Jalə Qəribova İtaliyadan olan qonaqla görüş keçirib
Noyabrın 22-də Azərbaycan Dillər Universitetində (ADU) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İtaliya Perudja Xarici Dillər Universitetinin Davamlılıq Siyasəti üzrə rektor nümayəndəsi, Davamlılıq və Sosial Təhlükəsizlik və Beynəlxalq Tədqiqatlar üzrə Bakalavr Proqramının rəhbəri, Beynəlxalq Hüquq üzrə dosent Maura Marchegiani ilə görüş keçirilib.
Görüşdə ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Jalə Qəribova qonağı salamlayaraq ölkələrimiz arasında tarixi köklərə əsaslanan dostluq əlaqələrindən bəhs edib. O qeyd edib ki, son illər ərzində Azərbaycan və İtaliya arasında iqtisadi, siyasi, elmi və mədəni əməkdaşlıq sürətlə inkişaf edir. Bu əlaqələr hər iki xalqın bir-birini daha yaxından tanımasına şərait yaradır:
“2018-ci ilin oktyabrın 19-da XVIII Dünyada İtalyan dili həftəsi çərçivəsində Bakıya səfər edən İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellati, Azərbaycan Dillər Universitetinin Elmi Şurasının qərarı ilə Azərbaycan və İtaliya arasında ictimai-siyasi, humanitar, elm və mədəniyyət sahələrində əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə ADU-nun fəxri doktoru adına layiq görülüb.
Universitetimizdə italyan dilinin tədrisi isə 2001-ci ildən başlayıb. Hazırda universitetimizdə italyan dili mərkəzi fəaliyyət göstərir və Tərcümə fakültəsində italyan dili tədris olunur. Universitetimizdə italiyalı həmkarlarımızla sıx əməkdaşlıq davam edir. İtaliya Perudja Xarici Dillər Universiteti ilə imzalanmış anlaşma memorandumunun da ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verdiyini və tələbə-müəllim mübadiləsi üçün faydalı olduğunu düşünürük,” – deyə Jalə Qəribova bildirib.
Dosent Maura Marchegiani COP29-un Azərbaycanda keçirilməsindən və həmin müddətdə ADU-da qonaq olmaqdan məmnun olduğunu vurğulayıb:
“Görüş üçün dərin təşəkkürümü bildirirəm və inanıram ki, İtaliya ilə Azərbaycan arasında təhsil, humanitar, mədəni, ictimai, iqtisadi və ekoloji sahələrdə əlaqələr bundan sonra da inkişaf edəcək və güclənəcək”.
Görüş zamanı ADU və Perudja Xarici Dillər Universiteti arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Sosial elmlər, beynəlxalq əlaqələr və dillər sahəsində ikili diplom, tədqiqat, akademik mübadilə və mədəni fəaliyyətləri əhatə edən əməkdaşlığın gücləndirilməsi təklif olunub.