XƏBƏRLƏR

Pandemiya psixologiyası: pandemiya zamanı qoruyucu davranışlar

26 mart, 20209

Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasını dosent Ceyhun Aliyevin  “Pandemiya psixologiyası: pandemiya zamanı qoruyucu davranışlar” yazısını təqdim edirik. 

Pandemiya sözü qədim yunan dilində olan pan (bütün, hamı) və demos (xalq) sözlərindən yaradılmışdır. Bəşər tarixinin müxtəlif dövrlərində koronavirus kimi pandemiya halında yayılmış olan müxtəlif yoluxucu xəstəliklər olmuşdur. Misal olaraq “qara vəba”, “xolera”, “ispan qripi”, “Honq Konq qripi”, “donuz qripi”, “HİV/AİDS” kimi pandemiyaları nümunə göstərə bilərik.

11 fevral 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı bir il öncə Çinin Uhan şəhərində qeydə alınmış koronavirus adı altında yayılmış xəstəliyin rəsmi adını açıqladı. Bu gün bütün dünyanı bürüyən koronavirus pandemiyasının COVİD-19 adlanması ingilis dilindən “corona” (tac), “virus” və “deases” (xəstəlik) sözlərinin baş hərflərinin birləşdirilməsindən alınmışdır. 19 rəqəmi isə xəstəliyin qeydə alındığı 2019 - cu ili bildirir. 

Apardığımız müşahidələr, eləcə də, kütləvi informasiya vasitələrinin təqdim etdiyi materiallar göstərir ki, xəstəlikdən uzaq olmaq üçün insanların  bir qrupu qoruyucu davranışlara əməl etdiyi halda digər qrupu buna əməl etmir, nə qoruyucu vasitələrdən istifadə edir, nə də fəaliyyət və gündəlik həyat tərzində heç bir məhdudiyyətə məhəl qoymurlar. Bəzi adamlar günlərlərlə evdən çölə çıxmadıqları halda, digərləri dostları ilə görüşür, ailə və qohumları ilə bir yerə yığışaraq məclislər keçirir, əylənirlər.

Sual olaraq qoyduğumuz məsələ belədir; niyə bəzi insanlar pandemiya zamanı qoruyucu davranışlara uyğun hərəkət edir, digərləri isə buna əməl etmirlər? Bu yazıda qısa da olsa pandemiya ilə bağlı qoruyucu davranışların fərdi-psixoloji və sosial-psixoloji təhlilini verməyə çalışacağıq.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün tətbiq edilən qoruyucu, yaxud profilaktik davranışlar təxminən eyni olmuşdur. Buraya əlləri tez-tez yumaq və ya dezinfeksiya etmək, tibbi maska taxmaq, ev əşyalarını və paltarları dezinfeksiya etmək, yataq ağlarını tez-tez dəyişdirmək, öskürüb-asqırarkən ağız-burunu dəsmalla tutmaq, yerə tüpürməmək, ünsiyyətdə olarkən bir-birinə yaxın getməmək,əl-ələ görüşməkdən, yaxud öpüşməkdən uzaq olmaq, siqaretdən və ya spirtli içkilərdən imtina etmək, izdihamlı yerlərdən uzaq olmaq, zəruri ehtiyac olmadan evi tərk etməmək, evin havasını tez-tez dəyişmək, sağlam və ya təbii          qidalanma, sağlamlaşdırıcı idmanla məşğul olmaq və s. Pandemiya zamanı insanları sağlam davranışa yönləndirən səbəblər arasında aşağıdakıların  daha çox müşahidə olunduğu qənaətindəyik:

  1. Yaş faktoru. Müşahidələr göstərir ki, yaşlılar gənclərlə müqayisədə daha çox ehtiyatlı hərəkət edir və qoruyucu davranışlara əməl edirlər. Yaşlıların pandemiyanı ciddiyə alma səbəbləri KİV- də yaşlı insanların immun sistemlərinin zəifliyi nəticəsində virusa qarşı müqavimətlərinin zəif olmaları haqqında edilən xəbərdarlıq, cavanlara nisbətən XX əsrdə baş verən bəlalardan (pandemiyalardan) və nəticələrindən daha çox xəbərdar olmaları, onlarda can sevgisinin güclü olması, daha böyük həyat təcrübəsinə malik olmalarıdır.
  2. Dini inanc faktoru. Bu məsələdə dini inanc öz təsirini göstərir. İnanclı insanlar heç bir şeyin Allahın iradəsindən kənarda baş vermədiyinə inandıqları səbəbindən ölümü əcəl kimi qavrayır və onun Allahın hökmü ilə gerçəkləşdiyini qəbul etdikləri üçün qoruyucu davranışlara o qədər də əməl etmirlər. Belə yanaşma tərzi müxləlif yaş həddində olan inanclı insanlar arasında heç də birmənalı qəbul olunmur.
  3. Cins fərqi. Qadınlar kişilərə nisbətən qoruyucu davranışlara daha çox meyillidirlər və başqalarının da bu cür qoruyucu davranışlara riayət etmələrini təkidlə israr edirlər. Bu meyil daha çox cinsi mənsubiyyətdən, qadın fəhmindən və analıq hissindən qaynaqlanır. Qadınların emosional, həssas və həyata daha çox bağlı olmaları ən əsası isə onlarda evi, ailəni və övladı qorumaq onların sağ və salamat qalmasını təmin etmə qayğısının daha yüksək olması ilə əlaqəlidir. Ailəcanlılığı ilə seçilən azərbaycanlı beyni ailə qayğıları ilə bağlı fasiləsiz olaraq, ətraf aləmdən informasiyanı alır və təhlil edir. Ona görə də yolxucu xəstəliklər olduğu halda, qadınlar arasında qoruyucu davranışa əməl etmə daha çox müşahidə olunur. 

4. Savadlı olmaq. Bilənlə bilməyən eyni anlamda olmaz! Daha çox savadlı, daim mütaliə edən, çox saylı müşahidələr nəticəsində zəngin həyat təcrübəsinə malik olan və səhiyyə mədəniyyəti yuxarı olan insanların pandemiya zamanı qoruyucu davranışlara meyil etmələri daha yüksəkdir.

5. Xarakter fərqi. Həyəcanlı insanlar pandemiya zamanı qoruyucu davranışlara daha çox əməl edir, verilən tövsiyə və qadağalara uyğun hərəkət edirlər.

6. Rəsmi dairələrə güvənmək və etibar etmək. Rəsmiyyətə, yəni, idarəetmə strukturlarına, eləcə də, səhiyyə sisteminə, o cümlədən həkimlərə güvənən, onlara inanan və etibar edən insanlar digərləri ilə müqayisədə verilən tövsiyələrə və məsləhətlərə riayət edərək qoruyucu davranışlara daha çox əməl edirlər.

7. Xəstəliyin nə dərəcədə ciddi olduğuna inanmaq. Yayılmış olan yoluxucu xəstəliklə bağlı bildiklərimiz bilmədiklərimizdən çox azdır. Bu baxımdan bəzi insanlar korona virusun törədəcəyi fəsadları ciddiyyətə almadıqları üçün qoruyucu davranışlara da əməl etmirlər. Amma bunun əksinə xəstəliyə həssaslıq göstərən və xəstəliyi tam ciddiyyəti ilə qəbul edən insanların, həqiqətən, qoruyucu davranışlara riayət etdikləri diqqəti cəlb edir.

8. Sağlamlıq inancına malik olmaq və qoruyucu davranışın faydalarına inanmaq. Inanclar insanın davranış, fikir və hissini hərəkətə gətirən psixoloji qüvvədir. Sağlamlıq inancı ilə yaşayan insanlar qoruyucu davranışların faydalı olduğuna inandıqları üçün onları həyata keçirməkdə maraqlı olurlar.

9. Profilaktikanın müalicədən daha cox səmərəli və daha az xərc tələb etdiyinə inananlar. Bu fikir hamı tərəfindən qəbul edilir ki, həqiqətən, xəstəliyin profilaktikasına çəkilən xərc onun müalicəsinə ayrılan xərcdən çox az olur. Bu fikirlə razılaşan və ona inanan şəxslər qoruyucu davranışlara daha ciddi əməl edirlər. Digər tərəfdən iynədən, dərmandan çəkinən şəxslər də qoruyucu vasitələrdən çox istifadə edir və adekvat davranışlara daha çox əməl edirlər. Maddi təminatın zəif olması da insanları daha ehtiyatlı olmağa və qoruyucu davranışlara əməl etməyə sövq edir.

10. Qoruyucu davranışa keçid. Pandemiyanın çoxalması xəbərinin yayılması ilə qoruyucu davranışa keçən adamların sayının artması arasında bir müsbət korrelyasiya müşahidə olunur. Bir qayda olaraq insanlar potensial simptomlarla qarşılaşdıqda qoruyucu davranışa dərhal başlayırlar. Amma bəzən bu gec ola bilər. “Daldan atılan daş topuğa dəyər” misalında olduğu kimi. COVID-19 ilə qoruyucu davranışa (yəni mümkün simptomların yaşanması) başlamaq  çox gec ola bilər. 

Bunu nəzərə alaraq, insanları qoruyucu davranışlara təşviq etmək üçün KİV müvafiq işləri görməli, preventiv tədbirlərə əməl etmədikdə insanların COVID -19-a yoluxa biləcəkləri vurğulanmalıdır.

Bu pandemiyanın həm də fərqli sosial-psixoloji tərəfləri var. Onun tüğyan etdiyi ərəfədə insanların evdən çölə çıxmaması tövsiyə olunur. Belə olduğu halda -ailədə və ya evdə şəxsiyyətlərarası münasibətlərin düzgün tənzim olunması, bir-birinə qarşı daha həssas olması tələbatı yaranır. Xüsusilə, nəzərə aldıqda ki, pandemiya faktının özü dərk olunan və dərk olunmayan səviyyədə insanların əhvalına, fikir, hiss və hərəkətlərinə öz təsirini göstərəcək. Ona görə də əlavə gərginliyin qarşısını almaq üçün şəxsiyyətlərarası münasibətlərə diqqət yetirmək, onun tənzimlənməsinə çalışmaq lazımdır. Şəxsiyyətlərarası qarşılıqlı münasibətlər elə qurulmalıdır ki, onlar insanın sağlamlığına müsbət təsir göstərsin. Bu düzgün qurulmadıqda insanların sağlamlığı, o cümlədən psixi və psixoloji sağlamlığı ciddi zərər görür. 

Tibb elminin banisi Əbu Əli İbn Sina yazırdı ki, mənəvi faktor, ilk növbədə, xarakterin müvazinətli olması sağlamlıq və xəstəliyin ən mühüm şərtidir.

İnsanlar birmənalı şəkildə qəbul etməlidirlər ki, sağlamlıq və xəstəlik insanın davranış və düşüncəsi ilə əlaqəli olan məsələdir. 

Beləliklə, COVİD – 19 pandemiyası ilə bağlı yaradılan operativ qərargah, eləcə də, bütün dövlət rəsmiləri, KİV sosial siyasətdə dürüstlük, şəffaflıq və qayğıkeşlik kimi psixoloji xüsusiyyətlər hesabına özlərinə etimad, güvən və inam hissini daha da dərinləşdirməlidirlər. 

Bir məsələni də KİV–in nəzərinə çatdırmaq lazımdır ki, bu problemlə bağlı əhalini panikadan uzaq tutmaq üçün hər bir ölkə üzrə həmin xəstəlikdən ölən və xəstələnənlərin sayını dedikdə həmin ölkədə yaşayan əhalinin ümumi sayı da təqdim olunsun. Bizcə bir statistika insanlara müqayisə etmək imkanı verir. Bu da əsassız olaraq insanların panikaya düşməsinin qarşısını alır. Əks təqdirdə əhali sayı az olan ölkə vətəndaşlarının ölüm və xəstələnmə sayını ifadə edən rəqəmin əhalinin ümumi sayından təcrid olunmuş şəkildə eşitmələri açıq şəkildə panikaya yol aça bilər.

Yuxarıda qeyd etdiyimiz qoruyucu davranışların - pandemiya ilə bağlı narahatlıqdan qurtulmağın rasional yolu olması əhaliyə çatdırılmalıdır. İnanclı insanlara isə “Allaha təvəkkül et”, amma “qul” tədbiri olaraq qoruyucu davranışa əməl etmək tövsiyəsi verilməlidir. 

COVID-19 –a pandemiya kimi yox, bir sınaq dövrü kimi baxın. Pandemiya ərəfəsində valideynlərin çəkməli olduğu qayğılardan biri uşaqların psixi sağlamlığını qorumaqda onlara kömək etməklə bərabər, onları inkişaf içində tuta bilməkdir.

Ümid edirik ki, məqalə əhalimizin pandemiyadan qorunmaqla bağlı hazırlıq səviyyəsinin yüksəlməsinə müəyyən qədər də olsa faydalı olacaqdır.