əmirlikləri üçün nə qədər mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

ADU-nun ərəb dili müəllimi Ceyhun Qasım isə çıxışında şəhidlər günü yalnız şəhidlərin əziz xatirəsini yad etmək deyil, eyni zamanda onların vətənə olan sevgisinin və bağlılığının gücünü gələcək nəsillərə çatdırmaq məqsədi olduğunu qeyd edib.

Tədbir çərçivəsində iştirakçılar şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. 

Mərkəzin müəllimləri və tələbələri bu xüsusi günün mənəvi əhəmiyyətini əks etdirən fikirlər səsləndirərək, şəhidlərin vətənə olan sevgisinin və bağlılığının gücünü bir daha xatırladıblar.

Tədbirin sonunda iştirakçılar Birləşmiş Ərəb Əmirliklərində şəhidlərə dair hazırlanmış xüsusi video-çarxı izləyərək, həmin günün əhəmiyyətini daha yaxından hiss ediblər.

Qeyd edək ki, dövlət başçısı Əlahəzrət Xəlifə İbn Zəid Əli Nəhyanın göstərişi ilə 30 noyabr tarixi hər il BƏƏ-də “Şəhid günü” kimi qeyd olunur.